news-inner
clock08:00 calendar-gray 24 Dekabr 2012 view-gray7075 dəfə oxunub
view-gray7075 dəfə oxunub

Azərbaycanda boşanmış qadın olmaq

Evlilikdən dörd il sonra

(Almodovar ruhunda hekayə)

Məhkəmənin qərarı oxundu və romantik yağışlı gündə ərimlə boşandıq. Qərar oxunanda içimdə ani yüngüllük dolaşdı. Sonra bu yüngüllük alışdığım zəhlətökən bir şeyə çevrildi: özümü əhəmiyyətsiz, lazımsız adam kimi hiss etdim. Öz əhəmiyyətsizliyini dərk etmək çox ağırdır. Çətin olsa da, necəsə qatlanmalıydım.

Ərimlə dörd il bir yerdə yaşamışdıq. Dördüncü il tamam olar-olmaz ikimiz də anladıq ki, bir-birimizi sevmirik. Boşanmaq qərarını vermədən öncə mədəni insanlar kimi söhbət etdik. Hər gün növbətçi təbəssüm satmaqdansa, gecələr bir-birimizə arxa çevirib yatmaqdansa, ayrılmağın yaxşı olduğunu düşündük.

Evliliyimizin ikinci ilində ünsiyyətimiz qısa dialoqlardan ibarət idi:

“Salam-sağol”.

“Axşamın xeyir”.

“Sabahın xeyir”.

“Yemək necə idi?”

“Yaxşı”.

“Çayını dəyişim?”

“Yox”.

“Hamamda işin çoxdur?”

“Bir az var”.

“Başqa nə istəyirsən?”

“Heç nə. Futbola baxıb yatacam”.

Evliliyimizin üçüncü ilində münasibətlərimizə sükut çökmüşdü. Dördüncü il sükutdan yorulduq.

Ailə həyatımızın ilk ilində mən uşaq istədim. O, yox dedi. Dedi ki, hələ tezdir, evin kreditini ödəmək lazımdır. Müayinə, doğuş, uşağın pampersi, Humanası... Hamısı xərcdir.

Üçüncü il ərim kiçik ailəmizə çökmüş sükutu pozmaq üçün uşaq istəyəndə, imtina elədim. Çünki analıq instinktim onun ötən ilki etirazından zədələnmişdi. Belə bir travmayla dünyayapsixopat uşaq gətirmək istəmirdim. Analıq hissi məndə qorxu doğururdu. Bu həmin il idi ki, Neft Akademiyasının tələbələrini güllələmişdilər. Elə hey düşünürdüm: birdən oğlum, ya qızım terror aktında və ya yol qəzasında öldü? Ya da əksinə, cinayətkarın, manyakın, rəzilin biri oldu. Dəhşətli, qorxunc fikirlərin təsiri altında, dünyaya gəlməyən övladımı çox qəribə bir analıq instinkti ilə ən pis şeylərdən qoruyurdum.

Boşanmağa qərar verdiyimiz gün Avropa filmlərində sakit ayrılmağa çalışan cütlüklərə bənzəmək istəyirdim. Bərbərə getdim, saçlarımı yeni formada kəsdirdim. Üz-gözümü qaydaya saldırdım. Yüngülvarı makiyaj etdim. Qarderobumu ortalığa tökdüm. Qısa ətəkli, qolları dirsəkdən qırmızı donumdan çox xoşum gəlirdi.

Amma ayrılıq qərarının verildiyi gündə bu, qeyri-ciddi görünərdi. Dar cins və kip qısa qollu mavi koftayla kifayətləndim. Aksessuarları da koftanın rənginə uyğun seçdim. Söhbətimiz yaşayışımız kimi sakit, anlayışlı keçdi, hətta mən söhbətin sakit axarda keçməsindən qıcıqlanmağa başladım. Ərimin həddən ziyadə anlayışlı olması bəzən zəhləmi tökürdü. Nəsə emosiya, etiraz lazımdır. Axı, hər şey belə darıxdırıcı şəkildə sona çata bilməzdi.

Latın Amerika seriallarındakı qadın tiplərini xatırladım. Əlimlə üzümün bir tərəfini qapadım, üzümə əzablı ifadə verməyə çalışdım və otağın baş tərəfindəki güzgüyə baxdım. Yox, nəsə süni görünürəm, üzümün əzalarını bütün gücümlə işə saldım, qüssəmi gücləndirdim. Aha, əla! Hətta cazibəm də artdı elə bil.

- Mənə çox çətindir, dörd il bir yerdə....

Deyəsən səs tonum inandırıcı alınmırdı. Amma gözlərim dolmuşdu. Ərim sakitcə mənə baxırdı, həmişəki kimi təmkinlə dilləndi:

- Sən Allah, bəsdir. Məleykə Əsədova səndən istedadlıdır.

- Doğrudan?

Güzgüyə baxdım.

- Amma gözlərim dolub. Bax, hətta göz yaşım kirşanı da yuyub.

Ərim mənə yaxınlaşıb çiyinlərimdən tutdu və bəlkə də həyatında ilk dəfə ağıllı fikir dedi:

- Qadınlar göz yaşları ilə hamını, hətta özlərini də aldadırlar.

Final fiaskoya uğradı.

Ayrılıq həyatımın sükutunu pozmadı. Yenidən ərə getmək barədə düşünmürdüm. Bir az tək qalmaq istəyirdim. Onsuz da Azərbaycanda boşanmış qadına cinsiyyət orqanı kimi baxırlar. Artıq işdə şöbə müdirindən tutmuş kiçik elmi işçiyə kimi hamıdan yatmaq təklifi almışdım. Təkliflərdən imtina elədim. İmtinamın namus anlayışı ilə heç bir əlaqəsi yoxdur. Sadəcə bədənim seks istəmirdi, həm də...

Seksə laqeydlik hələ ərdə olanda yaranmışdı. Ərim mənə ehtirasını söndürən vasitə kimi baxırdı, yataqda nə istədiyim onun vecinə deyildi. O bir dəfə də olsun mənə orqazm yaşatmağı bacarmamışdı. Bəzən o, mənə fiziki cəhətdən elə iyrənc gəlirdi ki, onu içimdən çıxarmaq istəyirdim.

Məni ancaq xəyali seks cəlb edirdi. Orqazma yuxularda və ərim işə gedəndən sonra, xəyali sevgilimlə çatırdım. Əvvəlcə bir neçə xəyali sevgili seçimi arasında vurnuxdum: Edvard Norton, Klayv Ouen, yoxsa Antonio Banderas. Qaynar, ehtiraslı ispanlara heyranlığımdan Banderasda dayandım. Banderasla La Lupenin mahnılarını dinləyərək sevişirdm. Onunla elə çılğın, coşqulu sevişirdik ki, bədənimiz, ruhumuz qarışırdı. Mənə elə gəlirdi ki, sevişdikcə bir-birimizdə əriyib yoxa çıxırıq. Bu, möhtəşəm idi.

Amma bir dəfə dəyişiklik istədim və Frederik Beqbederlə sevişdim. Onun romanlarındakı çılğınlıq xoşuma gəlirdi. Amma nəsə alınmadı. Beqbeder çox tələsirdi. Mən xahiş edirdim:

- Tələsmə, Frederik, tələsmə.

Frederik elə impulsivdir ki, onu xəyallarda da dayandırmaq olmurdu. O, ancaq özünü düşünürdü. Nəsə, Beqbederdən vaz keçib Banderasa qayıtdım.

Əgər insan təsəvvüründə sevişib orqazma çata bilirsə, ona kötük kimi baxan, həzz verə bilməyən birisi ilə sevişməyin nə mənası?

Ərimdən boşandığım gün Banderasdan da ayrıldım. Xəyali seksə də həvəsim ölmüşdü. Başa düşdüm ki, sekssiz də, orqazmsız da yaşamaq olar.

Hər halda frigid olub-olmamağımla bağlı təxminimi dəqiqləşdirmək üçün həkimə getməyə hazırlaşırdım ki, bir hadisə baş verdi.

İşdən qayıdanda avtobusda bir kişi basabasda əlini arxamda gəzdirdi, ehtirasa gəldiyimi deyə bilmərəm, amma xoşhallanmışdım. Tərbiyəli qadın kimi davranmaq, kişiyə tərs - tərs baxıb abrını bükmək istədim. Amma çönəndə əsəbiləşmək əvəzinə gülümsədim, minnətdarlıq nəzərləri ilə ona baxıb avtobusdan endim. Keçmiş ərim haqlıydı. Mən yaxşı aktrisa deyiləm.

Frigid olmamağıma sevindim. Düzdür, indi kişilərə laqeydəm. Kişiyə münasibətim mətbəxdəki tavadan, səbətdəki çirkli paltardan fərqlənmir. Hərçənd, yenə onlara marağım oyana bilər. Həyat belə qurulub.

***

Ev-iş, iş-ev, bazar, boşluq, fanilik, müşahidə, təcrübə, dəyişmək nəyisə...

Hərdən vaxtı öldürmək və stress atmaq üçün xəyalımda, mənə yatmağı təklif edən kişilərdən hərəmxana düzəldirdim. C. manikür, D. pedikür edir, N. masaj edir, B. saçlarımı darayır, Ç. şirə gətirir.

- Axmaq, sənə portağal şirəsi demişdim, bu nədir?

Ç.- nin sifəti yazıq ifadə alır və mən albalı şirəsini onun sifətinə çırpıram.

Sonra şöbə müdirimi yatağa çağırıram.

- Əbləh, sənin qalstukun seksə həvəsimi öldürdü. Sənə demişdim axı, qalstukla bağlı travmalarım var. Qalstuk görəndə yaltaq, rüşvətxor məmurlar yadıma düşür. Rədd ol! Yox, dayan görüm, qalstukun neçəyə idi? Necə? Dəhşət! Sən nə sarsaq, nə eşşşşşək adamsan. Bu pulla çoxlu “Molped” paketləri almaq, küçə itlərini yedizdirmək, ya da ticarət mərkəzlərinin yanında dilənən qarılara yardım etmək olardı. Küçə itləri də səndən simpatikdir.

Şöbə müdirini qovuram və onun müavini gəlir. O, qarşımda diz çöküb, müticə mənə baxır, yatağıma girmək üçün yalvarır.

- Vay, vay. Necə də miskin görünürsən. Boşalmaqdan ötrü qadının ayaqlarına yıxılan kişilərdən zəhləm gedir. Sən boşalıb yaltaq, əclaf spermanla dünyanı daha da zibilləyəcəksən. Fikirləşəndə ki, spermanın içində nə qədər sənə bənzər keyfiyyətsiz insancıqlar var, tüklərim dəhşətdən biz-biz olur. Bəlkə də spermanın bir az intellekti, vicdanı olsaydı, güzəştə gedə bilərdim. Amma sən bütün günü onun bunun ayağını qazırsan, kütsən.

Həyat çox ədalətsizdir. Sənin kimilər oksigeni azaldır, nəhəng kalmarların isə nəsli tükənir. Elastik, əsrarəngiz rəngli, parıldayan kalmarların güclü qolları arasında boğulmaq, səninlə sevişməkdən ləyaqətlidir. Zavallı kalmarlar! Onların zərifliyi, ürkəkliyi dünyanın qəddarlığına tab gətirmir. Sənsə elə idbar, gönüqalınsan ki. Sən özünü gözə soxursan, kalmarlar isə asketdir, dənizin ənginliklərində itib, illərlə yoxa çıxır. Onlar, ətrafa zəriflik, işıq saçır, sənin mövcudluğunsa ikrah doğurur. O, cəsarətlidir, döyüşkəndi, əla ovçudur. Sənsə qorxaqsan, təhqirlərə alışıqsan. Kalmar illüzionistdir, sirlidir, sənsə sıxıcısan, təkrarsan, Peçorin kimi səndə hər şey üzdədir. Onların sosiallığı səmimidir, səninki merkantil. Hansını deyim axı?

Sonda onların hamısını xədim eləyib, xəyali hərəmxananı bağladım.

İndi qədim ispan kəndində-dar küçədə yerləşən, bolluca, iri, çeşidli dibçəkləri, çardağında kartofu, soğanı, balqabağı olan, ipə düzülmüş sarımsaq, bibər asılmış, otaqları qırmızı rəngli əşyalarla döşənmiş, iki mərtəbəli xudmani evdə Allen intellektli, Almodovar yumorlu, qadınlıq duyğularımı oyada bilən kişiylə yaşamaq istərdim.

Ah kişilər!

Kişilər bir olmur, atam balası.

Soyuqqanlı, təmkinli kişi.

Emosional kişi.

Centlemen kişi.

Kobud kişi.

İllüziyalarını bölüşdüyün kişi.

Kinodan danışdığın kişi.

Ədəbiyyatdan danışdığın kişi.

Şərab içdiyin kişi.

Qəhvə içdiyin kişi.

Özünü yanında azad, sərbəst insan hiss etdiyin kişi.

Özünü yanında qadın kimi hiss etdiyin kişi.

Onların hamısını bir vücuda və beyinə yerləşdirmək olsaydı...

Tədricən bu arzum da əhəmiyyətsizləşdi.

Çünki tualetdə ağlıma maraqlı nəzəriyyə gəlmişdi. Nədənsə kreativ fikirlər tualetdə peyda olur.

Əslində, beynim həmişə hər yerdə dayanmadan düşünür: dişlərimi fırçalayanda, kök rəndələyəndə, paltar, qab – qaşıq yuyanda.

Hətta keçmiş ərimlə sevişəndə də. Seks zamanı düşünmək imkanım gen-bol olurdu. Ərim adətən gec qurtarırdı. O qurtarana kimi vaxtı necəsə öldürmək lazım idi. Üstümdə vəzifəsini yerinə yetirəndə, tavana baxıb şirin xəyallara dalırdım: indi kekslə pürrəngi çay içərdim, ya da “Anacan, mən killeri sevirəm” serialını izləyə-izləyə tum çırtlayardım. Bu serialdan sonra uzun müddət vicdanlı, cəngavər ruhlu killer sevgilimin olmasını arzuladım.

Başqa şeylər də düşünürdüm. Məsələn, düşünürdüm ki, Kobo Abe yataqda necə olub? Mark Tven hansı pozaları sevib? Bertoluççinin cinsiyyət orqanına “holland küncü” rakursundan, Berqmanınkına iri planda baxmaq maraqlı olardı. Sabaha dolma bişirəcəm. Yarpaq dolması. Elmi işimi də bitirməliyəm. Salat da edərəm - Koreya salatı. Kim Ki Dukun şərəfinə. Sabah anama baş çəkməliyəm. Paltarları ütüləmək lazımdır.

Elmi işin sonu nəsə xoşuma gəlmir, arqumentlərim zəifdir, əsaslı faktlar tapmaq lazımdır. Ütüləməkdən zəhləm gedir. Döşəmə silmək daha yaxşıdır. Salfet də bitib, gərək sabah marketə gedim. Görəsən, Merkel növbəti seçkilərdə yenə qalib gələcək? Aha! Ərim qurtardı.

****

Beynimdə yeni arzular doğulur və buxarlanır. Son bir ayda məni ancaq bəşəriyyətin taleyi narahat edir: Amerikanın imperialist siyasəti, Avropaya axışan mühacirlər, islam fundamentalizmi, terror aktları, qara qitədəki aclıq (kökəldiyimdən aclıqdan nərmə-nazik olmuş Somali qadınlarına qibtə edirəm), Azərbaycanda ər-arvad qətlləri, dilənən qarılar, qocalar....Dünya şərlə doludur.

Bəşəriyyətin şərdən xilası haqda nəzəriyyə beynimə dediyim kimi tualetdə gəldi. Məsələn, azad ruhlu, demokratik düşünən istedadlı rejissorların, yazıçıların, rəssamların sperması ilə qadınları süni mayalandırmaq. Onların genlərini daşıyanların çoxalması sayəsində həyat televiziyaya yox, sənətə bənzəyəcəkdi, humanistləşəcəkdi. Afrika-Asiya ölkələrində demokratiya qələbə çalacaq, saxta seçkilər keçirilməyəcəkdi. Eyni mənbələrdən süni mayalanma nəticəsində “bütün insanlar qardaşdır” fikri reallaşacaqdı. Beləcə, Prometeyin natamam ideyası da mükəmməlləşəcəkdi.

Bəşəriyyəti xilası naminə özümü fəda etməyə hazırdım. Məsələn, bir uşaq Trierdən, biri Kaurismyakidən, biri Ken Louçdan, biri Andesondan....

Nəzəriyyə beynimi o qədər məşğul edir ki, gecələr də yata bilmirəm, yuxusuzluqdan əziyyət çəkirəm. Yuxuya gedənə kimi Trierin spermasını Almodovarın spermasına qatıram. Görəsən, bu iki istedadlı insanın spermasının qarışığından yaranan uşaq necə olar? Yəqin fövqəlinsan. Bəlkə, əksinə alındı, məsələn, hermofradit, sado-mazoxist varlıq... Ya Umberto Ekoyla Mo Yanı birləşdirmək? Yox, Mo Yan olmaz. Mo Yan diktaturanın tərəfindədir. Demokratik, azad fikirlərə açıq olan genlər lazımdır. Bəlkə Ai Vei Veil... Eko... exo.... yuxum gəlir...

P.S. Müəllif redaktəyə görə Qismətə təşəkkür edir.

Oxşar xəbərlər

Xəbər lenti

İnsanlar məşhur sənət əsərlərini evlərində belə canlandırdılar - Fotolar
19:50 31 Mart 2020
Məscid odunu - Mehriban Vəzirin yeni hekayəsi
18:27 31 Mart 2020
Tanınmış xanımlarımızdan "Evdə qal" kampaniyasına çörək hədiyyəsi - Fotolar
17:11 31 Mart 2020
Azərbaycanda anadan olmuş tanınmış yazıçı dünyasını dəyişdi
16:02 31 Mart 2020
Sevgilisinə görə 20 otaqlı ev tikdi, özündən 35 yaş cavan qızla evləndi, pula görə Üzeyir Hacıbəyova əsəbiləşdi - Cabbar Qaryağdıoğlundan maraqlı faktlar
15:19 31 Mart 2020
Ötən gecə Van Qoqun məşhur əsərini oğurladılar
14:32 31 Mart 2020
Ceyms Bond filminə 100 minlik zərbə
13:45 31 Mart 2020
Qohumların bizə gəlməyinə qəti qadağa qoymuşam – Yazıçılarımız karantin günlərini necə yaşayır? - Sorğu
12:30 31 Mart 2020
Facebookda “zibil atan”ların təhlükəli səhvi
11:50 31 Mart 2020
Dahi şairimizdən Günün Şeiri
11:15 31 Mart 2020
Azərbaycanlı qarmon ifaçısı vəfat etdi
10:31 31 Mart 2020
"Santa Barbara" serialının ulduzu dünyasını dəyişdi
10:17 31 Mart 2020
Milli Konservatoriya Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
09:28 31 Mart 2020
Yuxu dərmanı - İsi Məlikzadənin hekayəsi
09:00 31 Mart 2020
Habil Əliyevin koronavirusa yoluxan qızı danışdı: “Qorxuram” - Foto
23:02 30 Mart 2020
Milli Kitabxanadan oxuculara daha bir virtual xidmət
20:02 30 Mart 2020
Komediya ustası koronavirusdan vəfat etdi
17:01 30 Mart 2020
Tanınmış rejissor dünyasını dəyişdi
16:38 30 Mart 2020
Koronavirus dünyanı necə dəyişəcək: ağlagəlməz ehtimallar
15:59 30 Mart 2020
Teatrdan evdə qalan tamaşaçılara jest - Repertuar
14:56 30 Mart 2020