news-inner
clock10:58 calendar-gray 15 Fevral 2021 view-gray5129 dəfə oxunub
view-gray5129 dəfə oxunub

Sirtuş Çölçəmənliyə çevrilən Rafael

Kulis.az Ulucay Akifin “Aktyor Rafael İsgəndərova açıq məktub”unu təqdim edir.

Salam, Rafael bəy.

Dünən müsahibənizi diqqətlə oxudum. Jurnalistin “hansı yazıçıları oxuyursunuz?” - sualına “təzə çıxan” yazıçılardan heç kimi oxumadığınızı, yalnız Bəxtiyar Vahabzadənin şeirlərinə saatlarla qulaq asdığınızı – məhz oxumaq yox, qulaq asdığınızı deyirsiniz.

Açıq demək istəyirəm, kitab oxumamağınız elə konsertlərinizdən, göstərdiyiniz tamaşalardan açıq-aydın görünür. Kitab oxumamağınızdandır ki, təxminən 20 ildir konsertlərinizdə eyni mövzu, eyni dialoqlar, eyni maneralar, aşağı-yuxarı 300 bəlli söz və ifadənin, üç-dörd əyalət ləhcəsinin aşağı-yuxarı fırladılmasından kənara çıxa bilmirsiniz.

Məncə, yaradıcı insanın, sənət adamının özünütənqid hissi güclü olmalıdır. İllah da həmin sənət adamı sizin kimi cəmiyyəti tənqid hədəfinə çevirməyə iddialıdırsa...

Mənə maraqlıdır, özünüz konsertlərinizi kənar gözlə izləyirsinizmi?

İzləyirsinizsə, görmürsünüzmü, iyirmi ildir yerinizdə addımlayırsınız.

Hətta geri gedirsiniz.

Etiraf edirəm, təxminən 13-14 yaşıma kimi sizin konsertlərinizi izləmişəm.

Gülmüşəm də!

Çünki o yaşlarda zarafatlar, yumor mənə ancaq və ancaq gülmək üçün lazım olurdu. Elə bilirdim, zarafatın, yumorun bir məqsədi var, insanları güldürmək.

Amma yaşım artdıqca belə olmadığını anladım. Bunu oxuduğum kitablardan, izlədiyim filmlərdən öyrəndim. Öyrəndim ki, ağıllı zarafat, iti yumor təkcə gülmək üçün yox, ən əsası insanları düşündürmək üçündü. Min illər boyu insanlar zarafat ilə ən vacib mətləblərə toxunub. Hökmdarlar, siyasətçilər, yazıçılar, şairlər bu “silah”dan lazımınca istifadə edib.

Bəs siz?

Siz bu güclü silahdan nə dərəcədə istifadə edə bilmisiniz?

Məncə, zərrə də istifadə edə bilməmisiniz. Çox böyük təəssüf hissi ilə deməliyəm ki, sizin zarafatlar insanları güldürmür, hırıldadır. Bəli, bəli, Rafael bəy...

Sizin zarafatlarınız insanları düşündürərək güldürməyə yox, yalnız və yalnız hırıldatmağa yönlənib. Sizin qadın paltarı filan geyinməyinizə nəsə söz deyəsi deyiləm. Bu aktyorluq sənətidir, belə şeylər çox normaldır. Amma qadın paltarını geyinəndə də ancaq və ancaq gəlin-qaynana “mövzularına” toxunmağınız ssenarilərinizin dayazlığını daha da artırır.

Hərdən düşünürəm ki, görəsən o sizin 20 ildir eyni formatda davam edən konsertlərinizə həvəslə gələn minlərlə adam hansı boşluqdadır? Axı onları sizi izləməyə nə vadar edir?

Rafael bəy, gördünüz, Türkiyədən Cem Yılmaz bura gəlib konsert verəndə biletləri satışa “dədəsinin qiymətinə” qoydu, amma hamısı satıldı, özü də çox qısa müddətə. Hətta o bahalı biletlər qara bazarda daha baha qiymətə alındı.

Və o adam konsertinin reklamını demək olar ki, heç eləmədi. Sadəcə sosial şəbəkəsindən qısa bir videomüraciət çəkdi, insanlar özləri biri-birinə xəbər verdi.

Siz isə bəlkə də aylarla hazırlaşdığınız konsertləri elə aylarla da reklam edirsiniz. Düzdü, sizin konsertlərdə də zal həmişə dolu olur, amma sizin konsertin biletləri ilə Cem Yılmazın çıxışının biletlərinin qiymətlərində böyük fərq var.

Siz aylarla məşq edirsiniz, dekorasiyaya, paltarlara, musiqiçilərə, səs və işıq effektlərinə və daha nələrə xərc çəkirsiniz, amma Cem Yılmaz sadəcə qara bir köynəkdə, ən uzağı bir divanda əyləşərək etdiyi söhbətlə sizdən qat-qat çox pul qazanır.

Həm də o, sizin kimi bu stendaplara aylarla hazırlaşmır. Uzağı bir neçə gün hazırlaşır və 1-2 saat rahatca çıxış edir.

Şübhəsiz, siz Cem Yılmazdan qat-qat çox əziyyət çəkirsiniz, daha çox pul və enerji sərf edirsiniz. Buna adım kimi əminəm. Amma bəs niyə ortada belə fərq var? Həm səviyyə, həm də qazanc fərqi.

Bu fərqin səbəbi elə sizin jurnalistə verdiyiniz o cavabda gizlənir.

Siz o cavabda yeni dövr yazarları oxumadığınızı demisiniz, amma mən adım kimi əminəm ki, siz heç köhnə yazıçı və şairləri də yaxşı oxumamısınız.

Nəinki Bəxtiyar Vahabzadədən sonra və əvvəl, hətta Bəxtiyar Vahabzadəni də lazımınca oxumamısınız. Ən uzağı Youtube-da hansısa şeirinə bir-iki dəfə qulaq asmısınız.

Bunu özünüz də etiraf edirsiniz, amma unutmayın, şairi-yazıçını oxuyurlar, dinləmirlər.

Mütaliənizin olmaması tamaşalarınızda özünü açıq büruzə verir. Sizin səhnəciklərdə, zarafatlarda beyindən, savaddan əsər-əlamət yoxdur.

Sizin istedadsız olduğunuzu deyə bilmərəm. Təəssüf ki, bu istedadını yalınız pul-para üçün ucuz şoulara xərcləndiniz.

Hansı ki sizi bu ucuz şoularda oxumadığınız o yazarlar xilas edə bilərdi.

Bu illər ərzində satira, yumor, sarkazm dolu əsərlər oxuyub, filmlər izləyib daha keyfiyyətli işlər görə bilərdiniz. Söhbət sadəcə komik əsərlərdən getmir, elə ciddi ədəbiyyatla da yumor hissini inkişaf etdirmək olur.

Söhbət təkcə kitabda da deyil. Məsələ, dünyagörüşündədir. Dünya toyxanada içib şıllaq atanlardan, ya da mübahisə edən gəlin-qaynanalardan ibarət deyil.

Amma eybi yox, hələ də gec deyil. Hələ də nələrisə dəyişmək olar.

Sizin tamaşaçıların yaddaşında Sirtuş Çölçəmənli kimi qalmağınız şəxsən mənim qəlbimi ağrıdır.

Bəlkə siz kömək edim? Daha doğrusu dəyərli bir tövsiyə. Heç olmasa Həmid Herisçini oxuyun. Ya da Aqşin Yeniseyi... başqalarını da deyə bilərəm. Amma yavaş-yavaş. Oxusanız, görəcəksiniz ki, Bəxtiyar müəllimdən sonra da şeir yazanlarımız olub. Necə ki, Siyavuş Aslanla, Yaşar Nuridən sonra siz varsınız...

Mən başa düşürəm, sənət üçün normal mühit yoxdur, teatrlarımız bərbad gündədir və s. Amma bu şərtlər Fuad Poladov, Alim Qasımov üçün də keçərli idi. Fuad toya tamada, Alim müğənni gedə bilməzdi? Onların uşaqları çörək yemirdi?

Bütün bayağı işlə məşğul olanlar özünə ustalıqla səbəb uydurmurmu?

Yeni nəsil aktyor yeni nəsil yazarı tanımırsa, ciddi nəyəsə nail ola bilməz. Təəssüf ki, bunu mən – oğlunuz yaşda bir oğlan sizə izah eləməli oldum. Əksi olmalı idi.

Sizi Sirtuşa çevirən ən dəhşətli səbəb budur: ciddi kitab adına sonuncu dəfə Bəxtiyar Vahabzadəni dinləməyiniz...

İnanın, bu, dəhşətli faktdır!

Həm də çox dəhşətli!

Sirtuş Çölçəmənlinin özü belə Bəxtiyardan sonra kiməsə mütləq qulaq asıb.

Ən azı Yetim Eyvaza...

news-inner-user
Ulucay Akif

109 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Falçı ona cavan öləcəyini söyləmişdi – Zərdüşt Şəfinin kədərli həyatı
21:00 03 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
19:00 03 Avqust 2021
Anar Kərimov Yunus Əmrə İnstitutunun nümayəndə heyətini qəbul edib
18:41 03 Avqust 2021
İki dil bilmək uşaqların nitqinə ziyandırmı?
18:21 03 Avqust 2021
Dünya bir pəncərədir - Rasim Nəbioğlu yazır
17:42 03 Avqust 2021
Eyni səngərdə döyüşən ata-oğul, ərinin tabutuna girən qadın, əkiz qardaşların əkiz məzarı - 44 günlük müharibədən 44 qeyri-adi fakt
17:01 03 Avqust 2021
Aktrisanın adına saxta profil açıldı
16:34 03 Avqust 2021
Yeni sədr hər kəsi əməkdaşlığa çağırdı
15:45 03 Avqust 2021
Rus qadını evinə qonaq çağırdı, ərini içirtdi... – Xəyanət haqqında hekayə
15:01 03 Avqust 2021
Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək
14:15 03 Avqust 2021
Nazirlik rəsmisi: “Kinostudiyaya ən müasir avadanlıqlar almışıq”
13:30 03 Avqust 2021
Bir bax, başın üstə günəş doğulur – Ramiz Rövşən Şuşaya şeir oxudu - Video
12:45 03 Avqust 2021
Allaha inanmadı, 16 yaşlı qızla evləndi, oğlunun ölümündə özünü günahkar bildi - Xalq şairindən 10 maraqlı fakt
12:01 03 Avqust 2021
Öz ölümünü yazan şair - Günün şeiri
11:30 03 Avqust 2021
Qələbədən yazmaq çox çətindir
11:01 03 Avqust 2021
“Orxan Pamukun evi inanılmaz dərəcədə geniş idi” – Söhbət
10:30 03 Avqust 2021
Deyirsən, anamın yerində ayrı arvadla mazaqlaşsın? – Yeni hekayə
09:01 03 Avqust 2021
Açıq havada Kino Günü keçirildi - Fotolar
08:49 03 Avqust 2021
Azərbaycanlı şair vəfat etdi
08:08 03 Avqust 2021
"Qapalı olan həyatımın qapılarını indi açıram..." - Fəxrəddin Manafovla yubiley müsahibəsi
21:00 02 Avqust 2021