Cabbarlı məşhur əsərini onun üçün yazdı, Haqverdiyev onu padşah adlandırdı, heç bir səbəb olmadan güllələndi – Nakam Abbas Mirzə

Cabbarlı məşhur əsərini onun üçün yazdı, Haqverdiyev onu padşah adlandırdı, heç bir səbəb olmadan güllələndi – Nakam Abbas Mirzə
22 mart 2020
# 21:00

Bu gün böyük aktyor Abbas Mirzə Şərifzadənin doğum günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Abbas Mirzə Rəsul oğlu Şərifzadə 1883-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailədə anadan olub. Atası Mirzə Rəsul geniş dünyagörüşə, yeni ruhlu mədəniyyətə malik insan idi. Seyid Əzim Şirvaninin “Üsuli-Cədid”məktəbində dərs deyirdi və Şamaxının ən mötəbər müəllimlərindən biri kimi dərin hörmət qazanmışdı.

***

1902-ci ildə Şamaxıda dəhşətli zəlzələ baş verir. Ailə Bakıya köçmək məcburiyyətində qalır. Beləliklə, yeniyetmə Abbas Mirzənin həyatında sərt bir dönüş yaranır, bütün sonrakı fəaliyyəti Bakı ilə bağlı olur.

Şərifzadənin teatr aləmində ilk müəllimi əmisi Mirzə Məmməd Tağı olur. O zaman Mirzə Məmməd Tağı dini tamaşalar hazırlayır və bu tamaşalarda qardaşı oğluna kiçik rollar həvalə edirdi. İlk dəfə əmisi ona “Şəbeh” tamaşasında əsir qız uşağı rolunu tapşırır. Özü isə Şümür rolunda çıxış edir. Tamaşanın ən qızğın çağında Şümür əlində qılınc əsir qızcığazın üstünə yeriyir. Rolu ifa edən Abbas Mirzə bu hərəkətdən möhkəm qorxur, qışqırıb səhnədən çıxır. İlk rolda “ayağı daşa dəyən” balaca aktyor dindarların mərasimini pozduğu üçün onların qəzəbinə tuş gəlir.

***

Abbas Mirzənin sənət yolundakı ikinci maneə atasının onun aktyorluq etməsinə etirazı olur. Mirzə Rəsul bu sənətin xalq arasında həqarətlə qarşılandığını bilirdi. O, ziyalı olsa da, hər halda dövrünün adamı idi. Ona görə də oğluna tez-tez camaatın aktyorluq sənətinə necə münasibət bəslədiyini xatırladır. Abbasa ya məmur, ya da tacir olmağı tövsiyə edir.

***

İlk addımdan belə maneələrə rast gəlməsinə baxmayaraq, Abbas Mirzənin sonrakı sənət yolu işıqlı olur. Belə ki, o, teatr və kino sahəsində coşqun fəaliyyət göstərərək əvvəlcə aktyorluq, sonra isə rejissorluq sənətinin zirvəsinə çatır.

On yaşında ikən gimnaziyaya daxil olur. Tədbirlərin birində müəllimindən xahiş edib səhnəyə çıxaraq Lermontovun “Şairin ölümü” şeirini əzbərdən söyləyir. Sonralar özü həmin günü belə xatırlayırdı:
“Şeiri söyləyəndə elə bilirdim dilim ağzımda şişib. Bədənim gah qızır, gah soyuyurdu. Ancaq bütün diqqətim şeirin sözlərində, məna və məzmununda idi. Bu məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm”.

***

1908-ci ildə Abbas Mirzə Molyerin “Zorən təbib” əsərindəki epizodik rolla ilk dəfə səhnəyə çıxır. İki il sonra “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunur. Qısa müddət ərzində bir-birinin ardınca yeni rollarda çıxış edir. 1911-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsinin əsas qəhrəmanı olan Qacarın obrazını yaratmaqla özünü artıq peşəkar aktyor kimi təsdiq edir. Cəfər Cabbarlı Abbas Mirzənin o dövrdəki fəaliyyəti barədə yazırdı ki, bu çəlimsiz, arıq, zahirən zəif görünən gəncin içində çox güclü, odlu mənəvi bir qüdrət aşıb-daşmaqdadır. Əsərin müəllifi Ə.Haqverdiyev onu “Şah Qacarın padşah yaradıcısı” adlandırırdı.

Aktyor 1921-ci ildə Hənifə Akçurina ilə ailə qurub. Bu evlilikdən onların iki oğlu olub. Abbas Mirzənin ikinci həyat yoldaşı isə aktrisa Mərziyyə Davudova olub. 1936-cı ildə onların hər ikisi Xalq artisti adına layiq görülüb. Cütlüyün Firəngiz adlı qızları doğulub.

***

A.M.Şərifzadə Azərbaycan teatrı tarixinə Hamleti oynayan ilk aktyor kimi daxil olub. Əsər 1926-cı ildə Dram Teatrının səhnəsində qoyulub. Tamaşanı Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanov səhnələşdirmişdi.

***

C.Cabbarlı yaradıcılığı Abbas Mirzə sənətindən qırmızı xətlə keçir. Aktyorun fəaliyyətinin 20 illik yubileyində Cabbarlı ona “Oqtay Eloğlu” əsərini təqdim edir. Yazır ki, burada yaratdığım obraz sənin obrazındır. Fərqli odur ki, onun adı Oqtay, sənin adın Abbasdır. İkinizin həyatda qayəsi birdir. Sonra Abbas Mirzəyə işıqlı yol və bu yolda zirvələr fəth etməyi arzulayır.

Azərbaycan teatrı Moskvada çıxış edərkən görkəmli teatrşünaslar Abbas Mirzənin oyunundan heyranlıqlarını gizlədə bilməmişdilər. Hətta görkəmli rus teatrşünas-alimi Markov Abbas Mirzə haqqında məqalə yazır və onu məşhur aktyor Mixail Aleksandroviç Çexova bənzədir.

***

Abbas Mirzə ilk kino rejissorumuz olub. “Bismillah”, “Hacı Qara”, “Gilan qızı”, “Məhəbbət oyunu” filmlərini çəkib. O, “Bismillah” filmində dini fanatizmi tənqid edib. Filmdəki görüntülər isə realdır.

***

O, kinoda əvvəlcə özünü aktyor kimi də göstərib. 1924-cü ildə çəkilən “Bayquş” filmində xan rolunda çəkilib. Bu, onun kinoda ilk böyük çıxışı idi.

Abbas Mirzə o dövrün yüzlərlə günahsız ziyalısı, sənətkarı, sadə vətəndaşı kimi repressiya qurbanı taleyi də yaşamalı olub. Ona qarşı əsassız ittihamlar irəli sürülür. Bu ittihamların birində yazılır: “Əldə edilmiş məlumatlara görə, Şərifov Abbas Mirzə Rəsul oğlu bir xarici dövlətin xeyrinə casusluqda ifşa olunur. Qeyd olunanlara əsasən, o, həbsə alınıb Azərbaycan SSR Cinayət Məcəlləsinin 68-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir”.

***

Adı artıq güllələnmiş repressiya qurbanları sırasında olan Ruhulla Axundov 1937-ci il iyulun 24-də verdiyi ifadədə guya demişdi ki, o, “Azdrama”nın müdiri Əli Kərimovu özünün xidmət etdiyi təşkilatın işinə qoşub. Əli Kərimov da öz növbəsində Abbas Mirzə Şərifovu və Mirzağa Əliyevi təşkilata cəlb edib. Əlbəttə ki, Ruhulla Axundov bu ifadələri böyük təzyiqlər, işgəncələr altında vermişdi.

***

Yalanı ifşa edən digər fakt da odur ki, Abbas Mirzənin “cinayət işi”ndə Əli Kərimovun heç bir ifadəsi olmayıb. Ümumiyyətlə, Ruhulla Axundovun adlarını çəkdiyi insanların heç birinin ifadəsində Abbas Mirzə barədə kəlmə belə yoxdur.

1937-ci il dekabrın 3-də Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü şöbəsinin müvəkkili, leytenant Kovrijenko Şərifovun məsuliyyətə cəlb edilib həbs olunması barədə qərar verir. Qərar yuxarı instansiyalarda da təsdiq edilir. Böyük teatr xadimini ad günü ərəfəsində həbsə alırlar. Bakının Çadrovaya küçəsi, 115 ünvanda yerləşən evində axtarış aparılır və müsadirə zamanı tapdıqları bir teatr qılıncı və iki teatr tapançası olur.

***

Dekabrın 3-də həbs olunan Abbas Mirzənin dindirmələri 1938-ci ilin yanvarında da davam etdirilir. Müsavatın əkskəşfiyyat idarəsi ilə münasibətdə ittiham olunur. Uzun sürən dindirilmələr, eyni suallara verilən eyni cavablar, təzyiqlər, işgəncələr davam edir. 1938-ci il oktyabrın 30-da 44 yaşlı Abbas Mirzənin casusluq fəaliyyətinə görə güllələnməsi qərara alınır. Əmr isə noyabrın 16-da yerinə yetirilir.

Adının çəkilməsi uzun müddət hər yerdə qadağan olunur. Oynadığı bir çox rolların, çəkdiyi neçə-neçə filmin lentləri də qorunub saxlanılmır. Hətta adı filmlərin titrlərindən çıxarılır.

***

1955-ci ilə qədər ailəsi onun necə öldüyünü bilmir. Həmin il oktyabrın 15-də sənətkarın qızı, tanınmış aktrisa Firəngiz Şərifova Dövlət Təhlükəsizliyi Komitəsinə müraciət edərək atasının son taleyi haqqında məlumat verilməsini tələb edir.

SSRİ Baş Prokurorluğu Abbas Mirzənin işini araşdırıb onun haqqında çıxarılmış qərarı ləğv edir və iş xətm olunur. Ancaq nədənsə Firəngiz xanıma atasının 1938-ci il noyabrın 16-da güllələndiyini deyil, 1941-ci il noyabrın 1-də ürək infarktından vəfat etdiyini bildirirlər.

***

1956-cı ildə Abbas Mrzə Şərifzadə bəraət alır. 1957-ci ilin oktyabr ayında Şərifzadənin vaxtilə müsadirə edilmiş mülkünün qiyməti - 720 manat son qəpiyinədək uşaqlarına qaytarılır.

***

Azərbaycanın “Evrovision” qalibi Eldar Qasımov Abbas Mirzə Şərifzadənin nəticəsidir.

# 4189 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #