Qanı çörəyinə yavanlıq etsən... - Nizamidən hikmətli kəlamlar

Qanı çörəyinə yavanlıq etsən... - Nizamidən hikmətli kəlamlar
30 yanvar 2021
# 16:30

Kulis.az dahi Nizami Gəncəvinin müxtəlif mövzularda yazdığı hikmətli kəlamları təqdim edir.

Sülh, müharibə, ədalət və zülm haqqında

Atəşi üfürsən alışıb yanar,
Onu suya bassan, sönər aşikar.

***

Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!

***

Haqq sözü eşitmək istəməyənlər,
Ağlını itirib hədər ölərlər.

***

Künc-bucaqda qalana sən bu qədər atma ox,
Yoxsulların ahından, qarğışından çəkin, qorx.

***

Dünyanın işini yaxşı düşün sən,
Nə əksən, onu da sən biçəcəksən.
Yaxşı iş də görsən, pis iş də, inan,
Unutmaz onları bu qoca dövran.

Hünər, cəsarət və mərdlik haqqında

Nə üçün boynuna min yük alırsan?
Zalımın zülmündən məmnun qalırsan?

***

Sən də süsən kimi ipəkdən olsan,
Səni saf torpaq da yaralar, inan!

***

Zəlillik ürəyə ağrılar salar,
Zülmə dözənlərin sonu xar olar.

***

İnsanı sarsıdar göz yaşı, nalə,
Ah çəkib, of edən yetməz kəmalə!

***

İradəsiz olma, iradəsizlər
ayaqsız qurd kimi yerdə sürünər.

***

Fil keçsin üstündən tapdalayaraq,
Xəsis adamlara əl açma ancaq.

***

Mərd olmaq gərəkdir həyatda hər an,
Mərdliklərlə çatar arzuya insan.

***

Evdə tək arpası olmayan bir kəs
Yarım arpa qədər minnət götürməz.

***

Heç qorxma acizə zülm edən kəsdən,
Yoxsa qul olarsan sən ona hökmən.

***

Yüksəklərə ucaldar hünər, cəsarət səni,
Hünərsiz alçalarsan, tapar rəzalət səni.

***

Böyüklə vuruşda insan ad alar,
Alçaqla vuruşda özü alçalar.

***

Aman istəyincə qurbağalardan,
Balıq tək sulara tez qərq olarsan.

***

Qanı çörəyinə yavanlıq etsən,
Papağı dik saxla, baş getsə əldən.

***

Mərdə təmiz adı candan əfzəldir,
Ləkəli qalmaqdan ölüm gözəldir.

***

Ovcumun içində olsa da belə
Dikmərəm gözümü özgə mülkünə.

Dostluq və düşmənlik haqqında

Ehtiyatsız bir quş düşərsə tora,
Başqa quşları da sürüklər ora.

***

Dost qəlbi torpaqdır, ona toxunsan,
Əlin paklaşacaq bu toxunuşdan.

***

Heç kimsəylə yola getmirsə bir kəs,
Ona bel bağlanıb bir iş görülməz.

***

Ağıllılar bilir, tək yesə hər kəs,
Təklikdə də ölər, dost-aşna görməz.

***

İstəyirsən evin salamat qala,
Evə yad adamı buraxma əsla.

Xalqa xidmət və xeyirxahlıq haqqında

Bacarsan hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdir əmək.

***

Yaxşılığı əzəldən adət etsən özünə,
O yaxşılıq hər yanda qapı açar üzünə.

***

Belə misal çəkmiş aqil bir insan:
“Qurd girməz sürüyə yatmasa çoban”.

***

Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə dünya zərxara.

***

Hünər ardınca qoş, xalqa xeyir saç,
Qapılar bağlama, ər ol, qapı aç.

***

Səadət kamalla yetişər başa,
Xalqa xidmət elə, ədəblə yaşa.

***

Bulud tək damcıyla su al dənizdən,
Verəndə bol-bol ver, əsirgəmədən.

***

Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?

***

Bir elm öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

"Aydın yol"

# 2821 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #