Qapılarda nökərçilik etdi, həbsə düşdü, qızına görə Siyavuş Aslanı döymək istədi – Məşhur aktyorun həyatından maraqlı faktlar

Qapılarda nökərçilik etdi, həbsə düşdü, qızına görə Siyavuş Aslanı döymək istədi – Məşhur aktyorun həyatından maraqlı faktlar
15 may 2021
# 17:30

Bu gün Xalq artisti, teatr və kino aktyoru Rza Əfqanlının anım günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Rza Rüstəm oğlu Cəfərzadə 1889-cu il mayın 15-də Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub. İki yaşı olanda atası dünyasını dəyişir. Erkən yaşında bir tikə çörək üçün qapılarda nökərçilik edir, mülkədarların qoyun-quzusunu otarmağa məcbur olur.

***

Güzəranının çətinliyi onu 1912-ci ildə Bakıya gətirir. Lakin o, taleyinin Bakı həyatı ilə də barışa bilmir. Ona görə də 1916-cı ildə Pyatiqorski şəhərinə gedir. Ancaq orada da həyat üzünə gülmür. Dəmiryol vağzalında çalışır - yük daşıyır. Pinəçilk edir. Çox keçmir, necə olursa rus ordusuna hərbi xidmətə çağırılır.

Rza Əfqanlı səmərəli nə isə bir iş görmək istəyir. Yaşamaq üçün ora-bura çox qaçır, çalışır. Ancaq bir şey hasil edə bilmir. Taleyin hökmü ilə yenidən Bakıya qayıdır. Neft mədənlərində işə düzəlir. Eyni zamanda Sabunçu qəsəbəsindəki dram dərnəyinə üzv yazılır. O, özü deyirmiş: “Gənc yaşlarımdan el şənliklərində keçirilən xalq oyunlarına böyük marağım olub. Ürəyimdə çox istəmişəm həmyaşıdlarıma qoşulub həmin oyunlarda iştirak edim. Lakin buna heç vaxtım olmamışdı. Bəlkə də elə buna görə tale onu yenidən Bakıya qaytarır”.

***

Dram dərnəyində onun bir neçə maraqlı çıxışı diqqətdən yayınmır. çox keçmir Mərkəzi Səyyar Teatrında işə düzəlir. Mətn əzbərləmək qabiliyyəti, onu obrazın xarakterinə uyğun şəkildə söyləməsi, səhnədəki jestləri rejissorların da diqqətini çəkir. Beləliklə, 1923-cü ildə Milli Dram Teatrın truppasında işə götürülür. Eyni zamanda təhsil almağı da unutmur. 1926-cı ildə Bakı Teatr Məktəbini bitirir.

Otuzuncu illərdə İran vətəndaşlarını geriyə deportasiya edirlər. Əfqanlı aktyor olduğu və teatrda çalışdığı üçün qalır. İrana dönmədiyi və İran vətəndaşlığından imtina etmədiyi üçün onu burada həbs ediblər. Həbsxana Azad Qadın heykəlinin yanında yerləşən və o vaxt “Karamel fabriki” adlanan bina olur. Həbsxananın pəncərəsindən baxanda Əfqanlı üzbəüz binada yaşayan Sona adlı bir bəy qızını görür. Ona möhkəm vurulur. Həbsxanadan çıxandan sonra həmin xanımı tapıb, onunla ailə həyatı qurur. Bu nikahdan onların Xumar adlı qızı dünyaya gəlir.

***

İkinci dəfə isə Rza Əfqanlı geyim üzrə rəssam olan Bədurə xanımla ailə qurub. O vaxtlar stol arxasında məşq prosesi zaman rol dəftərinə rəngli karandaşlarla səsin uzadılması, ucalığı, fasilə və sair ilə bağlı işarələr qoyularmış. Bədurə xanım rəssam olduğu üçün Əfqanlı məşqlərə o zamanlar çətin tapılan rəngbərəng karandaşlar gətirərmiş. Dəftərinin kənarına qoyanda hamı həsrət və qibtə ilə ona baxarmış.

Rza Əfqanlının üçüncü evliliyi isə teatrda rəqqasə olan Tahirə xanımla baş tutub. Bu evlilikdən aktrisa Ofeliya Aslan dünyaya gəlir. O, qızı Ofeliya Aslanın Siyavuş Aslanla ailə qurmasını istəmirmiş. O, bu barədə yaxın sənət dostu Əli Nura deyir: “Bir gün eşitdim ki, Quba Teatrının Siyavuş adlı aktyoru Ofeliyaya elçi gəlmək istəyir. Mən etiraz etdim. Dedim, baxmayaraq ki, özüm də aktyoram, amma səni artistə ərə vermərəm. O, sənin qədrini bilməz. Ofeliya məni eşitmədi, Siyavuşla ailə qurdu. Mən onun cehizini artıqlaması ilə verdim və həmişə əlim üstündə oldu. Bir gün Ofeliya mənim yanıma gəlib, gözüyaşlı yoldaşından gileyləndi. Mən axşam onlara getdim, Siyavuşun gəlməyini gözlədim. Ona dedim ki, qızımı aparıram. Mənə çox dil tökdü ki, dedi ki Ofeliyasız yaşaya bilməz. Mən qəflətən ayağa qalxıb, Siyavuşun yaxasından tutub, bir əlimlə divara dirədim ki, “Ayə, sən bilirsənmi, o, Əfqanlının qızıdır? Sən bilmirsən Əfqanlı kimdir?..”

Rza Əfqanlı bir gün piyada “Azad qadın” küçəsi ilə yuxarıya gedirmiş. Mircəfər Bağırov isə qara maşınla aşağıya doğru gəlirmiş. Onu görcək Bağırov sürücüsünə nəsə deyib. Sürücü maşının sürətin azaldıb. Bağırov şəhadət barmağını eynəyinin arasına sıxıb və diqqətlə Əfqanlıya baxıb. Rza Əfqanlı donub yerində qalıb. Çünki o, bilirdi ki, bu, parol idi. Bağırov kimi həbs etdirəcəkdisə, barmağını o cür edib, həmin adama diqqətlə, ilan kimi baxırdı. Maşın aralanana qədər Bağırov ona baxıb. Rza Əfqanlı çox pis vəziyyətə düşüb. Günlərlə teatrda, evdə səksəkəli gəzib ki, indi gəlib onu aparacaqlar. Ancaq bəxti üzünə gülüb, ona heç nə etməyiblər.

***

Kino üzrə ilk ordeni Stalinin əmrilə Bağırov özü əli ilə Rza Əfqanlının sinəsinə taxıb. Aktyor “Kəndlilər” filmində Bağırovun obrazını yaratmışdı. Buna görə də onu çox istəyirdi”.

1943-cü ildə Adil İsgəndərov onu yanına çağırıb “Otello” tamaşası üzərində işləməyi təklif edir. O, bu tamaşada Rza Əfqanlıya Otello rolunu həvalə edir. Aktyor razı olmur. Öz yerinə Ələsgər Ələkbərovu tövsiyə edir. Ancaq Ədil İsgəndərovdan sonra vəziyyət dəyişir. Teatra təzə direktor, baş rejissor gəlir. Bu ərəfdə Ələsgər Ələkbərov da dünyasını dəyişir. Bir gün direktor Rza əfqanlını çağırıb ona “Otello”nu yenidən bərpa etdiyini bildirir. Ancaq tamaşa ilə bağlı verilən qərarlar rza əfqanlının xoşuna gəlmir. Direktor isə ona ərizəsini yazıb teatrdan getməyi təklif edir. Aktyor elə də edir və teatrdan işdən çıxır.

***

Rza Əfqanlı 9 noyabr 1973-cü ildə Bakıda vəfat edib.

# 25595 dəfə oxunub

Oxşar xəbərlər

Sevgimin duet iddiası yalan çıxdı – Mahsun Kırmızıgülün menecerindən açıqlama

Sevgimin duet iddiası yalan çıxdı – Mahsun Kırmızıgülün menecerindən açıqlama

15:55 31 yanvar 2026
İbrani Bibliyasının ilk nüsxəsi, axirətə keçmək üçün sehrli mətnlər toplusu... - Dünyanın 7 qədim əlyazması

İbrani Bibliyasının ilk nüsxəsi, axirətə keçmək üçün sehrli mətnlər toplusu... - Dünyanın 7 qədim əlyazması

15:00 31 yanvar 2026
Bakıda Xalq artistinin oğlunu  döyən saxlanıldı

Bakıda Xalq artistinin oğlunu döyən saxlanıldı

12:37 31 yanvar 2026
"Bütün bunlar ya mənim başıma gəlib, ya da nə vaxtsa gələcək..." - Hekayə müzakirəsi

"Bütün bunlar ya mənim başıma gəlib, ya da nə vaxtsa gələcək..." - Hekayə müzakirəsi

12:00 31 yanvar 2026
Bakıda Xalq artistinin oğlunu döydülər

Bakıda Xalq artistinin oğlunu döydülər

11:18 31 yanvar 2026
Onlar da narkotikə görə saxlanıldılar

Onlar da narkotikə görə saxlanıldılar

11:00 31 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər