news-inner
clock18:35 calendar-gray 15 Dekabr 2020 view-gray4063 dəfə oxunub
view-gray4063 dəfə oxunub

Salam, şəhid anası! - Şeirlər

Salam, şəhid anası!
Mən də sənin bir balan.
Olmasam da qəhrəman
Şuşa, Kəlbəcər alan.

Sənin oğlun tapşırıb,
Səni mənə yol aldı.
Məhz onun sayəsində
Ordumuz zəfər çaldı.

Salam, şəhid atası,
Sən necə qürurlusan.
Dağ boyda oğlun gedib,
Yenə də dik durmusan.

Ağappaq saçlarından,
Nur saçılır, nur, ata.
Hər zaman qürurlu ol,
Həmişə dik dur, Ata!

Salam, şəhid bacısı,
Dağ gördün, dağ itirdin.
Üzü nurlu bir igid,
Arxa, dayaq itirdin.

İndi bütün igidlər,
Qardaşındir, ay bacı,
Sən şəhid bacısısan
Sənə yoxdur tay, bacı.

Salam, şəhid qardaşı,
Yaş tutmasın gözünü,
Hər an şəhid olmağa,
Hazır elə özünü.

Sənin qardaşın, sonra,
Mənim qardaşım gedər.
Sonra mən, sonra da sən
Sonra bütün igidlər.

Salam, şəhidin yarı,
Bilirəm darıxırsan,
Bir ümid, gələr deyə
Pəncərəyə baxırsan.

Bilirsən gəlməyəcək
Yol yoxdur daha geri
Şəhid olub igidin
Cənnətdir onun yeri.

Sən, ey şəhid övladı,
Boynunu bükmə qəti,
Çünki heç bükülmədi
Atanın şux qaməti.

Şəhiddir sənin atan
Ay ölkəmin çırağı,
Şəhidlər diri qalar,
Şəhidlər ölməz axı.

Bir əsgərin dilindən

Haqqını halal et mənə
Bəlkə getdim, qayıtmadım.
Son şeirdir yazdım sənə
Bəlkə getdim, qayıtmadım.

Tam vaxtıdır getmək üçün,
Düşməni məhv etmək üçün,
Qeyrətini çəkmək üçün,
Bəlkə getdim, qayıtmadım.

Getməliyəm, demə getmə,
Kişinin borcudur getmək,
Gəlməyimə ümid etmə
Bəlkə getdim, qayıtmadım.

Yaddaşlarda qalım gərək,
Vaxtdır, zəfər çalım gərək,
Mən də şəhid olum gərək,
Bəlkə getdim, qayıtmadım.

Dik tut hər zaman başını
Yad görməsin göz yaşını
Hazır elə baş daşımı,
Bəlkə getdim, qayıtmadım.

Qarabağa gedir bu yol,
Dua elə mənə bol-bol.
Qurban olum, muğayət ol
Bəlkə getdim, qayıtmadım.

Ağlama, gözəl sevgilim,
Dua elə qoy tez gəlim,
Bəlkə qayıtdım, nə bilim,
Bəlkə getdim, qayıtmadım.

Gözlə məni

Dua elə hər anında,
Qaralmasın heç qanın da,
Dostlar, tanışlar yanında,
Yad et şirin sözlə məni
Qayıdacam, gözlə meni.

Başın qarlı dağ başıtək,
Tanınmayan bir naşıtək,
Gözündəki göz yaşıtək
Kövrələndə gizlə məni
Qayıdacam, gözlə məni.

Anam oğul deyən kimi,
Dizlərinə döyən kimi,
Nənəm əzizləyən kimi,
Şəkildə əzizlə məni,
Qayıdacam, gözlə meni.

Darıxacam bil ki, mən də,
Çox ağlama, gülməsən də.
Məndən xəbər gəlməyəndə
Tez ayırma "biz"lə məni,
Qayıdacam, gözlə məni.

Birdən arzuma çatmasam,
Verdiyim sözü tutmasam,
İşdir canlı qayıtmasam,
Cənazəmdə izlə məni,
Sən yenə də gözlə məni.

*

İllər nə tez keçir, zaman daralır,
Ölüm yaxınlaşır, ömür azalır,
Yaş yaşın üstünə gəlir, çoxalır
Şirin xatirəyə dönür olanlar.

Dərdini biriylə bölməyin gelir,
Yaşamaq əbəsdir, ölməyin gəlir
Özünün özünə gülməyin gəlir
Şirin xatirəyə dönür olanlar.

Batan günəş kimi sönür ümidlər
Vaxt gəlir xəyala dönür ümidlər
Ölür yavaş-yavaş, ölür ümidlər,
Şirin xatirəyə dönür olanlar.

Sızlayan yaralar tərk edir, gedir,
Nənələr, babalar tərk edir, gedir,
Atalar, analar tərk edir, gedir
Şirin xatirəyə dönür olanlar.

Xəyal da yox olur, xəyal quran da,
Dərd də çıxıb gedir, dərdə salan da,
Bir sözlə, yox olur hər şey bir anda
Şirin xatirəyə dönür olanlar.

*

Gəl qayıdaq bərabər
Ötən günlərə gedək,
Yenə axtarıb tapaq
İtən günlərə gedək,

Sənə demədiklərim
Ürəyimdə qalmasın,
Allah heç yolumuzu
Gələcəkdən salmasın.

Qısa zaman içinə
Sığdıraq bir ömürü
Lap bir ömür eləyək
Həyatın hər gününü.

Silək alnımızdaki,
Qara yazını, silək,
Bərabər vəfat edib
Bir də dünyaya gələk.

Gələk, görək dünyada
Qəm kədərdən əsər yox,
Baxaq görək keçmişçün
Kim darıxıbmış ən çox?

Utanıb öpmədiyim,
Saçlarından öpüm mən.
Sən istəyirsən yaşa,
Keçmişində ölüm mən.

Tabut

Bir gün çiyinlərdə bir tabut gedər
Bir cəsəd sevdası yandırar səni,
Yoxluğum qar kimi yağar üstünə,
Təpədən dırnağa dondurar səni.

Daha ulduzlara tənha baxarsan
Tənhalıq bıçaqtək tökər qanını
Qaranlıq otaqda dəli olarsan
Səssizlik kar edər qulaqlarını.

Payız daha gözəl görünməz sənə
Yağan yağışlar da ovutmaz artıq,
Gözünün yağıştək yağan yaşını
Min günəş çıxsa da qurutmaz artıq.

Qalarsan əllərin yanaqlarında
Axan göz yaşını silib gedərsən
Ürəyin istəsə, açıqdır qapım
Hərdən məzarıma gəlib-gedərsən.

Gəlib baş ucumda durarsan səssiz
Ruhum səni görüb sevinər bəlkə,
Onda nə çəkmişəm bilərsən sənsiz
Buz kəsmiş ürəyin isinər bəlkə.

Sonra baş daşımda rəsmimə baxıb
Xəyala dalarsan, gülərsən bir az.
Məni öldürdüyün azdır, əzizim,
Bacarsan özün də ölərsən bir az...

Amir Mustafa

news-inner-user

18486 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Flora Kərimovanı Allahsız edənlər
12:09 19 Aprel 2021
Ay gecikən məhəbbətim – Günün şeiri
11:25 19 Aprel 2021
Hosteldə ölən qızları söyənlər
10:39 19 Aprel 2021
Tanınmış aktyor vəfat etdi
09:29 19 Aprel 2021
Şövkət Ələkbərovanın gəlini: “KQB” ərinin intiharından danışmağı ona qadağan eləmişdi” - Müsahibə
08:58 19 Aprel 2021
Eldar Quliyev dəfn olunub - Foto
15:43 18 Aprel 2021
Müharibədən əvvəl fotoqraf işləmiş Milli Qəhrəman: Film kimi həyat və filmin özü
10:30 18 Aprel 2021
Sabir Əhmədli işğaldakı rayonuna necə qayıtdı?
16:32 17 Aprel 2021
Sirk ustaları bir araya gəldi
14:19 17 Aprel 2021
Şəhid polkovnikin təsirli piano ifası yayıldı - Video
13:28 17 Aprel 2021
Əsəbi gün - Humay Quliyevanın yazısı
12:30 17 Aprel 2021
Gözləri görməyən laçınlı şairin yurd gəzintisi
11:01 17 Aprel 2021
UNESCO Azərbaycan teatrının layihəsini qəbul etdi
10:29 17 Aprel 2021
Ağadadaşın kişi sözü – Elçindən yeni hekayə
09:00 17 Aprel 2021
“Nadir şah. Avşar dövləti” adlı kitab çap olunub
18:53 16 Aprel 2021
Prezident Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
18:41 16 Aprel 2021
Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub - Foto
18:17 16 Aprel 2021
Filmimiz Rotterdam Beynəlxalq Film Festivalında
17:29 16 Aprel 2021
Klinton ilk romanını nəşrə hazırlayır: "Terror dövləti" - Foto
16:37 16 Aprel 2021
Azərbaycanlı qadının fotosu Türkiyədə “İlin media fotosu” seçildi - Video
15:49 16 Aprel 2021