Şəhla Nihandan yeni hekayə: Etiraf

Şəhla Nihandan yeni hekayə: Etiraf
12 fevral 2021
# 15:20

Zərgərlik məmulatları satılan butikin sahibi müəmmalı şəkildə öz mənzilində qətlə yetirilmişdi. Hadisənin üstündən bir neçə həftə keçməsinə baxmayaraq hələlik işıq ucu görünmürdü.

Mağaza müəyyən müddətə bağlanmış, işçilər hamısı dindirilmiş, bir neçə nəfər koordinatlarını istintaq orqanlarına bildirmək şərti ilə yeni iş yerinə keçmişdilər.


Neçə gün idi fikirli gəzirdi. Daxili narahatlığı get-gedə artırdı. Əldə edilən hər yeni məlumat işləri açmaq əvəzinə sanki daha da dolaşdırırdı. Kələfin ucu ələ keçmirdi ki, keçmirdi. Məşuqə məsələsi hər şeyi bir az da qəlizləşdirmişdi. Bu yeni sima hardan peyda oldu axı?...

İşdən çıxıb yorğun-arğın evə dönürdü ki, mobil telefonun xatırlatmalar bölümünün qısa səsli siqnalı bu günün əlamətdar tarix olduğunu yadına saldı – evliliklərinin 20 illiyi. Xanımına nəsə almalı idi. Gül dəstəsi ilə canını qurtara bilməyəcəkdi. Restorana gedib dəm-dəsgahla bu tarixi qeyd etməyə həvəsi yox idi, çox yorulmuşdu. Yolunun üstündəki zərgər dükanına baş çəkməyi qərara aldı. Yanında kifayət qədər məbləğ olmasa da gedib evdən gətirə bilərdi, yaxınlıqda yaşayırdı, əsas olan müvafiq zinət əşyasının seçilməsi idi.

Mağazada gülərüzlü cavan satıcı qız diqqətini cəlb etdi. Üzü tanış gəldi ona. Ona yaxınlaşıb harda gördüyünü xatırlamağa çalışdı. Qız baxışlarını yayındırıb soruşdu:

- Kömək edə bilərəm? Sizə nə lazımdır?

Əlbəttə! Məhz səs onun kimliyini büruzə verdi. Həmin o sahibi öldürülən mağazanın işçisi idi, bura keçmişdi. Saçlarını qısa vurdurub rənglədiyindən tanıya bilməmişdi onu. Nəyisə yadına sala bilməyəndə çox narahat olurdu. Məqsədini anlatdı. Qız kataloqu açıb onun qarşısına qoydu. O, həyat yoldaşı üçün almaq istədiyi sancağı seçib göstərdi. Tərslikdən bəyəndiyi model mağazada yox idi. Sifariş etdi. Amma sifarişin şəhərə gətirilməsi bir neçə gün çəkəcəkdi, ona isə hədiyyə bu günə lazım idi. Onda satıcı qız belə bir təklif etdi:

- O biri mağazamızda məhz sizin seçdiyiniz olmasa da ona oxşar model var. Mən indi onlarla əlaqə saxlayaram, çatdırarlar onu bura. Təxminən bir saata sancaq məndə olacaq.

- Bir saat gözləyə bilmərəm burda. Həm də evə gedib pul gətirməliyəm. Gedim, sonra qayıdaram.

- Gözləmək lazım deyil, evə gedib qayıtmaq da həmçinin. Mən şəklini çəkib sizə göndərərəm. Əgər bəyənsəniz, elə bu axşam kuryer sizin ünvana çatdırar. Çox güman, bəyənəcəksiniz. Sizin seçdiyiniz modelin tam oxşarıdır, demək olar.

Razılaşdılar. Qıza təşəkkürünü bildirib mağazanı tərk etdi. Evə çatıb rahatlandı və telefonuna nəzər saldı. Doğrudan da modelin şəkli göndərilmişdi. Bəyəndi, “sancağı gözləyirəm” yazıb, bir də minnətdarlıq bildirdi. Telefonu əlindən qoymaq istəyirdi ki, bir şey diqqətini cəlb etdi. Niyə sancaq qutusundan çıxarılmış və kağız parçasının üzərində təsviri alınmışdı? Kağız yazılı idi. Yazıları böyüdüb oxumağa başladı:

“Mən xoşbəxt olmalıydım. Ailə qurmağa hazırlaşırdım. O qədər arzu-diləyim vardı ki...
Müdirimiz harınlaşmış quduzun biriydi. Məni başqalarından ayırardı həmişə. Ən çox işləyən də mən olardum, ən çox danlanan da. Yeri gəldi-gəlmədi iradlar, təhqir, tənə...

Xaricə səfəri vardı. Gedəndə məni öz yerinə qoyacaqdı, müvəqqəti onu əvəz edəcəkdim. Çox bahalı prestijli modelləri evində, seyfdə saxlardı. O malların öz “klienti” vardı. Səfərinə az qalmış bir gün mənə zəng edib dedi ki, həmin zinət əşyalarından birini istəyən var, amma onun başı səfər tədarükünə qarışdığından işə gələ bilmir, mən evə dəyib modeli ondan götürməliyəm. Sonra guya taksi də sifariş edəcəkdi, məni həmin qiymətli əşya ilə mağazaya çatdırmaqçun. Onun tək yaşadığı mənzilə getməliydim. Getmək istəmirdim, məcbur etdi...

...Özümü müdafiə etmək üçün başqa yol tapmadım. Hər şey gözlənilmədən oldu, ani... yuxudaydım sanki...

Mənim də arzularım vardı. Mən xoşbəxt olmalıydım...

Vəssalam. Deyəcəklərim bunlar idi. İndi sakitəm, çox sakit.. hətta lap çox sakit.. təsəvvür edə bilməyəcəyiniz qədər...”

# 2502 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #