news-inner
clock17:04 calendar-gray 11 Fevral 2021 view-gray1231 dəfə oxunub
view-gray1231 dəfə oxunub

Soyuq öpüş kimi itdi gəncliyim - Əliağa Kürçaylının şeirləri

Bu gün tanınmış Azərbaycan şairi Əliağa Kürçaylının anım günüdür. Kulis.az bu münasibətlə şairin ən gözəl şeirlərindən bir neçəsini təqdim edir.

Deyirsən: "Məhəbbət şeirlərinin
Hamısı qısadır - bir bənd, iki bənd".
Deyirsən: "Deməli, şikəstdir sənin
Məhəbbət yolunda mindiyin səmənd".

Əzizim, doğrudur, məhəbbətimdən
Uzun söz açdığım olmayıb hələ;
Sevgi söhbətində çox xəsisəm mən.
Neynim, təbiətim belədir, belə...

Dostum, bu məzəmmət, bu giley nədir?
Qoy mən söz açmayım sevgimdən daha.
Qu quşu nəğməni bir ağız deyir,
Ömründə bir ağız...
Amma nəğmə ha!..

***

Qaldırdım dəstəyi,
Yığdım nömrəni.
Gözüm baxmasa da o gözlərinə
İkicə söz dedim:
- Sevirəm səni!
Dəstəyi yenə də qoydum yerinə.

Telefon zəng çaldı,
Çağırdı məni,
Qəribə vurğuyla döyündü ürək.
İkicə söz dedin:
- Sevirəm səni!
İkicə söz deyib asıldı dəstək.

Yüz il də çatmayım vüsalına mən.
Yüz il də əlinə dəyməsin əlim, -
Bu iki kəlməni sənin dilindən
Eşidim,
Sonrasa...
Qoy gəlsin ölüm!

***

Xərclədim gəncliyi qara pul kimi
Yerini bilmədən, əsirgəmədən.
Vardan-yoxdan çıxan bir yoxsul kimi
Oxu axtarıram, axtarıram mən.

Kefdəmi, nəşələr qucağındamı
Getdi o illərim, getdi gəncliyim?
Gözəl xanımların dodağındamı
Soyuq öpüş kimi itdi gəncliyim

***

Qüssəli çağlarında
Sənin dodaqlarında
Təbəssüm görünübsə,
Gülüşə bürünübsə
Kədərlərin bir anda-
Bu uğurlu zamanda
Demək hələ mən varam!

Ümid dumanda, çəndə
Səni atıb gedəndə,
Qəlbinə şölə kimi,
Kiçik bir gilə kimi
Təzə ümid dolubsa,
Belə günün olubsa,
Demək hələ mən varam!

Qış şaxtadan qılıncı,
Çiynində ağ yapıncı
Əlini kəsən zaman,
Sərt yellər əsən zaman
Bir çiçək görmüsənsə,
Əyilib dərmisənsə,
Demək hələ mən varam!

Baharınam xəzanda,
Bələdçinəm azanda.
İşığınam zülmətdə,
Həyatınam qürbətdə,
Sənin çətin anında
Mən hazıram yanında,
Demək hələ mən varam!

***

Qaldı arxada artıq ömrün xöşbəxt illəri,
İndi mənim əlimə dəyməz sənin əllərin.
Söylə hərdən əsəndə soyuq payız yelləri,
Dağılanda üzünə o pərişan tellərin,
Deyirsənmi olaydıq eşqin gənclik yazında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlıb görüşürəmmi?
Yadına düşürəmmi?

Səadət fürsətini qaçırtdıq sən də, mən də,
Onu köhlən at kimi salmalıydıq kəməndə,
Hərdən sevda yolunu azıb dumanda, çəndə,
Sənə ümid verəcək bir işıq görməyəndə
Bələdçi olurammı cığırlar arasında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlıb görüşürəmmi?
Yadına düşürəmmi?

Gəl indi xatırlayaq bütün olanları biz,
Özümüz yazmalıykən hökmü biz, qərarı biz,
Taleyin əllərinə verdik ixtiyarı biz,
Günah kimdədir görən? Mən bilmirəm! Barı biz
Bir nişanə qoymadıq xatirə dünyasında.
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?

***

Səmada dövrələnirkən
buludların düzümü
Zillədim göylərə həsrətlə
yol çəkən gözümü.
İldırımlar
mənə göstərdi
nurlu gündüzümü.

Sübhədək
mən belə süzdüm
bahar yağışlarını,
Saplı mirvaritək üzdüm
bahar yağışlarını,
Güllərin boynuna düzdüm
bahar yağışlarını.

***

Səni mənim qədər kimsə anlamaz,
Kimsə duya bilməz səni mənimtək.
Sən ölmək istədin dünyada bir az,
Beş saat...
Bir saat...
Bir qədər ölmək!

Sonra yenə qalxıb soyuq məzardan
Duymaq məhəbbətin şirin dadını.
Sənə söyləyərdi hamı o zaman
Cavan Romeonun gözəl qadını.
Vəssalam.
Yaxşıdır bəlkə bu ölüm -
Yenə dirilirsən, ömr eləyirsən.
Sevgidə Culyetta,
A mənim gülüm,
Belə bir oyunu istəmirəm mən.

Əgər baş tutsaydı bu oyun, düzü,
Min ləkə gələrdi saf məhəbbətə.
Nə sən, nə devdiyin Romeo özü
Qovuşa bilməzdi əbədiyyətə.

Uşaq oyuncağı deyil məhəbbət,
Onun əzabı da, nəşəsi də var.
O, həqiqət sevir, yalnız həqiqət -
Həqiqi bir həyat!
Həqiqi məzar!

news-inner-user

19003 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azad Qaradərəlinin yeni kitabı çap olundu
18:30 12 İyun 2021
Məşhur aktrisalar eyni filmdə
17:23 12 İyun 2021
Filmi qorxudan başqa ölkədə çəkdilər: Ölüm fətvası verilən yazıçının romanı necə ekranlaşdı?
16:30 12 İyun 2021
Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır...
15:40 12 İyun 2021
Aleksandr Sokurov yeni filmindən danışdı
14:20 12 İyun 2021
Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12:55 12 İyun 2021
İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12:30 12 İyun 2021
Məşhur filmin ikinci adı bəlli oldu
11:39 12 İyun 2021
Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
10:12 12 İyun 2021
“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
09:03 12 İyun 2021
Kamal Abdullaya "Şərəf" ordeni təqdim edildi
18:42 11 İyun 2021
Nizami haqda yeni monoqrafiya - Rus dilində
18:01 11 İyun 2021
Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz
17:25 11 İyun 2021
Vaqif Səmədoğlu medalı sahiblərinə təqdim edildi
16:44 11 İyun 2021
Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verildi
16:02 11 İyun 2021
Xəyanət etməyən azərbaycanlı kişilərin problemi
15:14 11 İyun 2021
Rejissorumuz beynəlxalq mükafat aldı
14:36 11 İyun 2021
Atamı öldürən səbəb - Alpay Azər yazır
13:45 11 İyun 2021
Bu gün Kulisdə premyeradır – Qaçırmayın!
13:01 11 İyun 2021
Qızını məcbur aborta göndərdi, 17 yaş kiçik aktyorla eşq yaşadı, övladı ilə eyni xəstəxanada can verdi – Xalq artistindən 10 inanılmaz fakt
12:17 11 İyun 2021