Cavanşir Məmmədovun çırtması, pampersli quzu

Cavanşir Məmmədovun çırtması, pampersli quzu
4 mart 2021
# 13:10

Kulis.az Ayxan Ayvazın "Cavanşir Məmmədovun çırtması, pampersli quzu" yazısını təqdim edir.

Srağagün maraqlı bir hadisə baş verib: Bakıda quzuya pampers geyindirib gəzintiyə çıxan şəxs polis tərəfindən saxlanılıb.

Söhbəti anlamayan həmvətənlərimizdən biri təəccüblə soruşub: "Başa düşmədim e... Quzu maska taxmayıb?"

Quzuya baxdım, baxışından bunu oxumaq olurdu: "Geyinmişəm, yaxşı eləmişəm". İstədim vətəndaş quzuya deyim ki, yaxşı quzu özünə pampers geyindirməz. Sonra dedim, əslində bu quzu çox mərifətli quzudur. Hansı quzu özünü, ətraf mühiti nəzərə alıb pampers geyinər? Quzunun bu hərəkəti yəqin ki, quzu cəmiyyətinə də gedib çatacaq. Düzü, onların nə reaksiya verəcəyini bilmirəm, amma quzu sahibi çox mədəni adammış.

Səhifələrin birində bu hadisəni paylaşıblar və sevimli xalqımız da yumorunu qoltuğuna vurub rəylərə cumub. Bu arada bir rəy hamıdan qabağa verib özünü: "Quzu indi zor vəziyyətdədir". Sən demə, quzunun sahibi imiş. Yazıb ki, ondan bölmədə izahat alıb buraxıblar. Soruşdular: "Quzunu da bölməyə aparıblar?" Kişi gülüş smayli də yanında: "Hə, mənimlə idi" cavabını verib.

Quzu sahibinin bu hərəkəti çox xoşuma gəldi. Quzusu şəhərimizin gözəl yerlərini batırmasın deyə ona pampers taxıb. Axşama yaxın evə qayıdanda polis pampersli quzunun camaatı bir yerə toplayacağını düşünüb və adamı saxlayıb. Quzu sahibinin dediyinə görə, bölmədən çıxan kimi evə gəlib və quzu da yatıb. Məzəli izləyicilərdən biri quzunun yatmasını bu cür şərh edib: "Elə bildim 15 sutka veriblər, zonda yatır". Sahibi quzunun şəklini atandan sonra hamı rahatlıqla köks ötürüb. Quzu yatırdı və yuxusunda öz keçmişini görürdü.

Quzu sahibi nağıl eləyir ki, bu yetim quzu olub, hansısa kənddə onların sürüsünə səhvən düşüb. Qardaş quzuya heç kimin yaxın gəlmədiyini görüb onu özüylə aparıb və quzunu çox istəyib. O, quzunu indi göz bəbəyi kimi qoruyur, üstünə toz qondurmur.

Bir onu bilirəm ki, böyüyəndən sonra quzu üçün maraqlı bir xatirə kimi qalacaq bu hadisə. İzləyicilərdən biri quzunun sahibinə deyib ki, ümid edirəm quzu böyüyəndən sonra kabab olmaz. Quzu sahibi "əsla" deyib arxasınca da əlavə edib: "Bu gedişlə o bəzi insanlardan daha ağıllı qoç olacaq".

Quzunu daha əvvəl görən bir izləyici yazıb ki, bəs mən bu quzunun sahibinin sözüylə oturub-durduğunu gördüm: "Quzuya gəl deyir gəlir, otur deyir oturur. Bu qaqaşdan yaxşı istifadə eləmək lazımdı, əhilləşməyən heyvanı əhilləşdirib".

Bu arada xalqımız quzunu görmək üçün həvəsə düşüb. Quzu bu yaşda məşhurluq qazanıb. Allah vətənə, millətə xeyirli quzu eləsin!

O biri xəbərdə nə olasıdır? Cavanşir Məmmədov açıqlama verib ki, bəs indiki valideynlər deyir, uşaq müəllimdən qorxmamalıdır, hörmət etməlidir. I-V sinif şagirdləri hörmətin nə olduğunu bilmir. Müəllimin şagirdə mütləq bir “çırtma”sı dəyməlidir. Vurmayanda şagird başlayır müəllimlə başqa cür rəftar etməyə...

Mən uşaqlara qarşı çox həssasam. Məktəbdə çilədən çıxaran uşaqlar çox olur. Lakin müəllimin kiminsə uşağını vurmağa haqqı yoxdur. Ümumiyyətlə, bu nə mazoxizmdir axı. Hansısa qadın döyüləndə, yaxud uşaq vurulanda hamı fəxrlə deyir: "Uşaq vaxtı bizi də döyüblər, müəllimdi, ərdi, atadı, qoy döysün. Nolacaq? Onların vurduğu yerdə gül bitər". Siz döyülməklə fəxr edib kayf tutursunuzsa, buyurun, bütün zərbələri sizin üstünüzdə sınaqdan keçirək. Əziləni, döyüləni müdafiə etmək əvəzinə elə də həvəslə uşaqlıqda döyüldüklərini danışırlar ki, mat qalırsan.

Cavanşir müəllimə gəlincə, ağsaqqal adamsan, toylar kralısan, anlayıram, toy yoxdu, başını itirmisən, amma azca da olsa özünə hörmət qoy. Sənə vaxtilə "vurublar" deyəsən, amma yenə də düzəlməmisən. Deməli, səhv metoddur da. Səni məktəbdə döyüblər, rəftarın düzəlməyib, əksinə daha da mənasızlaşmısan.

Ümumiyyətlə, indiki uşaqların psixologiyası başqadır. Onları nəinki vurmaq, incidəcək söz də demək olmaz. Çünki bu dövrün uşaqları sizin təhqir saymadığınız şeyi təhqir kimi qəbul edə bilər. Uşaqla müəllim arasında sevgi və qarşılıqlı hörmət yaratmaq lazımdır. Mən müəlliməm, güclüyəm, vura bilərəm kimi ittihamlar olmamalıdır. Bu manipulyasiyadır. Ona görə də, ən yaxşısı, Cavanşir müəllim, gözlə görək toylar nə vaxt açılır...

# 3851 dəfə oxunub

Oxşar xəbərlər

"Bu 250 min insan nöşün kitab oxumur?" - Şəhriyar del Gerani

"Bu 250 min insan nöşün kitab oxumur?" - Şəhriyar del Gerani

12:37 5 mart 2026
"Avroviziya 2026": Builki müsabiqə harada və nə vaxt keçiriləcək?

"Avroviziya 2026": Builki müsabiqə harada və nə vaxt keçiriləcək?

12:10 5 mart 2026
Lezbiyan analardan bəhs edən romanın müəllifi nüfuzlu mükafat qazandı

Lezbiyan analardan bəhs edən romanın müəllifi nüfuzlu mükafat qazandı

11:40 5 mart 2026
Bekhem ailəsində "soyuq müharibə": Ağır ittihamlardan sonra gələn sürpriz təbrik

Bekhem ailəsində "soyuq müharibə": Ağır ittihamlardan sonra gələn sürpriz təbrik

11:20 5 mart 2026
Herri Stayls: "Mən onda möhtəşəm olmağa çalışan birini görürdüm"

Herri Stayls: "Mən onda möhtəşəm olmağa çalışan birini görürdüm"

10:38 5 mart 2026
“New York Post”: Heydər Əliyev Mərkəzi beynəlxalq incəsənət mərkəzinə çevrilib

“New York Post”: Heydər Əliyev Mərkəzi beynəlxalq incəsənət mərkəzinə çevrilib

10:35 5 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər