Xudu Məmmədov Zəlimxan Yaquba onunla bağlı hansı sirri açdı? – Xatirə

Xudu Məmmədov Zəlimxan Yaquba onunla bağlı hansı sirri açdı? – Xatirə
23 yanvar 2021
# 16:30

Kulis.az Xalq şairi Zəlimxan Yaqubun maraqlı bir xatirəsini təqdim edir.

1986-cı il idi. Səməd Vurğunun səksən illiyi Azərbaycanın hər yerində çox böyük təntənə ilə qeyd olunurdu. Xüsusi qatar hazırlanıb. Təşkilat komitəsi dövlət səviyyəsində işlərini tamamlayıb. Bakıdan Qazağa qədər bütün yol qırağı rayonlarda tədbirlər keçirməliyik. Çox böyük nümayəndə heyəti – şairlər, alimlər, rəssamlar, bəstəkarlar, müğənnilər, aşıqlar yola çıxmağa hazırlaşır. Bu məqamda dedilər ki, AZİ-nin rektoru İsmayıl İbrahimov zəng edib ki, bu gün bizim İnstitutda (indiki Neft Akademiyası) S.Vurğunun yubileyidir, siz hamınız gedirsiniz, bəs mən bu yubiley məclisini kimlə keçirəcəyəm.

Xeyli söz-söhbətdən sonra qərara aldılar ki, qatarı bir saat gecikdirək, tədbiri də bir saat irəli çəkək. Belə də oldu. AZİ-də tədbir başladı. Rektor məclisi açdı, sözü bir-bir qonaqlara verdi. Söz mənə də çatdı. Mənim çıxışım zalda böyük təlatüm yaratdı, gəlib yerimdə əyləşsəm də alqışlar kəsmədi. Məni ikinci dəfə məcbur səhnəyə qaytardılar. Yenə həmin alqış. Yenə həmin titrəyən salon. Tədbir başa çatandan sonra ordan çıxıb, yaxın olduğu üçün vağzala piyada gedirik. Yolda rəhmətlik Xudu Məmmədov mənə yanaşıb özünəməxsus sakit bir səmimiyyətlə əlimi sıxdı, təbrik elədi və o zaman mənə hələ çox aydın olmayan həyatın acı bir həqiqətini söylədi:

“Əzizim Zəlimxan, orda səndən başqa heç kəsi ikinci dəfə kürsüyə dəvət etmədilər. Bu, sənin üçün yaxşı əlamətdir. Ancaq alqışlar səni çaşdırmasın. Ömürlük yadında saxla, sən bu tarixi məclisdəki çıxışınla özünə həm dost, həm də düşmən qazanmaq üçün böyük bir yolun başlanğıcında artıq bu işin himni özün qoydun. Sən bu coşqun çıxışı eləməklə zaldakı min nəfərin yaddan çıxmaz sevgisini, rəyasət heyətində əyləşən bəzi həmkarların nifrətini, həsədini qazandın. İndən belə sənin ömrün zallarla kürsülər arasında dağ çayı kimi çırpınacaq, narahat bir ömür yaşayacaqsan. Ancaq ömürlük qulağından sırğa elə. Qoy səni beş-on nəfərin paxıllığı, həsədi yox, milyonların sevgisi, məhəbbəti, alqışı yaşatsın. Söykəndiyin ağac, arxalandığın dağ xalq olsun, xalqın istedadlılarına ağız büzənlər yox!”

Allah sənə rəhmət eləsin, Xudu Məmmədov, nə yaxşı vaxtında sizin şahidliyinizlə belə bir hadisə baş verdi və mən bu qiymətli sözləri, tövsiyələri sizdən eşitdim. O qədər çaxnaşmaların, acı sözün, yaman gözün, pis üzün, köntöy baxışın sınağından salamat çıxmışam ki. Mən qarlı qış fəslində doğulduğum üçün həm təbiətin, həm də cəmiyyətin sərt və amansız üzünü görmüşəm. Qohum töhməti də, dost xəyanəti də, gözləmədiyim yerdə qəfil zərbə də görmüşəm. Yerli-yersiz, haqlı-haqsız bostanıma atılan daşlar da, insafsızcasına təhqirlər, təzyiqlər də görmüşəm, ancaq sarsılmamışam. Çünki özümü yaxşı tanımışam. Müqəddəs Quranımızda deyildiyi kimi: “Özünü tanımayan rəbbini tanımaz.

Mənbə: Tofgiq Abdin. “Oralarda kimlər var: Zəlimxan Yaqub” “525-ci qəzet” 14 may 2011

# 6705 dəfə oxunub

Oxşar xəbərlər

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

12:00 5 oktyabr 2026
Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

Cəbrayıl Dövlətzadə kim idi? - 19 yaşında şəhid olan əsgərin həyatı və son döyüşü

12:00 28 sentyabr 2026
27 sentyabr Azərbaycanda Anım Günüdür

27 sentyabr Azərbaycanda Anım Günüdür

10:30 27 sentyabr 2026
Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

Dostluq, narazılıq, siyasi rəqabət...- Rəsulzadə və Topçubaşov niyə qarşı-qarşıya gəldi?

10:00 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər