Şuşadan gətirdiyi Xarıbülbülü 29 il saxlayan qadın: “O gülü dərən qardaşım Xocalıda şəhid oldu”

Şuşadan gətirdiyi Xarıbülbülü 29 il saxlayan qadın: “O gülü dərən qardaşım Xocalıda şəhid oldu”
8 dekabr 2020
# 10:15

Əslən Şuşadan olan Tağıyeva Təranə 29 ildir ki, doğma torpağında dərdiyi Xarıbülbülü qurudub yanında gəzdirir. Qarabağın simvoluna çevrilən bu gül 4 dekabrda bütün azərbaycanlılar üçün anım gününün Xarıbülbülünə çevrildi. Buna sevinən Təranə xanım hazırda hisslərini dilə gətirməkdə çətinlik çəkir...

- Təranə xanım, Xarıbülbülünüzün tarixçəsindən danışa bilərsinizmi?

- Ailəmiz şuşalıdır, Şuşada yaşayırdım. Sonradan ailə qurub, Bakıya köçdüm, amma hər yay babamın Şuşadakı evinə gedirdim. Hər zaman gedəndə orada atamla dağlara çıxırdıq, Cıdır Düzündə cürbəcür güllər bitirdi, amma Xarıbülbül dağ gülüdür. 1991-ci ildə bir gün qardaşımla ora getdik. Qardaşım Əsədov Yalçın Xocalı şəhididir... O, hər zaman mənə güllər yığırdı. Xarıbülbülü qırıb mənə verəndə dedim ki, mən bu gülü qurudub saxlamaq istəyirəm. O da gülüb dedi ki, onsuz hər il gəlib görürük, qurutmaq nəyə lazımdır? Mən də dediyimdə durdum, gülü saxladım. Üç gülü gətirdim oradan. İkisini Şuşalı qohumlarıma verdim, birini saxladım. Həmin o gül budur.

- Bu gülün sizin üçün əhəmiyyəti nə idi?

- Gül mənim üçün Şuşanın yadigarıdır. Hərdən darıxırdım, gizlincə açıb baxırdım Xarıbülbülümə. Əvvəl fikirləşirdim ki, onu ramkaya qoyum, amma qıymadım. O vaxtı elə büktüyüm kağızda saxladım. Yadigarımı pulqabımda özümlə gəzdirirəm, saralmış kağıza necə bükmüşəmsə, elə də qalıb. 29 il...

- Şuşanın işğal günlərini necə xatırlayırsınız?

- 1991-ci ilin yayında Şuşaya gələndə hər tərəfə baxdım, ürəyimdə ağrı keçdi. Hiss etdim ki, bir daha qayıtmayacağıq. Düz düşünürdüm, o, elə axrıncı yay oldu... 1992-cı ilin fevralında, müharibə başlamamışdan bir gün öncə yoldaşımla Ağdama getdik, sonra Şuşaya qalxdıq, ondan sonra isə düşündük ki, Xankəndinin içi ilə geri qayıdaq. Ermənilər şəhərlərdə düşmənçilik ab-havasını yaratmışdı sanki. Qayıdandan sonra eşitdik ki, müharibə başladı. Ağlımıza gəlməzdi ki, belə bir şey olacaq. O zaman dedim ki, yayda qurutduğum gülü saxlayacağam, heç kimə verməyəcəm. Ona baxıb bu vaxtadək həsrətlə yaşadım.

- Bildiyiniz kimi, Azərbaycan ordusu Şuşanı işğaldan azad edib. Azərbaycanlılar doğma torpaqlarına qayıdacaq. Bəs siz nə etməyi düşünürsünüz? Xarıbülbül vətəninə qayıdacaqmı?

- Heç ağlıma gəlməzdi ki, Şuşa bizə qayıdar. Onun xəbərini eşitdim, dedim hələ tezdir. Qarabağın bütünləşməsini gözlədim ki, o gülü bütün Azərbaycan görsün. Onu vətəninə aparacam, doğma Şuşamıza. Xarıbülbülü yenə görüb mütləq dərəcəm, amma bu dəfə ayrılıq olmayacaq.

Fatimə Zülfüqar

# 4400 dəfə oxunub

Oxşar xəbərlər

Yeni "Harry Potter" serialı  etirazlara səbəb oldu

Yeni "Harry Potter" serialı etirazlara səbəb oldu

17:32 16 noyabr 2026
“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

16:57 16 noyabr 2026
Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

16:24 16 noyabr 2026
Azərbaycanın "Şur" muğamı kosmosda

Azərbaycanın "Şur" muğamı kosmosda

16:12 16 noyabr 2026
“Rock & Roll Hall of Fame” gecəsində U2-nin sürprizi

“Rock & Roll Hall of Fame” gecəsində U2-nin sürprizi

15:57 16 noyabr 2026
Bakıda otura-otura Zəfər romanını necə yazmaq olar, yaxud pioner düşərgəsindən - Reportaj

Bakıda otura-otura Zəfər romanını necə yazmaq olar, yaxud pioner düşərgəsindən - Reportaj

15:00 16 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər