news-inner
clock15:47 calendar-gray 25 Sentyabr 2020 view-gray759 dəfə oxunub
view-gray759 dəfə oxunub

Arvadını döyən tənha ata, öz qaynını sevən Həqiqət – Səriyyə xalaya çətin suallar gəldi

Hər cümə günə saat 15-də yayımlanan “Səriyyə Xala” layihəsində siz öz dərdlərinizi, problemlərinizi, ən intim duyğularınızı, yaşantılarınızı sual şəklində Səriyyə xalaya yollayaraq, hər həftə ondan cavab və məsləhətlər alacaqsınız.

Suallarınızı öz adınız və ya seçdiyiniz gizli adla [email protected] ünvanına və Kulis.az -ın fb səhifəsinin mesajlar qutusuna göndərə bilərsiniz.

Növbəti suallar və növbəti cavabları təqdim edirik.

Günəşli

Artıq 1 ilə yaxındır ki, ərim mənə qarşı çox diqqətsizdir, məndən çox uzaqlaşıb, evdən qaçır, üstəlik öz qohumlarının yanında yerli-yersiz üstümə qışqırır, tez-tez "tupoy" sözü işlədir. Artıq gözümdən düşüb, ayrılmaq istəyirəm, bir uşağımız var, uşağa da can yandırmır, bir sözlə, mən çürüyürəm, bundan boşansam, bəlkə də yenidən sevər, təkrar ailə quraram. Beynim qarışıqdır, yol göstərməyinizə ehtiyacım var.

Əziz qızım, öncəliklə nəzər yetirməlisən ki, yoldaşın nəyə görə sənə qarşı dəyişib? Yəni nə baş verib. Bəlkə, sənə deyə bilmədiyi sıxıntıları var? Bəlkə artıq onu başa düşə bilmirsən? Məişət problemləri ilə onu sıxırsan? Ona görə də məncə ayrılmadan əvvəl bir düşün, söhbət və müzakirə edin. Amma sənin boşanmaq və başqa birini sevə biləcəyini indidən düşünməndən, görürəm ki, sənin özünün içində artıq yoldaşına qarşı heç nə qalmayıb. Vəziyyəti düzəltmək üçün heç bir cəhd göstərmək istəmirsən. Ona görə də fikirləş, bir ildə nə dəyişdi də bu nöqtəyə gəldiniz, onu tapmağa çalış. Boşanmaq və ya davam etmək kimi radikal qərarları sonra verərsən.

Nailə

3 ildir övladlığa rəsmi qaydada atılmış uşaq götürmüşəm. Amma daim içimdə bir narahatlıq var. Bir gün valideynləri ortaya çıxıb uşağı geri istəyərsə, mən və dövlət geri verməsək belə uşağın beynini qarışdırarlarsa, dünyasını alt-üst edərlərsə, uşaq məni buraxıb getmək istərsə mən nə edərəm?

Əvvəla səni övladlığa uşaq götürəcək qədər böyük ürəkli biri olduğun üçün təbrik edirəm. Amma sən bu gözəl davranışını sona qədər davam etdirməli, övladını aldatmamalısan. Uyğun bir yaşa gələndə (yeniyetməlikdən öncə) ona psixoloqun köməyi ilə hər şeyi danış. O zaman lap onun ailəsi çıxsa belə, həmin uşaq travma almamış olacaq. Əks halda, ailəsi ortaya çıxmasa da, kimsə ona sənin övladın olmadığını desə, o, travma yaşaya bilər.

Leyla xanım

Salam, yoldaşım rəhmətə gedib, iki oğlum var, böyüyün 27, kiçiyin 20 yaşı var. Kiçik iflic xəstəsidir, müəyyən ehtiyaclarını özü görə bilir, amma elə şeylər var ki, mənim və ya qardaşının köməyi olmadan edə bilmir. Nəzarətsiz qoymayaq deyə, oğlum gündüz, mən gecə növbəsində işləyirəm. Böyüyün sevdiyi qız var, üzük taxmışam, karantinə görə hələ ki, toy qalıb. Amma fikir məni götürür, evlənəndə ayrı evə çıxmalarına imkan yoxdur, həm mən işdə olanda yanında adam olmalıdır, işdən çıxsam da dolana bilmirik. Yəni bərabər yaşamağa məcburuq. Əslində ev 3 otaqdır, yəni yerimiz nə darısqaldır, nə də gen-bol. Birgə yaşamaq olar. Bəs görəsən gəlin bizlə yaşayanda xəstə oğlumu yola verəcəkmi? Gəlib-gedəndə ona qarşı mimikalarından hiss edirəm ki, xəstə qaynına qarşı heç də yanımcıl olmayacaq. Oğluma da bir şey deyə bilmirəm. Sevir qızı. Üzülməsin. Bir balamın xoşbəxtliyi, bir balamın bədbəxtliyi arasında qalmışam.

Salam əzizim, ana olmaq çətin şeydir, əlil övlad anası olmaq isə ikiqat çətindir. Vəziyyətini başa düşürəm. Balaca oğlunuza görə böyük oğlunuzun xoşbəxtliyinə də mane ola bilməzsiniz. Ona görə də sizə məsləhətim, gəlinlə bu haqda açıqca söhbət etməyinizdir, əgər qalmaq istəməsə, sizə bəri başdan desin. Çünki heç kəsi heç nəyə məcbur etmək olmaz. Məcburiyyət özü sonda bədbəxtlik gətirir. Əgər razı olarsa, sizinlə nə gözəl, olmazsa, çalışın böyük oğlunuz sizə yaxın yerdə kirayəyə çıxsın. O zaman həm ayrı həyatları olar, həm də mümkün qədər sizə dəstək ola bilərlər. Əsas isə odur ki, siz bir qəhrəmansınız və bu yolda sizə uğurlar arzu edirəm!

Tənha ata

Bir ildir boşanmışıq, iki azyaşlı qızım var, məhkəmə şərtlərinə görə uşaqlar anasında qalıb. Ev vermişəm, aliment ödəyirəm, əlavə xərclik, bazarlıq göndərirəm, həftədə bir dəfə uşaqlarla vaxt keçirirəm (başqa günlər anaları görüşdürmür). Amma balalarım üçün çox darıxıram. O zaman niyə ayrıldın deyəcəksinizsə əvvəlcədən deyim ki məcbur oldum, iyrəndim, bezdim. Yoldaşım acıdil, tənbəl, hədsiz dərəcədə pinti, bir sözlə qadın kimi bir qadın deyildi. Qazanıb alıb gətirirdim, qabağıma isti xörək qoyan yox, paltarımı ütüləyib ortaya çıxaran yox. Bir sözlə evliykən də subay kimi özüm özümə qulluq edirdim. Uşaqlara da təmiz baxmırdı. İllərlə başa saldım, söydüm, döydüm də düzəlmədi. Ev, mətbəx üçün uşaqların xətrinə neçə dəfə işçi götürdüm yola vermədi, qovdu. Ayrılandan sonra uşaqlar gün görüb, qayınanam çox yaxşı baxır onların səliqə-sahmanına, dadlı və təmiz yeyib içməyinə. Təəssüf ki, qızını özü kimi yetişdirməyib. Mən uşaqlarımın mənimlə olmasını çox istəyirəm. İmkanım var, evə köməkçi, dayə götürərəm, uşaqlara əla baxar, onsuz da analarının adı var, özü yox, yetər ki, qızlarım yanımda olsunlar.

Əzizim, siz elə bilirsiniz ki, imkanla, ütülü köynəklə, dadlı yeməklə uşaqlara ana qayğısını verə bilərsiniz? İnanın ki, bu mümkün deyil. Balaca uşaqlara ən lazımlı şey ana qayğısıdır. Üstəlik, belə görürəm ki, boşanmanızda günah heç də sizin təqdim etdiyiniz kimi yoldaşınızda yox, sizdə olub. Çünki siz hələ də başa düşmürsünüz ki, evlilik həyatı bölüşmək üzərinə qurulur və heç kəs kiminsə qulu olmur. Yoldaşınız xadimə deyil ki, sizin üçün bütün günü ev yığışdırmalı, yemək bişirməlidir. Özünüz öz ağzınızla deyirsiniz ki, söydüm, döydüm. Bir xanımı ki, söyüb, döyürsünüz, axı ondan nə gözləyirsiniz? Sizə necə yaxşı ola bilər axı? Xahiş edirəm, bu dediklərimdən dərs çıxarın və gələcək həyatınızda belə davranmayın. Belə olarsa, gələcək həyatınız daha uğurlu olacaq.

Həqiqət

Salam! Necə deyim bilmirəm, amma mən qaynımı sevirəm. Yoldaşımla ailələrimizin məsləhəti ilə evlənmişik, nişanda qaynımı görmüşəm, o gündən bəri ona vurulmuşam. Özümlə bacarmıram.

Əziz Həqiqət, inan ki, sənin başına gələnlər bir çox gəncin başına gəlir. Valideyn məsləhəti ilə sevgini bilmədən, hələ o hissi yaşamadan evlənirlər, sonra da belə hadisələr baş verir. Sənə məsləhətim: çalış, qaynını görmə! Çünki göz görmədikcə könül öyrəşir. Eyni evdəsinizsə, bu, sənin üçün daha çətin olacaq. Ona görə də, o olan yerdən uzaqlaş və onun haqqında heç bir məlumat almamağa çalış. Sonra isə yoldaşını tanı, onun hisslərini öyrənməyə, onunla ortaq nöqtələr tapmağa, onu sevməyə çalış. İnanıram ki, hər şey sənin üçün daha yaxşı olacaq.

Oxşar xəbərlər

Xəbər lenti

Anar Kərimov: "Dəyərli xalçalarımızı hərraclarda tapmışıq"
18:58 28 Oktyabr 2020
Əməkdar rəssam vəfat edib
18:23 28 Oktyabr 2020
Oljas Süleyemenov Minsk qrupunu tənqid etdi
17:45 28 Oktyabr 2020
Əfsanələr taleyimizi dəyişə bilərmi? - Təbrizdən polemik yazı
17:10 28 Oktyabr 2020
Arif Məlikov haqqında kitab çap olundu
16:25 28 Oktyabr 2020
Böyümür ölü uşaqlar - Günün şeiri
15:12 28 Oktyabr 2020
Teatrşünas alim maaşını orduya köçürdü
14:55 28 Oktyabr 2020
Xalq artisti: "Artıq real film qəhrəmanlarımız var"
14:30 28 Oktyabr 2020
Fransız tərcüməçi Azərbaycan romanından yazdı: “Ona hirslənirdim”
13:44 28 Oktyabr 2020
Uşaqlığımın yay ayları – Pərvanə Bəkirqızı Qarabağdan yazır...
13:01 28 Oktyabr 2020
Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi – Mirzə İbrahimovdan 10 inanılmaz fakt
12:18 28 Oktyabr 2020
85 yaşlı erməninin söylədiyi böyük həqiqət
11:46 28 Oktyabr 2020
Gənc yazar işğaldan azad olunan kəndlərindən danışdı: “Yuxu kimidir!”
11:01 28 Oktyabr 2020
Tanınmış uşaq yazıçısı vəfat etdi
10:10 28 Oktyabr 2020
Fransada yaşayan vəkil: “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi” – Müsahibə
08:55 28 Oktyabr 2020
Əməkdar artist vəfat edib
19:21 27 Oktyabr 2020
Məşhur serialın qəhrəmanı vəfat etdi
18:50 27 Oktyabr 2020
Fikrət Qocanın "Seçilmiş əsərləri" çap olundu
18:10 27 Oktyabr 2020
Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri
17:47 27 Oktyabr 2020
Nizami kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi
16:32 27 Oktyabr 2020