Nazpəri Dostəliyeva: "Allah bilir, o ermənidə mənim disklərim də olub - Müsahibə

Nazpəri Dostəliyeva: "Allah bilir, o ermənidə mənim disklərim də olub - Müsahibə
16 noyabr 2020
# 12:44

27 il sonra işğaldan azad olunan Şuşa şəhərində erməniyə aid bir mənzildən Xalq artisti Nazpəri Dostəliyevanın fotosu çıxıb. Əsgərlərimiz tərəfindən lentə alınan həmin kadrlar sosial şəbəkələrdə gündəm olub. Sözügedən kadrla bağlı Nazpəri Dostəliyeva ilə həmsöhbət olduq.

- Nazpəri xanım öncə qələbə münasibətilə sizi təbrik edirəm. Necə hisslər yaşayırsınız?

- Çox qəribə hisslər yaşayıram. Həm kövrəyəm, həm sevincli. Amma hisslərim daha çox sevincə bağlıdır. Allaha şükürlər olsun torpaqlarımızı geri qaytarmışıq, qələbə bizimdir. Başımız uca, alnımız açıqdırsa insan özünü xoşbəxt hiss etməlidir.

- Hər kəsin Qarabağla bağlı bir əhdi olub. Siz nə əhd etmişdiniz?

- Qarabağla bağlı ən birinci əhdim o olub ki, torpaqlarımız işğaldan azad olunsun. Çünki dünyanın hansı ölkəsində oluruqsa olaq, səhnəyə çıxıb Qarabağdan danışanda boynumuz bükülü olurdu. İnanın ki, mən heç vaxt “Şuşanın dağları” mahnısını oxumurdum. Əhd etmişdim ki, Qarabağ, Şuşa işğaldan azad olunsun mən o mahnının oxuyum. Özümə söz vermişdim, Şuşa azad olmayınca mən “Şuşanın dağları” mahnısını ifa etməyəcəm. İlk gedəcəyim yer mütləq Şuşa olacaq.

- Nazpəri xanım Şuşada bir erməni evindən sizin şəkiliniz çıxıb. Həmin videonu izləyəndə hansı hissləri keçirdiniz?

- Allah bilir, mənim o evdə disklərim də olub (gülür). Yəqin qaçanda “yazıq” ermənilər onları götürməyi unudub.

- Mən o videonu görəndə ilk ağlıma gələn sual bu oldu ki, nə əcəb indiyə qədər ermənilər “Nazpəri də bizimdir” deməyib?

- O qələti edə bilməzlər (gülür). Onlar o qədər əzik xalqdır ki, hətta düşmən dedikləri xalqın sənətçisini sevib, şəkilini əzizləyib saxlayırlar. Bilirsiniz bu nə deməkdir? Bu o deməkdir ki, onlar həmişə bizim qarşımızda məğlubdur. Bu Azərbaycan sənətinin uğurudur həm də. Bu həm də onu göstərir ki, onlar ömür boyu bizimlə birlikdə yaşamağın həsədini çəkiblər. İstəsəydilər Amerika estradasının ifaçılarına meyl salardılar. Amma məhz düşmən hesab etdikləri xalqın sənətçisinə pərəstiş edirlər. Mənə ən çox fotonu orda görən əsgərlərin reaksiyası ləzzət elədi. O qurbanı olduqlarım necə sevinclə “Aaa! Nazpərinin şəkili!” deyib heyrətlənirlər.

- Nazpəri xanım, fotoya diqqət etdim, sizin 90-cı illərdə çəkilən fotonuzdur.

- İnanırsınız, o fotodan heç mənim özümdə yoxdur. Mən həm də ona diqqət etdim ki, onlar o fotonu necə səliqə ilə saxlayıb, baş köşələrinə vurublar. Zarafatı bir kənara qoyaq, açığını deyim ki, bu məni təəccübləndirmir. Çünki mən İsraildə, Almaniyada olanda dilimizi bilməyən əcnəbilərin evlərində bir Rəşid Behbudovun vallarını gördüm, bir də balaca maqnitofon kasetləri gördüm. Soruşdum, bunlar kimin kasetləridir? Dedilər, Nazpəri xanım, sizin kasetlərinizdir. Bir də Londonda gördüm bu şeyi. O yad ölkələrdə əcnəbilərin evlərində bunları görəndə qürur hissi keçirmişdim. Bu gün özümlə fəxr edirəm ki, Azərbaycanın Xalq artisti olaraq Azərbaycan musiqisini bütün dünyaya, hətta düşmənlərimizə belə sevdirə bilmişəm. Bu mənə olan sevgi deyil, bu mənim sənətimə, Azərbaycan musiqisinə olan sevgidir. Mən xoşbəxtəm ki, bu gün ən böyük arzuma çatmışam. Qarabağımız, Şuşamız düşmən tapdağından xilas olunub. Mən xoşbəxtəm ki, bu gün bizim İlham Əliyev kimi prezidentimiz var. Mən xoşbəxtəm, fəxr edirəm ki, mən azərbaycanlıyam. Xoşbəxtəm ki, bu gün hamımız ucalan bayraqlarımızın altında alnı açıq, üzü ağ dayanırıq. 27 ildir əzilən qürurumuzu, şəxsiyyətimizi, kişiliyimizi xilas etmişik. Əlbəttə ki, şəhidlərimizin qanı bahasına. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid analarının qarşısında baş əyirəm. Onlar elə övladlar böyütdülər ki, bu gün torpaq uğrunda ölümə birbaşa getdilər.

- Nazpəri xanım, müharibə getdiyi günlərdə cəbhə bölgələrində oldunuzmu?

- Əlbəttə oldum. Tərtərdə oldum. İnandırım sizi, bizim apardığımız sovqatlar onları qətiyyən maraqlandırmırdı. Onlar ancaq silah təmizləyirdilər, düşməni məhv etmək üçün irəli getmək haqqında düşünürdülər.

- Müharibənin məhv edə bilmədiyi nadir şeylərdən biri də musiqidir. Hətta savaşın ortasında belə musiqi susmur. Bu müharibədə biz gözəl avazlı əsgərlərimizin ifalarını eşitdik. Siz o ifaları eşidəndə nə düşündünüz?

- Musiqinin qüdrəti böyükdür. Mən getdiyim cəbhə bölgələrində onların qarşısında Azərbaycanla bağlı mahnılar oxudum. Mənim müşayiətsiz ifa etdiyim mahnıların sədaları altında onlar elə bil üsyan edirdilər, irəli getməyə çalışırdılar. Mən o ifa edən əsgərləri bəlkə yüz dəfə təkrar-təkrar dinləmişəm. Belə də olmalıdır. Onlar hamısı Qarabağdan köçkün düşən uşaqlardır. Maşallah, bu gün böyüyüb öz torpaqlarını işğaldan azad edirlər. Bu ifalar onların qürur hisslərinin ifadəsidir əslində. Onlar necə sevinirlər, xoşbəxtdirlər. Onların xoşbəxtlik hissləri ifa etdikləri musiqilərlə bütün Azərbaycana yayıldı. Mən o igidlərin hər birini öpüb bağrıma basıram.

# 4343 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
# # #