Ad günümə unudulmaz hədiyyə

Ad günümə unudulmaz hədiyyə
5 oktyabr 2020
# 14:15

Uşaqlıqdan ad günlərini sevməmişəm. Açığı evimizdə olanda da təmtəraqlı ad günülər keçirməmişik. Anam həmişə bir qazan aş dəmləyib, atam bir-iki kəlmə xoş söz deyib, vəssalam! Amma bu sadəliyin içərisində ev, ocaq, ailə qayğısını, istiliyini dərindən hiss etmişəm, xoşbəxt olmuşam.

Bəzən hündür ağacdan yıxılıb xəstəxanalıq olmuşam, bəzən valideyn cəzası almışam, bəzən döyülmüşəm. Ancaq səadətimi, yurd-yuvamda yaşamaq xoşbəxtliyini heç nə əlimdən almayıb.

Ta o torpaqdan, o evdən ayrı düşənə qədər!

İndi nə qədər sevinsək də ömrün kino lenti dayanmadan öz işini görür. Hər şey gözlərimin önündə an-an, xatirə-xatirə canlanır. Hansını qoyub, hansını götürəcəyimi kəsdirə bilmirəm.

Qurban təpəsinin ayağına qədər gedib yemlik yığmağım, qardaşımla hava qaralanda, qar dizdən olanda məktəbdən çıxıb evimizə gəlməyim, atamın məhləmizin başında dayanıb “Samışşşş!!! Nicatttt!!!” deyə bizi səsləməyi, uzun qış gecələrində rəngli televizoru olan qonşumuzun evinə yığışıb Meksika seriallarını izləməyim, qohumlarımızın həyətində qurulan toy mağarlarında ortalıqdan çıxmayıb oynamağım...

Daha nələr... Nələr...

Böyüdükcə, yaş artdıqca hər yaş bir az ağırlıq gətirdi. Qırx yaşa çatmağa az qalmış yaşlanmaqla bağlı bütün qara-qura fikirləri başımdan qovur, ömür, həyat haqqında uzun-uzadı düşüncələrə dalmamağa çalışırdım.

Builki ad günümü də ötən ad günüləri kimi sadə, təmtəraqsız yola verəcəkdim. Qırx yaşın üstündən ehmalca, səssizcə keçib, üzü 41-ə, ordan da ömür imkan versə, əlliyə yol alacaqdım. Lakin alın yazısı öz sözünü dedi. Tanrı nələrəsə ciddi müdaxilə etdi. Heç vaxt inanmadığım bir xəyal gerçəyə çevrildi. Və ömrümün bu yaşı həmişəlik yaddaşıma yazıldı, şərəfli tarixə çevrildi.

Doğulub boya-başa çatdığım Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad olundu.

Dostlarımın, doğmalarımın təbrik zəngləri, mesajları, göz yaşında boğula-boğula qaçıb gizlənmək, hönkürə-hönkürə doyunca ağlamaq, həyəcandan telefonun parolunu unutmaq...

Xəbəri eşidən andan ilk xatırladığım insan atam oldu. Bəlkə də oxucuya qəribə gələr, vaxtilə evinin qapılarını bərk-bərk bağlayan, həyətindəki su şlanqını pomidor, soğan şitillərinin dibinə qoyan, hininin qapısını açıb toyuq-cücəni həyətə buraxan atamla birgə çıxmışdım o evdən.

Atam bu günləri görmədi, on il əvvəl dünyasını dəyişəndən sonra anam dəfələrlə rayondan çıxdığımız son günü xatırlayıb, kövrələcək, gözünün yaşını ovcuna tökəcəkdi.

İndi də adım kimi əminəm, anam atamın evinin xarabalığı qalan o yerlərə necə, kiminlə gedəcəyini düşünüb ağlayır.

Evimizdən çıxanda yanında çığırışan azyaşlı uşaqları indi boyda onu ötüb keçiblər, ev-eşiyə külfətə qarışıblar.

Hərdən fikirləşirəm ki, bəlkə məni ədəbiyyata, yazıçı olmağa sövq edən məhz elə qaçqınlıq, torpağımızdan, evimizdən uzaq düşməyimiz oldu. Ağrını sözə, cümləyə çevirmək içimə az da olsa, rahatlıq gətirdi.

Lakin Qarabağla, uşaqlığımla bağlı yazdığım heç bir cümlə canımdan ağrısız çıxmadı. Yazı masasının arxasından ağlamadan, gözümün yaşını evdəkilərdən gizlətməyə çalışmadan qalxmadım. Bəlkə də elə buna görə gündüzlər yox, gecələr – hamı yatandan sonra yazmağa vərdiş etdim.

Canımdan ağrı kimi atdığım mətnlər belə məni yüngülləşdirmədi.

Aradan keçən bu uzun-uzadı illər bizim geri qayıtmaq inamımızı hər gün bir az öldürür, bizi məğlubiyyətlə barışmağa məcbur edirdi.

Tovuz hadisələrindən sonra yaxın dostlarımdan biri ilə işğalla bağlı yeni hekayəmin süjetini müzakirə edirdik. Birdən, dünyagörmüş dostum başını qaldırıb kövrələn üzümə diqqətlə baxıb dedi: “Belə olmayacaq! O torpaqlar qayıtmalıdır! O torpaqlar qayıtmasa, sizli-bizli heç birimizin mənəvi rahatlığı olmayacaq.”

Bu gün itirdiyimiz, gəncliklə, illərlə bərabər həm də həmin mənəvi rahatlığa yetişdiyimiz gündür.

Vətənimin işğalda olmasının acığına həmişə uşaq qaldım!

Böyümədim.

İçimdəki o sarıyanız, balaca, arıq, davakar, cırtqoz qızcığazı böyüməyə qoymadım!

Uşaqlıq yazıçının vətənidir deyiminə həmişə və hər yerdə sadiq qaldım.

Bu gün vətənimin - uşaqlığımın işğaldan azad olunduğu gündür.

Və mən qırx yaşlı, iki uşaqlı qadın yox, atasının əlindən tutub son dəfə evlərindən çıxan həmin on üç yaşlı qızam.

Ona görə öz uşaqlığımın içinə inamla qayıdıram.

Məni mütləq tanıyacaq!

Bircə istəyim var: atamı soruşmasın...

# 3241 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #