Boş küçələr, məni aldadan pişik, balaca Əzizin velosiped vədi – Bibiheybətdən reportaj 

Boş küçələr, məni aldadan pişik, balaca Əzizin velosiped vədi – Bibiheybətdən reportaj 
1 fevral 2021
# 09:00

Kulis.az gənc yazar Ulucay Akifin yeni abadlaşdırılmış Bibiheybət qəsəbəsindən reportajını təqdim edir.

İndi sizə haqqında danışacağım məkan mənim üçün çox doğma, uşaqlığımın ən gözəl xatirələrini özündə saxlayan bir yerdir: Bibiheybət!

Öz xatirələrimə keçmədən əvvəl istəyirəm sizə buranın tarixçəsindən danışam.

Şəhər tipli bu qəsəbə Bakının ən qədim kəndlərindən sayılır. XX əsrin əvvəllərinə kimi Şıx adlanan bu əraziyə 1936-cı ildə Xanlar adı verilmiş, ölkəmiz müstəqillik qazandıqdan sonra isə 1992-ci ildə Bibiheybət qəsəbəsi adlandırılıb.

Bu ad burada yerləşən məşhur Bibiheybət məscidi ilə bağlıdır.

1990-cı illərdə tikilən məscid Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı Əbü-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz tərəfindən XIII əsrin II yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyni adlı məscidin bərpa edilmiş variantıdır.

Mahmud ibn Səd tərəfindən tikilən məscid bütün SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmışdır.

Bu abidə Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunələrindən biri sayılır. Azərbaycan şairi Abbasqulu ağa Bakıxanov, məşhur fransız yazıçısı Aleksandr Düma və Xurşidbanu Natəvan kimi şəxslər bu məscidi ziyarət ediblər.

Xəzərin sahilində yerləşən bu ərazi Bakını Bakı edən ən vacib yerlərdən biridir. Bura Azərbaycanın ən zəngin neft yataqlarından biri sayılır.

1924-cü ildə dünyada ilk dəfə Bibiheybət körfəzində ada tipli və svaylar üzərində qurulmuş dəniz quyusundan sənaye üsulu ilə neft alınmışdır.

Günü bu gün də burada neft buruqları, neft quyuları gecə-gündüz dayanmadan işləməkdədir. Gecələr bu yaşlı dəmir parçalarının yorğun səsini eşitmək olur. Bu neft buruqları, neft quyuları mənə həmişə əli mazutlu, zəhmətkeş insanlarımızı xatırladır.

Təzəlikcə Bibiheybətin abadlaşdırıldığını eşidəndə çox sevindim. Buranı şəkillərdə görmək mənə bəs eləmədi, istədim gedib canlı görüm.

Belə də etdim...

Yadıma düşür, uşaq olanda anam hər yay bizi dənizə elə bura, Bibiheybətə, Şıx çimərliyinə gətirərdi. Bacılarım, qardaşım və mən dənizə gedəcəyimizi biləndə çox sevinirdik.

Termosda çay, qarpız, pendir, yemiş, soyutma kartof, yumurta, pomidor, xiyar və çörək... İsti yay günlərində Şıx çimərliyi bizim üçün ən böyük əyləncə yeri idi.

O vaxt Bibiheybətə “Alabaş” deyilən mavi avtobusda gəlirdik. Həmin avtobusları həmişə üzündə təbəssüm olan qocalara bənzədirdim.

Dənizə gedəcəyimizi biləndə “Alabaş”a minəcəyim üçün də sevinirdim.

Bizim evdən Bibiheybətə avtobusla uzağı 10 dəqiqəlik yoldur. Həmin 10 dəqiqəlik yol boyu elə həyəcanlanırdıq, elə səbrsizlənirdik ki... Elə bil, “Alabaş”ın üzündəki o təbəssüm də bizim bu həyəcanımıza görə yaranmışdı.

Qızmar yay günlərində avtobusun bütün şüşələri açıq olurdu. Biz də üzümüzə külək vura-vura çölə baxırdıq. Üfüqdə dənizi görən kimi “Dəniz! Dəniz! Dəniz!” deyib biri-birimizi müjdələyirdik. Sonra bu qışqırığımız daha da ahəngli və ritmli səslənirdi:

- Də-niz! Dəə-nizz! Dəəə-nizzz!

Biri-birinə qarışan dəniz və neft qoxusu bizi meyxoş edirdi. O qoxunu hər xatırlayanda üzümdə təbəssüm, içimdə səma boyda xoşbəxtlik yaranır.

Elə bil onda dəniz mavinin, günəş də sarının ən gözəl tonunda idi.

Budəfəki gəlişim yayda olmasa da, həmin o qoxunu yenə duydum. Mən buraları gözüyumulu, qoxusundan tanıyaram.

Avtobusdan düşəndə, məni köhnə dost kimi qarşılayan qış günəşini salamladım.

Həmişə dənizə gələndə, Bibiheybət məscidinin qarşısında düşürdük. Anam nəzir qutusuna pul atırdı. Və biz daha da sevinirdik. Əmin idik ki, anamızın duaları, o nəziri bizi həmişə qoruyacaq.

Elə mən də cibimdəki qəpiklərdən nəzir qutusuna atıb yenilənmiş Bibiheybət küçələrinə tələsdim. Məscidin düz yanından dənizə düşən yoldakı tinlərdən başlayırdı bu gözəl məhəllələr.

Bura elə ilk baxışdan mənə filmlərdə gördüyüm, dəniz sahilində yerləşən Yunanıstan şəhərlərini xatırlatdı. Döşəmə daşlı küçələr, ağ rənglə boyanmış divarlar, qırmızı dam örtüklü evlər və tək-tük gözə dəyən zeytun ağacları...

Küçə boyu addımladıqca içimdən uşaqlığımdakı kimi qışqıra-qışqıra, sürətlə dənizə tərəf qaçmaq keçirdi. Qardaşımla “dənizə axırıncı girən çürük pomidordu!” ya da “kim dənizə axırıncı girsə, iylənmiş yumurtadı!” kimi mərclər kəsib sürətlə dənizə şığıyırdıq.

Heyf, yay deyil və hava soyuqdu. Yoxsa yenə içimdəki o uşağı saxlaya bilməyib fotoqrafımız İlkinlə belə mərc kəsərdim.

Məhəllələri gəzə-gəzə İlkinə də bu xatirələrimi danışırdım.
“Məktəb meydanı” küçəsində bir dəstə uşağın oynadığını gördük. Bir qismi qaçdı-tutdu, bir qismi isə daş və butulka ilə bovlinq oynayırdılar. Əlimizdəki fotoaparatı görəndə qaçıb gizlənənlər də oldu, lap cuşa gəlib daha səs-küylə, şövqlə oynayanlar da.

- Əmi, əmi, bizi də çəkin!
- Əmi, televizorda göstərəcəksiniz bizi?!
- Əmi, baxım, necə düşdüm?

Tez özümüzü bu enerjisi aşıb-daşan uşaqların əlindən alıb yolumuza davam edirik.

Üzərində Bibiheybət qəsəbəsinin təsviri çəkilmiş böyük divar...

Fərqli təsvirlərlə bəzənmiş qapılar...

Qapıların ağzında rəngli poçt qutuları...

Divardakı top oynayan, nərdivanla pəncərəyə dırmaşan, şarla havaya uçan uşaq təsvirləri gözümə elə canlı göründü ki, onlara görə narahat oldum. İstədim qışqıram: “Ehtiyatlı olun, yıxılarsız!”

Hələ divarın üzü ilə çəkilən borunun üstündəki pişiyi görəndə bir anlıq yaxınlaşıb sığallamaq istədim. Sonra düşündüm ki, ürküb qaçar. Pişiyin tərpənmədən mənə tamaşa etdiyini görəndə şəkil olduğunu anladım.

Parka bənzəyən gözəl məhəlləni iki yerə bölən “Məktəb Meydanı” küçəsi ilə, aşağı, dənizə tərəf addımlayırdıq.

Pandemiya ilə əlaqədar bağlı qalan “Qasid” köşkü ötən günlərdən nostalji nəğmə oxuyurdu sanki.

“Hədiyyəlik suvenirlər”in fayton üzərində yerləşdirilməsinin semiotik mənası çox dərin idi. Sanki buralarda hədiyyə alan olmasa ata qoşub sevgilərin daha bol, ünsiyyətin daha səmimi olduğu ünvanlara aparacaqdılar.

Adamlar harda idi? Qapılarda zivələrdən asılan paltarlar burda rəngarəng bir həyatın döyündüyündən xəbər verirdi. Amma havanın xoş olmasına baxmayaraq çöldə kiməsə rast gəlmədik. Axı SMS icazə aradan qalxmışdı. Adamlar rahat gəzə bilirdilər. Bəlkə, sərt karantin qaydalarından qalan bir alışqanlıq idi bu?

Gözəl görünüşü və zövqlə işlənmiş rəsmləri ilə adamı ünsiyyətə səsləyən evlər, divarlar, darvazalar onlara cavab verdiyimizi görüb üzümüzə gülürdülər.

Dənizə yaxınlaşdıqca, sizə təsvir etdiyim o möhtəşəm qoxu daha da şiddətlənirdi. Hansısa evdən gələn təndir çörəyi və balıq qoxusu isə məni lap kövrəldirdi. İstəyirdim, həmin evi tapıb qapısını döyəm, deyəm, məni bura o möhtəşəm qoxu gətirib...

Fəqət gəzintimizə davam etməliydik.

Meydanda oynayan uşaqları saymasaq, bura da boş idi. Bəzi evlərin eyvanlarında üçrəngli bayraq dalğalanırdı. Dəniz də, dağ da çox özündən əmin və məmnun görünürdü.

Buraları həmişə dastanlardan, nağıllardan eşitdiyim Çənlibelə bənzətmişəm. Üç tərəfi Badamdar dağı ilə çevrələnib, dördüncü tərəfində Xəzər dənizi dalğalanır.

Gəzintimizin sonlarına yaxın qarşımıza velosiped sürən bir uşaq çıxdı. Adı Əziz idi. Əzizdən zarafatyana velosipedini sürmək üçün icazə istədim. O da dedi ki, anası böyüklərin sürməsinə icazə vermir. Amma söz verdi ki, daha böyüyünü alanda, mənə də sürmək üçün icazə verəcək.

Məhəllələri gəzdikcə özümü 8-9 yaşlı Ulucay kimi hiss edirdim.

Badamdar dağının arxasında yavaşca qürub edən günəşi seyr edərək uşaqlığımı xatırlayırdım.

Birdən İlkinin səsinə xəyaldan ayıldım:

- Gecdi, qayıtmalıyıq.

Yadıma düşür, uşaqlıqda dənizə gəldiyimiz vaxtlarda da Günəşin batmasına çox heyfsilənirdik, hətta üzülürdük. Bəzən ağlaya-ağlaya anamızdan xahiş edirdik ki, bir az da qalaq, bir az da...

Anam da bizim kədərimizə şərik səslə eynən belə deyirdi:

- Gecdi, qayıtmalıyıq...

Və bizə təsəlli üçün əlavə edirdi: “Sonra yenə gələrik!”.

Hələlik, Bibiheybət və Xəzər dənizi!

Hələlik, Badamdar dağı və Günəş!

Hələlik, neft buruqları və neft quyuları!

Sonra yenə gələcəm!

Fotolar: İlkin Nəbiyevindir

# 9327 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #