news-inner
clock12:49 calendar-gray 30 Oktyabr 2020 view-gray1486 dəfə oxunub
view-gray1486 dəfə oxunub

"Yazıq" ermənilərlə necə davranaq? - Sərdar Amin yazır...

Son illər tez-tez dilə gətirilən “informasiya müharibəsi” ifadəsinin önəmi müharibə başlayandan sonra daha aydın gözə dəydi. Bu günə qədər çox da ciddiyə almadığımız bu anlayış Azərbaycan ordusunun döyüşdəki zəfərlərinə adekvat olmayanda narahat olmağa başladıq.

Prezident İlham Əliyevin əksər zəfər xəbərlərini “Twitter” hesabından elan etməsi virtual platformanın, sosial şəbəkələrin bu tip situasiyalarda önəmini bir daha qabardır. Prezidentin analoji addımından sonra sosial şəbəkələr arasında siyasi-intellektual siması ilə daha çox diqqət çəkən “Tvitter” Azərbaycanda effektiv platformaya çevrildi.

Sosial şəbəkələrin yerli internet resurslarından ən böyük fərqi budur ki, biz bu məkanda xarici izləyicilərlə eyni otaqdayıq və buradakı davranışlarımız birbaşa hər kəsin diqqətini çəkir. Ordusu ön cəbhədən tarix yazan bir ölkə olaraq “arxa cəbhə” anlayışında bu gün böyük faiz pay sahibliyi qazanan sosial şəbəkələrdə necə davranmalıyıq?

İnformasiya təhlükəsizliyi, cəbhədəki məxfi planların sosial şəbəkəyə sızma ehtimalı və bu səbəblərdən yarana biləcək problemlər ölkə mediasında və dövlətin mətbu orqanlarında demək olar, hər saat səsləndirilir. Bu yazıda isə bizim atmamalı yox, atmalı olduğumuz addımlardan bəhs edəcəyik.

Təbii ki, informasiya müharibəsində dil bilgisi çox önəmlidir, xüsusilə də düşmənimiz Ermənistan olduğundan rus və ingilis dilləri bu gün həqiqətləri ifadə etmək baxımdan daha əlverişli vasitəsidir. Təəssüf ki, bu cəbhənin ön sıralarında gedəsi əsgər olmaq üçün dil bilgisi də yetərli deyil, gərək “darağ”ında yetərincə “güllə” də ola. Yəni deməyə sözün, effektiv informasiyan...

Bir ətək pul töküb öyrəndiyin dili düşmən mövqeyini müdafiə edən, yaxud neytral mövqe sərgiləyən məşhurların postlarında söyüş söyməyə xərcləyəcəksənsə, çox heyf.

Birincisi, söyüş təkcə onu ünvanladığın şəxsə qarşı yox, həmin şərhi, yaxud postu oxuyan hər kəsə qarşı hörmətsizlikdir və sən nəzərə almalısan ki, o şərhi təkcə söydüyün adama görə yox, haqlı mövqeyini çatdırmaq istədiyin digərlərinə görə yazırsan. Yəni post, şərh fərdi müraciət yox, mövqe sərgisidir, o mövqeni eyni anda minlərlə, hətta milyonlarla insan izləyə bilir. Belə yüksək tribunadan ya tutarlı söz deməlisən, ya da susmalısan. Ağzımızdan çıxan hər yanlış ifadə əksimizə işləyir.

İnformasiya müharibəsini kəskinləşdirmək, effekt əldə etmək üçün pərakəndə mübarizə yararlı üsul deyil. Yaxşı olardı ki, bu yöndə dövlət orqanları, azından ictimai fəal şəxslər müəyyən bir platrforma formalaşdırar, dil bilgisi və informasiya yükü olan müxtəlif könüllülər bu sahəyə cəlb olunar, onlar vəzifələndirilərdi. Biz bu kimi qruplaşmalarla informasiya müharibəsində hədəfə daha səlis zərbələr endirə bilərdik.

Əks halda, söyüş, təhqir, pafoslu məlumatlar, uydurulmuş informasiyalar bizi beynəlxalq ictimaiyyət qarşısında zəif göstərir. Təəssüf ki, analoji məqamlar bəzən ordumuzun uğurlarına belə kölgə salmadan keçmir.

Bu müharibədə bizim əksimizə olan daha bir məsələ məlumatsız insan xislətində olan zəifin tərəfində durma və ermənilərin özlərini əzəldən yazıq kimi göstərə bilmə bacarığıdır.

Onlar beynəlxalq ictimaiyyətdə belə təəssürat yaradıb ki, kasıb dövlət olduqlarına görə Azərbaycan iqtisadi və hərbi gücündən istifadə edərək onları yer üzündən silmək istəyir. Qeyd etdiyim “zəifə dəstək” təməl instinktindən irəli gələrək bir çox məlumatsız məşhurlar da sırf bu səbəbdən Ermənistanın halına yanır, azından virtual platformada onlara mənəvi dəstəyini ifadə edir.

Gəncədə, Bərdədə, cəbhədə Ermənistanın bəlli əməllərindən agah olan emosional azərbaycanlılar isə bu tip şərhlərdə “ermənilər hamısı qırılmalıdır”, “onlara dəstək verənlər də qatildir” kimi rəylər yazaraq düşmənin yaratdığı yazıq imicinə xal qazandırmış olur.

Çox diqqətli olmalıyıq, ordumuzun, dövlətimizin imicinə uyğun davranmalı, beynəlxalq ictimaiyyət müstəvisində empatiya qurmalı, məsələyə onların gözüylə baxmalı, atdığımız bütün addımları soyuqqanlı şəkildə ölçüb biçməliyik.

Əlimizdə polad kimi həqiqət var, bu həqiqətə malik bir şəxsin çox da kreativ olmasına ehtiyac yoxdur, emosiyalarını cilovlaya bilsin, yetər.

Belə məqamlarda bəyan etməliyik ki, güclü bəzən haqlı da olur. Həm də Azərbaycan bu gün Ermənistandan güclü ola bilməsi üçün 25 ildir səbr edib. Həqarətə, təcavüzə, sosial çətinliklərə, dözüb. Bu səbr bizə çox ciddi imtahanlar, dözüm, emosiyaları boğmaq nəticəsində başa gəlib.

Azərbaycan hazırkı hərbi potensialını, arsenalını formalaşdırmaq, döyüş meydanında hər həftə bir rayonu işğaldan azad edən orduya malik olmaq üçün uzun illər əziyyət çəkib.

Azərbaycanın Qarabağ problemi olmasaydı, ölkə tam gücünü daha innovativ sahələrə tətbiq edər, işğalın yaratdığı problem və bu problemi aradan qaldırmaq üçün lazım olan vaxtı və əməyi bu istiqamətdə sərf etməzdi.

Müharibədə bizim güclü tərəf olmağımız beynəlxalq aləmdə dezavantaja çevrilməli deyil.

Biz güclüyük və haqlıyıq!

Bütün dünyanın Azərbaycan sərhədlərinin daxilində olduğunu qəbul etdiyi bir torpağı terrorçulardan təmizləyirik.

İnformasiya müharibəsi sosial şəbəkə hesabı açıb müxtəlif dillərdə ordumuzun nailiyyətlərini paylaşmaqdan ibarət deyil. Ordu əlahiddə sahədir və orada baş verənlər yalnız barıt qoxusunda anlaşılan bir məsələdir. Virtual aləmdə hərbçiləri imitasiya etməyimiz effektiv üsul deyil.

Uzaq üfüqlərdə yaşayan yad adamlara bizim torpaq harayımız, həqiqətimiz, haqlı olaraq qazandığımız aqressiya anlaşıqlı gəlmir. Orada yaşayan soyuqqanlı insanlar təbii ki, bir an tez müharibənin bitməsini, insan tələfatının dayanmasını istəyir. Biz 7 üfüq bu yandan müharibəyə “Dur” deyən insanları söyəndə onlarda haqlı olaraq bizə qarşı neqativ fikirlər yaranır, əynimizə bizə yaraşmayan bir obraz biçilir.

Bizim üçün nə qədər yorucu olsa da, bir daha, amma bir daha onlara bu müharibənin Azərbaycanın son variantı olduğunu anlatmaq zorundayıq. Problemi dönə-dönə (oxu. kopiyalaya-kopiyalaya) haqqımızda yanlış fikirdə olan şəxslərə göndərməliyik. Aqressiv tonda danışmaq, fikrin təhqirlə ifadəsi qəti yolverilməzdir və birbaşa əleyhimizə işləyir.

Hiyləgər əks qütblə mübarizədə nə qədər haqlı olsan da, ağıl işlətməsən, olmur. Sərt bir nümunə: Ermənistan Bərdə və Gəncədə yaşanan olaylarda dünyasını dəyişən uşaqların, yaralıların fotolarını Xankəndidə yaşayan ermənilərinki kimi qələmə verir. Belə çətin situasiyada bizim bircə söyüşümüz onların bu addımının həqiqət kimi görünməsinin möhürü olur.

Başa düşüləndi, əgər çox aqressivsinizsə, hisslərinizi cilovlayıb ağlabatan fikir yürüdə beləcək durumda deyilsinizsə, beynəlxalq şəxslərin izlədiyi postlarda susa bilərsiniz, yaxud yaxın dostlarınızla söhbət zamanı ifadə edə bilərsiniz.

Biz özümüzün qəzəbini yaxşı başa düşürük, lakin kənardan bu başa düşülməyə bilər. Hesab edirsinizsə ki, onların başa düşməsi vacib deyil, biz ordumuzla bu işi başa çatdıracağıq, o zaman informasiya müharibəsi cəbhəsindən çəkilməlisiniz.

Sosial şəbəkə üzərindən aparılan müharibə hər an yeni bir sima qazanır. Məsələn, bu günə qədər erməni sosial şəbəkə fəalları bizim dildə səhifələr yaradıb bizi yanıltmaq istəyirdilərsə, artıq bu işi özlərinə qarşı çevirib, öz vətəndaşlarında ruh yüksəkliyi yaratmağa çalışırlar. Məsələn, Azərbaycandilli hesablar yaradaraq bizim dilimizdən öz vətəndaşlarına müsbət təsir edəcək, yaxud haqqımızda mənfi imic yaradacaq informasiyalar paylaşırlar.

Bütün bunlar o demək deyil ki, azərbaycanlı ictimai fəallar, sosial şəbəkə fenomenləri heç bir iş görmür. İnformasiya müharibəsində xeyli effektiv addımlar atılır və bu yazı da həmin addımlara dəstək xarakteri daşıyır.

Unutmayaq, hər gün bir az da realdan virtuala daşınan dünyanın önəmli sakinləri olmağı bacarmalıyıq.

Oxşar xəbərlər

Xəbər lenti

“Xəzər” jurnalının yeni nömrəsi işıq üzü görüb
18:55 01 Dekabr 2020
"DokuBaku" festivalında nümayiş olunacaq filmlərin sayı açıqlandı
18:12 01 Dekabr 2020
44 günlük Vətən müharibəsindən sənədli film çəkildi
17:30 01 Dekabr 2020
Sami Yusif Laçınla bağlı paylaşım etdi - Foto
17:07 01 Dekabr 2020
Demə ki, qaçqınsan, yoxdu məkanın... – Şərif Ağayarın Laçın şeirləri
16:50 01 Dekabr 2020
Sevgi məktublarını xanımından gizləyən Məmməd Araz - Maraqlı faktlar
16:00 01 Dekabr 2020
"Babamın məzarına çiçək gətirəcəm ordan" - Laçınlı məşhurlar danışır...
15:09 01 Dekabr 2020
Sovet dövründə poeziya evinə çevrilmiş məscidimiz - Mamayı
14:28 01 Dekabr 2020
Laçında bərpa ediləcək abidələrin sayı açıqlandı
13:49 01 Dekabr 2020
ƏSA Teatrı qələbə münasibətilə sosial çarx hazırladı - Video
13:12 01 Dekabr 2020
Laçınlı şairin atasının sevincdən ürəyi dayandı
12:34 01 Dekabr 2020
Qarabağa böyük köç başlanmışdı – Azər Qaraçənlidən möhtəşəm qayıdış hekayəsi
12:11 01 Dekabr 2020
"Naoborot qızışıyoruz” - Müharibə vaxtı yaranan məşhur ifadələr
11:27 01 Dekabr 2020
Xalq artisti vəfat etdi
10:48 01 Dekabr 2020
Gənc şair Azərbaycanı Makedoniyada təmsil edəcək
10:17 01 Dekabr 2020
Arif Babayev koronavirusa yoluxdu
09:46 01 Dekabr 2020
Daşaltıdan ölüm xəbəri gələn Vüqar – Yeni hekayə
08:57 01 Dekabr 2020
Kukla Teatrı dekabr repertuarını açıqladı
18:56 30 Noyabr 2020
Ukraynada Müslüm Maqomayevə həsr olunan beynəlxalq müsabiqə keçiriləcək
18:24 30 Noyabr 2020
Qonkur mükafatının qalibi açıqlanıb
17:42 30 Noyabr 2020