"Üzdəniraq ada" kitabı təqdim olundu

"Üzdəniraq ada" kitabı təqdim olundu
10 dekabr 2012
# 13:27

Dekabrın 8-də Kitab Klubunun sərgi salonunda Rövşən Yerfinin “Üzdəniraq ada” kitabının təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Kitab Klubunun rəhbəri Elxan Rzayev hələ R.Yerfinin penitensiar xidmətdə işlədiyi müddətdə bədii yaradıcılıqla məşğul olduğunu deyib.

O bildirib ki, yazar həbsxana sahəsi üzrə mütəxəssis olduğundan, onun görüb-yazdıqları eşidib yazanların əsərlərindən daha dəyərlidir: “Rövşən Yerfi həyata yüngül yanaşan adamlara üzdəniraq adaları təsvir etməklə bir dərs verir. Bu kitab görməyib bilməyənlər üçündür. Heç kim oranı görmək istəmir. Amma oranı bilmək lazımdır. Çünki oranı biləndən sonra buranın qədrini bilirsən. Bu mənada, Rövşən bəyin əsərləri çox güclü tərbiyəvi əhəmiyyətə malikdir”.

Onun fikrincə, yaxşı təqdimat və reklam olacağı halda, R.Yerfinin kitabları çox oxunacaq: “Bu kitab əvvəlki kitablardan qazandığının hesabına dərc olunub. O, öz qazancı ilə kitab çıxaran 10 yazardan biridir. Bu, hər yazıçıya qismət olmur. Çox vaxt kitablar ya sponsorun vəsaiti, ya başqa bir yerdə işinin hesabına işıq üzü görür”.

Kitabla bağlı müəyyən iradlar da səsləndirilib. Qeyd edilib ki, həbsxana mövzusunu məşhur detektiv yazar Aqata Kristinin əsərləri səviyyəsində də işləmək olardı. Yazar isə məhz penitensiar xidmətdə çalışdığı üçün belə mövzuları dərindən yaza bilmədiyini etiraf edib: “Artıq azad insanam. Bundan sonra belə mövzulara istədiyim mövqedən yanaşacağam. Mən tənqidə açıq insanam. Bütün irad və təkliflərinizi gələcəkdə nəzərə alacağam”.

Müəllif bildirib ki, Kulis.az saytında “Qanunda olmayan dövlət” başlığı ilə silsilə yazılarının oxunma sayının xeyli çox olduğunu gördükdən sonra bu kitab üzərində işləyib, onun daha çox yayılmasına çalışmağı qərara alıb.

Digər çıxış edənlər kitabı bir sənədli əsər kimi də əhəmiyyətini vurğulayıblar. Yazar Tofiq Nurəli R.Yerfinin əsərlərində mühüm xüsusiyyət kimi içəridən çöldəki həyatın əslində faciələrlə dolu olduğunu qeyd edib: “Bu baxımdan onun əsərlərində yanaşma tərzi fərqlidir. Mən belə yanaşmaya indiyədək oxuduğum kitablarda rast gəlməmişəm. Bu materiallar içərisində böyük dramatizm var. Bu əsərlər üzərində işləsə, gərgin süjetli pyeslərə çevirmək olar. Güman edirəm ki, o dram əsərləri daha çox rezonans doğuracaq. Çünki dramaturgiyada belə hal yoxdur”.

“Üzdəniraq ada” şəhərin içərisində “təkcə fiziki baxımdan yox, mənəvi üzdəniraqlarla dopdolu dünya, mücərrəd yad ada”dan bəhs edir. Əsərin mövzusuna gəldikdə, cəzaçəkmə müəssisəsinə işləməyə göndərilmiş gənc zabit Şəfi ilə birgə hündür hasarlar, qəfəslər arxasındakı həyatın yeknəsəq, cansıxıcı anlarını yaşayır. İstəməyərəkdən cinayətlər törədən, qatilə çevrilən insanların hekayətləri ilə, məhkumlar arasındakı təbəqələşmə ilə tanış olur. Əzizlə Zinyətin nakam sevgisinə acıyır, haqqın qara qüvvələr tərəfindən təzyiqlərlə üzləşməsinin bir daha şahidinə çevrilir. Əsər ədəbiyyatımızda detektiv janrının əsasını yaradan yazıçı Cəmşid Əmirovun oğlu, ədliyyə polkovniki Çingiz Əmirovun xatirəsinə həsr olunub.

Qeyd edək ki, yeniyetmə çağlarından yaradıcılıqla məşğul olan Rövşən Yerfi 1987-ci ildə yazdığı “May çiçəyi” hekayəsi ilə fəal ədəbi fəaliyyətə başlayıb. Mətbuatda ilk hekayəsi 1989-cu ildə dərc olunub. Həmin il “Debüt-89” respublika ədəbi yaradıcılıq müsabiqəsinin nəsr üzrə qalibi olub. 2004-cü ildən başlayaraq, dörd kitabı işıq üzü görüb. 1993-cü ildən Jurnalistlər Birliyinə üzv qəbul edilib. 1991 – 1995-ci illərdə Səhiyyə Nazirliyinin orqanı olan “Şəfqət” qəzetində (indiki “Tibb” qəzeti) ilk məsul katib işləyib. O, 1995 – 2012-ci illərdə Penitensiar Xidmətdə işləyib. R.Yerfi bu xidmətdə çalışmış ilk yazıçıdır.

# 2540 dəfə oxunub

Oxşar xəbərlər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5  məşhur əsər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5 məşhur əsər

13:30 3 iyun 2026
Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

15:00 2 iyun 2026
“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

12:00 1 iyun 2026
Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

15:00 30 may 2026
Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

11:30 30 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər