Ən möhtəşəm 20 Yanvar 

Ən möhtəşəm 20 Yanvar 
20 yanvar 2021
# 09:01

Qalın bir meşədə güclü çovğuna düşürsən, yarpaqlara şıdırğı tökən və küləyin çəpəki hücumu ilə ağaclara, çəmənlərə, daşlara çırpılan yağışın şırıltısı selin səsinə qarışır, həm üşüyürsən, həm qorxursan, həm coşursan...

Lakin bütün həyəcanın sirri qaranlıqdadır. İçində yenilməz bir inam olsa da qarşında bir az qeyri-müəyyənlik var; nə ilə üz-üzə gələcəyini tam dəqiqliyi ilə bilmirsən. Ölümü qaçılmaz olan bu səfərin sonu aydınlıqdır, əminsən. Amma bir ipucu mütləq lazımdır. Yapışıb yağışdan, çovğundan, seldən, bir sözlə, vahiməli qaranlıqdan sıyrılmağın üçün. Bu vaxt ildırım çaxır, ətraf aydınlanır, bir anlıq yolunu-izini müəyyən edib inamla addımlayırsan və o bir anda gözünə, beyninə köçürdüklərin tükənincə növbəti ildırımın çaxışını gözləyirsən. O, özünü çox gözlətmir. Beləliklə, işığı-işığa calayıb keçilməz yerləri adlamağa çalışırsan...

44 günlük Vətən müharibəsini və burda canından keçən igid oğulların sosial şəbəkələrdə tutiya kimi izlənən videogörüntülərini gördükcə gözümüz önündə belə bir metafora canlanırdı. Qəribədir, onlar bizim üçün vuruşmaq, canından, qanından keçməklə bərabər həm də bizə təskinlik verir, yüksək əhval-ruhiyyələri ilə hər şeyin yaxşı olacağına qətiyyətlə inandırırdılar.

Yaxşı olan hər şey qurban tələb edir.

Qurbanlar tərəddüdsüz öz şanlı tarixlərini yazırdılar!

İgidlərimiz ilahinin verdiyi bəsirətlə arxada intizarla gözləməyin öndə döyüşməkdən heç də asan olmadığını görürdülər. Gözümüz rəsmi xəbərlərdə qalırdı. Gecənin hansı aləmindəsə hövlnak yuxudan qalxıb ifadəyə gəlməz həyəcanla telefona və kompüterə cumurduq.

Əcəba, yuxuda olduğumuz bu bir neçə saatda cəbhədə nələr olmuşdu?

Çoxmu itki vermişdik?

Daha haralar işğaldan azad olunmuşdu?

Ana südü kimi haqq elədiyimiz qələbəyə nə qədər yaxınlaşmışdıq?

İnternet məhdud...

Çöldə komendant saatı...

Ordan-burdan "oğurlayıb" smartfonumuza yazdığımız "VPN"lər heç olmasa bu gecə karlı çıxsaydılar...

Bir yandan təhlükəsizlik naminə heç nə paylaşmasınlar deyirik, o bir yandan acgözlüklə əsgər videoları axtarırıq...

Yaxşı ki, Müdafiə Nazirliyi özü bu aclığı nəzərə alıb mütəmadi videolar paylaşır. Əbabil quşlarına təşbeh edilən PUA-ların göyə sovurduğu düşmən mövqeləri zəfər gününün uzaqda olmadığını göstərir. Özümüzü sehrli aləmdə hiss edirik.

Bir də əsgərlərimizin bir neçə dəqiqəlik, bəzən bir neçə saniyəlik görüntüləri; oxuyurlar, oynayırlar, zarafatlaşırlar. Necə də istedadlıdırlar. Hələ arxa cəbhəyə sevgi, yumor və ümid dolu ismarışlar da göndərirlər. Əhval-ruhiyyə monitordan daşıb evimizin divarları arasına, ürəyimizin başına tökülür. Evimizə istilik, ürəyimizə sərinlik yayır. Dua edirik. Duadan başqa əlimizdən bir şey gəlmir.

Bu gərgin anların içində düşünməyə də vaxt tapırıq. Doğrudan tarixi anlar yaşayırıq. Bu özünəməxsusluq internet və sosial şəbəkələr dövrünün xəyala gəlməz sürprizləri ilə daha da cazibədar görünür. Sanki film izləyirik. Bircə fərq var ki, biz özümüz də bu filmin içindəyik və cərəyan edən hadisələr bütün obrazlar kimi bizim də taleyimizi müəyyən edir. Bizim üçün ölən və öldürənlər var. Həm də elə bu an, bu dəqiqə. Pafossuz, ritorikasız. Bizə minnət qoymadan. Əksinə, əlinə düşən hər saniyəlik fürsətdə pozitiv enerji ötürərək.

Onların çoxu oğlumuz yaşdadır. İnanılmaz istedadla vətən şərqiləri oxuyan bu gənc kimi... 1998-də doğulub. 22 yaşındadır. Hələ bundan cavanları da var. İlahi!

İki gün sonra "Vətən yaxşıdır" deyən gülər üzlü qəhrəmanımızın şəhid olduğunu eşidirik. Ola bilməz! Axı o gün necə inamla oxuyurdu. Sanki inamla oxudunsa güllə sənə kar eləməz.

Elə o anlarda bu adamı təsadüfi tanımadığımızı anlayırıq. Heç nə təsadüf deyil, bəli! O da ki, şəhid ömrü ola. Halal ocaqlardan Tanrının bir-bir seçib müqəddəs bir amal uğrunda yanına çağırdığı insan cildli mələklər! Böyük ustad Əliağa Vahid üslubuna çox da uyğun gəlməyən bu şeiri onun üçün yazıbmış, o biri ustad Əlibaba Məmmədov o mahnını onun üçün bəstələyibmiş. Təbii, özləri bilmədən. Bilən bircə Tanrı olub. Biz də 44 günlük zəfər yürüşünün simasına çevrilən bu batıq yanaqlı, qıyıq gözlü balamızı tanıyan, qəhrəmanlığına şahid olan, onun üçün göz yaşı tökəndən sonra anladıq taleyin qaçılmaz hökmünü.

Çox keçmir Əlibaba Məmmədov Tanrının iradəsini anlayır və onun istəyini həyata keçirir, mahnıya şəhidimizin adını verir: “Xudayar təsnifi”.

Müğənnilər efirdən, mətbuatdan etiraflar yağdırırlar: o, bu təsnifi başqa cür oxuyur. Onun "dağların başında dumandan qurduğu xeymə" bizimkindən deyil. Çünki biz sözdə qurmuşuq bu xeyməni, o gerçəkdə. Adam yaşadığını daha yaxşı ifadə edir. Həm də baxır o xeyməni hansı dağın başında qurursan. O xeyməyə, o dağa, o dumana sevgini hansı yolla göstərirsən. Vətənə hər şeyimiz fəda! Buna söz yox. Amma fəda qıldıqlarımızın içində öz canımızdan dəyərli nəsə varmı? Yoxdur. Vətən yaxşıdır deməklə deyil, əsl kişi bunun doğrudan da belə olduğunu öz həyatı bahasına sübuta yetirəndir.

Hər müharibənin bir əfsanəsi olur. Xudayar Yusifzadə Vətən müharibəsinin gülər üzünə çevrildi. Səsindəki nisgilli ümid həm özünün, həm də özündən əvvəl və sonra həyatını itirən soydaşlarının xatirəsinə əbədi abidə kimi ucaldı. Bir dəqiqəlik kadr 44 günün şifrəsinə çevrildi. Onun təbəssümündə qələbə sevincinin qığılcımlarını sezmək çətin deyildi. Özü də Murovdan, Füzulidən, Cəbrayıldan gedib Zəngilana - Vətənin son nöqtəsi olan Ağbəndə çıxmışdı. Elə ordan da dağların başında əbədi qurduğu duman xeyməsinə çəkildi.

Qarabağ müharibəsi başa çatdı.

Biz neçə-neçə Xudayarlar tanıdıq.

Elə bu ləyaqətli oğulların hesabına Qələbə bizimlədir.

Bu gün 20 Yanvardır.

20 Yanvar şəhadətə qovuşduğu məkandan və zamandan asılı olmayaraq bütün şəhidlərimizin günüdür. Milli heysiyyət günümüzdür. Təsadüfi deyil ki, düşmən əlində qalan rayonlarımızın hər işğal günündə Şəhidlər Xiyabanına toplaşırdıq. Yas günümüzü şəhidlərin hüzurunda keçirirdik. Lakin bu ayinlər təkcə yas keçirmək deyildi. Həm də özümüzə bir hesabat, boynumuza düşən məsuliyyəti anlamaq, unutqan olmamaq üçün idi. Özü də şəhidlərin hüzurunda. O adamlar ki, vətənimizin müstəqilliyi və ərazi bütövlüyü naminə canlarını fəda etmişdilər. Biz müstəqil idik, bəli, buna görə şəhidlərin hüzurunda başımızı dik tuturduq. Lakin ərazimiz bütöv deyildi. Şuşası, Laçını yad əllərdə qalan oğullar şəhid şəkillərinə baxmağa utanırdılar. Bu utancdan qaçmaq lazım deyildi. Əksinə, bu utancı yaşamaq lazım idi ki, bir gün aradan qaldıra bilək.

Və o gün gəldi.

Bu dəfə biz müstəqillik tariximizdə ilk dəfə olaraq ruhları həmişə başımız üstündə dolaşan seçilmişləri heç bir xəcalət hissi keçirmədən ziyarət edirik.

Onların fədakarlığının 31-ci ildönümündə...

Gec oldu, doğrudur, amma güc oldu!

Yadınızdadırsa, ölkə prezidenti, Ali baş komandan İlham Əliyev Vətən müharibəsinin taleyini həll edən xəbəri - Şuşanın azad edilməsini Şəhidlər Xiyabanından elan etdi. Bu, təsadüfi deyildi. Biz Böyük Xəbəri ilk növbədə Onlara çatdırırdıq; yolunda canınızı fəda etdiyiniz Vətən indi bütövdür - deyirdik. Axı Vətən Onların əmanətidir.

Doğma məmləkətlə hər zaman Onların adına layiq davranmalıyıq. Bunu bacarsaq bizə heç kimin gücü çatmaz. Bütün qaranlıq və çovğunlu yolları aydınlığa çıxararıq.

“Vətən səsi” qəzeti üçün

# 1361 dəfə oxunub

Oxşar xəbərlər

# # #