news-inner
clock13:31 calendar-gray 23 Yanvar 2021 view-gray852 dəfə oxunub
view-gray852 dəfə oxunub

Yağışın xatırlatdığı qız – Eyvaz Əlləzoğlunun hekayəsi

Kulis.az hər həftənin şənbə günü, saat 13-30-da mərhum yazıçı Eyvaz Əlləzoğlunun hekayələrini yayımlayır. Məqsəd 80-ci illər ədəbi nəslinin ən istedadlı nümayəndələrindən olan E.Əlləzoğlunu oxuculara daha yaxından tanıtmaqdır.

Növbəti hekayə: “Yağışlı xatırlamalar”

Yağış qəfildən başlandı. Yağış səhər də, günorta da azca yağmış, arabir isə gün çıxmışdı. Biz Bəhramla dayanacaqda durub söhbət eləyəndə o dedi ki, gün dişdiyir. Axşam mütləq yağacaq. Bir az əvvəl mağazadan mürəbbə, yarım kilo limonlu konfet alıb qayıtmışdım. Qonşuda balıq qızardırdılar; günəbaxan yağının unqarışıq qoxusu gəlirdi.

Otağımın açıq pəncərəsindən yağışın gətirdiyi sərinlik içəri doldu, yerə dəyən damcıların, novaçadan axan suyun şırıltısı eşidildi. Pəncərənin qarşısında durub bayıra baxırdım. Yağışın altında uşaqlar voleybol oynayırdılar. Görünür yağış onların çox xoşuna gəlirdi, çünki islansalar da heç biri evə getmək istəmirdi.

Yağış eyni səsi ilə bir qaydada yağırdı. Uşaqlara baxa-baxa tələbə vaxtı hamamda soyuq su ilə yuyunduğumuz günlər yadıma düşdü, daha doğrusu bu heç hamam deyildi, üzgüçülük hovuzunun duşxanasıydı. Biz qollarımız yorulanacan payız səmasının altındakı isti hovuzda üzür, üzgüçü qızlarla qaçdı-tutdu oynayır, sonra isə uzun dəsmallarımızı çiynimizə salıb beton səki ilə addımlayır, duşxanada soyuq su ilə yuyunurduq. Yağış qaydası başımıza yağan soyuq damcılar elə bil dərimizi, xüsusən də sifətimizi bir az da codlaşdırırdı, biz bu vaxt üzümüzdə biz-biz duran tüklərin bir az da böyüdüyü qənaətinə gəlirdik.

Yağışı uşaqlıqdan sevirdim, amma belə günlərdə yaşıdlarım kimi palçıqda, saman sarısı rənginə çalan gölməçələrdə ayaqyalın, suyu şapıldada-şapıldada qaça bilmirdim. Və nəticədə mənim bütün cəhdim göy butulka şüşəsinin ayağımı kəsməsi ilə qurtarırdı. Nənəm söylənə-söylənə aftafadan su töküb ayağımı yudu, cındır yandırıb qanayan yerə gül basdı, sonra şal cırığı ilə yaramı sarıdı. Başqa yağışlı günlər yoldaşlarım gölməçələrin içindən yarıxıb ağızları ilə doğruçul maşın səsi çıxaranda mən onlara baxa-baxa qalırdım.

Tələbəlikdən nərmənazik bir qızla görüşürdüm. Bilmirəm, nədənsə bizim görüşlərin hamısı yağışlı günlərə təsadüf edirdi. Bəlkə bu ondan idi ki, biz yazın əvvəlindən sevişməyə başladıq. Bütün günü iri pəncərələri olan auditoriyada bir-birimizin gözünün içinə baxırdıq. Şəhərin ağacları onda yenicə puçurlayırdı. Yağış isə mən onu cəmi-cümlətanı ikinci dəfə öpəndə başlandı. Biz yağışın üzümüzdən, saçımızdan axan suyun içində öpüşürdük və hər şeyi, bizi əhatə edən dünyanı unudurduq.

Bir dəfə bizi güclü yağış tutdu. Qaçıb özümüzü avtobusa saldıq. İçəridə adam az idi; hamı qayğılı, yorğun görünürdü. Qız xahiş etdi ki, onu öpüm. Əvvəlcə düzü, adamlardan utanırdım. O məni inandırdı ki, bizə heç kim baxmır. Doğrudan da içəridəkilərin üzü kabinəyə sarıydı, əyləşdiyimiz skamya isə arxadakı pəncərəylə üzbəüz idi. Onun islaq saçları yuyulduğundan başı bir qədər balaca görsənirdi, əvəzində isə sifətinin cizgiləri öz gözəlliyi ilə üzə çıxmışdı. Biz onların küçəsinə qədər öpüşdük. Avtobusdan düşəndə hələ də yağış yağırdı. Qonşu binanın yağış tutmayan yerinə sinib qucaqlaşmışdıq. O vaxt yaşıl, mavi, sarı, qırmızı şəhər işıqları asvaltın yaş parıltısının içində nəsə çılpaq, həm də kövrək görsənirdi. Söykəndiyimiz binanın divarları ağ rənglənmişdi. Yağış bir addımlığımıza yağırdı, amma biz bəxtiyar idik, xoşbəxt idik.

Qalan günlərdə pencəyimi çıxarıb onun çiyninə salır, özüm isə tiyə köynəkdə qalırdım. Qızın nərmənazik vücudu iri pencəyin içində daha gözəl görünürdü. Ona baxanda nədənsə adamın yadına inqilabi mövzuda çəkilmiş filmlər düşürdü.

Sonrakı günlər, deyəsən, onun valideyinləri bizim sevgimizdən xəbər tutmuşdular, ikilikdə onun evi aldadıb görüşə gəlməsi üçün müxtəlif bəhanələr uydururduq.

Payızda, onda heç yağış-zad yağmırdı, o, görüşə özü ilə hündür, yaraşıqlı bir oğlan gətirmişdi. Biz tanış olandan sonra nədənsə oğlandan xoşum gəlmədi. Üçlükdə bir-birimizdən aralı gedirdik, nə oğlan danışırdı, nə mən, qız isə aramızda addımlaya-addımlaya gah ona, gah mənə baxır, nəsə gülməli bir şey danışmağa cəhd eləyirdi, amma bu heç cür alınmırdı, onun səsi niyəsə titrəyirdi, sözlər qırıq-qırıq olurdu. Onun söhbətinə zahirən qulaq assam da heç başa düşmür, bizim ikilikdəki naməhrəm dünyamıza, yağışlı gecələrimizə qəfildən gəlmiş yad oğlana qısqanclığımı cilovlaya-cilovlaya baxır, düşünürdüm ki, bəlkə mən səhvəm, heç nədən xəbərim yoxdur, bəlkə mən onların buracan ikilikdə olan dünyalarına qonaq gəlmişəm? Bəlkə hər şey tərsinədir? Tez onlarla vidalaşıb evə gəldim. Bütün gecəni qızı qısqandığımdan yata bilmədim.

Üç gün sonra görüşümüzdə - qəribədir, həmin gecə yağış yağmışdı - o bir kağız verib bərk-bərk tapşırdı ki, evdə oxuyarsan. Biz küskün-küskün aralı gəzsək də yenə həmişə öpüşdüyümüz ağacın yanına çatanda öz qüvvələrimizi itirib ürəklərimizin hökmünə tabe olduq; bir-birimizə sarıldıq.

Evdə kağızı oxudum. Yazmışdı ki, məni sevmir. Onu ən böyük yalanına görə bağışlayım.

Kağızı cırıb atdım və yağışın içində ağ, balaca kağız qırıntılarının beşmərtəbənin pəncərəsindən kəpənək kimi qaranlıqda necə uçduğuna baxmağa başladım.

İndi bayırdakı bu yaz yağışı çoxdan unutduğum bir qorxunu qəfildəncə yaddaşa gətirməsi kimi o qızı mənə xatırlatdı. Bu kəskin, ağrılı duyğu olub keçənləri bütün rəngləriylə, istisi ilə günün mövcudluğu içindən bütövlüyü ilə silkələyib oyada bilmədiyindən tezcə də hər şeyi unutdum.

Göy üzünə baxanda elə bil heç yağmırdı. Evlərin damındakı antenalar yenə əllərini şəhərə sarı açmışdılar. Küçələrdə adamlar görsənmirdi, evlər də pərdələrini yağışın üzünə çəkmişdilər. Amma bu yağış bir andaca elə bil mənim içimə yağmış, orada artıq özümü də unutmağa başladığım bir əhvalatı yadıma salmışdı.

Yağış uşaqları məğlub etmişdi. Onlar daldaya çəkilib bərkdən danışır, nə haqdasa mübahisə edirdilər, qırmızı topsa ortada yağışın altında yuyunurdu.

Asfaltın çuxurundakı gölməçəyə baxa-baxa yadıma düşdü ki, indi krant gəlməlidir. Ürəyimdə: - Gedim su götürüm, - deyə öz-özümə pıçıldadım.

Oxşar xəbərlər

Xəbər lenti

Azad Qaradərəlinin yeni kitabı çap olundu
18:30 12 İyun 2021
Məşhur aktrisalar eyni filmdə
17:23 12 İyun 2021
Filmi qorxudan başqa ölkədə çəkdilər: Ölüm fətvası verilən yazıçının romanı necə ekranlaşdı?
16:30 12 İyun 2021
Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır...
15:40 12 İyun 2021
Aleksandr Sokurov yeni filmindən danışdı
14:20 12 İyun 2021
Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12:55 12 İyun 2021
İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12:30 12 İyun 2021
Məşhur filmin ikinci adı bəlli oldu
11:39 12 İyun 2021
Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
10:12 12 İyun 2021
“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
09:03 12 İyun 2021
Kamal Abdullaya "Şərəf" ordeni təqdim edildi
18:42 11 İyun 2021
Nizami haqda yeni monoqrafiya - Rus dilində
18:01 11 İyun 2021
Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz
17:25 11 İyun 2021
Vaqif Səmədoğlu medalı sahiblərinə təqdim edildi
16:44 11 İyun 2021
Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verildi
16:02 11 İyun 2021
Xəyanət etməyən azərbaycanlı kişilərin problemi
15:14 11 İyun 2021
Rejissorumuz beynəlxalq mükafat aldı
14:36 11 İyun 2021
Atamı öldürən səbəb - Alpay Azər yazır
13:45 11 İyun 2021
Bu gün Kulisdə premyeradır – Qaçırmayın!
13:01 11 İyun 2021
Qızını məcbur aborta göndərdi, 17 yaş kiçik aktyorla eşq yaşadı, övladı ilə eyni xəstəxanada can verdi – Xalq artistindən 10 inanılmaz fakt
12:17 11 İyun 2021