Ağappaq sevginin qolları üstdə - Zakir Məmmədəlidən şeirlər...

Ağappaq sevginin qolları üstdə - Zakir Məmmədəlidən şeirlər...
21 dekabr 2020
# 18:14

Kulis.az Zakir Məmmədəlinin şeirlərini təqdim edir.

Turana sarı...

Sübhün gözlərində yaş qətrə-qətrə,
qətrələr şeh olub qona güllərə.
Ömür yaz gətirə, ümid bitirə,
qollarım uzana gümana sarı.

Eyvanım önündə balaca bağça,
bağçada qaranquş, quyruğu haça.
Ruhum qanadına qonub da uça
əngin səmalara, ümmana sarı.

Bu yol kənarında yovşan kolları,
yovşan kollarının saçaq qolları,
bu düzün-düzündə azsam yolları
götürüb apara Turana sarı.

Əhriman diz çökə, ildırım çaxa,
şərin tifaqını yandırıb yaxa.
Turan atlıları qoşduqca qoşa
Haqqın qopardığı tufana sarı.

Kəhər dırnağından qopa fırtına,
yer-göy silkələnə, bu tilsim sına.
Kəhərlər kişniyə, mərdlər oyana,
qoşalar halayı pozana sarı.

Sirenlərin nəğmələri...

Tələsmə!
Sirenlərin nəğmələrinin bitdiyi yerə.
Orda
sökülən dan yeri
sıradan bir işartı,
dənizdən doğan günəş
sıradan bir qızartı.
Orda –
suya həsrət zəmilər,
tufana tuş gəmilər...
Göz yaşından su içir göy çəmənlər,
yaşıl-yaşıl ağaclar,
açan yarpaq.
Gül təki bəsliyir dərdləri qoynunda
qara torpaq...
Tələsmə,
sirenlərin nəğmələrinin bitdiyi yerə...
Orda
nisgil yağdırır dolan bulud,
yağan yağış,
həsrət bitirir hər qarış...
dözə bilərsənmi?
Dözə bilərsənmi
dost-doğmaca birilərinin
ilana dönməsinə,
çalmağa anbaan fürsət gözləməsinə?
Əllərinlə qurduğun,
sevdalarla bəslədiyin yurd-yuvanı
buz kimi yellərin üşütməsinə?
Yalanın ayaq açıb yürüməsinə,
haqqın nazilib üzülməsinə...
və... iblisin Tanrıya
göz dağı verməsinə?
Ürəyində təpər,
dizlərində taqət varmı yaşamağa
tükənmiş arzuların,
çilik-çilik olmuş sevgilərin,
vaxtsız qocalmış ümidlərin
məmləkətində?
Sirenlərin nəğmələrinin bitdiyi yerdə...

O bəyaz gecə

Hardasa uzaqda bir kənd üfüqü
bir qış gecəsinə darlıq edirdi.
Bəm-bəyaz dağların baxışlarından
Yollara-izlərə nur ələnirdi.

Bir kənd gecəsini sıxıb köksünə
qışın buz nəfəsi oda dönürdü.
Ağappaq sevginin qolları üstdə
gecənin qaraşın qəmi ölürdü.

Tutub əllərindən o gecənin biz
işıqlar altında, qar yağa-yağa
gedirdik, şaxtanı, qarı duymadan,
gedirdik, yollara səs sala-sala...

O gecə gur idi işıqlar yaman,
hər yanan işıqdan bir göz baxırdı.
İşıqlar atılıb pəncərələrdən
bizi bircə-bircə tora salırdı...

O gecə beləcə bitdi, tükəndi,
hərənin bəxtinə bir ilmə saldı.
Kiminə ömürlük isti bir ocaq,
kiminə bəm-bəyaz xatirə qaldı...

Bu gün bir ayrı gün...

Ağaclar altına, kollar altına
kölgəyə qarışıb səpildim bu gün.
Dərd səfə düzülüb üstümə gəlir,
yolunda qala tək tikildim bu gün.

Bu gün bir ayrı gün, bir ayrı tale,
sevgilər tumurcuq atan günüdür.
Göydən yerə enib mələklər bu gün,
dualar Tanrıya çatan günüdür.

Qoy sussun kamanın, tarın naləsi,
oyanar içimdə qarımış kədər.
Bu günü taledən oğurlamışam,
əzablarla dolu bir ömrə yetər.

Canına can qataq günün, qoy hər an
Səməndər quşu tək küldən alışsın.
Bitməyən nəğmədən xəlq olub bu gün,
qoymaram gecəyə axsın-qarışsın.

Bilirəm fələk var, qəza-qədər var,
Günəş özü bu gün yar olsun bizə.
Anlamı varmı ki, bu gündən belə
nədən pay düşəcək taleyimizə?

Günəş zərrələrin süzək badəyə,
bir az sevgi qataq, o ki var içək.
Könlünü şad edək ulu Hörmüzün,
nur içək, məst olaq, dünyadan keçək.

Sükutun sükutda batan ahıyam

Bir qərib adayam uzaq dənizdə,
ünvanı bilinməz, adı bilinməz.
Dalğalar üstünə hücum çəksə də,
duruşu dəyişməz, başı əyilməz.

Yollar yorğunuyam, tərki-dünyayam,
bəlkə də yol azmış bir sərsəriyəm?
Məkanım varmı ki, orda bənd alam,
yola gətirilməz xəyalpərvərəm.

Əsrlər üstündən yol salıb gələn
zahidəm, sufiyəm, qoca dərvişəm.
Sınağa çəkməsin məni hər yetən,
zəhər şərbətini az içməmişəm.

Tonqala atıldım, dardan asıldım,
yüz dəfə ölsəm də, min-min dikəldim.
Haqdan mayalanıb haqqa yol aldım,
nəsil-şəcərəm var qədimdən qədim.

Üzən buz dağıyam, lal axan çayam,
çoxum dərindədi, azım üzdədi.
Sükutun sükutda batan ahıyam,
sözün tanrısına çatan vədədi.

Səni səsləyirəm, ağ atlı oğlan

Harda itib batdın, ağ atlı oğlan,
ömrün kasasının daşan yeridi.
Çiyin tab gətirmir bu qədər yükə,
dərdin üstümümüzə aşan yeridi.

Səni səsləyirəm, ağ atlı oğlan!
Daha dizlərimin təpəri yox ki...
Haqqın tərəzisi iblis əlində
daha sözlərimin keçəri yox ki.

Dilin dediyini qulaq eşitmir,
şeytanın fitinə yallı tutan çox.
Ulu yurd yerimiz haylara peşkəş,
evin yiyəsini bir soruşan yox...

Güclü aman vermir gücsüzə, heyhat!
Daha döyüşlərin qaydası yox ki.
İndi də gəlməsən, ağ atlı oğlan,
yuxuda gəlməyin faydası yox ki...

# 1499 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #