news-inner
clock12:21 calendar-gray 18 Dekabr 2012 view-gray1446 dəfə oxunub
view-gray1446 dəfə oxunub

Məşhur türk şairinin oğlu Kulisə danışır

Turgut Uyar müasir türk şeirinin ən məşhur simalarından biridir. O 1950-ci illərdə Camal Sürəya, Edip Cansevər, Ece Ayxan kimi şairlərin başlatdığı “İkinci Yeni” adı ilə tanınan ədəbiyyat cərəyanının üzvlərindəndir. Kulis.az onun yazıçı-tərcüməçi Tomris Uyarla evliliyindən olan oğlu Hayri Turqut Uyar ilə müsahibəni təqdim edir.

- “Kloun” şeirinin Turqut Uyara aid olmadığı haqqında şaiyələr var. Amma nə qədər doğrudur, bunu bilmirəm.

- Hə, ona aid deyil.

- Kimə aid olduğunu da bilmirsiz? Bunu kimin Turqut Uyar imzası ilə yaydığını da bilmirsiz?

- Yox, bunu kiminsə bilərəkdən Turqut Uyarın adına çıxardığını düşünmürəm. Oxuyanlar Turqut Uyarın olduğunu düşünüblər yəqin. Çünki, Turqut Uyarın da şeirlərinə çox açıq göndərmələr var. Buna görə Turqut Uyara aid olduğunu düşünüblər. Məncə, “Kloun”u yazan adamın hansısa qərəzi olmayıb. Əyləncə olsun deyə edib yəqin. Çünki, Turqut Uyarın şeirini bilən, oxuyan biri onun Turqut Uyara aid olmadığını az-çox təxmin edər. Orada Turqut Uyarın istifadə etməyəcəyi sözlər var. Yenə də deyirəm, o şeiri yazan adamın qərəzli olduğunu düşünmürəm. Təbii ki, həqiqəti də bilmirəm. Amma Turqut Uyarın şeiri olmadığı dəqiqdir.

- Atanızı necə xatırlayırsız? Ata-oğul münasibətiniz necə idi?

- Bu sualı soruşanlara eyni şeyi deyirəm. Başqaları üçün atası necədirsə, mənim üçün də atam elə idi. Özəl bir tərəfi yoxdur mənim üçün. Atam son dərəcə dürüst adam idi. İçinə qapalı idi, sosial adam deyildi. Çox ağıllı adam idi. Mənim üçün ata idi, ata-oğul münasibəti necə olursa aramızdakı münasibət də elə idi.

- Onu şeir yazanda görmüsüz? Necə olurdu yazanda? Xüsusi bir ruh halına girirdi?

- Heç görməmişəm. Xüsusi bir ruh halının olduğunu düşünmürəm. Həmişə çöldə olan uşaq olmuşam. Ya məktəbdə olurdum, ya da dostlarımla çöldə oyun oynayırdım, evdə oturan uşaq olmamışam. Amma bildiyim qədəriylə atam ağlına gəldikcə qeyd edən, zaman-zaman da beynində formalaşdırdıqdan sonra onları yazan biri idi. Xüsusi bir ruh halı olmayıb.

- Bir çox yazıçının həyatını oxuyanda, onlar yazmaq üçün xüsusi vaxtı gözləyirlərmiş. Yəni onların yazmaq saatları olubmuş. Kimisi səhər, kimisi gecə yazmağı üstün tutub.

- Əlbəttə, hər sənətçinin iş saatı, tərzi mütləq var. Məsələn, Edip əminin (Edip Cansever – L.N) otağı var idi və bəlli saatlarda otağına girib, orada çalışırdı. Bəziləri nizam-intizamla çalışar, bəzisi ilhamla yazarlar. Atam isə qeyd edirdi, onları zaman içində gözdən keçirib sonra beynində sistemləşdirib yazardı.

- Bəs ananız – Tomris Uyar?

- Anam tam əksinə, sosial, istiqanlı, hər kəslə çox tez səmimi münasibət quran insan idi. O da çox ağıllı, zarafatcıl idi. Onlar kimi adama çox az rast gəlmişəm. Anam kimi adama isə heç rast gəlməmişəm. Əlbəttə hamı üçün anası təkrarsızdır. Amma şəxsiyyət olaraq da çox rast gəlinən xarakterdə insan deyildi.

- Bəs Tomris Uyarın yazmaq üçün xüsusi iş saatı var idi?

- Anam bu barədə daha nizam-intizamlı idi. Atam qeyri dəqiq, nizam-intizamsız idi demək deyil bu. Amma anam bəlli saatlarda işləməyə başlayırdı. Anam tərcümə çox etdiyi üçün – o da yaradıcı işdir, amma çox plan tələb edən iş deyil – öz kitablarının üstündə işləyəndə qeydlər aparırdı. Amma mən onu tərcümə edəndə, ümumiyyətlə anamı iş başında daha çox görmüşəm. İş masası vardı, həmişə o masada çalışırdı. Amma xatırlayıram ki, anam atam kimi çox qeydlər aparmazdı.

- Oxuduğum qədəriylə Tomris Uyarın köməkçisi yox imiş. Bütün işlərini özü həll edirmiş. Bəlkə də daha sistemli çalışmağı bununla əlaqəli olub. Hər işi vaxtında bitirmək üçün sistemli çalışmaq lazımdır.

- Əlbəttə. Ona görə də saata diqqət etməli idi. Amma indiki nəslə o dövrün işləmək qaydasını anlamaq çətin gələr yəqin. Kompüterdəki kimi yazdığını silmək elə də rahat deyildi. O vaxtlar çap maşını vardı. Əvvəl ya əllə yazıb, sonra çap maşını ilə təmizə çəkməli, səliqəli yazmalı idiniz. Ya da anam kimi bir dəfəlik çap maşını ilə yazıb, redaktəni də, əlavələri və bu kimi düzəltmələri də çap maşını ilə etməliydin. Atam əllə yazıb, sonra çap maşını ilə ağlamaya köçürürdü. Ya da anamdan xahiş edirdi ki, o, çap maşını ilə köçürsün. Ona görə də o dövrdə bir yazının çap maşını ilə yazılması həmin yazının tamamlandığı mənasına gəlirdi.

- “İkinci Yeni”lərdən kimləri görmüsüz?

- Edip Cansevər, Camal Süreya, Ece Ayxan, İlhan Berk, Ülkü Tamer və başqaları. Kim var idisə görmüşəm.

- Bəs onları necə xatırlayırsız?

- Tək-tək demək çətindir, digərlərini adını unudaram deyə qorxuram. Hər kəsin öz hörməti var idi təbii, hamısını da sevərək xatırlayıram. Fərqli adamlar idi. Mən uşaq idim, bir uşağın dünyası içərisində hamısını sevərək xatırladığıma görə yeri gələndə mənimlə oynayan, yaxşı davranan Mətin Altıok, Mətin Əroğlu, sadəcə “İkinci Yeni”lər deyil, Fetih Naci də vardı. Naci əmi mənim üçün yaxın olduğumuz, xatırladığım insanlardan biridir.

- Camal Sürəyanın Tomris Uyara məktubları var imiş. Tomris Uyar bu məktubların yarısını özü yox edib, qalanlarını yox etməyi də sizə tapşırıb.

- Anamın şəxsi məktubları çox idi. Atamla bir-birlərinə yazdığı bir çox məktubu vardı. Amma onların hamısını oxumadan cırıb atmışam. O məktubların arasında Camal Sürəyanın da məktubları olubmu, bilmirəm, fikir verməmişəm. Məktublara baxırdım, şəxsi olduğu yazılanları cırıb, atırdım.

- Tomris Uyar məktublarına, əsərlərinə dair etdiyi vəsiyyəti vardı- şəxsi məktublarım, əsərlərim ekranlaşdırılmasın -deyə. “Əsərlərimi əvvəldən söz vermədiyim adamlardan başqa heç kim istifadə etməsin. Əgər istifadə edilsə, mütləq oğluma göstərsinlər” deyib.

- Şəxsi məktubları barədə dedikləri doğrudur. Amma film çəkməsinlər, istifadə etməsinlər deyə bir şey doğrudan da deyibmi, bilmirəm. Belə şey dediyini düşünmürəm doğrusu. Bəlkə də arada nəzərdən qaçırdığım olub. Amma mənə şəxsən belə bir şey deməyib. Tomris Uyar hardasa deyibsə belə, bu dedikləri nə qədər doğru şərh edilib, onu da bilmirəm. Tomris Uyarın mən icazə vermədən istifadə edilməsin deməsi inandırıcı gəlmir. Bəlkə də mən yanlış xatırlayıram. Amma mənə şəxsən belə bir şey deməyib. Bəlkə də hansısa müsahibəsində deyib. Amma məncə, çox vacib olsaydı mənə bu barədə nəsə deyərdi.

- Siz məktubları cırıb atdığınızı deyəndə onun vəsiyyətinə əməl etdiyinizi sandım.

- Yox, anam onsuz da şəxsi məktubları yox etməyi tapşırmışdı. Şəxsi məktublardır çünki. Amma belə, istifadə edilməsin dediyinə inanmıram. Çünki, bu hal keçicidir. Nə qədər qoruna bilər ki?

- Turqut Uyarın birinci evliliyindən olan uşaqları ilə görüşürdünüz? Bəs indi necə, əlaqəniz var?

- Əlbəttə. Qardaşımı və iki bacımı da tez-tez görürdüm. İndi bacılarımdan biri Giresunda olduğu üçün onu tez-tez görə bilmirəm, qardaşımı da həmçinin. Amma digər bacımla tez-tez danışırıq telefonda, işlərin çoxluğuna görə görüşə bilmirik çox.

- Tomris Uyar və Turqut Uyar yaradıcılığı...

- İkisini də oxuyuram. Amma ən sevdiklərim arasındadırlarmı, olmaya da bilərlər (gülür). Bəlkə də tanımağın verdiyi rahatlıqdır bu. Onlarla böyümüşəm axı. Amma heç vaxt bir yazıçını, ədəbiyyatçını bütün yazdıqları ilə sevirəm demirəm. Bəyəndiklərim olduğu kimi, bəyənmədiklərim də ola bilər. Həmçinin onların ədəbiyyatını dəyərləndirməkdə mənim üçün fərqli, xüsusi bir hal yoxdur.

- Bəs onların haqqında yazmağı, onlara aid xatirələrə nəsə əlavə etməyi düşünmüsüz?

- Yox, xatirə tərzində bir şey fikirləşmirəm. Mənə elə gəlir xatırladıqlarım bir kitabı dolduracaq qədər deyil. Mənə yazacaq qədər xüsusi gəlmir çünki. Mənə tez-tez deyirlər ki, hansısa xatirəni danış. Mənə xüsusi görünmədiyi üçün anamla, atamla harasa getməyimizi danışa bilmirəm. Edip Canseveri məsələn, çox gördüm, amma Edip əmi ilə əlaqəli xatirəni danış deyəndə, mənə anladılacaq bir şey kimi görünmür. Adi günlərdən biridir də. Məsələn restorana getmişik, bunda anladılacaq bir şey yoxdur, axı (gülür).

- Bir xatirə danışın desəm?

- Atamın ayağı qırılanda Çapada xəstəxanada yatırdı. Edip əmi də o vaxt təzə maşın almışdı, amma maşın sürməyi hələ təzə-təzə öyrənirdi deyə yaxşı sürə bilmirdi. Xəstəxanaya getdik, atamı ziyarət edib geri qayıdırdıq, Çapadan Etilərə qayıtmalı idik. Amma Edip əmi həm maşın sürməyi, həm də yolları yaxşı bilmədiyinə görə birinci Beyazitin arxa küçələrində itdik. Bu dəfə də Etilərə geri qayıdacağıq deyə Bəyləbəri tərəfdən qayıtmalı olduq. Bu mənə əyləncəli gəlir hələ də. Amma bilmirəm başqalarına nə qədər əyləncəli görünə bilər (gülür).

- Tomris Uyarın yazdıqlarını birinci göstərdiyi adamlardan biri də Edip Cansever imiş. Edip Cansever öldükdən sonra isə Tomris Uyar içinə qapanır. O dönəmi xatırlayırsız?

- Əlbəttə. Amma o dönəmlərdə Edip əmi ölməmişdi. Atam da ölmüşdü, Aylin adlı çox yaxın dostu vardı, o da ölmüşdü. Edip Canseverin ölümü ilə artıq ətrafında kimsə qalmadı, yalnız qaldı. Depressiv bir dönəm oldu. Amma yazdıqlarının mənası qalmadı deməyək buna, anlatmaq istədiyi bir şey varsa anlatdı, yazdı onsuz da. Yazmağa davam edirdi.

- Sizin evdə də məclislər olurdu? Yığışırdılar?

- Bizim evdə də olurdu. Amma başqa yerdə yığılanda atam çox getməzdi. Edip Canseverlə isə çox yaxın dost olduqlarından onların evinə gedərdik, onlar bizə gələrdi. Birlikdə harasa gedirdik. Onsuz da onların hamısı eyni dost çevrəsindən idi.

- Valideynlər adətən uşaqlarını hansısa sahəyə yönəltməyə çalışırlar. Hansısa peşəni məsləhət görürlər.

- Mənim üçün peşə seçimi etməmişdilər. Riyaziyyat və mühəndisliyə olan marağımdan razı idilər. Heç vaxt “filan sahəni seç” deməyiblər.

- Yazdıqlarını bir-birlərinə göstərirdilər yəqin.

- Əlbəttə. Həm anamla atam arasında, həm də Edip əmi ilə belə şeylər görmüşəm. Belə hallarda çox səmimi, hətta sərt tənqidləri olurdu. Edip Cansevərlə bir-birinin yazdıqlarını çox sərt tənqid etdiklərini görmüşəm. Amma professional olduqlarından inciklik olmurdu.

- Tənqid olan yerləri yenidən işləyirdilər, ya həvəsdən düşüb eləcə də buraxırdılar?

- Məncə dəyişdirirdilər, yenidən işləyirdilər. Turqut Uyar şeiri texniki baxımdan çox yaxşı bilən şair idi. Ədəbiyyat biliyi, təcrübəsi çox yaxşı olan, çox oxuyan biri idi. Mənə ən çox təsir edən tərəflərindən biri də peşəsinə özünü bu qədər çox həsr etməsi, özünü bu qədər yorması idi. Mən də eləyəm və bunu ondan öyrənmişəm.

- Hansı daha sentimental, romantik idi?

- Atam sosial adam deyildi. Bu yöndən baxılanda anam daha duyğulu insan kimi görünürdü. Romantizm yox, Turqut Uyarın romantik olduğunu düşünməmişəm doğrusu. Atam çox qısqanc, monoqam adam idi. Anam daha rahat, sosial, insanlarla səmimi, ilk dəfə gördüyü biri ilə səmimi ünsiyyət quran biri idi. Amma atam özünü sanki sığortalayırdı.

- Hansının əl yazıları sizdə qalıb?

- Atamın əl yazıları çox deyil. Atam ölümündən sonra hamısının yox edilməyini istəyib. Ona görə də bir-iki dənə qalıb, onlar da şeir deyil, eləcə yazılardır. Amma anamın gündəlikləri var.

- Onları yayımlamaq fikriniz varmı?

- Yox, onları da digərləri kimi cırıb ataram yəqin (gülür). Şəxsi yazılardır çünki. Hələlik bəzi sentimental səbəblərə görə atmıram. Amma sonra atacam. Gündəliklər şəxsidir çünki. Mən də oxumamışam onları. Bəlkə məndən də şikayət yazıb orda (gülür). Dəqiq bilmirəm, çünki oxumamışam.

- Maraqlı deyil sizə?

- Maraqlıdır əlbəttə. Amma zaman içində maraqlanmamağı öyrənirsiz. Mənə Turqut və Tomris Uyarın sevgi məktubları necə maraqlı olmaya bilər? Amma maraqlanmamalı, oxumamalıyam. Onların arasındakı şəxsi şeylərdir bunlar. Mən də istəmərəm mənim şəxsi yazışmalarımı kimsə oxusun. Ona görə də heç birini oxumamışam.

- Şəxsi məktublar, gündəliklərdən başqa nəsə yazıları, şeir, hekayələri qalmayıb?

- Var-var. Şəxsi olmayan şeyləri atmaram. Turqut Uyarın ancaq bir əsəri qalıb. Heç özü istəmirdi saxlayaq. Tam oxumamışam deyə, bilmirəm nədir. Sadəcə baxmışam, xatırladığım qədəriylə şəxsi deyildi. Amma dəqiq xatırlamıram. O dövrdə onsuz da çap maşınıyla yazırdı. Əl yazısı şəklində qalması, həmin yazının bitirilməmiş olduğunu göstərir. Turqut Uyar və Tomris Uyarın bir-birinə olan məktublarını atmışam, amma onlara başqalarının yazdığı məktublar da var. İlhan Berkin əl yazısı ilə Turqut Uyara yazdığı məktubu var. Amma onları da atacam (gülür). Tomris Uyar və Turqut Uyarın bir-birinə yazdığı məktubları atmağımın da səbəbi şəxsi olduğu üçün idi. Amma digər məktubları bilmirəm hələ. Əlbəttə şəxsi olan hər yazını atacam. Başqa çarə yoxdur. Amma məsələn Camal Sürəyanın Turqut Uyara çap maşınıyla yazmış olduğu, ədəbiyyatla bağlı bir məktubu var. Onu atmamışam. Onu gələcəkdə hansısa universitetin ədəbiyyat fakültəsinə həm tarixi, həm də ədəbi mətn kimi verməyi düşünürəm. Sağlığımda vermərəm, əldən çıxartmaq istəmirəm. Yəqin səhhətim pisləşəndə verərəm (gülür) .

- Nəşriyyatlardan onları yayımlamaq üçün təklif gəlib!?

- Hə. Amma anamla atam açıq-açıq deyiblər vaxtında, bunu istəmədiklərini.

- Şəxsi əşyaları qalır?

- Qalır, təbii. Məşhur böyük saat, çap maşınları.

- Turgut və Tomris Uyarın adına açdığınız sayta fotolar yerləşdirmisiz. Onlar sizdə olan fotoların hamısıdır, ya qalanları var?

- Bəziləri qalır, amma çox deyil. Məsələn bir gündə çəkilmiş iki fərqli şəkil var. Onların ikisini də sayta qoymağın bir mənası yoxdur. Amma qaynaq yaranması üçün qalan digər şəkilləri vaxt tapdıqca əlavə edəcəm.

- Turqut Uyar şeirlərini yüksək səslə oxuyardı və ya dostlar yığışanda şeir oxuyardılar?

- Hə yığışanda oxuyurdular. Amma Turqut Uyar oxumazdı. O, yüksək səslə şeir oxumağı sevmirdi. Öz şeirlərini oxumağı heç sevməzdi. Bəlkə bir neçə dəfə başqasının şeirlərini oxuyub, amma öz yazdıqlarını oxumazdı. Sevmirdi bunu.

- Edip Cansever, Camal Sürəya necə?

- Camal Sürəyanı da çox oxuyan görməmişəm, amma o da sevirdi. Edip əmi də öz şeirlərini oxumağı sevirdi.

- Onların özündən sonraya əlyazmalarının qalmasını istəməməyinizin səbəbləri nə ola bilər?

- Dediyim kimi, çap maşını ilə yazılmamış yazı, əl yazısı ilə yazılmış halda qalan yazı hələ bitirilmiş yazı mənasına gəlmir. Bu baxımdan heç kim yarımçıq işi ilə tanınmaq istəməz.

- Kafka yazılarının yandırılmağını istəsə də Maks Brod onları eləmişdi.

- Hə, bu ədəbiyyatda olan məsələdir. Kafka da buna misaldır. Maks onun əsərlərini çap etməsəydi Kafka tanınmayacaqdı. Bu baxımdan Maks yaxşı ki, bunu edib. Amma məncə, bu çox böyük məsuliyyətdir. Mən bu məsuliyyəti götürə bilmərəm (gülür).

- Amma Turqut Uyar onsuz da tanınan biri idi. Yəni imzasının gücü bəlli idi. Yarımçıq qalmış şeirlərinin onun haqqında mənfi fikir yaradacağını düşünmürəm.

- Turqut Uyarın çox əl yazısı, yarımçıq şeirləri qalmayıb. Son dövrlərində çox yazmırdı. Turqut Uyar işini çox ciddi dəyərləndirən biri idi. Misal üçün kafedə oturduğu yerdə kiməsə nəsə yazıb verməzdi. Bu baxımdan nizam-intizamlı idi. Ona görə də yarımçıq qalan çox şeiri olmayıb.

- Şeir gecələri keçirilirdi? Oxucu-yazıçı münasibəti necə idi?

- İmza günləri o dövrdə yazıçılar üçün xoş olmayan günlər idi. Ədəbiyyatçılar imza günlərini sevmirdilər. Çünki gedib 3 saat otururdular, amma 5 nəfər gələrdi, ya gəlməzdi. O dövrdə ədəbiyyatla maraqlanan çox az adam var idi.

Hətta Edip Cansevərin belə bir xatirəsi vardı. İmza günü idi. Biri əlində Edip əminin “Petrol” kitabı gəlib imzalatdıranda Edip əmi də söhbət olsun deyə “Kitabıma marağınız hardandır?” deyə soruşub. Adam da mən neft mühəndisiyəm, ona görə marağımı çəkib deyib (gülür). Yəni məsələ bu qədər acınacaqlı olub.

Bir də Turqut Uyar içinə qapalı adam olduğuna görə oxucularıyla vaxt keçirməyi çox sevməzdi. Amma Camal Sürəya, Edip əmi sevərdilər. Onlar oxucularıyla söhbət etməyi xoşlayırdılar. Atam isə çəkingən adam idi. Eləcə təşəkkür edirəm deyirdi. Anam da oxucularla ünsiyyət qurmağı sevərdi. Tomris Uyara oxucu yaxınlaşıb, xoş sözlər deyəndə Tomris Uyar təşəkkür edib, mövzunu özünə çevirmədən, oxucu ilə maraqlanar, xoş söhbətlər edərdi. Çox istiqanlı qadın idi.

- Onların son günlərini xatırlayırsızmı?

- Hə, çətin günlər idi (bu barədə danışa bilmədi).

Oxşar xəbərlər

Xəbər lenti

“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020