Sevdiyim qızdan ayrıldığım o qarlı gün... 

Sevdiyim qızdan ayrıldığım o qarlı gün... 
25 fevral 2021
# 13:39

Həmişə qar yağanda o qızı xatırlayıram.

Üç-dörd il qabaq tələbə vaxtlarımda sevgilimdən ayrılmışdım. Qış ayı idi. Semestr imtahanları başlamışdı. Özü də seçmə fənlər olan semestr...

Adlarına aldanıb “Fəlsəfə”, “Gender bərabərliyi” kimi bizdə yalançılığı ilə tanınan fənlər seçmişdim. Hələ o semestr bütün tələbələrə qan udduran “Məntiq” imtahanı da vardı.

İmtahanlar dönəmində təqaüdlər gec verilir deyə cibimdə düz-əməlli pul da yox idi. Güclü qar yağmışdı. Həm də dünənki qar kimi güclü. Hər tərəf ağappaq idi.

Həyatımda ilk dəfə idi qarın yağmasına sevinə bilmirdim. Hətta əsəbiləşmişdim də!

İmtahana gedirdim.

Universitetlər açıq olanda, xüsusən də imtahanlar zamanı "Elmlər" metrosu tərəfin necə olduğunu yəqin bir çoxunuz bilirsiniz.

Hər yer qaynayır. Metrodan çıxıb universitetə tələsənlər, universitetdən çıxıb metro girişindəki basabasda pinqvin kimi addımlayanlar...

Kserokopiya üçün dəftərxanalara qaçan tələbələr və imtahan məqamından istifadə edib daha aktiv fəaliyyətə keçən dilənçilər.

O vaxt Badamdar yolu sürüşməmişdi, yol açıq idi. "53" nömrəli avtobus da "Elmlər"ə, hətta “20 Yanvar” və Şamaxinkaya kimi işləyirdi.

Metronun qabağında avtobusdan düşdüm. Hər yer qar, sürüşkən, adamın burnunun ucunu göynədən güclü şaxta da bir yandan. İmtahana az qalmışdı. Gecikməmək üçün bacardığım qədər sürətli addımlamağa çalışırdım.

Birdən, metronun çıxışında dayanan dilənçi qəfil qabağıma keçdi:

- Ay oğul, Allahın rızası üçün çörəkpulu ver!

Deyirəm axı, sevgilimdən ayrılmışdım, bir yandan da “Fəlsəfə” imtahanının həyəcanı...

Elə bil, başımın içində manatdan Sumqayıta gedən taksiçilər qışqırırdı.

Dilənçi qabağıma necə qəfil çıxdısa, ürkdüm. Yer də sürüşkən... Özümü saxlaya bilməyib müvazinətimi itirdim və yıxıldım.

25 illik ömrümü bacardığım qədər ələk-vələk edirəm, amma o cür yıxılmağım yadıma düşmür.

Çox pis sürüşdüm, ayaqlarım göyə qalxdı və düz arxam üstə yerə dəydim. Belim və başım da yerə pis dəydi.

Ombamdan beynimə kimi çox kəskin bir sızıltı keçdi.
Soyuq bir yandan, “Fəlsəfə” imtahanı o biri yandan. Hələ üstəlik sevgilimdən də ayrılmışam.

Yıxıldığım vəziyyətdə göyə baxıram; içimdən ağlamaq keçirdi, amma üzüm şaxtadan donmuşdu deyə yanaqlarımı titrədib göz yaşlarıma təkan verə bilmirdim.

Qar da necə yağır. Elə bil, ölmüşəm, üstümə torpaq atırlar. Lopa-lopa ağzımın içinə, gözümə girir, burnuma dolur.
Şaxta və ağrıdan qulaqlarım ultra-səslə cingildəyir. 3-4 saniyə sonra qulağımdakı cingilti keçdi. Səsləri eşitməyə başladım. Dilənçi xalanı gördüm:

- Ay bala, yaxşısan?! Ver əlini, qalx. Can bala, can! Nə pis yıxıldın?!

Elə uzanalı vəziyyətdə əlimi cibimə atıb 50 qəpik çıxartdım. 50 qəpik olduğunu cibimdən çıxartdıqdan sonra gördüm, amma gec idi. Qəpiyi xalaya verib dedim:
- Ala, xala, sən canın, ala bunu, get! Əl çək məndən, qoy uzanmışam!

Dilənçi xala bir az ədayla qəpiyi götürüb getdi.

Birdən yadıma düşdü ki, cibimdəki axırıncı pul elə o 50 qəpik idi. İmtahandan sonra evə qayıtmaq üçün pulum qalmayıb. İstədim başımı qaldırıb xaladan 30 qəpik “zdaç” istəyəm.

Amma gec idi…

Dilənçi xala artıq qaynayan adamların arasında gözdən itmişdi. Qar isə lopa-lopa ağzımın içinə, gözümə, burnuma dolmağa davam edirdi.

Hələ də hər qar yağdığında həmin günü - sevdiyim qızdan ayrıldığımı və yıxıldığımı xatırlayıram.

Amma üzülmürəm, əksinə, üzümdə təbəssüm yaranır.

# 4015 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #