news-inner
clock16:47 calendar-gray 27 Fevral 2021 view-gray2319 dəfə oxunub
view-gray2319 dəfə oxunub

Karvan dayandı - Ənvər Məmmədxanlının hekayəsi

Kulis.az Xalq yazıçısı Ənvər Məmmədxanlının "Karvan dayandı" hekayəsini təqdim edir.

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.

Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı, bədmüşkün tumurcuqları şişmişdi, novruz - gülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaran quş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

Və necə ki o yaz, indi də bu payız yaxındakı kiçik bir kənd hər axşam meşədən gələn o səsə qulaq asmışdı. Kəndin ağır günlərində, zəmilər quraqlıqdan od tutub yananda, o səs səhrada tək qalanın eşidilməyən fəryadına dönürdü və qırılırdı qanadı, çox uzaqlara uça bilmirdi, amma elə ki, çöllər bərəkətli yaşıllıqla örtülürdü, zəmilərdə qaraqılçıq sünbüllər dənli başlarını yerə əyirdi, o səs yenidən qanadlanırdı, kövrək bir ümidlə göyə ucalırdı və həmişə çox uzaqda olan səadət elə bil bir addım insana yaxın gəlirdi. Amma kimin səsi idi o səs – bunu heç kəs bilmirdi.

Meşə yanındakı kiçik kənddən dəfələrlə o səsə doğru gedənlər olmuşdu, bir-birinə qoşulan qız və oğlanlar çox qalınlıqlara girmişdilər, o məchul nəğməçini çox axtarmışdılar, amma hər dəfə əlləri ətəklərindən uzun geri qayıtmışdılar.

Buna görə idi ki, kiçik kəndin qızları hər dəfə axşamlar o səsə qulaq asanda, xəyal çəkirdi onları əfsanələr dünyasına aparırdı və röyasında gördüyü bir ahugözlünün sorağı ilə diyarbədiyar gəzən qara sevdalı bir aşıq gəlirdi gözləri qarşısında dayanırdı.

Çimnaz da hər axşam meşədən gələn o səsə qulaq asırdı, amma Çimnaz bir dəfə də olsun kəndin qız və oğlanlarına qoşulub o məchul nəğməçini axtarmaq üçün meşəyə getməmişdi, çünki ona elə gəlirdi ki, o nəğməçi kimdirsə, yalnız onun üçün oxuyur və hər axşam fəryad edib yalnız onu çağırır və əgər Çimnaz meşəyə getsə, mütləq ona rast gələcək və həyatında nə isə bir hadisə baş verəcək və Çimnaz son günlər getdikcə artan bir həyəcan içində hər axşam o səsi dinləyirdi və ürəyini əzən anlaşılmaz bir intizar hissindən ürəyini xilas edə bilmirdi. İndi bu axşam, günbatan çağı yenə meşədən o səs ucalmışdı və Çimnaz bu vaxt daxmaları qabağında, torpaq artırmada üzü meşəyə sarı oturmuşdu, hər iki əli ilə dizlərini qucaqlamışdı və çənəsini qolları üstə qoyub hərəkətsiz qalmışdı. Birdən yaxında, kənd içində çoxlu at ayaqlarının tappıltısı eşidildi, Çimnaz diksindi, başını qaldırdı, kənd içindən keçən yola baxdı.

Kənd yolu ilə keçənlər Əlyar xanın atlıları idi, xan öndə, nökər-naibləri arxasınca ovdan qayıdırdılar, yəhərlərinin qaşları üstə ovladıqları cüyür və ceyran leşləri aşırılmışdı, tərklərinə bağlanmış xurcunların gözləri qızılquşlarla – ovladıqları turac, qırqovul və sair çöl quşları ilə dolu idi. Bu vaxt yolda nə oldusa, öndə gələn Əlyar xan cilovu çəkdi, at dayandı, arxadan gələn atların da cilovları çəkildi və bütün dəstə yola tıxanıb hərəkətsiz qaldı. Bir kənd qızı üçün xan gözünə görünmək həmişə təhlükəli idi və Çimnaz ayağa sıçradı, qaçdı, özünü daxmaya saldı, amma içəridən, daxmanın kiçik pəncərəsindən hər dəfə ötüb gedən yad atlılara baxmaq bir kənd qızı üçün həmişə ürəyi həyəcana gətirən bir tamaşa idi və Çimnaz daxmanın kiçik pəncərəsindən baxıb görəndə ki, xan atlıları meşədən gələn o səsə qulaq asırlar, qızın ürəyi anlaşılmaz bir təlaş içində sinəsində döyündü.

Xan isə bu vaxt öz atlılarına tərəf döndü:

– Kimdir bu oxuyan, – dedi, – və harda oxuyur bu adam?

Xanın qoca naibi atını irəli sürdü və ərz elədi:

– Xan sağ olsun, o kimdirsə, çoxdandır hər axşam bu meşədə oxuyur, amma hansı kənddəndir, kimdir və nəçidir – bunu hələ heç kəs bilmir. Xan iki barmağının ucları ilə bığlarına tumar çəkdi, fikrə getdi və səsə qulaq asdı. İndi bu payız axşamında o səsdə yenə elə bir həsrət dil açmışdı ki, kənddə böyük-kiçik hamı nəfəsin udub, yalnız o səsə qulaq asırdı. Handan-hana xan yenə atlılarına tərəf döndü:

– Uşaqlar, – dedi, – mən çox xanəndələrə qulaq asmışam, ancaq belə bir səs eşitdiyim hərgiz yadıma gəlmir... Səs deyil bu, cavahirdir və kimdir o dəli-divanə ki hər axşam orda, meşədə oxu yur, halbuki o, bu cavahir səsi ilə hər dəfə ariflər məclisində ətək-ətək simuzər qazanardı... Atlılar başlarını tərpətdilər, xanın dediklərini təsdiq elədilər. Və xan yenə bir hovur o səsə qulaq asdı, sonra gözlərində nə isə işıldadı və dedi:

– Qulaq asın, uşaqlar, bizim bugünkü ov dəstgahımız hələ natamamdır və o vaxt tamam olacaqdır ki, bu gecəki ziyafətdə biz o səsə qulaq asıb zövq alacayıq...
Atlılar bir-birinin üzünə baxdılar, xanın bu gecəki ziyafətinə mahalın hər tərəfindən kübarlar, əşrəflər təşrif gətirəcəkdilər və Əlyar xan qapısıaçıqlığı və mehmannəvazlığı ilə ad çıxartmışdı və əgər bu gecə xanın məclisində o sirli meşə nəğməçisinin səsi eşidilsəydi, əlbəttə ki, bu, hamını heyrətə salacaqdı, amma çifayda ki, bu qeyri-mümkündü və qoca naib xanı bu fikrindən daşın dır maq üçün dedi:
– Xan sağ olsun, dəfələrlə bu kənddən o meşəyə gedən olub, amma kimdir o meşə bülbülü, nə izinə düşüblər, nə üzünü görüblər. Xan dodaqlarında acı bir təbəssüm qoca naibini süzdü:
– Naib, – dedi, – biz adımızı ovçu qoymuşuq və o səsin hara dan gəldiyini eşitdiyimiz halda, məgər bizə yaraşarmı bu son şikarı əldən buraxaq? Atlılar yenə heyrətlə bir-birinin üzünə baxdılar və xan biləyindən qamçı asılmış əlini meşəyə tuş tutub dedi:
– Haydı, gün axşam olmamış işə şüru eləyin və dörd bir tərəfdən o qalınlığı mühasirəyə alın, kəsin bənd-bərəni, pusqu qurun və bilin ki, şikar ovlanmamış gözümə görünsəniz, vayınıza oturram!

Xan nə demişdisə Çimnaz eşitmişdi və indi elə bil o səs də gəlmişdi Çimnazın ayaqlarına qapanmışdı ki, nə üçün fəryadımı eşitmirsən, nə üçün boynunu bükənə rəhm eləmirsən, nə üçün bunca zülm etməyi mənə rəva görürsən? Və Çimnaza elə gəldi ki, bu son fəryaddır, o, bir daha bu səsi eşitməyəcəkdir, çünki o, evi başına uçmuş kimdirsə, bu saat başının üstünü alan xətadan xəbəri yoxdur. Çimnaz daxma içində çırpındı, nə edəcəyini bilmədi, özünü çölə, artırmaya atdı, sonra tez geri qayıtdı, cuna yaylığını başına saldı və yaylığın ucunu çəkib üzünə yaşmaq elədi...
Sonra o vaxt ki Əlyar xanın atlıları meşəyə doğru çapırdı, Çimnaz da kənddən çıxıb kəsə yolla meşəyə doğru qaçırdı...

***

O isə bu gün çox yorulmuşdu və gəlmişdi meşənin qalınlığında tufan yıxmış qocaman bir palıd ağacı üstündə oturmuşdu və başını qaldırmışdı, ağacların çətiri arasından görsənən axşam göylərinə baxmışdı, bu vaxt yenə batan günün işığı ilişib ağacların başında qalmışdı, yenə aşağıda ağacların dibi qaranlığa batmışdı, yenə yuxarıda, ağ buludlar altında iki qartal bir-birilə oynaşmağa çıxmışdı və o, gözlərini qapamışdı, büllur səs dalğa-dalğa meşə üzərində ucalmışdı. Və nə vaxt ki o, bu cür gözlərini qapayırdı və oxuyurdu – o ahugözlü, yaz olanda yazın tər çiçəklərini, payız olanda payızın xəzəllərini tapdayaraq meşə cığırı ilə ona doğru gəlirdi...

Orda, o kiçik kənddə isə o ahugözlünü, qələmqaşlını gün işığında gördüyü yadına gəlmirdi, çünki hava işıqlanandan qaş qaralana kimi bütün günü burda, meşənin bu qalınlığı içində keçirdi. Və bütün kənd onu odunçu oğlu kimi tanıyırdı.

Hələ uşaqlıq illərindən başlayaraq o, atası ilə bərabər bütün günlərini bu yarıqaranlıq meşədə başa vurmuşdu, gözləri bu dərinlərdəki qalınlıqların sirli kölgələri ilə dolmuşdu, sonra artıq əldən düşmüş və çox qocalmış atası meşəni tərk eləmişdi və o, bu ağaclar aləmində tək qalmışdı. İndi çoxdandı ki, o, hər gün çox tezdən – dan yeri sökülərkən çiynində odunçu baltası ilə təkbaşına bu meşəyə gəlirdi, sonra bir də hava qaralanda dalına atdığı ağır odun şələsi ilə kəndin ucqarındakı daxmalarına qayıdırdı...

Bu axşam isə meşə elə bil onu caduya salmışdı, durub getmək istəmişdi, ayaqları gəlməmişdi, şələsi çoxdan bağlanmışdı, əyilib yerdən qaldırmamışdı, oxumuşdu, nəfəsini tükəndirmişdi, amma ürəyini əzən qüssə səngiməmişdi. Və bu vaxt çox yaxında bir hənirti eşidən kimi olmuşdu, elə bil kimsə içini çəkmişdi, çağırmaq istəmişdi, amma öz əli ilə öz ağzını qapamışdı. Səksəndi, elə bil sehrli bir yuxudan oyandı, başını çevirdi, səs gələn tərəfə baxdı və gözlərinə inanmadı. Xəyal idi bu, yoxsa o ahugözlü doğrudan da gəlmişdi, qarşısında dayanmışdı? Xurmayı saçları dağılmışdı, çiyninə tökülmüşdü, cuna yaylığı başından sıyrılmışdı, boynuna dolanmışdı, taqəti kəsilmişdi, ardıc ağacına söykənmişdi və geniş açılmış gözləri ilə heyrətlə ona baxa-baxa qalmışdı.

Çimnaz isə ağır-ağır nəfəs alırdı, köksü qalxıb-enirdi və elə baxırdı ki, elə bil indi o da gözlərinin gördüyünə inana bilmirdi.

Və kim inana bilərdi ki, o keçən yaz və bu payız hər axşam meşədən ucalan səsi ilə bütün kəndi heyran eləyən, ürəkləri gah qüssələndirən, gah sevindirən, kimliyi bilinməyən, gözə görünməyən o əsrarəngiz meşə nəğməçisi kənddə hamının odunçu oğlu kimi tanıdığı arıq vücudlu, solğun bənizli, yanar gözlü bu cavan imiş?

Qız kənddə son dəfə onu nə vaxt gördüyünü yadına salmaq istədi, amma sala bilmədi, yadında qalan yalnız bu idi ki, kənddə ona rast gəldiyi vaxtlar olmuşdu, amma hər dəfə o başını aşağı salmışdı və bir kölgə kimi Çimnazın yanından ötüb keçmişdi və Çimnaz da dönüb onun arxasınca baxmamışdı. Buna görə idi ki, indi Çimnaz yerindən tərpənmədən mat-mat rəngi qaçmış, gözləri alacalanmış odunçu oğlunun üzünə baxır və nə qədər ümidsizcəsinə sevildiyini görür və ürəyinə nə isə bir şəfqət hissi axıb dolur, eyni zamanda təlaş və qorxu içində nə edəcəyini, nə deyəcəyini bilmirdi. Və nəhayət, Çimnaz nə isə demək istədi və dedi:

– Nə üçün həmişə hamıdan gizlin təkbaşına bu meşədə oturub oxuyursan? Kənddə hələ heç kəs bilmir ki, hər axşam meşədən gələn sənin səsindir.

– Bütün günüm, – dedi odunçu oğlu çox yavaşdan, – burda, bu meşədə keçirdi, həftələrlə, aylarla səni görə bilmirdim... İndi də gözlərimə inanmıram ki, bu sənsən...

Birdən yaxında boğuq hənirtilər eşidildi, qırılan ağac budağı şaqqıldadı, tapdanan quru çör-çöplərin xışırtısı, çatırtısı bir-birinə qarışdı. Çimnaz səksəndi, nə üçün yüyürüb bura gəldiyi elə bil indi yadına düşdü və ovçu qovmuş ahu kimi özünü odunçu oğlunun üstünə atdı:

– Tez ol, qaçaq – dedi, – Əlyar xanın adamlarıdır, tutacaqlar səni, aparacaqlar səni, elə buna görə qaça-qaça gəlmişdim ki, sənə xəbər verim, amma gör huşum başımdan necə çıxdı.

Və Çimnaz, odunçu oğlunu arxasınca meşənin qalınlığına çəkməyə macal tapmamış, Əlyar xanın adamları başlarının üstünü alıb, qıyya vurdular və hər ikisini qamarladılar.

***

Payız günəşi getmişdi, meşə arxasında yox olmuşdu, batdığı yerdə göy əyrisi al-qırmızı boyanmışdı və bütün yollar axşam kölgələrində qaralmışdı. Əlyar xan atlılarının önündə kənddən bir ağac yuxarıdakı böyük imarətli malikanəsinə qayıdırdı və qolları arxasına bağlanmış odunçu oğlu xan atlılarının qabağında addımlayırdı. Çimnaz isə huşsuz halda xanın öz atının yəhəri üstünə aşırılmışdı.

***

Gecə xanın böyük imarətində cah-calallı bir məclis qurulmuşdu, qonaqlar yemişdilər, içmişdilər, ağırlaşmışdılar. Adət üzrə, yemək-içmək sükut içində davam edəndən sonra çay süfrəsi açılanda söhbət başlanırdı və söhbəti birinci olaraq ev sahibi başlamalı idi. Və xan iki barmağının ucuyla bığlarına tumar çəkib birin ci olaraq sözə başladı:

– Ağalar, – dedi, – özünüz bilirsiniz ki, mənim hərgiz ovdan əliboş qayıtdığım olmamışdır, amma bugünkü ovum məni xüsusilə bərmurad elədi... Zira aşağı kənd yanındakı meşədə hər axşam ucalan bir səs vardı ki, böyük-kiçik cümlə eşidənləri valeh eləmişdi, fəqət bu vaxta kimi meşəyə gedənlərdən heç biri izinə düşə bilməmişdi. Amma indi bu gecə siz hamınız onun kim olduğunu görəcəksiniz və səsini eşidib feyziyab olacaqsınız, çünki bugünkü ovumuzda biz o meşə bülbülünü ələ keçirmişik və bundan sonra o bülbül mənim məclislərimdə cəh-cəh vuracaq...

Sonra xan əlini əlinə vurdu və içəri gələn iki nəfər xidmətçisinə odunçu oğlunu məclisə gətirmələrini əmr elədi.

Məclisdə tərpəniş və hənirti başlandı, xanın kübar qonaqlarından bəziləri meşədən gələn o səs haqqında nə isə eşitmişdilər, digərlərinin məclislərində çox məşhur xanəndələr oxumuşdu və indi meşədən tutulub gətirilən birisinin səsi ilə xanın öz qonaqlarını heyrətə salacağını çoxları şübhəli və istehzalı baxışlarla qarşıladılar.

Və nədənsə xanın xidmətçiləri xeyli yubanaraq odunçu oğlunu məclisə gətirdilər.

Odunçu oğlu bir an qapı ağzında dayandı, gözləri qarşı divardakı bədənnüma aynaya sataşdı, oradan, o bədənnüma aynadan əyni məxmər arxalıqlı, başı buxara papaqlı, beli gümüş kəmərli birisi ona baxıb gözlərini döyürdü... Və odunçu oğlu ordakı, aynadakı oxşartıdan üz çevirdi, başını aşağı saldı. Xanın qaşları azacıq çatıldı, əmr eləmişdi, odunçu oğlunu geyindirib-keçindirmişdilər və indi bu geyindirilib-keçindirilmiş oğlan içəri girəndə əvvəlcə ona baş əyməli, sonra məclisə salam verməli idi. Xan dinmədi, başı ilə işarə elədi məclisin aşağısında yer göstərdi və xidmətçilər odunçu oğlunu gətirdilər. Məclisin aşağı başındakı döşəkcə üstündə oturtdular.

Məclisin gözü odunçu oğlunda idi və qonaqlardan biri əyildi,
yanındakına dedi:

– Deyəsən, kordur bədbəxt, nökərlər qolundan tutub gəzdirirlər.

İkinci qonaq bığları altında qımışdı və xan üzünü odunçu oğluna tutub dedi:

– Odunçu oğlu, bəxtinə gün doğdu sənin! Bundan sonra daha meşədə odun doğramayacaqsan, çünki mənim məclislərimin xanəndəsi olacaqsan və hərçənd bu gün meşədə bizim uşaqlara əl qaldırmısan, amma keçənə güzəşt deyərlər, günahından keçirəm...

Sonra xan tarçıya işarə elədi və uzun birçəkli, saçları yağlı tarçı «Rast» dəstgahına başladı. Əlyar xan qəlyanının gümüş müştüyünü ağzına aldı və dirsəyini qotazlı mütəkkələrə təkyə elədi.

Tarçı çalırdı, pərdə-pərdə qalxırdı və o məqamda xanəndələr «aman aman...» zümzüməsinə başlayaraq özlərini içəridən səfərbər edərdilər, tarçı yanakı baxışla odunçu oğluna nəzər saldı və meşə nəğməçisinin dodaqlarında xəfif bir tərpəniş belə görmədi.

Tarçı başlamışdı, dayana bilməzdi və indi başlanğıcdan çox uzaqlaşmışdı, amma odunçu oğlundan səs çıxmırdı. Nəhayət, tarçı heyrət ifadə edən gözlərini xana tərəf çevirdi və dəstgahı yenidən başladı.

Xan yavaşdan öskürdü və dedi:

– Odunçu oğlu, müntəzirik!

Odunçu oğlu başını qaldırmadı və sağından, solundan gələn fısıltıları elə bil eşitmədi.

– Başlasana, – deyirdilər ona sağından və solundan, – eşitmir sən, xan səninlədir...
Odunçu oğlu başını qaldırdı, baxışları bir an xanın üzünə dikilib qaldı, xan nə isə demək istədi, amma macal tapmadı, çünki odunçu oğlu döndü və çəpəki bir nəzərlə yenə bədənnüma aynadakı oxşarına baxdı.
Bu vaxt tarçınm mizrabı pərdələr üzərində hərəkətsiz qaldı və hövsələdən çıxan xanın səsi bu dəfə daha artıq bir təhdid ilə dolu idi:

– Gədə, ağzına su almısan, nədi, görmürsən ki, bütün məclis
sənə müntəzirdir?

Odunçu oğlu baxışlarını aynadan qopartdı və dedi:

– Əmr eləyin ordakı oxusun, burdakı odunçu oğlunun səsini
bu məclis eşitməyəcək!

Xan döyükdü və tarçıdan soruşdu:

– Nə dedi o?

Tarçı dedi:

– Xan sağ olsun, sayıqlayır bu, aynada özünə baxıb deyir ki, əmr eləyin qoy ordakı oxusun, çünki deyir, burdakı odunçu oğlunun səsini bu məclis eşitməyəcək! Qonaqlardan kimsə özünü saxlaya bilmədi, bərkdən güldü və xanın başına elə bil bir dolça su töküldü, şərabın xumarı duman oldu gözlərindən dağıldı və məclisindəki istehzalı gülümsəyişləri görüb od aldı, qamışa girdi:

– Yox, oxuyacaqsan, odunçu oğlu – dedi. İndi tarın çaldığı hava döşünə düşmədi, qırmancın çaldığı nəva döşünə düşər, əlləzinəni əzbərdən oxuyarsan! Və elə bu gecə bu məclis gərək sənin səsini eşitsin!

Və xan sözünü qurtarmamış əlini əlinə elə vurdu ki, bir neçə nökər bir-birinin dalınca özlərini içəri saldılar və qamarladılar odunçu oğlunu qonaq otağının eyvanına apardılar. Sonra ordan çılpaq bədənə vurulan qırmanc zərbələrinin vıyıltısı eşidilərkən indi də bütün məclis sükut içində odunçu oğlunun nə vaxt inləyəcəyini, yalvaracağını, aman istəyəcəyini gözləməyə başladı. Lakin qırmanclar getdikcə daha artıq bir şiddətlə havanı yarır, daha müdhiş bir hava çalır, amma odunçu oğlundan yenə səs çıxmırdı.

İndi qonaqlardan bir çoxu nə isə bir xəcalət hissi ilə başlarını aşağı salmışdılar və Əlyar xan məclisi belə süst vəziyyətdə görərkən nökərlərini səslədi və nökərlərdən biri qan-tər içində yüyürüb içəri gəldi.

– Nə oldu, – dedi xan, – yumşaldımı, aman istəyirmi? Nökərbaşını buladı:

– Yox xan, cınqırını belə çıxarmır, daş kimi düşüb qalıb, bil mək olmur ölüb və yainki hələ nəfəs alır. Əlyar xan bığlarını çeynədi və bağırdı:

– Sürüyüb salın dama, nə bir loxma çörək, nə bir damcı su!

***

Səhər dan yeri ağaranda, xoruzların üçüncü banında özünə gəldi. Axşamdan üzüüstə sərilib qaldığı torpaq üstündən ayağa qalxdı, oturdu. İndi əynində yenə öz yırtıq arxalığı və qamçıların kürəyində açdığı qanlı zolaqlara yapışmış bez köynəyi vardı.

Ətrafına boylandı, başını qaldırdı, pəncərəsiz və qaranlıq damın bacasından tənha bir səhər ulduzu ona baxıb göz qırpırdı.

Əli ilə divardan tutub ayağa qalxdı və bir sövq-təbii ilə ən əv vəl damın qapısına tərəf yönəldi, yoxlamaq lazımdı, əgər qapı çox möhkəm idisə, torpaq döşəməni oymaq olardı... Amma bir dən qapı özü açıldı, ağsaqqal bir qoca içəri girdi, gəldi əlini odun çu oğlunun çiyninə qoydu, yavaşdan köksünü ötürdü və dedi:

– Dalımca gəl oğul, mən xanın qoca bağbanıyam, başına gələn qəziyyədən xəbərim var... Axşam nökərlər səni geyindirib-keçindirəndə ürəyimdə dedim ki, qəfəsdəki bülbüllər az imiş, biri də yoldaş gəldi. Amma sonra görəndə ki, qırmanc altında da səndən nə səs çıxdı, nə səda, onda bildim ki, sən qəfəsdə oxuyan quş lardan deyilsən... Dalımca gəl, nökər-naib oyanmamış çıx aradan başını qurtar.

Odunçu oğlu qocanın üzünə baxıb durdu, bu qoca ki, onu qaçırdıb öz başını bəlaya salacaqdı, qocaya minnətdarlığını bildirmək üçün nə edəcəyini bilmədi.

– Nə doydaq kimi donub qalmısan,– dedi qoca, – məndən xatircəm ol. Sonrasın mən özüm billəm. Bir addım atmamış geri döndü:

– O qız xeylağı ki burda əsirdir, baba, onu da qurtarmaq üçün
mənə kömək eləsəydin...

Qoca bağban dinmədi, bir müddət susub durdu, sonra dedi:

– Axşamdan o qızın qabağında qızıl sandıqları açıblar, oğul... Nə deyim, qızdır, əgər zərxaradan arxalıq, əşrəfidən yaxalıq gözün qamaşdırmasa, qaçmaq istəsə, ona da həmiyyət elərəm, hələlik sən qaç başını qurtar. Odunçu oğlunun üzündən nə isə bir kölgə keçdi və öpdü qocanın əlindən, yola düzəldi...

***

Kəndə gəlib çıxanda hava artıq işıqlanmışdı və indi o, oğlunun nigarançılığı ilə səhəri dirigözlü açan qoca anasının hüzurunda dayanmışdı, başına gələnləri danışıb qurtarmışdı və nə qədər ki, gec deyildi, qoca atası ilə vidalaşmalı, kənddən çıxmalı, başını götürüb hara isə getməli idi.

Susub durmuş atası handan hana başını qaldırdı və dedi:

– Mənim bir ayağım qəbirdədir, oğul, sən mənim fikrimi çəkmə... Amma bilmirəm sən hara gedəcəksən, özgə yerlərdə, qürbət ellərdə nə eləyəcəksən? Və birdən heç vaxt o barədə düşünmədiyi və heç vaxt elə bir şey ağlına gətirmədiyi amma, indicə, bir an içində ürəyində doğulan və bütün varlığına hakim kəsilən və özü üçün gözlənil məz olan elə bir qərara gəldiyini hiss elədi ki, bunu atasına elan edərkən həyəcanlandı, boğazında düyünlənən bir qəhərdən boğuldu və dedi:

– Oxuyacağam, ata, gəzəcəyəm eli-obanı oxuyacağam, gedib qürbətə çıxsam, orda oxuyacağam, dönüb geri qayıtsam, burda oxuyacağam...

***

Və o gündən odunçu oğlunun sərsəri həyatı başlandı.

İndi o, yurdsuz-yuvasız gəzgin bir nəğməçi idi, heç bir yerdə çox bənd olub qalmırdı, çünki daima onu çağıran bir səs vardı ki, yolların çağırışı idi və gəzirdi, dolaşırdı eli-obanı, yorulmurdu.

Kəndistanda olurdu kənd toylarında oxuyurdu, şəhəristana gəlib çıxırdı, çayxanalarda oxuyurdu və çox az bir zamanda səsinin şöhrəti yurdunun günçıxanından yurdunun günbatanına kimi yayıldı.

İndi nəinki onu hər yerdə səbirsizliklə gözləyirdilər, hətta səsini bir daha eşitmək üçün dalınca at çapıb, bu kənddən o kəndə gedənlər və o şəhərdən bu şəhərə gələnlər olurdu.

Sonra aylar dolanmışdı, il keçmişdi və o yenə bir dəfə də olsun ürəyinə xəyanət eləməmişdi, çünki oxuduğu bütün mahnı larını hər dəfə ona ürəyindəki azadlıq yanğısı oxutdurmuşdu və hər dəfə cah-calallı məclislərdə bir gecəsinə təklif edilən bir ətək qızıldan üz çevirmişdi, amma təsadüfən gecələdiyi bir kəndli komasında, yoxsul bir süfrə başında ona dikilən baxışlar ürəyini tərpətmiş, oxumuş və səhər qalxıb gedərkən heybəsinə qoyulan bir cürdək ayranı minnətdarlıq hissi ilə qəbul eləmişdi.

Nəhayət, onun bəstələdiyi mahnılar dildən-dilə düşərkən və o keçib getdiyi şəhər və kəndlərdə tez-tez mahnılarının başqaları tərəfindən oxunduğunu eşidərkən, hər dəfə ürəyini suvarmağa başlayan xoşbəxtlik hissinə eyni zamanda nə isə bir nisgil qarışırdı və elə bil hardansa uzaqlardan gələn bir səs onu geriyə – yurduna-yuvasına, doğma yerlərə çağırır və o ümid ki ondan əli üzülmüşdü, yenidən ona əl uzadırdı.

Bu gecə isə o, müsafir olduğu bir kəndli komasında gözlərini yumarkən, birdən elə bil vücudunun çəkisini itirdi, sinəsində nə isə yeni bir mahnının doğulduğunu hiss elədi, yuxusu ərşə çəkil di, bütün gecəni qollarını başı altında çataqlayaraq gözlərini qaran lığa zilləyib qaldı və dodaqlarını tərpətmədən içəri səsi ilə o mahnının gah ürküb qaçan və gah yenidən qayıdıb gələn məqamlarını ürəyində zümzümə elədi və birdən bu mahnı ilə bərabər o ahugözlünün unudulmuş xəyalı həzin bir səhər nəsimi kimi uçdu, üstünə gəldi, uyumuş o həsrət yenidən oyandı, ürəyini qarsdı və səhərin gözü açılar-açılmaz qalxdı yola düşdü və üz tutdu doğma kəndlərinə doğru getdi...

***

Axşam günbatan çağı gəlmişdi, kəndləri yanındakı o qalın meşəyə çatmışdı. Və o saat hər tərəfdən gözəgörünməz həyulalar ayağa qalxmışdılar, qaçıb gələrək üstünə tökülmüşdülər, qollarını boynuna dolamışdılar, əlindən tutub arxasınca çəkmişdilər, köhnə tanış cığır ilə onu meşənin qalınlığına aparmışdılar və tufan yıxmış o qocaman palıd ağacının üstündə oturtmuşdular. Oturmuş du, bir hovur dincini almışdı və elə bil çox düyünlü o saqqız ağacın bu gün daramışdı, doğramışdı və bir şələ odun çıxardınca çox yorulmuşdu, gün axşam olmuşdu, ağacların dibi qaranlığa batmışdı, günün işığı ilişib ağacların başında qalmışdı, durub getmək istəmişdi, ayaqları gəlməmişdi, şələsi çoxdan bağlanmışdı, əyilib yerdən qaldırmamışdı və yenə ayaqları altında açılan təkliyinin qara quyusundan bir an gözlərinə vahiməli bir yuxu görsənmişdi və o qara vaqiəli yuxuda qara bir əl boğazından tutmuşdu, onu boğmuşdu və ovcu qızıl ilə dolu o biri qara əlini ona doğru uzatmışdı...

Səksənmişdi, oyanmışdı və ona elə gəlmişdi ki, illər var ki, burda oturub qalmışdır və illər var ki, ürəyi fəryad edib o ahugözlünü çağırmışdır və o vaxt ki gözlərini qapamışdır, o ahugözlü bu meşə cığırıyla ona doğru gəlmişdir və ürək üçün yalnız bu röya həqiqət olaraq qalmışdır, başqa nə olub keçibsə, hamısı bir qeylü-qal imiş...

Sonra gözləri öz-özündən qapanmışdı və əvvəlki səsi, gəncli yinin səsi yenə meşə üzərində ucalmışdı.

***

Və o vaxt ki bu axşam çağı meşədən yenə o səs ucalmışdı, bir anda bütün kəndi ayağa qaldırmışdı. Hamı o səsi tanımışdı, daxmaların qapıları, pəncərələri açılmışdı və böyük, kiçik – hamı bir-birinə dəymişdi, çoxdan məhrum olduqları və indi yenidən qayıtmış o doğma səsə qulaq asmağa başlamışdılar.

Qoca odunçuya xəbər vermişdilər, xəstəhal qoca yatağından qalxmışdı, eşiyə çıxmışdı, lakin qocanın qulaqları indi çox ağır eşitdiyi üçün neçə ildən bəri həsrətini çəkdiyi oğlunun səsi gəlib təkcə ona yetişməmişdi, qoca ayaqlarını sürümüşdü, o səsə doğru yaxın getmək istəmişdi, lakin az getmişdi, taqətdən düşmüşdü, sonra geri dönmüşdü, adamların üzünə baxmışdı, bütün yaxşılaşmış üzlərə və işıqlanmış gözlərdə oğlunun səsi, nəhayət, gəlib ona da çatmışdı...

Sonra onun səsi kənd üstündən aşıb getmiş, yuxarıda Əlyar xanın böyük imarətli malikanəsinə yetişmişdi və bu vaxt çay süfrəsi başında oturmuş Çimnaz ilə Əlyar xan hər ikisi birdən səksənmişdilər, bir-birinin üzünə baxmışdılar və gözlərin döyə-döyə qalmışdılar.

Bir az sonra isə Əlyar xanın malikanəsindən çıxan üç nəfər atlı, yedəklərində yəhərli bir atla meşəyə doğru çapmışdılar və gəlmişdilər odunçu oğlunu yenə həmin yerdə, tufan yıxmış o qocaman palıd ağacı yanında tapmışdılar, əyilmişdilər, ehtiramla ona baş əymişdilər və demişdilər:

– Bizi Çimnaz xanım göndərib, Çimnaz xanım səni görmək istəyir və yedəyimizdə sənin üçün at gətirmişik...

Sevinmişdi – Çimnaz sağ idi. Ürəyi döyünmüşdü – əsir-yesir Çimnaz onu görmək istəyirdi.

Və bu dəfə o, xan atlılarının önündə çaparaq Əlyar xanın malikanəsinə gəlmişdi və xan nökərləri onu malikanədə məxsus onun üçün ayrılmış bir otağa aparmışdılar ki, uzun yoldan sonra bir az dincəlsin.

Əlyar xan isə bu vaxt bütün nökərlərini atlara süvar edib dörd bir tərəfə çapdırmışdı, mahalın bütün kübarlarını və əşrəflərini axşam məclisinə dəvət eləmişdi.

Xan o vaxt qurduğu məclisdə xəcil olduğunu hələ də həzm edə bilməmişdi, amma indi, bu gecə o, dost və əğyar qarşısında öz tən tənəsini nümayiş etdirəcəkdi, həm də bu gecə onun məclisində o zaman heç kəsin tanımadığı odunçu oğlu yox, indi adı dillərdə əzbər olmuş, şöhrəti düz-dünyanı tutmuş bir el nəğmə karı oxuyacaqdı.

Odunçu oğlu isə məxsus onun üçün ayrılmış otaqda çox oturub qalmışdı və nə vaxt Çimnazın onu çağıracağını çox gözləmişdi, qaranlıq düşmüşdü, gəlmişdilər onun otağında çıraq yandırmışdılar və üçayaqlı alçaq kətil üstündə qabağına bir sini çərəz qoymuşdular.

Sonra qısa fasilələrlə bayırdan at kişnərtilərinin səsi gəlmişdi, dörd bir tərəfdən çapıb gələn qonaqlar yenə malikanənin böyük və aynalı otağında bir-birinin yanına düzülmüş, hərə öz yerini tutmuş və məclis arəstə olmuşdu.

Bu vaxt gəlmişdilər onu aparmışdılar, qarşısında bir-bir çox qapılar açmışdılar, bir-birindən zəngin döşənmiş bir sıra otaqlardan keçirmişdilər və nəhayət, o bircə dəfə üzünü görmək həsrə tini illərlə ürəyində gəzdirdiyi ilə üz-üzə dayanmışdı.

Və indi onun üz-üzə dayandığı Çimnaz burda, bir çox qızlar və qadınlar içində atlas bir döşəkçə üstündə oturmuşdu və elə bil sağında-solunda keşikçi qoyub onunla bu görüşünü mühafizə altına almışdı.

O isə donub qalmışdı qapı ağzında, gözlərinə inanmamışdı. Çimnaz idimi bu qadın? Orda, o atlas döşəkçə üstündə tovuz kimi bəzənmiş bir xanım oturmuşdu, zərli-zibalı əlbisəsi üstündə daş-qaşlar bərq vururdu, boynundan salxım-salxım qızıl gərdənbəndlər, zəncirlər və sap-sap mirvari boyunbağılar asılmışdı. İncəbelli, qıvraq tərpənişli, ahugözlü bir qızı dolğun əndamlı, ağır baxışlı, qımıldanıb tərpənməyən bir qadın əvəz eləmişdi, çənəsi altındakı buxağı buğumlarla bir-biri üstünə qatlanmışdı, vaxtilə çiyninə tökülən xurmayı saçları indi almazlı, incili araqçın altına yığılmışdı və baxışlarındakı biganəlik gözlərindəki ya nar - lığı yox eləmişdi.

O isə nitqi batmış kimi bu qadın qarşısında dayanmışdı. Çimnaz da susmuşdu, nəfəsini udmuşdu, amma üzündə elə bir ifadə vardı ki, elə bil bu saat ya güləcəkdi, yaxud ağlayacaqdı.

Və Çimnaz xanım gülümsəmişdi, ağzını örtmüş yaşmağı aşağı salmışdı və demişdi:

– Biz hər yerdən sənin sorağını alırdıq və gözləyirdik ki, şeytanın qıçın sındırıb bir bizim tərəflərə də gələrsən. Xan keçmiş əhvalatı çoxdan unutmuşdur. Bu axşam o məxsus sənin üçün məclis qurmuşdur. Bütün mahaldan çox hörmətli şəxslər bizə qonaq gəlmişdir. Amma o şəxslər içində bizim üçün ən əziz qonaq sənsən. Xan da, mən də sənə qiymətli xələtlər hazırlamışıq.

Mən özüm bu otaqda oturub bütün gecəni sənə qulaq asacam. O Çimnaz ki bircə dəfə onun üzünü görmək həsrəti onu qovmuşdu bura gətirmişdi, burda yox idi, burda başqa bir qadın vardı və bu başqa qadın xan hərəmi idi. Və o dönüb getmək istəmişdi.

Amma bu vaxt yan qapı açılmışdı, xan gülümsəyərək içəri girmişdi, gəlmişdi onun qoluna girmişdi, çəkmişdi onu özü ilə bərabər qonaq otağına aparmışdı və yuxarı başda öz yanında ona yer göstərmişdi.

Məclisdə hələ şərbət paylanırdı, onun piyaləsini xan özü doldurmuşdu, sonra dönmüşdü tarçıya işarə eləmişdi və haman tarçı yenə «Rast» dəstgahına başlamışdı.

Yenə hamı susmuşdu, yenə bütün məclisin gözü ona dikilmişdi və xan boğazını arıtlamışdı və demişdi:

– Odunçu oğlu, süfrəyə plov gələnəcən, bu şərbət kimi şirin səsinlə bir balaca desəydin, məclisə ruh verərdin və bizi ziya dəsilə xoşnud eliyərdin.

Başını qaldırmışdı məclisi süzmüşdü və yenə sükut və intizar içində ona baxan bu məclisdən o tərəfdə – çox uzaqdan, izdihamlı bir şəhər meydanından yığın-yığın insanların da ona baxdıqlarını və gözlədiklərini görmüşdü...

Sonra məclisdən bir hənirti qopduğunu və indi tək xanın yox, bütün məclisin ona nə isə dediyini və hər tərəfdən qabağına atılan ovuc-ovuc qızılların cingiltisini eşitmişdi və nəhayət, xan özü belindən qızıl kəmərini açmışdı, onun qabağına atmışdı və demişdi:

– Oxu, bir ağız oxu, tövləmdəki qara kəhər də sənindir.

Və bu vaxt ordan – o şəhər meydanından ona baxıb duran və nəyi isə gözləyən o gözlərdə elə bir səbirsizlik görmüşdü ki, qeyri-ixtiyari ayağa sıçramışdı və qapıya doğru yönəlmişdi.

...Qan xanın beyninə vurmuşdu, hiddətindən qırılan səsi ilişmişdi boğazında qalmışdı və nökər-naib qaçıb gələrək içəri dolmuşdu. Lakin xan nökərlərindən ikisinin əlində qamçı görərkən, bir an duruxmuşdu – ikinci dəfə idi ki, o nə zorla, nə qızılla bu adamın inadını qıra bilməmişdi... Amma indi ikinci dəfə onu xəcil edən bu adam o vaxtkı adsız-sansız odunçu oğlu deyildi, xal qın sevimlisi idi və yüzlərlə havadarı vardı. Və xan qan sağılmış gözləri ilə odunçu oğlunun arxasınca baxmışdı, xanın nökərləri isə qapı ağzında odunçu oğlunun qabağını kəsib xanın əmrini gözləmişdilər.

Nəhayət, xan nökərlərinə demişdi:

– Gədələr, nə durub baxırsınız, görəndə ki, bir şəxs dəli divanədir, onun əllərinə və ayaqlarına bənd vururlar, aparın bunu da zəncirləyin və nə qədər ki ağlı başına gəlməyib, qoy qolları zəncirli, ayaqları kündəli qalsın!

Odunçu oğlunu gətirmişdilər, yenə o qara damda həbs eləmişdilər və bu dəfə ayaqlarını və qollarını zəncirləmişdilər ki, əli hər yerdən üzülsün, qaça bilməsin.

Və üç gün, üç gecə o qaranlıq məhbəsdə ac və susuz qalmışdı.

Dördüncü gün gecəyarısı Əlyar xan malikanəsində qopan səs-küyə oyanmışdı, nökər-naib, hamı bir-birinə dəymişdi – malikanə imarətlərindən biri od tutub alovlanmışdı.

Xan hövlnak bir halda yanan imarətinə doğru yönəlmişdi və qabağına çıxan qoca bağbanın üstünə düşüb bağırmışdı:

– Bu nədir, qoca? Kimin işidir bu?

Qoca bağban yanan imarətə tərəf baxmışdı və demişdi:

– Bu xəbərdarlıqdır, xan... Elin-obanın qəzəbindən həzər elə, odunçu oğlunu incitmə, çünki bu işin axırı daha xətərnak ola bilər.

Xan diqqətlə qocanın gözlərinə baxmışdı, qoca baxışlarını qaçırtmamışdı və xan əlini çırpmışdı:

– Rədd eləyin çıxıb getsin!

***

Elə haman gecə gəlmişdilər, zəncirlərini açmışdılar və qapını taybatay qoyub getmişdilər.
Və o, güclə ayağa qalxmışdı, açıq qapıdan çıxmışdı, ayaqları nı sürüyərək bir addım-bir addım xan malikanəsindən uzaqlaşmışdı.

Lakin çox gedə bilməmişdi, ayaqlarının heyi kəsilmişdi və zülmət bir gecə içində, yol qırağında, alçaq bir təpəcik üstündə təkbaşına oturub qalmışdı.

Göydə tez-tez ulduzlar axmışdı, dağlardan sərin meh əsmişdi və o, səhərin açılmasını gözləmişdi. Nə qədər ki, dan yeri ağarmamışdı, bu qaranlıq yolda araba təkərlərinin cırıltısı eşidilməyəcəkdi, at ayaqlarının tappıltısı gəlməyəcəkdi və ins-cins gözə dəyməyəcəkdi.

Amma birdən hardansa gələn bir səs eşitmişdi, qulaq vermişdi – zınqırov səsləri idi, hardansa üzübəri dəvə karvanı gəlirdi.

Səbirsizliklə yaxınlaşan karvanı gözləmişdi və o vaxt ki böyük bir dəvə karvanı gəlmişdi, gecə qaranlığında qarşısından keçməyə başlamışdı, sevinmişdi, ayağa qalxmışdı və sarbanı səsləmişdi:

– Ey sarban, – demişdi, – yollar yorğunuyam, saxla karvanı
məni də götür.

Lakin sarban ya onun səsini eşitməmişdi, yaxud eşitmişdi, amma gecənin bu aləmində yol qırağından gələn o səsə etibar eləməmişdi və karvan dayanmamışdı.

O isə gözləmişdi ki, karvan ha indi, ha bu saat dayanacaqdır, amma dəvələr səssiz addımlarla laqeyd və çalxanan kölgələrlə, bir-biri ardınca ötüb getmişdilər, qaranlığa batıb yox olmuşdular və odunçu oğlu alçaq bir təpəciyin üstündə – səssiz və qaranlıq bir gecə içində tək qalmışdı...

Və bu vaxt elə bil bir anda o kiçik təpəcik üstündə, bu böyük qa ranlıq içində birdən-birə sinəsi uçmağa hazırlaşan bir quş sinəsi kimi qabarmışdı, hava ilə dolmuşdu və o mahnı ki hələ zindanda ikən qollarındakı zəncirlərin cingiltisi altında bəstələnmişdi, indi, nəhayət, pərvaz olmuşdu və ürəyindəki təkliyin fəryadı kimi uçmuşdu, göylərə ucalmışdı.

Sonra başını yuxarı qaldırmışdı və səsi sonsuz boşluqlar içində kimsəsiz qalmış bir dünyanın fəryadına çevrilmişdi, getmişdi ulduzlara çatmışdı və ulduzları sarsıtmışdı və o vaxt ki gözlərin aşağı salmışdı, gecənin qara divarı ilə üz-üzə qalmışdı, fəryadını qaranlıqda yox olan karvanın arxasınca gön dərmişdi və səs getmişdi kəmənd kimi karvanın boynuna sarılmışdı, dəvələr bir-birinə dirənmişdi, zınqırovların səsi batmışdı və qocaman bir karvan yolun ortasında qaranlıq içində hərəkətsiz qalmışdı.

...İndi artıq elə bil onun özündən özünə heç nə qalmamışdı, nəyi vardısa təkliyinin bu gecə nəğməsi əlindən alıb aparmışdı – ürək tükənmişdi, səs sim kimi qırılmışdı və o, yerə sərilib təpə üstündə gözlərin qapamışdı ki, birdən uzaqdan, qaranlıq içindən, karvanın ötüb getdiyi tərəfdən qoca sarbanın həyəcanlı səsi eşidilərkən, bir an ona elə gəlmişdi ki, o, hardasa dərin bir quyu içində idi və indi birdən kim isə yuxarıdan əlini ona doğru uzatdı.

Bu vaxt qoca sarban:

– Ey hey, odunçu oğlu, tanıdım səni, – deyə onu səsləyirdi, – hardasansa dur bəri gəl, saxlama karvanı, yolum uzaqdır.

Başını torpaq üstündən qaldırmışdı, quyudan çıxmış kimi ağır-ağır ayağa qalxmışdı və kiçik təpəcik üstündən yola enmişdi, karvana doğru getmişdi.

Sarbanın yerə yatırtdığı qoşa hürgüclü nər dəvə odunçu oğlunu belinə almışdı, zarımışdı, nərildəmişdi və ayağa qalx mışdı.

Və odunçu oğlu sarbana demişdi:

– İndi çək karvanını, sarban, çək apar məni bu yerdən ki burda ürək daşa dəydi və əlim burda son ümidimdən üzüldü...
Sarban karvan önündəki nər dəvənin ovsarını çəkmişdi. Karvan yenidən hərəkətə gəlmişdi və qoca demişdi:

– Elə hey diyarbədiyar gəzirsən, odunçu oğlu, nə bir yerdə qərar tutursan, nə bir hovur nəfəsini dərirsən...

– Elədir, həmişə yollardayam, sarban, sinəmdən keçən arzular
karvanıyla yol gedirəm... və gedəcəyəm son nəfəsimə kimi. Amma gecə çox uzun, çox qaranlıqdır və işıq hələ çox uzaq dadır.

Təbriz, 1944

news-inner-user

18423 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Səni aldatdım, bağışla! – Yazıçı vəfat etmiş həyat yoldaşına nələr etiraf etdi? – Mətn
17:30 12 Aprel 2021
“Brilliant əl” filminin aktrisası evində ölü tapıldı
16:45 12 Aprel 2021
Məşhur aktyor vəfat etdi
16:11 12 Aprel 2021
Kafkanın “Seçilmiş əsərləri” nəşr olunub
15:30 12 Aprel 2021
Nizami Gəncəvi haqda monoqrafiya nəşr edilib
14:50 12 Aprel 2021
17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı – Şalvar geyinən ilk azərbaycanlı qadın
14:22 12 Aprel 2021
Arzuları güllələnən uşaqlar – Yeni şeirlər
13:30 12 Aprel 2021
Azərbaycanlı şairə ağır itki üz verib
12:45 12 Aprel 2021
Kişilərdən çox qadınlara baxan qadın - Güneldən qısa hekayə
12:14 12 Aprel 2021
Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
11:38 12 Aprel 2021
“Bəşir gəlir” meyxanasına əsəbləşən saxtakarlar
11:30 12 Aprel 2021
Ölüm şeirləri ilə ömür sürən Xalq şairi - Gənc yazar Ramiz Rövşəni sərt tənqid etdi
10:57 12 Aprel 2021
Xalq rəsamımız Türkiyə televiziyasında
10:23 12 Aprel 2021
Entoni Hopkins BAFTA mükafatına layiq görüldü
09:45 12 Aprel 2021
Üçrəngli bayraq niyə ilk dəfə ingilis generalın qarşısında dalğalandı? – Tariximizin “Qara Kitab”ı - Yeni layihə
09:01 12 Aprel 2021
"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
10:30 11 Aprel 2021
Rejissorumuzun filmləri beynəlxalq festivalda nümayiş olunacaq
17:01 10 Aprel 2021
Ax tı maşennik - Haqverdiyevin hekayəsi
16:39 10 Aprel 2021
Tbilisidə Nəriman Nərimanovun kitabı təqdim olundu - Foto
15:28 10 Aprel 2021
Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021