news-inner
clock13:37 calendar-gray 04 Yanvar 2021 view-gray748 dəfə oxunub
view-gray748 dəfə oxunub

Konto – Güneydən hekayə

Kulis.az “Sözünü Güneyi” layihəsindən güneyli yazıçı Elşən Böyükvəndin “Konto” helayəsini təqdim edir.

Bir hovurdan sonra kölgəsini itirəcəyindən xəbərsiz idi. Gözlərimin qapağı yumulacağı günə kimi Qocabəyli Konto bəy haqqında sual yağışına tutulub danışdırılmayacağıma inanammaram. Onu yaxından tanıyırdım, vur-tut üç yol görünmüşdü gözümə: özü də bir gecədə. O gecədən sonra qasırğa qoynuna düşən lələk kimi artıq Hac Xocalılı Dəli Domrul bəyin izi-tozu silinəcəkdi Muğandan. Çapan atın kəndirini dişləri arasına alaraq qılıncı iki əli ilə də çəkə, oynada və çala bilirdi. Atası çar Rusiyası ilə savaşıb yenilməyən Hac Xocalı və Gəbəli oymaqlarının başçısı Cavad Xan idi.

Sözün düzü onu görəndə buraların torpağı ona düşərli olmayacaq – deyə demişdim öz-özümə. Qocabəyli oymağının xanı Bəhram bəyin oğlu idi. Sənin onu tanımayacağını bilirdim. Bu sözlərin öz alıcısı, öz satıcısı var. Sən isə elatlığı, köçəriliyi buraxıb utanmadan ev tikib oturaq olmusan.

Dəli Domrul bıçaq çəkməkdə çox qıvraq idi. Əlimi bıçağa dönürdü, yoxsa bıçaqmı əlinə çevrilirdi, bəlli olmazdı. Deyilənlərə görə hələ də Araz qırağındakı Oltan qalasında başını kəsdiyi Ağ Seyidin səsi eşidilir. Gecələr oradan keçənlərin bir neçəsinin qorxudan ödü partlayıb öldüyünü də eşitmişəm. Kəsik başlı Ağ Seyidin səsini eşidəndən sonra dili tutulmuş bir neçə kişini öz gözlərimlə görmüşdüm. Dəli Domrul ilk gecə gərdəyə girəcək bəy kimi geyinərdi. Bığına-saqqalına zeytun yağı çəkərdi. Gözlərinin gözqamaşdıran işıltısı, sürməsi baxanları mayıl edərdi. Gözünə baxan qadınlar, gəlinlərin ağzının suyu axarmış lap. Kişilər, köpəklər və qızlar onun üzünə baxmaz, başını aşağı salardı. Hamının bildiyi kimi üç kişinin qanı onun boynuna idi. Börkünü alnının ortasına kimi aşağı çəkərdi, uzun yağlı saçı isə çiyinlərinə tökülərdi. Eşitdiyimə görə Qaraçuxa (türk xalqlarında taleni simvolizə edən mifik obraz) onun qapısını döydüyü andaca qırtlağının sıxılıb, boynunun sınmaması üçün Dəli Domrula qulluq etməyə söz veribmiş. Bizim kimi şahsevən uşaqları onu yamsılayırdıq: yerişini, duruşunu, lap yerə tüpürməyini də. Bir yağışlı gecədə onun dillər əzbəri bıçağının başına nə gəldiyini öyrənmişdik.

Yağışlı gecənin nağılı Zeyvə gədiyinin önünü kəsdiyimiz günlərin birində at qatarının gəlib bizə yaxınlaşması ilə başlamışdı. İnanıb inanmamağın heç vecimə də deyil. Gecəgözü çulu əynində bir ozan “Ruhani” havası çalırdı. At üstündə oturan kişi isə arabir qamçısını atın ayağına dolaşan tulaya çəkirdi. Onun sağ qolunda duran atlı qan tökmüş əsrük kimi yeriyən Saqqal Məmiş idi. Gecənin yağışlı olmasına baxmayraq hava çox sərin idi. Atlı qatarında olanlardan ikisi də yaxası açıq köynək geyinib, qısıq səslə gülüşürdülər. Onların köynəyini görüncə diksinmişdim.(Yüz-iki yüz il bundan öncə şahsevənlər arasında yaxası açıq köynək geymək böyük nöqsan sayılarmış).Elə bil, aşağı kənddə Mirzə Kişinin oğlu Qoç Ağanın toyundan gəlirdilər. Bu hələlik birinci hadisə idi. Bunu başımıza gələnlərin ilki kimi düşünmüşdük. Zeyvə gədiyinin həmən qırağında kərpicdən tikdiyimiz Muğanın ilk tikili evi sayılan Ələsgərə doğru süzülməyə başlayacaqdıq birazdan. Evdə aşıq Ələsgərin çaldığını bildiyimiz üçün bu işi gördük, doğrusu. Onun bir sözünü iki edən olmamışdı heç. Ələsgərin içini qurudulmuş dağ keçisinin başı ilə qurd başı bəzəyirdi. Bunca qocalmasına baxmayaraq, çaxırla qımız həm bizi, həm də sazını kökləyərdi. Onun üzərinə inci daşlar, muncıq və boyalı naxışlarla düzəldilmiş qoz ağacından olan çəliyini kirt unuda bilməmişəm(kirt – muğan ləhcəsində “heç” deməkdir). Çəliyini görüncə birdən-birə qocalmaq istəyirdim. Uzun zamandır barmaqları sazının telindən ayrılıb. Ələsgərin bizdən üzülüşüb getdiyindən sonra onu nə görən var, nə də dinləyən. Yuxumuzu gözlərimizdən qapan səsini unuda bilmədiyimə baxmayaraq bərbəzəkli, pəncərəli, ocaqlı Ələsgəri çoxdandır unutmuşam.

Qımız, sazın səsi və Dəli Domrulun ağzından səpələnən söyüşlər bir yana qalsın: çiyinimiz və peysərimizə vurduğu şapalağı sözün düzü arxadaşlığına yazmağa çalışırdım. Hə, içkili idim, Qaraçuxa qapımı döymüşdü deyəsən. Bizə qımız, çaxır gətirən Boğazca Fatmanın gözlərinə çökmüşdüm elə bil. Qımız bizi ovsunlamışdı sanki: halay çəkirdik, yallı gedirdik. Bəylər, qoçaqlar bir-birinə girmişdi. Oynayan kim, oxuyan kim, səs-səsə qarışmışdı. Oynayanlar yuxulu kimi oynayırdılar, çaxır sümüyə işləmişdi deyəsən. Sazın səsi birdən-birə daha yüksəldi. Başımı döndərib evin giriş qapısına baxdım: içəri gələn iki ozanın sazının səsi bizim səsimizə qarışmışdı. Açıq qapıdan içəri soxulan külək onların səsini qucağına alıb yuxarı başa götürüncə özümə gəlib Boğazca Fatmanın topuğuna, baldırına baxmağa başladım. Belinin ortasınacan uzanan saçına baxar-baxmaz qapını yerindən çıxardar kimi döyən birisinin səs-küyü eşidildi. Hamımız susduq. Gövdəsi qapıya çırpıldıqdan sonra o kişi içəri girdi, bütünlüklə səsi ilə görünüşünün səsləşdiyini bildim.

Onu Konto bəy kimi deyil, Bəhram Xanın oğlu kimi tanıyırdıq. Çiyinlərində iki qoz ağacını daşıdığını söyləyirdilər. Oğurluğa getdiyi zaman tövlənin üstünə çıxıb bacadan içəri sallanaraq inəyin dal qıçlarını tutub bacadan yuxarı çəkib aparan birisidir. Üzünün sal qayalar kimi sərt olduğu yadımdan çıxmaz.

O, içəri girər-girməz açılan qapının bir tayı mənə dəydi. Bilməyərəkdən özümü onun üstünə atdım. Sol əlimlə ənginə bir yumuruq ilişdirib, sağ əlimlə bıçağı kəmərimdən çəkincə onun əl atıb məni astaca kənara itələməsi ilə yerə çırpıldım. Yerə sərilib yenildiyini anlayan birisi sayaq qımıldamadan onu süzməyə başladım. O isə heç nə olmamış kimi irəli addımladı. Orada olanların hamısından hündür olduğu üçün onu yaxşıca görə bilirdim. Bütün Keyikli oymağının qorxaqları girməyə siçan deşiyi axtarırmış kimi pərən-pərən oldular. Ancaq Alarlı oymağından olan Qara bıçağını bir göz qırpımında çəkib Konto bəyin sol üzündə dərin bir şırım açdı: qırmızı bir ilan sayağı üzü aşağı süzülən qanı görən oradakı bütün alarlılar arı pətəyinə cumuşan sayaq onun üzərinə tökülüşdü. Başına tökülən kişilərin yumuruğunun şaqa-şaqqı şıdırğı yağış sırasında yerə düşən doluların səsini yadıma salırdı. Doyunca döyüldükdən sonra dikbaşlığını yerə qoymayıb qızmış kəl kimi irəli addımlayınca onu amansızca döyən alarlılar üzünə tüpürməyə başlayıb yavaş-yavaş qırağa çəkildilər. Bütün çirkin söyüşləri eşitməzliyə vuraraq uca boyunu dikəldib evin yuxarı başında körpə uşaqlar sayaq divar bucağına sıxışmış Dəli Domrul bəyə tərəf yürüməyə başlamışdı. O, titrəyən əli ilə müştüyü dodaqları arasına alıb dərindən içinə çəkdiyi an bizim sonradan görəcəyimizi öncədən görmüş imiş. Qılınc(Konto bəyin ayaması)qalabalıq içindən yolunu açıb düm-düz onun gözlərinin içinə baxırdı. Üstü-başı qanlı və inamlı şəkildə Dəli Domrula yaxınlaşıb danışmağa başladı:

- Qocabəyli Bəhram Xan oğlu Konto bəyəm, ayamam Qılıncdır. Bir qoçağı gəzdiyim üçün alçaq köpəklərin məni döyməsinə göz yumdum. Bıçaq ayamalı birisini gəzirəm; deyilənə görə, bıçağı öylə çəkir, öylə vurur, gözə belə görünmür. Məgər məndən dəli, məndən güclü ər varmıdır ki, çıxa mənimlə savaşa? Məgər qapıçılar, qapını bağladılar, məgər mən səni gen yerdə istərdim, dar yerdə əlimə düşdün.

Uca səslə danışdığına baxmayaraq Dəli Domruldan gözünü çəkmirdi. Əlindəki qılıncın gülüşü parıltıya çevrilib gözlərimi qamaşdırırdı. Yırtıcı qılıncını çuxasının altında gizlətdiyi üçün onu görə bilməmişdim. Onu döyüb söyən alarlılarla birlikdə kirimiş uşaqlar kimi olmuşduq. Kor ozan belə başını onlara tərəf döndərmişdi.

Birdən içəri tökülən altı-yeddi kişinin səsini eşidib arxaya çevrildik. Zeyvə gədiyini bağlayıb bac verməyən 32 Şahsevən oymağının yaylaq-qışlaq etməyinin qarşısını alan Konto bəyin çətəsi idi. Bəyin arxasında durmağa gəlmişdilər. İti gözləri ilə gözlərimizi oyacaq kimi baxırdılar.

Dəli Domrulun dili qarnına girmişdi elə bil. Başı aşağı, gözlərini yerə dikmişdi. Müştüyünü əlindəmi saxlamışdı yoxsa yerəmi atmışdı? Bilə bilmədim, doğrusu. Yavaşca mızıldanıb nələrsə dedi, ancaq dodaqlarının nə dediyini çözə bilmədim. Bunu görən Konto bəy yenə də qırım dilədi (qırım diləmək – Dədə Qorqud kitabında rəqib diləmək anlamındadır). Ancaq, Dəli Domrulun dili qınına sıxılıb, büzüşmüşdü. Ağır duman kimi çökmüş səssizliyi Bəydili oymağından olan Boğazca Fatma pozdu, adamları yara-yara Dəli Domrul bəyə tərəf gedib əlini onun belinə uzadıb Zəncan bıçağını qınından siyirərək gözləri bərələn Bıçağa, “sənin təpərsizliyindən bıçağın ürəyi partlayır” dedi.

O, əlinə aldığı bıçağa baxdı, elə bil onu tanımağa başlayacaqdı, ancaq birdən-birə solunda dışarıya baxan açıq pəncərəyə tərəf dönərək bıçağı çölə tulladı. Bu işini görüncə ürəyim bulandı.

Konto əlini qaldırıb onu sillələmək istədi, di gəl, “ürəyimi bulandırdığın üçün səni ortadan şaqqalamıram” deməklə kifayətləndi. Boğazca Fatma bu sözləri eşidincə onun boynuna sarılıb dağda yuva qurmaq istəyən Ütəlgi quş (qızılquşun bir növü) kimi özünü onun qaba, qaya boyda köksününü arasına saldı. Sonra “bu qorxaq bici burax” deyərək onu oradan uzaqlaşdırmağa çalışdı. Nə edəcəyini bilməyən Konto bəy birazdan sonra sanki Boğazca Fatmanı ölən günəkimi tüklü qolları arasına almağa əhd etmiş kimi ozanlara “çalın, oxuyun” dedi. Ozanların səsi ilə sazın səsi Ələsgərin içini titrədib dalğalandırmağa başladı, biz sanki dənizin üzərində halay vurub oynayırdıq. Konto bəyin üzündə gülüş çiçəyi açılmışdı. Külək qoynuna düşmüş yaşıl yarpaqlı ağac budağını andıraraq öyləsinə oynayırdı, sanki saçı ilə əlləri göyü naxış-naxış edəcək. Oynaya-oynaya Boğazca Fatmanın əlindən tutub Ələsgərin çıxış qapısına tərəf addımlayaraq Boğazca Fatma ilə yanaq yanağa qoyub “bundan sonra yalnız və yalnız mənimsən” deyirdi. Elə bil saz havasının kürəyinə minib Ələsgərdən çölə çıxdılar.

Utanmaqdan üzümün çuğundur kimi qıp-qırmızı olduğunu bilirdim. İki-üç gün üçün oynayıb, əylənəndən sonra tərk etdiyim qadına evinin səs-küylü və havasının bürkülü olduğunu bəhanə edib özümü dışarı atdım. Gecənin gözəlliyinə bayılmışdım. Ancaq kim üçün? Yolun kənarında duran atlı qatarının yanında dayanın arabanın üstə adama oxşayan ikicə saz dayanmışdı. Onları görüncə çox üzülmüşdüm. Bizi bəyənmədiklərindən sazları dışarı qoyduqları gəlmişdi ağlıma. Mənim düşüncəm doğrudur axı. Dəyərsiz köçəri şahsevən birisi olduğum gəlmişdi gözlərim önünə. Əlimdəki yarpızı yerə atdım. Heç olmasa sazı çalamalı idilər. Elə yerə atdığım yarpıza baxaraq donuxub qalmışdım. Danın sökülməsini və gecənin bitməsini istəyirdim. Birdən kimsə əlini çiynimə qoyub məni diksindirdi. Səssizcə oradan qaçmaq istəyən Dəli Domrul idi.

Deyinərək, “uşaqlığından düz yolun ortasını kəsirsən, hey əl-ayağa dolaşırsan” – Sanki məni danlayaraq ürəyini ovutmaq istəyirdi, ya da başqa bir söz var idi ortada. Yolun kənarında, qaranlığa batmış meşənin astanasında süzülüb bir su damcısı kimi gecənin bağrına hopdu. O gecədən sonra onu bir daha görmədim.

Yalqızlıq içində fikrə daldım. Uşaqlığımdan bəri gördüyüm göyün, Arazın, yatmış atların, meşənin və sonsuz Muğan ovalığının yorucu gözəlliyinə baxdım. Çevrəmi sarmış bu alağın, pıtrağın içində özümün də alaqdan və pıtraqdan savayı bir şey olmadığımı düşünməyə başladım. Bu alaqlıq içində alaqdan başqa nə bitər deyə-deyə özümü danlayırdım. Bir dünya söyüş, hədə biçmək, savaşmaq, qan tökməkdən başqa dilimizdə nə var idi görəsən? Sonra “yanılırsan” deməyə başladım öz-özümə. Böylə şahsevən elatı içində yaşayan birisi elə daş, qaya, yalquzaq kimi yetişməlidir dedim. Evin içində hələ sazın havasında oynayırdılar, uzaqdan kəklikotu qoxusu gəlirdi. Gecə ilk sevişməsindən sonra gözəlləşən bir qız kimi gözəlləşmişdi. Ulduzların işığı gözlərimi qamaşdıracaq qədər güclü idi. Dəli Domrulun qorxaqlığından başına gələnləri və Konto bəyin qoçaqlığını unuda bilmirdim. Hələ Boğazca Fatmanı ovlayan Konto bəyin üzündə açılmış gülüş çiçəyinin səsi qulağımda dingildəyirdi. Haraya getdiklərini bir Tanrı bilirdi. Gecənin bu gözündə çox uzaq bir yerə gedəcəklərini sanmırdım. Meşənin ya da Araz kənarındakı gölçələrin içində sevişirdilər bəlkə də.

Ələsgərə qayıdandan sonra sazın havasının yuxusu gəlməmişdi hələ. Əllər göyün üzünü şumallayır, ayaqlar yerin başını döyəcləyirdi. Ürəyimə nəsə dammağa başlayırdı. Nə olacağını heç ağlıma belə gətirməmişdim. İçkili olduğum üçün sərsəmlədiyimi sanırdım. Di gəl, gözləmədiyim şey qarşıma çıxdı.

Dışarıdan tanış bir qadının ağlama səsini duymağa başladıq. Səsin elə də ucadan gəlməsə də onu yuxarı-aşağı tanışmışdıq.

“İçəri keç ləçər” dedi. Sonra qadının ağlama səsi gəldi. Səsi gələn adam daha dözə bilməyəcəkdi deyəsən.

“Sənə qapını aç, dedim, ləçər”

Bu sözdən sonra qapı açılar-açılmaz Boğazca Fatma içəri gəldi. Arxadan kimsə onu itələmişdi elə bil.

Aruz “onu hansısa xortlamış ölü yaxalayıb” dedi.

“Xortlamış ölü deyil dostum, ölünün özü”.Bu Konto bəyin səsi idi. Üz-gözündən əsrük olduğu bəlli idi. Ayaqları üstə düz dura bilmirdi, amma iki-üç addım atmağa çalışdı. Sonra yaşlı bir ağac kimi kökündən qopub yerə yıxıldı. Onunla birlikdə buraya gələnlərin biri qıvraqlıqla “bəyim” deyib yerə sərilmiş Konto bəyin cansız gövdəsinə tərəf sıçradı. Bəyini beliüstə yatırdandan sonra çuxasını çıxarıb başının altına qoyar-qoymaz köksündəki dərin yaradan fışqıran qanı gördük. Üzündəki gülüş çiçəyinin al rəngi köksünə sızmışdı, oradan bizə baxıb gülürdü. Başına gələnləri öyrənmək üçün ağzına bir azca qımız damızdırıb danışdırmağa çalışdılar. Ancaq, danışacaq gücü-heyi qalmamışdı. Bunları görən Boğazca Fatma qonuşmağa başladı. Yaxındakı meşədə sevişərkən tanımadığı birisinin onlara yaxınlaşıb qırım diləməsini söylədi. Bağırıb qırım diləyən kişinin Dəli Domrul olmadığına and içdi. Tanımadığı kişinin Konto bəyi bıçaqlayıb səssizcə çıxıb getdiyini söyləsə də kimsə ona inanmadı.

Gözlərimiz önündə yerə uzanan adam can verirdi. Onun köksündəki dərin bıçaq izinə baxınca bunu vuran kişinin çox güclü və işinin ustası birisi olduğunu düşünürdüm. O, yenidən bayılınca Gülqayıt nənə əlindəki mis qabda üzərlik yandıra-yandıra onun sağalması üçün dua oxuyurdu. Bir azdan sonra çox qısıq və xırıltılı səslə “üzümü örtün” dedi. Öləcəyini bilə-bilə onun sınıb, kiçilməsini, gözlərindəki yazıqlığın görünməsini istəmirdi. Ölümlə çəkişməsini görməyimizi istəmirdi. Kimsə başındaki börkü götürüb onun üzünə qoydu. Qaba qaya boyda olan köksünün enib-qalxmadığını görüncə üzündəki börkü götürə bildilər. Artıq Konto bəy öz kölgəsini itirmişdi. Muğan şahsevənlərinin ən qorxmaz qoçağı idi. Öldüyünü görəndən sonra nədənsə daha ondan acığım gəlmədi.

Boğazca Fatma ona dikilən acıqlı baxışları görüncə yenə də and içməyə başladı. Birisi “onu içirdib öldürtdün” dedi. “Sənin kimi köksüz birisi bizim bəyimizi əlimzdən ala bilməz” deyib, əlini bıçağına atan kimi özüm də gözləmədən onların arasına atıldım. Bıçağımı nədən çəkmədiyimi heç özüm də bilmədim. Onların hamısı mənə baxdı. Boğazca Fatmanın biləyindən tutub “bu incə, kiçik əllərin gücü ilə qalın Muğan ellərinin qoçağını öldürməkmi olar?” deyib, hamısını susdurdum.

Alaçığıma qayıtmışdım. İçəri girincə məndən də yeyin içəriyə soxulan külək yanan şamı söndürdü. Bunu görüncə daha iti oldum. Onda, hey Basatoğlu, əlimi döşlüyümün cibinə soxdum - bıçağı saxladığım sol cibimə, buraya - bıçağı əlimə alıb baxmağa başladım. Barmaqlarımla bıçağın dilinə toxundum: yenicə işlənmiş bıçaq kimi idi. Suçsuz görünürdü və üzündə heç bir qan izi yox idi.

Oxşar xəbərlər

Xəbər lenti

“Azərbaycanın klassik 12 instrumental muğamı” kitabı təqdim olundu
18:59 27 Yanvar 2021
Mədəniyyət naziri Fransanın dövlət katibi ilə görüşdü
18:11 27 Yanvar 2021
Qarabağda mina təmizləyənlərdən film çəkildi - Video
17:28 27 Yanvar 2021
Bizim keçmişimiz əl-ələ gəzir - Elvin Bakiroğlunun yeni şeirləri
16:46 27 Yanvar 2021
Di Kaprio ABŞ prezidentinə açıq məktub yazdı
16:01 27 Yanvar 2021
Fərhad Bədəlbəyli: “Bülbülün həyətinə girəndə qorxdum” – Şuşa söhbəti
15:18 27 Yanvar 2021
Çində "Nizami irsi" layihəsinə strat verildi
14:46 27 Yanvar 2021
Klassikanı niyə oxumalıyıq?
14:01 27 Yanvar 2021
Psixoloq: “Media intihar xəbərlərində ehtiyatlı olmalıdır” – Müsahibə
13:20 27 Yanvar 2021
Balaca ifaçımız beynəlxalq mükafat aldı
12:41 27 Yanvar 2021
Valları rekord qırdı, ailəsini atıb "müqəddəs ata" oldu, rahibəylə eşq yaşadı - Azərbaycanlı şairin qeyri-adi həyatı
11:58 27 Yanvar 2021
İki gündən bir ağlaşma quran sənətçilər
11:29 27 Yanvar 2021
“Uşağın duası” işıq üzü gördü
11:09 27 Yanvar 2021
90 yaşlı aktyor ata oldu
10:43 27 Yanvar 2021
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edilib
10:16 27 Yanvar 2021
Samirə Əşrəfə ağır itki üz verib
10:06 27 Yanvar 2021
Təbrizli yazar: “Nizamini məqbərədən çıxarıb xalqın həyatına qaytarmalıyıq” – Müsahibə
09:01 27 Yanvar 2021
“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
19:20 26 Yanvar 2021
Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər
18:42 26 Yanvar 2021
Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri
17:29 26 Yanvar 2021