Psixoloq: “Media intihar xəbərlərində ehtiyatlı olmalıdır” – Müsahibə

Psixoloq: “Media intihar xəbərlərində ehtiyatlı olmalıdır” – Müsahibə
27 yanvar 2021
# 13:20

Son günlər intihar edənlərin sayı artıb. İntihar xəbərləri mediada və sosial şəbəkələrdə xüsusi vurğu altında yayılır və lazımından artıq diqqətə səbəb olur. Bu doğrudurmu? Ümumiyyətlə, media belə xəbərləri necə təqdim etməlidir? Sosial şəbəkələrdə intiharla bağlı paylaşımlar necə edilməlidir? Kulis.az bu və digər məsələlərlə bağlı psixoloq Vəfa Əkbərin müsahibəsini təqdim edir.

- Vəfa xanım, sizcə, intiharların sayının artması nə ilə bağlıdır?

- Bəli, intiharların sayı kəskin şəkildə artıb. Bu, heç də xoş bir hal deyil. Təəssüf ki, intihar edənlərin böyük hissəsi gənclərdi. Biz bilirik ki, gənclərin hobbiləri, geniş çevrəsi, maraq dairəsi, ən azından yüksək həyat enerjisi olur, cəmiyyətə daha tez adaptasiya edilər, amma bu gün gənclərin intihar etməsi onu göstərir ki, sosial gərginlik artıb. Gənclər karantinlə bağlı öz məşğuliyyətlərindən, əvvəlki rutinlərindən ayrı düşüblər və buna görə də müəyyən problemlərlə üzləşəndə onları aşa bilmirlər. Təbii ki, bu intiharlar birbaşa hansısa şəxsi problemlə də bağlı ola bilər. Biz, sadəcə intihar edənləri görürük, intihara təşəbbüs edənlər də az deyil.

- İntihara meylli şəxsə yaxınları, doğmaları necə yardım edə bilər?

- İlk olaraq problemin nə olduğunu öyrənməli və məsləhət verməyə tələsməməlidirlər. İnsanlar daha çox məsləhət verməyə cəhd edirlər. Məsləhət verəndə də çox vaxt “Əşi, sənin nəyin var ki?”, “Boş ver!”, “Həyatdı da, həyatını yaşa” və bu kimi çeynənilmiş motivasiya xarakterli cümlələrdən istifadə edirlər. Bu, belə olmamalıdır. Həmin insanın nəsə problemi varsa, onu dinləmək və anlamaq lazımdır. Anladıqdan sonra “mən səni anlayıram”, “sənə nə kimi kömək edə bilərəm?” deyib yardım əlimizi uzatmalıyıq. Yox, əgər bunu edə bilmiriksə, heç olmasa ona psixoloq yardımını təklif etməliyik.

- Mediada intihar xəbərlərinin xüsusi ajiotajla işıqlandırılmasına münasibətiniz necədir? Sizcə, bu xəbərlər necə təqdim olunmalıdır?

- İntihar xəbərlərinin ajiotajla təqdim olunması heç də yaxşı deyil. Çünki intihara meylli adamlar, ya da ağlında belə bir fikir olan şəxslər belə xəbərlərdən “ilham” alırlar. Düşünürlər ki, onların da arxasınca bu qədər ajiotaj yaranacaq. Təfəkkürlərində “bəlkə məni görərlər”, “mənim varlığımdan xəbərdar olarlar”, ya da “varlığımı görmürlərsə, yoxluğumu görərlər” kimi siqnal yaranır.

Gallery

Belə olması heç doğru deyil. Belə xəbərlərin təfərrüatları, hadisə necə oldu, necə reaksiya verildi - göstərilməməlidir və xəbər o cür real faktlarla təqdim edilməlidir ki, insanların beynində intiharın səbəbi ilə bağlı başqa suallar yaranmasın.

- Sosial şəbəkələrdə də insanların bu cür xəbərlərə maraqlı olduğunu görürük. Bu, nə ilə bağlıdır?

- Hazırda həmin insanların əksəriyyətinin məşğuliyyəti yoxdur, enerjisini sərf edəcək yer yoxdur. Buna görə, enerjilərini emosional enerji ilə əvəzləyib elə sərf edirlər. Yəni, sosial fəaliyyətin olmaması, real həyatda insanlarla ünsiyyətin xeyli azalması belə adamlar üçün danışmağa çox gözəl “bəhanə” və fürsətdir.

- Bəs sosial şəbəkələrdə məsələn, psixoloqlar, yazarlar, ya digər aidiyyatı adamlar intiharların qarşısını almaq, insanları belə fikirlərdən yayındırmaq üçün nələr edə bilər?

- Maksimum dərəcədə motivasiya xarakterli informasiyalar paylaşılmalıdır, insanları ruhlandırmaq lazımdır. Bu, təkcə sosial şəbəkələrlə bağlı məsələ deyil. Bu gün televiziyalarımızın əksəriyyəti sosial verilişlər yayımlayır və insanlara boş-boş, bayağı informasiyalar ötürür. Belə etməkdənsə, yaxşı olardı verilişlərə mütəxəssislər dəvət olunsun. Əminəm, insanlar onda daha çox maariflənər. Yəni, şou, reklam yox, sözün əsl mənasında yardım edəcək, düzgün informasiya ötürəcək verilişlər olsun. Təəssüf ki, bu gün “kim kimdən boşandı”, “kim evini tərk etdi”, “illərdi evini tərk etmiş ata qayıtdı” tipli mənasız, heç kimə lazım olmayan hadisələr daha çox nümayiş olunur. İnsanlara çıxış yolunu göstərmək lazımdı. Hansı vəziyyətdə nələr edə bilərik, hansı problemə necə reaksiya vermək lazımdır, bunu göstərməliyik, izah etməliyik. Bir də onu vurğulayım ki, teleaparıcılar mütəxəssislərə danışmaq imkanı verməlidirlər. Özlərini daha ağıllı göstərmək üçün mütəxəssisin əvəzinə danışmasınlar, onun sözünü kəsməsinlər.

- Sizə intihar etmək qorxusu ilə müraciət edənlər olur?

- Çox olur. Bəzən özləri müraciət edirlər, bəzən ailə üzvləri, yaxınları bunun fərqinə varıb narahat olurlar.

- Səbəblər nə olur çox vaxt?

- Ailədaxili problemlər, şəxsi həyat, maddi problemlər, işsizlik...

- Pandemiyanı qeyd etdiniz. Sizcə, müharibənin də bu amillərə təsiri oldu?

- Çox oldu. Müharibə 44 gün çəkdi, amma pandemiya bir ildir bizimlədir və insanların psixologiyasına daha çox təsir edir. İşsizlik, sosial həyatın məhdudlaşması, bütün bunlar insanları yükləyib. İndi karantin yumşalıb, pandemiya da yavaş-yavaş yox olur. Ümid edirik ki, hər şey öz axarına düşəcək.

# 1245 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

10:15 20 aprel 2024
"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

10:00 20 aprel 2024
Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
#
#
# # #