Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri

Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri
27 oktyabr 2020
# 17:47

Kulis.az tanınmış şair Sevinc Elsevərin müharibə mövzusunda qələmə aldığı şeirləri təqdim edir.

Xocalıdan sonra

Xocalıdan sonra
Gecələr gecə olmadı
Qaranlıq zindan oldu
Xocalıdan sonra
Çox qar yağdı
Heç birində əylənə bilmədik ürəyimizcə
Yağan hər qar
Xocalını xatırlatdı
Orda öldürülən uşaqların qanıyla qarışıb
Göylərə qayıdan qardı
Təzədən başımıza yağırdı...

Körpə balam
Təkcə qocaları
Uşaqları
Qadınları
Kişiləri öldürmədilər
İnsanlığa inamımızı öldürdülər
Sabaha,
Hər şeyin yaxşı olacağına inamımızı güllələdilər...

Özümüzə inamımızı vurdular
Sən baxma televizora
Üzünü o yana çevir
Qorxulu şeylər göstərirlər
Xocalını göstərirlər

Xocalıdan sonra
Xəbər gəldi ki
Mingəçevir SES-ni partladacaqlar
Su basacaq kəndimizi
“Görəsən, tez xəbər tutarıqmı
Qaçıra bilərikmi arvad-uşağı ölümün pəncəsindən?!”
Eşitmişdim atam əmimlə dərdləşəndə
Qorxudan ürəyimi yeyirdim
Gizlicə hamama keçib
Balaca vannada üzməyi öyrənirdim...

Sən baxma televizora
Üzünü o yana çevir
Qorxulu şeylər göstərirlər
Yenə Xocalını göstərirlər

Xocalıdan sonra
Dayımı gördüm televizorda
Həyatında ilk və son dəfə televizora düşmüşdü
Sevincini kəndə telefon açıb anama uçurtmuşdu:
“Bacı, baxarsız ha, məni televizora çəkiblər
Şəhidlər Xiyabanında”
Uşaq ağlımla sevinmişdim
Özümü indi də bağışlamıram

Sən baxma televizora
Körpə balam
Sən oyuncağınla oyna
İnamla böyü
Televizorda gördüklərin səni qorxutmasın
Xocalıda insanlar insanları öldürmədi ki...
Heç adam da adamı öldürərmi?!
Sənin kimi mənə də
Öyrədilən ilk kəlmədi “cızza!”
Əlin yanar, toxunma!
Ürəyim od tutub yanır, balaca
Sən baxma televizora
Üzünü o yana çevir
Cızza!!!

Qəhrəmanın fotosu

Həyat şirin deyil qəhrəman,
yaşamaq şirindisə də...
həyat acılarla dolu.
ağrılarımızdı bizə sevdirən hər şeyi
mədəmiz qazınmasa
aclığı bilməzdik
nemətləri sevməzdik...
ciyərimiz yanmasa
suya tapınmazdıq
qaranlıqlara ilişib yıxılmasaydıq
işıq dirəkləri sancmazdıq torpağın bağrına
kilometrlərcə...
həsrəti olmasaydı sevgililərin
sevərmiydik bu qədər
vurulmasaydıq düşmən əliylə
vətən nədi
dostluq nədi bilərmiydik heç...
həyat acılarıyla
şirini daddırır bizə...

Şəkillər çəkdir, qəhrəman
hamısında gülər görüm üzünü
gülən xatırlasınlar səni indi və həmişə...
silahını bir yana qoy
fotoqrafa tuşlama
sənə milyonlar baxacaq
milyonlara tuşlama...

Yoxsa silahla rəsmini cızacaq rəssamlar
heykəlini yonacaq heykəltəraşlar
şəhərin baş küçəsində...
silahla çıxma uşaqların qabağına
qorxudarsan
varsın silah nədi bilməsinlər
silahların gərək olmadığı zamanlarda
qəhrəman olmağı öyrənsinlər...

Gün gələcək
döyüş maşınları
bütün silahlar
tarixin bir köşəsində
muzey əşyalarına çevriləcək
qılınclar, qalxanlar, dəbilqələr kimi...
əlindəki oyuncaq avtomatla
qəfil qarşısına çıxanda oğul balalar
qorxmayacaq analar
silahların bir də heç vaxt
işə düşməyəcəyinə əminliklə
gülüb keçəcəklər...

Gülümsə, qəhrəman
rəngli olsun bu şəkil
yaşıllıqlar içində
üzün çiçək kimi açsın
əgər son fotodursa da
bu foton sənin
sülh naminə savaşdığının sübutu olsun!

***

Bakıda Animasiya festivalına
aparmışdım uşaqlarımı
Xocalıya həsr olunmuş
film başlayanda
çıxardım uşaqları zaldan
istəmirdim belə vəhşi dünyada
yaşadıqlarını salsınlar yada
qapının dalında
qap-qaranlıq, soyuq zalda
fəryad edirdi adamlar
uşaqlar

Utanırdım o səslərdən
sanki o adamları
indi
bu an
bu zalda
doğrayırdılar
asırdılar cəlladlar

Mənsə qulaqlarımı bağlayaraq
onların fəryadına susurdum...

Qətl bitdi!
uşaqlarla kinozala qayıtdıq
ekranda
qırmızı paltarlı bir qız qaçırdı
dəniz sahilində
başının üstündəki göy masmavi
dəniz dalğalı idi
ağappaq köpüklərlə oynayırdı qızcığaz
heç nə olmamış kimi.

***

Yaraladı ayağımı
xalçamın üstündəki
oyuncaq avtomatın süngüsü
qanım axıb xalçamı
batırmasın deyə
təkayaq gəzirəm
tullana-tullana

Azca pambıq
qırmızı yod
tənzif gəzirəm təlaşla
göynəyimi kəsməyə...

Çıqqılı müharibə meydanında
lap itirmişəm başımı
bir az daha
bir az daha anlayıram
anaların göz yaşını...

# 1783 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #