Günaha yoluxmuşam, həkim - Yeni şeirlər

Günaha yoluxmuşam, həkim - Yeni şeirlər
16 mart 2021
# 13:30

Kulis.az Qalib Şəfahətin yeni şeirlərini təqdim edir.


Boyda

Dərd kimdi ki, boyun əyim,
Köksümdəki bu qəm boyda.
Aç qəlbini süfrə elə
Dizim üstə, sinən boyda.

Yeni nəfəs, ün gələcək,
Nə gəlsə də, tən gələcək.
Gözlə, yeni gün gələcək.
Bu gün boyda, dünən boyda.

Bu ömrün öz mayası var
Çınqılı var, qayası var.
Hər günün öz boyası var.
Ya sən boyda, ya mən boyda.

Gedim

Məni tez çatdırın son nəfəsimə,
Elə son kəlməmi eşidim gedim.
Elə son anda da, son məqamda da
Çəkib öz-özümün keşiyin, gedim.

Qoy özüm eşidim vəsiyyətimi,
Elə özüm çəkim əziyyətimi,
Verib öz-özümə nəsiyyətimi,
Bilib tabutumu beşiyim, gedim.

Məndən nə qalacaq, nəyi aparım?
Üz tutub özümdən halalıq alım.
Ədəblə özümü qoy yola salım,
Deyib, əlvida ev-eşiyim, gedim.

***
Bu kafir dünyada
Adam çıxmır
heç nədən.
Ölçüləri
düz gəlmir. –
Ətəyi
gödək qalır.
Boynu
bədəninə yapışır.
Hamı olub
söyüş yiyəsi.

***
Səssizliyimi
başıma atmışam.
Gözlərim
qapalı qalıb.
Görməmək üçün
heç nəyi.

***
Əvvəl
yastığıma
düşəcək başım.
Sonra,
yatağımdan
düşəcək başım.
Vətən,
başın sağ olsun!

Gələcəm

Gözlə! Gözlə! Yolumu,
Darıxanda gələcəm.
Arzularım hürüküb,
Qorxanda gələcəm.

Darıxmaq öyrətmisən,
Qorxmaq öyrətmisən,
Karıxmaq öyrətmisən,
Karıxanda gələcəm.

Ürəyimə qəm köçüb,
Üstündən üryan keçib.
Güllər ətrini töküb,
Soluxanda gələcəm.

***
Nə o məni yandırmadı,
Nə də mən yandım
onun oduna.
Nə də şam kimi yandırmadım
onu odumda.
Indi mən yoxam,
Heykəl daşam daha.
Onun heykəlimin önünə
Qoyduğu şam
Sozala-sozala
Alışıb yanır oduma.
Yəqin dözməyir,
Yoxluğuma.
Bir də ayrılığıma.

Analiz et

Çox narahatam,
Ömrüm, günüm dolaşıq düşüb,
Ömrüm, günüm qarışıq düşüb,
bəlkə də ömrümə,
yarı qaranlıq,
yarı işıq düşüb?
Ömürsüz, günsüz yaşayanla
Günaha yoluxmuşam
Günah daşıyıcısından.
Həkim!
Çox narahatam.
Analiz götur,
Analiz et ömrümü
Necə?
Nə vaxt?
Kim yoluxdurub məni?
Necə gəlib çıxmışam bu günümə?
Bəs niyə ölməmişəm?


İkimiz qalacağıq

Aramızdan küləklər də əsəcək,
Aramızdan çox zamanlar ötəcək
Çox sular bulanıb durulacaq,
Aramızda ikimiz qalacağıq.
İkimizin arasında
boşluq qalacaq.
O boşluq
dolub boşalacaq.
Yağış da yağacaq,
gündə çıxacaq
Təkcə ikimiz qalacağıq
İkimizin arasında.
Uçurum da olacaq,
fəlakət də qopacaq,
Şəhərlər də salınıb,
insanlarla dolub boşalacaq.
Təkcə ikimiz qalacağıq
o boşluqda,
ikimizin arasında.
Sən ərə də gedəcəksən,
mən də evlənəcəm vaxtım olsa.
uşaqlarımız bizə baxıb qürur duyacaq.
Bəlkə
qızın da oğluma vurulacaq
Çox istəklər bir-birinə qovuşacaq
Təkcə aramızda
ikimiz qalacağıq...

***
Təkliyimi
yastıq edib
başımın altına qoymuşam.
Rahat yatım deyə.
Tənhalığımı
süngü edib
uzaq yola çıxmışam.
Qurd-quşdan
qorunmaq üçün.
Təkliyə
vətən keşiyini çəkən
əsgər kimi baxmışam,
qürurumun yanında dayandığı üçün.
Uduzmamışam...
Uduzmağım,
gözlərimin qaşlarımı oynatmağında...
Bir də
yuxusuz gecələrdə
gözlərimi qırpmağımda
olub.

# 3371 dəfə oxunub

Oxşar xəbərlər

Fransa ədəbiyyatının ən oyunbaz yazıçısı - O, niyə içində "e" hərfi olmayan roman yazmışdl?

Fransa ədəbiyyatının ən oyunbaz yazıçısı - O, niyə içində "e" hərfi olmayan roman yazmışdl?

16:00 3 mart 2026
Fatmayı mənim səsimdir... - Şəhərin metafizikası harada başlayır?

Fatmayı mənim səsimdir... - Şəhərin metafizikası harada başlayır?

12:00 3 mart 2026
"Taxt oyunları", milyard dollarlıq sərvət, "Dəhşətlər kralı"... - Dünyanın ən varlı 10 yazıçısı

"Taxt oyunları", milyard dollarlıq sərvət, "Dəhşətlər kralı"... - Dünyanın ən varlı 10 yazıçısı

15:00 1 mart 2026
"Qadının üç vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək və heç vaxt etiraz etməmək" - “Yazıçının qeyd dəftəri” kitabından seçmələr

"Qadının üç vəzifəsi var: gözəl olmaq, yaxşı geyinmək və heç vaxt etiraz etməmək" - “Yazıçının qeyd dəftəri” kitabından seçmələr

12:00 1 mart 2026
Ananın ölümü - Ənvər Məmmədxanlının hekayəsi

Ananın ölümü - Ənvər Məmmədxanlının hekayəsi

15:00 28 fevral 2026
Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

Stalin dilemma qarşısında və Atatürkün sükutu - Azər Turan

12:00 28 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər