“Qəbiristanlığa qaçacam, atama salam verməyə...” – Kəndləri alınan yazıçılar ora necə qayıdacaqlar? - Sorğu

“Qəbiristanlığa qaçacam, atama salam verməyə...” – Kəndləri alınan yazıçılar ora necə qayıdacaqlar? - Sorğu
20 oktyabr 2020
# 12:20

Kulis.az doğulduğu torpaqlar işğaldan azad olunan yazıçılardan doğma yerlərə qayıdış ssenarini soruşdu. İlk nə edəcəklər? Cavabları təqdim edirik.

Seyran Səxavət

Köndələn çayının qırağında məhəllə yerim var, daş-zad da tökmüşəm. Qayıdan kimi orda ev tikdirəcəm. Amma necə gedəcəyimi indidən deyə bilmərəm. Bəlkə hay-küylə, bəlkə səssiz. Əsas odur gedək. Necə getməyin o qədər də fərqi yoxdur.

Elçin Hüseynbəyli

Gözləyirəm yollar açılsın, Cəbrayıla gedim. İlk olaraq kəndimizi qarış-qarış, doyunca gəzmək istəyirəm. Kəndə qayıdış duyğusal olacaq. Hamımız kövrələcəyik. Nəinki Cəbrayıla, ümumiyyətlə, işğaldan azad edilmiş bütün torpaqlarımızı gedib gəzəcəm. Kəndimizə - Mahmudluya gedəndə silsilə yazılar yazmaq istəyirəm. Onsuz da mən oralara xəyalən gedib gəlmişəm. Qəti əminəm ki, Cəbrayılda yaşayacam. Bakıya da gələcəm, amma daha çox vaxtımı kəndimizdə keçirəcəm.

Süleyman Qaradağlı

Mənim ilk gedəcəyim yer “Araz” qəzetinin redaksiyası olacaq. Çünki yaradıcılığa ordan başlamışam. Sonra həyətimizdəki tut ağacıyla görüşərəm. Onun altında çox oynamışam. Uşaqlığım, gəncliyim keçən hər yeri – çayları, bulaqları, çəmənləri gəzərdim. Sonra bir-bir kəndin bütün evlərinə baş çəkərdim.

Mübariz Örən

Məncə, hissiyyat dərki üstələyəcək. Bütün ssenarilər alt-üst olacaq. Havalı, sevdalı qayıdacam oralara. Dəli kimi ora-bura vuracam özümü, qollarımı açıb səbəbsiz dörd tərəfə qaçacam... Bəlkə də elə olmayacaq. Heç vaxt olmadığım kimi sakit və kədərli olacam. Doğma dərələrin, yalların, səsini, nəfəsini dinləyəcəm, - ana laylası, nənə nağılı kimi... Qoxusunu acgözlüklə sinəmə çəkəcəm, - azadlıq havası kimi. Uzun-uzun yollarına baxacam, uzun-uzun. Daşına, ağacına, otuna mehribanlıqla salam verəcəm. Gözü tutulmayıbsa, ovuclayıb kəhrizlərin suyunu boynuma, sinəmə dağıdacam... İnsanların üstünə atacam, şitənəcəm, uşaqlaşacam. Sonra ayaqyalın qəbiristana sarı qaçacam, atama salam verməyə...

Ramilə Qurbanlı

Əvvəlcə dizlərimi yerə atıb o torpaq uğrunda şəhid gedənlərin ruhuna dua oxuyacam, sonra o yurdun həsrətilə rəhmətə gedənlərin... Ayağa qalxmamış artıq müqəddəsləşmiş torpağımızı qucaqlayıb öpəcəm. Əsas yoldan kəndimizə ayrılan yolun ağına pay-piyada düşüb hər qarışının zövqünü yaşayaraq gəzəcəm. Döngəsinin, dalanının, hər küncünün, yovşanının, yemliyinin, çayırının, bulaqlarının, qaramalarının həsrətini çox çəkmişəm, zövqü-səfasını yaşayacam. Ağzımın da dadı qaçmışdı oralarsız, o dadı qaytarmaq üçün yabanılaşmış pencərindən dadacam. Bulaqlarının suyundan içəcəm, Arazdan nəm çəkən havasını ciyərlərimə çəkəcəm. Əslində, babalarımın məzarını ziyarət edəcəm demək də istəyirəm, amma vandallar məzarlığımızı şumlayıblar.

Xalid Kazımlı

Maşına minib, gedib, xarabamıza baxacam. Çalışacağam, kövrəlməyim. Kövrələnlərə də təpinəcəm.

Xəyyam Rəfili

Ən birinci Cəbrayıldan üzr istəyəcəm. Deyəcəm, bağışla bizi, səni qoruya bilmədik, amma unutmadıq, bax, geri gəldik. Sonra çinar kəhrizindən doyunca içəcəm. Daşlarına əlimi sürtəcəm - ovuc içi kimi sığallı çaylaq daşları var, bir də tinləri bıçaq kimi iti çapaq daşları. Sonra tanıdığım ağacları axtaracam. Cəmil Əhmədovun heykəlindən yüz metr yuxarıda - çinar ağacının başında özümə məftillərdən yuva düzəltmişdim. Nənəmgilin həyətindən ciblərimi ərik sarfasıyla doldurub, çıxıb oturardım o yuvada. Həyətimizdə gövdəsinə bıçaq batırdığım şam ağacını bağrıma basacam. Məmmədbəy kəhrizinin üstündəki çinarın altından sarı torpağın qoxusunu ciyərlərimə çəkəcəm və xoşbəxt olacam.

Samirə Əşrəf

Bu barədə danışmaq mənim üçün hələ də çətindir. Baxmayaraq ki, mənəvi baxımdan indi çox rahatam. İçimdə çoxdan gözlədiyim bir dinclik yaranıb. Rayona getsəm, ilk görəcəyim işi hələ müəyyənləşdirməmişəm. Amma torpağın, uşaqlıqda yaşadığım yerlərin enerjisini hiss etmək istəyirəm. Bu dəqiqə ən çox istədiyim şey məhz o yerlərin, keçmişin, torpağın enerjisini duya bilməkdir.

# 4120 dəfə oxunub

Oxşar xəbərlər

Niyə həmişə bu günün ağrısını sabaha saxlayırıq? - Leyla Sarabi

Niyə həmişə bu günün ağrısını sabaha saxlayırıq? - Leyla Sarabi

18:03 5 may 2026
Rihannanın 1380 saatdan çox vaxt sərf edilən "Met Qala" libası

Rihannanın 1380 saatdan çox vaxt sərf edilən "Met Qala" libası

17:22 5 may 2026
"Mən başqa cür ola bilməzdim...” - Kim onu  "sənətin imperatoru" adlandırmışdı?

"Mən başqa cür ola bilməzdim...” - Kim onu "sənətin imperatoru" adlandırmışdı?

16:50 5 may 2026
Bleyk Layvli və Castin Baldoni məhkəmədə razılığa gəldilər

Bleyk Layvli və Castin Baldoni məhkəmədə razılığa gəldilər

16:25 5 may 2026
Tudor İngiltərəsinin ən çox nifrət edilən qadını əslində,  kim idi?

Tudor İngiltərəsinin ən çox nifrət edilən qadını əslində, kim idi?

14:47 5 may 2026
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyevlə müsahibə

“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyevlə müsahibə

14:18 5 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər