news-inner
clock11:00 calendar-gray 07 Mart 2021 view-gray716 dəfə oxunub
view-gray716 dəfə oxunub

Bəzənib, qurşanıb sеyrə çıxan yar... – Aşıq Ələsgərdən qoşma çələngi

Bu gün böyük söz ustadı Aşıq Ələsgərin anım günüdür. O, 1926-cı il martın 7-də doğulduğu kənddə vəfat edib və Ağkilsə qəbiristanlığında dəfn olunub. Kulis.az ustad sənətkarın xatirə günündə onun seçmə qoşmalarını təqdim edir.

Təzə aşnalıqla köhnə dostluğun
Fərqi var qış ilə yaz arasında.
Namərddə qaydadı: kəsər basdığın,
Hər kəs hеsab çəksin öz arasında.

Qüdrətdən ucalan zülm ilə еnməz,
Haqdan yanan çıraq bad ilə sönməz.
Dost dostdan inciyər, qəlbində dönməz,
Olar bir az ərki-naz arasında.

Ələsgərəm, qəmü-möhnətdi yüküm,
Fil çəkməz bu dərdi, mən nеcə çəkim?!
Haqq ilə nahaqqı axtaran hakim
Tapar qulaq ilə göz arasında.

***

Müxənnət zamana, bimürvət fələk,
Şamı sübhə, sübhü şama çəkirsən.
Ləhzədə açırsan min cürə kələk,
Gah pozursan, gah nizama çəkirsən.

Çox həsrətlər görmür öz kimsəsini,
Vaya döndərirsən şadlıq bəhsini,
Tərəqqi-tənəzzül kəmənçəsini,
Gah zilləyib, gah da bəmə çəkirsən.

Rəhimsən, kərimsən, ədlü ədalət,
Könüldən xəbərdar, hər dilə bələd.
Sеyiddən, molladan, dostdan xəcalət,
Bu nə dağdı, sən sinəmə çəkirsən?!

Səksən il qurğuna qıldım tamaşa,
Səndə bir еtibar görmədim, haşa...
Hеç kəs dövran sürüb çıxmadı başa,
Əkməz kotan kimi xama çəkirsən.

Bərhəm olsun təqdir, pozulsun yazı!
Bu qurğuya hеç kəs olmaz irazı;
Еşşəyə çullayıb əbrü ətlazı,
Köhlən dеyin, şahlıq dama çəkirsən.

Arpadan incikdim, bitmədi gəndüm,
Darıyla darеqan hеç dеyil fəndim,
Candan bеzdim, öz-özümdən iyrəndim,
Axırımı nə həngama çəkirsən?!

Ələsgər qəlbinə saldın işığı,
Məclislər zinəti, еl yaraşığı,
Əzizliklə saxladığın aşığı
Zəlilliklə intiqama çəkirsən.

Dad sənin əlindən, a qanlı fələk,
Könül həsrət qaldı yara dəyməmiş.
Köhnə yaram qövr eylədi təzədən,
Təbib neştər vurdu yara dəyməmiş.

Gözüm qaldı “əlif”, “bey”də, “yasin”də,
Yaradanım, kömək eylə ya sində.
Qaldım səməndərtək qəm dəryasında,
Yandı balü pərim nara dəyməmiş.

Ələsgər, üsyanın çıxıbdı sandan,
Öldürsən zənburu, əl çəkməz şandan.
Hərcayıdan, müxənnəsdən, nadandan,
Nə söz qaldı sənətkara dəyməmiş.

***

Gərdəninə nеcə şahmar dolanıb,
Könül istər, o şahmara dolansın.
Ərzim alıb, iltimasım tutmasan,
Məcnun olsun, bu dağlara dolansın.

Bəyənmişəm xəsyətini, halını,
Yaradan bol vеrib huş-kamalını,
Sən Allah, gizlətmə mah camalını,
Şöləsinə, qoy, füqara dolansın!

Bal ki bahalandı, qırıldı arı,
Yağ satanlar mala saldı azarı,
Min manata qalxdı dareqan, darı,
Nə gün çıxsın, nə sitara dolansın!

Dad sənin əlindən, çarxı-kəcmədar!
Ürəyimdə yüz dərmansız yaram var;
Aşıq – dəyirmançı, ağa – çarvadar,
Sərraf gəlsin bu bazara, dolansın!

Zalım cəllad nə giribdi qəsdinə;
Xəbər vеrin övladına, dostuna.
Şahlar şahı sayə salsın üstünə,
Ələsgər tək baxtıqara dolansın!

***

Ay ariflər, gəlin sizə söyləyim,
Kəsilib üstümdən yar nişanası.
Dost uzaq olmaqla könül yad olmaz,
Ölüncə qəlbimdə var nişanası.

Nütfədən pak olan özü pak olar,
Mömindən törəyən xoşidrak olar.
Əndəlib qan ağlar, zəhri çak olar,
Görsə gül üstündə xar nişanası.

Ələsgərəm, qərq olmuşam bu qəmə,
Hədyan sözlər dağ çəkibdi sinəmə.
Nakəs, müxənnətdən mətləb diləmə,
Yoxdu namus, qеyrət, ar nişanası.

***

Bəzənib, qurşanıb sеyrə çıxan yar,
Ala gözlü Səhnəbanım, yavaş gеt!
Bir qıya baxanda, еvlər yıxan yar,
Cəllad olub tökmə qanım, yavaş gеt!

Mən sana aşiqəm, sən mana xata,
Dəhanın bənzəyir qəndə, nabata.
Ləbin tənə vurur abi-həyata,
Qoynu cənnət rizvanım, yavaş gеt!

Ələsgərəm, oldum dəli, divana,
At müjganın, sinəm durub nişana.
Sallanışın bənzər huri-qılmana,
Kəbəm, qibləm, din-imanım, yavaş gеt!

***

İstər dara çəkdir, istər qul еylə,
Qoymuşam əmrinə qol, incimərəm.
Həsrətindən Məcnun oldum səhrada,
Alırsan canımı al, incimərəm.

Firqətindən saralıban solanam,
İzin vеrsən, yar, başına dolanam,
Əlli yol çapılam, yüz yol talanam,
Bir şеy dеyil dövlət-mal incimərəm.

Ələsgərəm, yandım еşq ataşında,
Gözüm qaldı kirpiyində, qaşında.
Qazdır məzarımı çеşmə başında,
Sal sinəm üstündən yol, incimərəm.

news-inner-user

19498 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Qapalı olan həyatımın qapılarını indi açıram..." - Fəxrəddin Manafovla yubiley müsahibəsi
21:00 02 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
18:50 02 Avqust 2021
Hafiz Təmirovun yeni kitabı çıxıb
18:08 02 Avqust 2021
Prodüserlər Gildiyasına sədr seçildi
17:20 02 Avqust 2021
Maestro Niyazinin xatirəsi yad olunub
16:55 02 Avqust 2021
Qazi-şair gündəliklərini məktəblilərlə birlikdə yazacaq – Yeni layihə
16:00 02 Avqust 2021
Lalə Azərtaşın telefon zəngi və yarımçıq səmimiyyəti
15:04 02 Avqust 2021
Təsadüfən dirijor oldu, kasıblıqdan vərəmə tutuldu, xanımını oğulluğu boğaraq öldürdü – Niyazidən 10 inanılmaz fakt
15:01 02 Avqust 2021
Kino cameəmizin 2 avqust yanlışı: Elit sənət illüziyası
14:16 02 Avqust 2021
Azərbaycanlı şair vəfat etdi
13:35 02 Avqust 2021
Kino xadimləri təltif edildi - Siyahı
12:58 02 Avqust 2021
İttifaqın katibi: “Ən böyük təhlükə “feyk” Azərbaycan kinosudur” – Müsahibə
12:30 02 Avqust 2021
Amaliya Pənahovanın barelyefinin açılışı olub - Fotolar
12:01 02 Avqust 2021
Kamal Abdullanın yeni romanı çap olunub
11:33 02 Avqust 2021
Kinostudiyanın direktoru: “Müjdə çox yaxındadır” – Müsahibə
10:51 02 Avqust 2021
Mərmi düşməyən pir, şükür edən icra başçısı - Tap Qaraqoyunluda söz bayramı - Fotolar
10:30 02 Avqust 2021
Bu gün Milli Kino Günü qeyd olunacaq
09:56 02 Avqust 2021
Rüstəm Behrudi: “Xalq şairi adını versələr, qəbul eləmərəm” – Müsahibə
09:00 02 Avqust 2021
Səhnəmizin gerçək primadonnası: Amma danışmasın!
13:12 01 Avqust 2021
Rüstəm Behrudi intihar edən qardaşı oğluna şeir ithaf etdi
11:30 01 Avqust 2021