news-inner
clock09:00 calendar-gray 14 Dekabr 2012 view-gray3920 dəfə oxunub
view-gray3920 dəfə oxunub

Ərdoğanın 200 manat verdiyi azərbaycanlı şairlə MÜSAHİBƏ

Kulis.az nərd satan şair Rəfael Sadiqlə müsahibəni təqdim edir.

- Özünüzü təqdim edin

- Rəfael Sadiq. 1969-cu ildə Bakıda anadan olmuşam Dəmiryol texnikumunu bitirmişəm. Sadiq təxəllüsümdür. 20 ildən artıqdır ki, bu təxəllüslə yazıram. Məktəb illərindən-13-14 yaşlarından yazmağımı hesablasaq 30 il edər.

- İlk şeiriniz yadınızda qalıb?

- Təəssüflər olsun ki, mənim səhlənkarlığım ucbatından məktəb illərində yazdığım şeirlərin toplandığı dəftəri itirmişəm. Amma son 20-25 ilin bütün şeirlərini saxlamışam.

- İlk şeiriniz sevgi haqda olub?

- Uşaq təxəyyülü ilə yazılmış təbiətin rənglərinə aid bir şeir idi. 80-ci illərə təsadüf edir, o vaxtı yazmışdım. Hətta qonşumuz gəlmişdi bizə, ona da oxumuşdum.

- Nə işlə məşğulsunuz?

- Son on ildir ki, ağac və boyama işlərinin reklamı ilə məşğulam. Küçədə gəzirəm təklif edirəm, sifariş götürürük . Ailəliyəm, bunla dolanıram.

- Əvvəl nə işlə məşğul olmusunuz?

- On ili arxaya atsaq belə deyərdim, 3 ili maşınsız-filansız gəzərək mal satırdım. Ölkəyə idxal olunan malları birinci əldən alıb başqalarına satırdım. Qutulara yığırdım, metro ilə daşıyıb lazım olan yerlərə çatdırırdım.

- Özünüz seçmisiniz bu işi?

- Azadlıq sevən adamam, kimdənsə asılı olmağı istəmirəm. İmkanım, ofisim, ya da bir dükanım olsaydı yaxşı olardı. Amma buna imkan olmadığına görə gündəlik tələbatları ödəmək üçün məcbursan bu cür işlər görəsən.

- Hansı janrda yazırsınız?

- Qəzəl də, heca da var. Sərbəst şeir azdı məndə. Amma sərbəst şeirə də hörmətim var.

- Kimlərdən bəhrələnmisiniz?

- İlk dəfə məni şeirə sövq edən Bəxtiyar Vahabzadə poeziyası və Əliağa Vahid qəzəliyyatı olub. Daha çox qəzəlim var.

- AYB-yə üzvsünüz?

-Səhv etmirəmsə, 2009-cu ilin yaz ayları idi. 30 illik fəaliyyətim var, amma tanınmıram. Uşaqlarım da deyirdi bunu. “Sahil”dən çıxırdım birdən qeyri-iradi ağlıma gəldi ki, gedim Yazıçılar Birliyinə, üzv olmaq üçün nə lazımdı öyrənim. Anar müəllimlə görüşmək istəyirdim. O yox idi, Fikrət Qocayla görüşəsi oldum. Yeri gəlmişkən deyim ki, o da mənim kimi dəmiryolu texnikumunu bitirib. Məni çox ədəb-ərkanla qəbul etdi. Bir neçə şeirimə qulaq asdı. Dedim Əliağa Vahidə ithaf etdiyim qəzəlim var. Dedi onu denən mənə. Belə idi şeir:

Nə gözəl gündür bu gün, Vahidi yad eyləyirik,

Bir savab iş görürük, ruhunu şad eyləyirik.

O, şeir mülkümüzün şəmi idi, xəlqimizin,

Qırılan tellərini indi abad eyləyirik.

O, qida mənbəyidir mənəvi aləmdə bizə,

Oxuyub hər qəzəlin gör necə dad eyləyirik.

Rəfael, tapdı həqiqət yerini olsa da gec,

Bu qəzəl məclisini Vahidə ad eyləyirik.

- Qəbul eləmədilər Yazıçılar Birliyinə?

- Bu görüşdən 10 gün əvvəl də Yazıçılar Birliyində olmuşdum. Mənə demişdilər ki, burda şeirə rəy verən insanlar var , səhv etmirəmsə Mahirə xanım idi. Onunla da görüşmüşdüm, o demişdi ki, birliyə üzv olmaq üçün gərək kitabın çıxa. Fikrət Qoca da eyni sözləri dedi.

- Nə əcəb o vaxtdan bəri kitab çıxarmamısınız?

- İnanın, o vaxtdan bəri imkan olmayıb kitab çıxarmağa. Baş qarışır məişət məsələlərinə, həm də bu işin yollarını bilməmişəm.

- Yetim Eyvaz adlı şair var, toylara dəvət edirlər şeir deyir. Sizi toylara dəvət edən olur?

- İndiyə qədər tamada, masabəyi kimi 6-7 toya getmişəm. Biri Bakıda olub, qalanları rayonlarda. Demək olar ki, məclisləri təmənnasız aparmışam. Amma onu da deyim ki, iştirak etdiyim toylarda öz yazdığım şeirləri oxumuşam. Ata, ana, bəy-gəlinə aid şeirlərin hamısı ancaq özümə aid olub. Bir şeirim var, adı “Toy gecəsi”di.

Sehrli nağıla döndü bu gecə,

Hər şeydən arzular öndü bu gecə,

Mələklər göylərdən endi bu gecə,

Nifrətin işığı söndü bu gecə,

Sənin şərəfinə sənin eşqinə.

Tanrının sevdiyi gündür bax bu gün,

Bir ailə təməli qurulur bu gün,

Xatırla bu günü həmişə öyün,

Qapısı açıqdır həm yerin göyün,

Sənin şərəfinə sənin eşqinə.

Rəfael Sadiqəm, həm şeirə sözə,

Çox sözü mən deyə bilmirəm üzə,

Arzular təzədir diləklər təzə,

Ayaq istəyir ki, dünyanı gəzə,

Sənin şərəfinə sənin eşqinə.

- Müasir şairlərdən kimi oxuyursunuz?

- Ramiz Rövşəni çox sevirəm. Hələ kitabı yoxdur məndə, qarşıma məqsəd qoymuşam, onun kitabını almalıyam. Televiziyada onu eşitməkdən zövq alıram. Daha çox 60-cı illərin şairlərini sevirəm. İndi də yaxşı yazanlar var, amma mənim imkanım yoxdu, vaxt darlığım var, məişət problemləri imkan vermir, ailəyə pul çatdırmaq üçün işləməlisən. Səhərdən axşama kimi küçədə gəzib qardaşlarımın düzəltdikləri nərd taxtalarını satmağa çalışıram.

- Nərdə aid şeiriniz var?

- Baxma ki, əlimdə nərd satıram mən,

Qəmdən boşalıram, dərd satıram mən,

Əsəbi oluram, sərt satıram mən,

Bəzən utanıram, pərt satıram mən,

Necə satıramsa, mərd satıram mən,

Qəbul eyləmirəm şərt, satıram mən,

Nadana, xudbinə rədd satıram mən,

Nə torpaq, nə də ki, kənd satıram mən,

Baxma ki, əlimdə nərd satıram mən,

Qəmdən boşalıram, dərd satıram mən,

Rəfael Sadiqəm, nərd satıram mən.

- Satirik şeiriniz var?

- Bir qəzəlim var ağcaqanad haqda. Böyük qəzəldi, bir beyt deyəcəm.

Yata bilmir gecələr külli bəşər ağcaqanad,

Etmisən çünki zəhər günlərini ağcaqanad.

- Erotik şeirləriniz də var?

- Sırf o mövzuda yoxdur, amma məhəbbət şeirlərimdə elə nüanslar var ki, bəlkə də kimsə onu erotika kimi qəbul edər. Ümumiyyətlə, surətpərəstəm, bir anda kiməsə vurula bilərəm.

Bir könüldən, min könülə vurulmuşam, gözəl, sənə,

Taleyimi qınayıram, rast gəlmədim əzəl sənə.

Sən bir şıltaq yeniyetmə, mənim artıq qırxım gəlir,

Gəl bir soruş, verəcəkmi görən fələk nəfəl sənə.

Aramızda yaş fərqi var, bu bir təsadüfi görüş,

Bilmədim ki, könlüm açan toxundurum ya əl sənə.

Reallıqda görüb səni, xəyalımda qovuşacam,

Qoy heç asan görünməsin bu gerçəklik, dəcəl, sənə.

Hələm sür öz dövranını, yamyaşılsan bahar kimi,

Ancaq elə fikirləşmə ki, dəyməyəcək xəzəl sənə.

Sən bir tərsən dərilməmiş, mən çoxumu az etmişəm,

Ey Rəfael, bir sor görüm, möhnət verər əcəl sənə.

Bu şeir 31 may 2008-ci ildə yazmışam. Eldar Ələkbərov adında bir müğənni vardı, Eldar Ağstafalı da deyirdilər. Uzun müddət Surqutda fəaliyyət göstərmişdi. İndi şou-biznesə qoşulub. Mənimlə alver edəndə nərd haqda şeirimi eşitdi, xoşuna gəldi. Mən də ona şeir dəftərimi verdim, deyəsən istifadə etməyib, nə mahnı oxuyub, nə muğamat.

- Fikrət Qocaya nərd hədiyyə etmişdiniz?

- Yox. Sözün düzü o fikirlə getməmişdim, həm də o qədər səxavətli deyiləm. Ölkəmizdə rüşvətə qarşı kampaniya var, mən ona nərd versəydim, rüşvət kimi başa düşülərdi.

- Şeirləriniz hardasa çap olunub?

- Bir dəfə Azərnəşrə getmişdim. Orda bir nəfərlə görüşdüm. Şeirlərimi çap etmək müqabilində pul istədi, o münasibəti bəyənməyib çap etdirmədim.

-Ərdoğana aid də şeir yazmısız.

- Məlum “one minute” məsələsi ilə bağlı o insana hörmətim lap artdı. Xatırlayıram, o zaman da Qəzzanı bombalayanda 6 yaşlı bir qız ərəbcə şeir deyirdi. Ərdoğanın da xanımı göz yaşı axıdırdı. Bütün bunlar təsir etdi mənə:

Hörmətli baş nazirə sadə şairdən salam,

Salam, Ərdoğan, salam, sənin üçündür bu kəlam.

Səni doğan ana ər qızı ərdir,

Atası, babası nər oğlu nərdir,

Bir müslim bəşərə söz deməliydi,

Əzilən bir xalqa döz deməliydi.

O qədər müsəlman əhatəsində,

Bir İsrail dövləti qurubdur necə.

Fələstin yəhudi məngənəsində

Əzilib 70 il, dünya, bəşər susur necə?

Tutarlı söz dedin, zalıma əla,

Əbədi hər sözün tarixdə qalar,

Sadə yəhudiylə nə nifaqımız,

Ən uca insanlıqdır bayrağımız.

Səni qarşıladı qəhrəman kimi,

Mənsubu olduğun xalqın, dövlətin.

Səni kəşf elədim bir insan kimi,

Kamildir idrakın, həm də niyyətin.

Səni alqışlayır yapon da, çin də,

İngilis, fransız, norveçli, fin də,

Kimin ki, bəsirət gözü kor deyil,

Kimə həqiqəti demək zor deyil.

Bu necə məntiqdir, necə reallıq,

On saat bombayla qırıram sizi.

Üç saat fasilə verirəm sizə,

“Çox sağ ol” söyləsin Fələstin bizə.

Tökün bombaları, tökün üstünə,

Deyin Qəzzada bir qəzamız yoxdu,

Şəxsi ayaqqabımı etiraz kimi,

Sizə tuşlamağa icazəm yoxdu.

Rəfael Sadiqəm adi bəndənəm,

Sənin söz verginlə bəhrələnmişəm,

Çox xoşbəxt olaram, bu şeirimlə mən,

Görsəm ki, dünyaya səpələnmişəm.

Bu hadisədən sonra Türkiyə səfirliyinə gedib səfirlə görüşmək istədim. Bir neçə ay sonra görüş baş tutdu. O zamankı səfir Hulis Kılıçın qarşısında bu şeiri dedim. Mənə kitab hədiyyə etdi, bir də zərf verdi. Çıxandan sonra baxdım ki, zərfin içində 4 ədəd 50 manatlıq var. Doğrusu çaşıb qaldım, mən belə şeylərə öyrəşməmişəm.

- Gələcək planlarınız nədir, kitab haqda düşünürsünüz?

- İnanın, hansısa şeiri yazanda, ortaya çıxaranda kitab haqda düşünmürəm.

- Hər gün yazırsınız?

- Elə olur ki, hər gün yazıram. Avqust ayı çox məhsuldar olub,

Dünyanın dağılmasına aid də şeir yazmışam, amma təəssüf yanımda yoxdu o şeir. Yadımda qalan misraları budur:

O qədər dünyanı qarğıdıq ki biz,

Artıq dağılmağı söz predmeti,

Bilmirəm dünyanın günahı nədir,

Hər şey göz görəsi göz predmeti.

Proqnoz görürlər öncəgörənlər,

Alimlər sonunu dəqiqləşdirib,

Hər şeyin sahibi unutma, insan,

Dünyanı tanrıdır özəlləşdirib.

news-inner-user
Mirmehdi Ağaoğlu

543 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Nəsiminin qəzəllər toplusu Ukraynada
14:10 20 Noyabr 2019
Pantomima teatrı dekabrda - Afişa
13:30 20 Noyabr 2019
Rejissorumuz Moskvada “İlin adamı” seçildi
12:51 20 Noyabr 2019
Dostoyevskinin hekayəsi: Timsah – Dilimizdə ilk dəfə
12:25 20 Noyabr 2019
Rəsm əsərinin nüsxəsi 600 min dollara satıldı
12:07 20 Noyabr 2019
Adam da bu qədər qız sevərmi? - Ayxan Ayvazın əsgər dostuna məktubu
11:20 20 Noyabr 2019
Gənc şair Aqşin Yeniseyə şeir yazdı
10:38 20 Noyabr 2019
Şəhriyardan Fərqanə Qasımova və Sevda Ələkbərzadəyə sərt sözlər: “Yazıqsınız”
09:56 20 Noyabr 2019
“YARAT”da 18+ tamaşa
09:36 20 Noyabr 2019
Mirzə Cəlilə heykəl yox, büt qoymaq istəyirlər - Yazıçılardan qalmaqallı açıqlama
09:00 20 Noyabr 2019
Bəlkə səndən əvvəl öldüm: Zərdüşt Şəfi ilə son görüş
21:01 19 Noyabr 2019
“Babəkin heykəli Qafqazda ən hündür heykəllərdən biri olacaq”
19:00 19 Noyabr 2019
Yağışda gələn qız – Rasim Qaracadan hekayə
17:43 19 Noyabr 2019
Türkiyədə Əhməd Ağaoğlu haqda sənədli film çəkilib - Video
17:24 19 Noyabr 2019
Nazir direktoru təltif etdi
17:10 19 Noyabr 2019
Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyüldü
16:35 19 Noyabr 2019
Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
16:10 19 Noyabr 2019
Məşhur diktorla vətəndaş nikahında yaşayan müğənni - Maraqlı faktlar
15:30 19 Noyabr 2019
Xalq artisti səhnədən getdiyini elan edib
14:50 19 Noyabr 2019
Cavanşir Yusiflinin kitabı təqdim olunacaq
14:12 19 Noyabr 2019