Salam, Şuşa!

Salam, Şuşa!
8 noyabr 2020
# 13:20

Salam, Şuşa!

Xoş gördük Səni.

28 illik ayrılıq Sənə də, bizə də ağır oldu, amma Sən daha çox əzab çəkdin.

Çünki yağı tapdağında, yağı əsirliyində idin.

Səni hansı sözlə, hansı musiqi ilə anlada bildilər ki, mən indi bu sevinci izhar eləməyə güc tapım.

İndi sözü sevinc göz yaşları deyir.

Deyirlər, Quranın canı Bismillah sözündə, Bismillah sözünün canı B hərfindəki nöqtədədir.

Eynən, Azərbaycanın canı Qarabağda, Qarabağın canı Səndədir.

Sənsiz Qarabağ - Qarabağ deyil, Qarabağsız Azərbaycan – Azərbaycan...

Azərbaycansız isə biz heç kimik.

Köləyik, qorxağıq, məzlumuq, əlacsızıq.

Demək, Sənsən varlığımızın əsası, ruhi müvazinətimizin istinad nöqtəsi.

“Aşıq Qərib” dastanında Şahsənəm 7 il qəribliyə gedən sevgilisinə belə deyir:

7 il dediyin xeyli ömdürdü
Get, Qəribim, sağlığınan gələsən...

7 il xeyli ömürdürsə, 28 il nədir?

Gəl, bu gün, son 200 illik tariximizdə misli görünməyən bu Qələbə Günü bu barədə düşünməyək.

Nələr çəkdik Sənsiz, necə yaşadıq, bunu Sənə anlatmağa vaxtımız çox olacaq.

Alnımızı daşlarına, əlimizi divarlarına, üzümüzü dumanlarına söykəyərək!

Xoş gəldin, Şuşa!

Səni bircə an da unutmadıq.

Sənsiz qocaldıq, öldük, şəhid olduq, xəstəlik tapdıq.

Amma bizə verdiyin qüruru və ləyaqəti itirmədik.

Hüzuruna üzüağ gəlmişik.

Sənə layiqik.

Sən Qarabağa, Qarabağ Azərbaycana layiq olduğu qədər.

Mərmilər sancılan daşlarını, torpaqlarını öpərək sağaldacağıq.

Gülümsə, doğma ana!

Duman yaylığını başından sal, qollarını geniş aç.

Bu gün qovuşmaların ən möhtəşəmini yaşayırıq.

Bu günü bizə yaşatdığı üçün göydə Allaha, yerdə Ali baş komandanımıza və ordumuza minnətdarıq!

# 5612 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
#
#
# # #