Pullu kişilərin ayağını yuyan Gövhər Rzayeva

Pullu kişilərin ayağını yuyan Gövhər Rzayeva
19 fevral 2021
# 10:15

Qarmon ifaçısı Gövhər Rzayevanın verilişlərdən birində söylədiyi “Pul qazanan kişinin xəyanətini bağışlamalısan” ifadəsi saytlarda manşet olub.

Gövhər xanımın çıxışında olduqca zərərli məqamlar var. Sənətçi "Pul qazanan kişi başqadır. Qadın ona daim qulluq etməlidir. Bir qadın bazara getmir, qiymət bilmirsə başqadır. Kişi əlidolu gəlib, qapını təpiklə vurub içəri girirsə, onun başına dolanaram, ayağını da yuyaram” - deyərək pulun şəxsiyyəti formalaşdıran bütün hisslərin, düşüncələrin önünə keçməsini təlqin edir. Ailədə qadın kişi arasındakı münasibətlərin maddiyyatla tənzimlənməsini doğru yol kimi gəncliyin önünə atır.

Kişinin evə çox pul gətirməsi qadın qürurunu alçaltmağa əsas verə bilərmi?

Məsələyə təkcə qadın prizmasından deyil, kişi prizmasından da yanaşaq. Gövhər Rzayeva kişini pul maşını kimi təqdim edir. Çünki, çıxışının əvvəlindən sonuna qədər kişinin maddi gücünü qabardır. Nəticə isə budur ki, bir kişinin ailədə dəyəri onun maddi gücünün hüdudları qədərdir.

Pul varsa, kişi hər səhvi edə, qadın da pulun xətrinə hər səhvə göz yuma bilər. Bir sənət adamının, yaşının müdriklik çağına çatan bir qadının gəncliyə ötürdüyü mesaj budur: sevginin, sayğının o qədər də əhəmiyyəti yoxdur əsas puldur!

Öz ayaqları üzərində durmağı bacaran, düşünə, doğru qərar verə bilən, özünü və uşaqlarını kişinin evə gətirdiyi bir torba bazarlıqdan, ay sonunda masanın üstünə atdığı qəpik-quruşdan asılı hiss etməyən qadınlar xəyanətə Gövhər xanım kimi isti baxmır.

Bir neçə gün bundan əvvəl Aygün Kazımova İnstagramda foto paylaşıb, kitab oxumağı təbliğ edirdi. Camaat ağzına gələni yazırdı ki, lütdür.

“Gənclərimizin əxlaqını pozurlar” - deyən xalalar var idi. İndi oturub məntiqlə düşünsək hansı daha çox pozur gəncliyin tərbiyəsini. Aygünün geyimi, yoxsa Gövhər kimi sənətçilərin sözləri?

Aygün Kazımova kitabı, oxumağı, maarifçiliyi təbliğ edir. Gövhər Rzayeva isə Fatmanisə-Tükəzbanlığı...

Başıqapazlılığı...

Cəhaləti...

“Anam ölənə qədər çörək almağa getməyib. Çörəyin qiymətini ilk dəfə eşidəndə ağlayıb” - deməklə yarım əsr əvvəldə qalan cəhalətə haqq qazandırır.

Xəyanət edən kişini bağışlamağa çağırır qadınları.

Çünki kişinin maddi gücünün kölgəsində sınan qadının onu bağışlamaqdan başqa çarəsi yoxdur.

Çörəyin qiymətini bilməyən qadın öz haqqını, hüququnu necə biləcək?

Qadın kişinin mülkiyyəti deyil axı.

Gövhər xanımın dünyadan xəbəri varmı?

Bilirmi ki, indi qadınlar dünyanı idarə edir. Niyə zamanla irəli getmək əvəzinə yüz il geri gedir? Halbuki yüz il bundan əvvəl Üzeyir bəy Məşədi İbada puluna görə zorla ərə verilən Gülnazın faciəsini yazırdı.

Məşədi İbada ərə gedib yağ-bal içində yaşamaq varkən Gülnaz qadın olaraq özünün, qürurunun, hisslərinin maddiyyatdan üstün olduğunu dərk edib atasına, mövcud ənənəyə etiraz etmişdi.

Üzeyir bəy göstərməyə çalışırdı ki, pullu kişi xoşbəxtlik rəmzi deyil.

Bir çox sənətçilərimiz var ki, sənəti var, amma savad və intellektləri kəmdir. Gövhər xanım da növbəti nümunədir.

Onları efirə çağıranda danışdırıb sənətini də, özünü də gözdən salmaq olmaz.

“Pul gətirən kişinin ayağını yuyaram” ifadəsi isə bütün əxlaq çərçivələrini darmadağın edir.

Qadının konstitusion haqlarını pozan fikirlərin efirdə bu cür səsləndirilməsi, montaj zamanı çıxarılmaması media qaydalarına ziddir.

İnkişaf etmiş ölkələrdə bu cür ifadələrin yer aldığı proqramlar da, kanallar da cəzalandırılır.

Məsələn, Türkiyədə Seda Sayanın verilişində ictimaiyyətin diqqətini çəkən ifadələr işlədildiyi üçün aidiyyatı qurum verilişi bağlayaraq kanala cəza tətbiq etmişdi.

Bizim kanallarda isə kimin ürəyi nə istəyir deyir və edir. Bir neçə gün bundan əvvəl Afət Fərmanqızı efirdə kimisə hədələyirdi. Ondan əvvəl Elnarə Abdullayeva, Manaf Ağayev şiddət ehtiva edən ifadələrlə medianın və sosial şəbəkələrin gündəmi olmuşdu.

Səviyyəsizlik və cəzasızlıq mühitinin bizə verəcəyi budur...

# 9332 dəfə oxunub

Oxşar xəbərlər

Mir Cəlal Paşayev  - 116

Mir Cəlal Paşayev - 116

11:00 26 aprel 2024
Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi

Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirildi

10:30 26 aprel 2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi

10:00 26 aprel 2024
Necə yerimək lazımdır? - Vüqar Van

Necə yerimək lazımdır? - Vüqar Van

09:00 26 aprel 2024
Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
# # #