Konserv qapağına görə boşanan ailə: karantin evlərimizi necə dağıdır? 

Konserv qapağına görə boşanan ailə: karantin evlərimizi necə dağıdır? 
29 yanvar 2021
# 14:20

Koronavirus epidemiyasının yayıldığı bir il ərzində dünyada və ölkəmizdə bu virusa ciddi sayda insanlar yoluxdu. Amma koronavirus təkcə insanların sağlamlığına deyil, ailə münasibətlərinə də ciddi zərbə vurdu.

Xüsusilə çöl həyatına öyrəşən insanların karantinə alışmasının necə çətin olduğunu sosial media paylaşımlarından anlamaq olur.

Keçən il karantin müddətində Çində boşanma saylarının fantastik artımı xəbərini oxuyanda aşağı-yuxarı təxmin edirdim ki, belə bir vəziyyət bizi də gözləyir.

Bu günlərdə mediada keçən ildən bəri Azərbaycanda 14 minə yaxın boşanma faktının qeydə alındığı ilə bağlı məlumat dərc olundu. Koronavirus səbəbilə ölkədə elan olunan uzunmüddətli karantin dövründə insanlar evli olduqları insanlarla evlilikləri boyunca bir arada olmadıqları qədər bir damın altında oldu.

Evə həbs edilmə bir çox ailələrdəki xırda çatları sanki böyütmüş oldu. Normal şərtlər altında belə ailə həyatı bir növ karantin kimidir. Birlikdə yaşamaq, eyni yeməkləri yemək və eyni yataqda yatmaq kimi qanunları var.

Əgər xoşbəxt bir evlilik istəyirsinizsə ailə həyatının bu qanunlarına tabe olmaq məcburiyyətindəsiniz. Karantin dövrü ailələrin imtahanı da asan olmadı. Pandemiya dövründə hər kəs özü oldu. Bəzi insanlar evli olduqlarını xatırladı, bəziləri üçün isə ailə həyatı dözülməz həddə çatdı. Fərdi həyatlar bir evə sığmadı.

Ailə həyatının məsuliyyətləri ağırlıq etməyə başladı. Yaxın rəfiqəmin pandemiyadan əvvəl ən böyük problemi həyat yoldaşının işdən gələndən sonra belə evdə oturmadığı, çayxanada dostları ilə zaman keçirtməsi idi. Karantin qərarı veriləndə ilk o rəfiqəm gəldi ağlıma. Dedim, yəqin xoşbəxt olar bütün günü yanında olacaq, daha çox zaman keçirəcəklər. Karantinin ikinci ayında vəziyyəti soruşdum dedi, ən yaxşı kişi çöldə olan kişi imiş!

İşə getməyən, səhərdən axşama evdə yan-yana oturan, sosiallaşa bilməyən cütlüklər bir-birilərinin hər üzünü gördü və necə deyərlər, eşqin kor olan gözü açıldı. Qadın kişi münasibətlərindəki təzadlar özünü pandemiya dövründə daha çox büruzə verdi.

Yəni, əslində boşanmaları alovlandıran pandemiya deyil, pandemiyadan əvvəlki illərdə xalının altına süpürdüyümüz və görməzdən gəldiyimiz problemlərdir. Karantin dövründə vaxtdan bol heç nəyi olmayan, işə, ticarət mərkəzlərinə, kinoya, teatra, toya, yasa gedə bilməyib evə qapanan insanlar bu problemləri ilə baş-başa qaldılar.

Bu bir ildə ölümlə burun-buruna yaşadıq. Ölümün soyuq gerçəkliyi ilə qarşılaşmaq bu günə qədər münasibətlərimizdəki göz ardı etdiyimiz bütün problemləri üzə çıxartdı. Kişilərin deyingən qadının çənəsindən xilas olmaq üçün pencəyini götürüb sakitləşmək üçün qaça biləcəyi hər yer bağlı oldu. Gərginliyin yaratdığı ortamda isə şiddət qaçılmazdır.

Bəzən də xırda şeyləri problemə çevirməyə həvəsli insanlar görürük. Məsələn, bu günlərdə Feysbukdakı qadın qruplarının birində bir qadın həyat yoldaşından giley-güzar dolu bir paylaşım etmişdi. Paylaşımın son cümləsi yadımda qalıb: “Ərim virusun Azərbaycana gələcəyini təxmin edə bilsə də bir dənə bağlama “kampot” qapağı, yaxud da tutulan kanalizasiyanı açmağı bacarmır”.

Belə xırda şeylərdən böyük problemlərin təməlinin qoyulduğu ailələr var. Sabah eşitsəm ki, konserv qapağı açmaq bir ailənin dağılma səbəbinə çevrilib təəccüb etməyəcəm.

Sosial izolyasiya bəzi dərman preparatları kimidir. Mövcud xəstəliyi aradan qaldırsa da bəzən yan təsirləri olur. Karantin bizi koronavirusdan qorusa da, sosiallaşa bilməməyin stressi ruh halımıza ciddi anlamda mənfi təsir göstərdi.

Karantin dövrünün ilk aylarında mənim də ailə həyatımda zaman-zaman gərginlik yaşandı. Həyat yoldaşımın evdə tərtib etdiyim qanunlardan bezdiyini hiss etdim. Bu saat mənimlə bağlı yalnız bir şey düşünür: Çox narahat qadındır!

Bununla belə, birtəhər də olsa bu dövrdə münasibətləri qorumağın yolunu tapa bildik.

Bu, təxminən gəmi qəzası nəticəsində köməksiz qalan bir insanın hər şeyi unudaraq əlinə keçən daş və ağacla koma tikməsinə bənzəyir.

# 4089 dəfə oxunub

Oxşar xəbərlər

Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?

Antik Roma eksponatı üzərindəki araşdırmalar nəyi üzə çıxardı?

17:37 27 aprel 2026
Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

Astek imperiyasından da qədim: Oksforddakı 750 illik kitabxananın sirləri

17:00 27 aprel 2026
“Nəriman Nərimanov və Türk dünyası”  adlı tədbir təşkil olundu

“Nəriman Nərimanov və Türk dünyası” adlı tədbir təşkil olundu

15:37 27 aprel 2026
"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

"Alimin ömrü boyu güc-bəla ilə öyrəndiyini sevgi bircə gündə öyrədir..." - Ralf Uold Emersondan sitatlar

15:00 27 aprel 2026
“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

“Türkiyədə tanınmış azərbaycanlıların izi ilə”: Əhməd bəy Ağaoğlu irsi Rizə sərgisində

14:30 27 aprel 2026
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

14:25 27 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər