Dostum koronavirusa necə yoluxdu?

Dostum koronavirusa necə yoluxdu?
27 oktyabr 2020
# 10:49

Taksidə gedirdim, sürücü uzaqdan polisi görən kimi maskasını yuxarı dartdı.

- Dayı, niyə axı? - soruşdum. - Maska ancaq polisi görəndə taxırlar?

Başa düşmədi, üzündə sual işarəsi mənə baxdı.

- Maska taxılmalıdır, xüsusən qapalı yerdə. Virus belə yerdə daha tez yaxalayır adamı.

Güldü kişi, özü də yırğalana-yırğalana.

- Gavur virusu maa heş zad eliyə bilməz.

Üstündən bir həftə keçmişdi, televizora baxırdım, koronovirusun ikinci dalğasının gəldiyini deyirdilər. Qəribədir, ekranda bir polis eynən mənim şahidim olduğum hadisəni danışdı:

- Biri polis görən kimi maskanı yuxarı dartır. Olmaz belə.

Bu yaxınlarda kənd camaatının verdiyi məlumata görə, həmin taksi şoferi virusa yoluxubmuş.

Bir dostum da koronavirus təzə-təzə meydana çıxanda zarafatından qalmır, iki dəqiqədən bir bizim maskamıza irişir, deyirdi, qaqa, nə qorxaq adamsan, kişi də virusdan qorxar. (Heç dəxli var? Kişiyəm deyə virusdan qorunmamalıyam?)

Mən də deyirdim ki, ay qardaş, əl-üzünü yu, məsafə saxla, qapalı yerlərdə maska tax, özünü qoru. Gülürdü. Deyirdi, mən güclü adamam, bütün günü sarımsaq yeyirəm.

De ha, o gün yoluxduğunun xəbəri gəldi. Başı qarışıb müharibə söhbətlərinə, deyib, vəssalam, bu koronavirus, zad yat-küt oldu. Əvvəl də düz-əməlli qorunmurdu, müharibə söhbətindən sonra tamam başını buraxıb. Və budur... Zəng elədim ki, necəsən, dost. Gördüm, mızıldanır, özünüzü qoruyun deyir.

Bizim problemimiz bilirsiniz nədir? Həmişə öz başımıza gələndə inanırıq. Deyirik ki, mənə olmadısa, deməli belə bir şey yoxdur. Bir də lazımsız qürurumuz var: kişi də qorunarmı, ayə? Yaxud da deyir: "Allah nə yazıbsa, o olacaq". Allah deməyib ki, özünü burax, nə istəyirsən elə. Sən özünə baxmasan, heç kim sənə yiyə duran deyil.

Dostlar, nə çətindir ki? Məsafə saxlayırsan, əlini-üzünü sabunla yaxşı-yaxşı yuyursan, maska taxırsan, spirtlənirsən. Vəssalam. Sadə gigiyenik qaydalar.

Cəbhədə əsgər döyüşür, bütün günü soyuq torpaqda yatır, gecəsini gündüzünə qatıb sənin üçün qələbə xəbəri yetirir, sən də adi gigiyenik qaydalara əməl etməyib dövləti cəncələ salırsan.

Olmaz belə.

Lütfən, qorunaq və koronaya da qalib gələk.

# 2620 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #