Müharibədə iştirak edən şair: “Onların ölümü məni çox sarsıtdı” – Müsahibə

Müharibədə iştirak edən şair: “Onların ölümü məni çox sarsıtdı” – Müsahibə
3 fevral 2021
# 09:02

Kulis.az Vətən müharibəsində iştirak edən gənc şair Həsən Kürlə söhbəti təqdim edir.

- Orduya nə vaxt yollandın, necə oldu?

- Oktyabrın 1-i könüllü olaraq komissarlıqdan qeydiyyatdan keçdim. Daha sonra onlayn qeydiyyatdan keçdim. 9 oktyabr səhər saatlarında zəng gəldi və cəbhəyə yola düşdük.

- Döyüşlərdə iştirak etdinmi?

- Döyüşlərdə xüsusi taborlar və bizdən daha əvvəl toplanmış heyət iştirak edirdi. Biz hamımız müdafiə sistemində idik.

- Əlində silah olanda özünü necə hiss edirdin?

- Əlimdə silah olanda özümü daha məsuliyyətli hiss edirdim. Harda olduğumu, hər an ölə biləcəyimi başa düşürdüm, amma bu məni qəti qorxutmurdu. Çünki Vətən üçün orada idik, Vətən üçün ölmək ən böyük uğurum ola bilərdi. Olmadı... Təkcə mən yox, ordakı hər kəs ölümü gözə almışdı və hər şeyə hazır idi. Heç bir saniyəmizin sağ qalacağımıza sığortası yox idi. Çox qəribə idi, hər an ölə biləcəyimizi bilirdik, amma bu, bizi nə qorxudurdu, nə də məyus edirdi.

- Hazırda psixoloji durumun necədir? Özünü necə hiss edirsən?

- Psixoloji olaraq yaxşı deyiləm, bir az problemlərim var. Məncə, bu, müharibədə iştirak edən hər kəsdə ola bilər. Tanıdığım çox insanı itirdim. Onların ölümü məni çox sarsıtdı. Ona görədir problemlərim. Ümid edirəm, çətin də olsa aradan qalxacaq.

- Ölüm qorxusunu hiss etdinmi? Necə duyğu idi?

- Ölüm qorxusunu ilk dəfə orda hiss etdim. Çox qəribə hiss idi. Əslində, ona qorxu da demək doğru deyil. Sadəcə tanış olmayan bir hiss idi və qorxudan yarandığına tam əmin deyiləm.

- Əsgər yoldaşların şair olduğunu bilirdilər? Necə münasibət görürdün?

- Şair olduğumu bilirdilər, hə. Məndən müharibəyə niyə gəldiyimi soruşurdular. Onlar düşünürdülər ki, şair yalnız şeir yazmalıdır. Mən də başa salırdım, deyirdim, Vətəni qorumaq bu Vətəndə yaşayan hamının borcudur. Məmuru, şairi, həkimi, fəhləsi. Hamı Vətəni ayrı-seçkilik etmədən sevməlidir. Mənə çox gözəl münasibət göstərirdilər. Ümumiyyətlə, müharibədə hamı biri-biri ilə mehriban idi. Şairlərə isə ayrı mehribanlıq ilə yanaşırdılar (gülür).

- Orada şeirlər də yazdın. Şəhid olan dostlarına...

- Orda şeir yazmaq çox çətin idi. Bilmirəm niyə. Mən orda yaşadığım hissləri söz ilə başa sala bilmirəm. Hər şey çox qəribə və çox gözəl idi. 3 ay ərzində 6-7 şeir yazdım. Şəhidlər - Raqil və Sübhana yazdığım şeir daha çox xoşuma gəldi. Gündəlik də yazırdım. Döyüşə girən, döyüşdən çıxan əsgərlər ilə danışıb dəftərə qeyd edirdim. Yaxında məhz müharibə haqda kitab nəşr etdirəcəyəm.

- Son olaraq, ən çox yadında qalan hadisəni bizə danışa bilərsən?

- Yadımda qalan hadisələr həddindən çoxdur. Oradakı xatirələr heç vaxt unudulmayacaq. Məni ən çox valeh edən isə hamının bir olması, qardaşlıq münasibəti yaratması idi. Əgər belə olmasaydı, biz bu tezliklə torpaqlarımızı düşməndən azad edə bilməzdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, döyüşçülərimizə can sağlığı nəsib etsin. Siz də çox sağ olun ki, mənə vaxt ayırdınız.

# 3931 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür

11:00 26 iyun 2026
Diplomu olmayan dahilər: Universitet üzü görməyən 5 yazıçı

Diplomu olmayan dahilər: Universitet üzü görməyən 5 yazıçı

10:40 26 iyun 2026
Bakıda möhtəşəm konsert: “Əsrlərdən gələn irs”

Bakıda möhtəşəm konsert: “Əsrlərdən gələn irs”

17:00 25 iyun 2026
İtaətdən özünüdərkə: Sufilik və Türk ruhunun yolu - Düzgün Atalı

İtaətdən özünüdərkə: Sufilik və Türk ruhunun yolu - Düzgün Atalı

16:43 25 iyun 2026
Söhrab Tahirin 100 illiyi münasibətilə tədbir təşkil olundu

Söhrab Tahirin 100 illiyi münasibətilə tədbir təşkil olundu

16:00 25 iyun 2026
Antonio Qaudinin şedevri - Onu niyə  "Yoxsulların kilsəsi" adlandırırdılar?

Antonio Qaudinin şedevri - Onu niyə "Yoxsulların kilsəsi" adlandırırdılar?

15:30 25 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər