news-inner
clock18:04 calendar-gray 24 Sentyabr 2020 view-gray924 dəfə oxunub
view-gray924 dəfə oxunub

Bəxtin gətirmirsə, deməli...

Kulis.az Xumar Ələkbərovanın " Bəxtin gətirmirsə, deməli..." adlı hekayəsini təqdim edir.

İndi qırıq-qırıq fraqmentlər kimi xatırlayırdı. Əslində, hər şey hamı üçün, eləcə də onun üçün uğursuz alınan o əməliyyatdan sonra başladı. O əməliyyatdan sonra həyatı başdanbaşa dəyişdi, uğursuzluq ona uğur, şan-şöhrət gətirdi, pul gölünə atdı.

Bəli, hər şey o əməliyyatla başladı, qumar masalarında bəxti üzünə gülənlər arasında “Vezunçik Rövşən” kimi tanınan birinin izinə düşmüşdülər. Artıq o qədər əndazədən çıxmışdı ki, qumar onun üçün əyləncə-istirahət olmuş, böyük həcmlərlə narkotik tranzitində, hətta silah alverində ad qazanmağa başlamışdı.

Həmin gün “Vezunçik Rövşən”i ələ keçirməli idilər, əməliyyat neçə ay idi “yüz ölçülmüş, nəhayət bir biçilmişdi”. Onu Xırdalanda kirayələnmiş gizli mənzildə tutacaqdılar. Daha öncə iki əməliyyat uğursuz olduğundan, sonuncu əməliyyat planının hazırlanmasında, hətta təsadüflər də nəzərə alınmaqla ən xırda detallar təhlil edilmiş, qonşu ölkənin hüquq-mühafizə orqanları da bu işə cəlb edilmişdi. Rövşən artıq gözə batan xırda tikan deyildi, böyük sularda üzməyə başlamışdı...

Amma... əməliyyatçılar evə daxil olarkən, Rövşən mənzildə yox idi! Həm də elə-belə təsadüfən yox olmamışdı, şələ-küləsini yığıb ölkə sərhədini artıq çoxdan keçmişdi. “Köstəbək” ehtimalı belə nəzərə alınmış, əməliyyat çox məxfi, məhdud məlumatlı əməliyyatçılar arasında hazırlanmışdı. Axı, Rövşən necə duyuq düşmüşdü? Doğrudanmı, o, “qızıl bəxt” doğulmuş “vezunçik” idi? Hamı kimi müstəntiq İlqarı da son uğursuz əməliyyatdan sonra ancaq bu sual maraqlandırırdı...

Amma bu uğursuz əməliyyat İlqarın uğuruna çevrildi. Belə ki, Gürcüstanın hüquq-mühafizə orqanları ilə birgə əməliyyat üçün qonşu ölkəyə ezam olunacaq əməliyyatçılar qrupuna onu da daxil etdilər. Gürcüstanda əməliyyatın təşkil olunmasında, eləcə də Rövşənin ələ keçirilməsi zamanı xüsusi səriştə və peşəkarlıq nümayiş etdirdi. Hətta Rövşən əməliyyatçılara qarşı müqavimət göstərərkən onu zərərsizləşdirmək də məhz İlqara müvəffəq oldu. Rövşənin ekstradisiyasından və məhkəməsindən sonra İlqarın rütbəsi artırıldı, xüsusi mükafatla təltif olundu, artıq daha mürəkkəb, dolaşıq cinayətlərin açılması və cinayətkarlara qarşı mübarizəyə cəlb olunaraq uğur qazanmağa, lap “super qəhrəman” kimi ad çıxarmağa başladı...

Bundan sonra ona “sıravi poqon”, “kabinet göbələyi” deyib özünə yaraşdırmayan bəyəndiyi qızın rəis atasının xoşuna gəlməyə başladı. Rəis, İlqarın vəzifə pillələri ilə sürətlə irəlilədiyini görüb, rəhbərliyin ona etimadının böyüdüyünü hiss edərək, qızını özü “ram etdi” və gələcək kürəkəninə bu nikah üçün xeyir-dua verdi. Bəli, həyat İlqarın üzünə gülmüşdü, sanki “Vezunçik Rövşən”in tilsimini sındırıb, ləqəbini ona qoymuşdular...

Toy dəvətnamələri hazır idi. Şəhərin ən möhtəşəm sarayında xanlara yaraşan bir toy olacaqdı. Ən tanınmış müğənnilər toya dəvət almış, cəmiyyətin nüfuz sahibləri isə İlqara görə olmasa da, rəis qayınatasına görə toya təşrif buyuracaqdılar. Toydan sonra ekzotik okean sahillərində bal ayı da planlaşdırılmışdı...

...Toy ərəfəsi, xoş ilıq yay axşamlarından birində nişanlısına zəng edib dəniz kənarına gəzintiyə dəvət edirdi ki, qayınatası dəstəyi aldı:

- İlqar, oğlum, deyəsən gəzməyə çıxmaq istəyirsiniz...

- Bəli, Aqşin müəllim, icazə versəniz...

- Əlbəttə, amma oğlum, bir xahiş edim. Bir yaxın dostumuz var, Firudin müəllim, sən də tanıyarsan.

- Hə, Abşeron rayonunda...

- Hə, ay sağ ol, - qayınatası İlqarın sözünü kəsib davam etdi: - Onu da toya dəvət etmək lazımdır. Münasibətimiz yaxşıdır, telefonla da dəvət etsəm, inciyəcək deyil, böyük məmnuniyyətlə gəlib iştirak edəcək. Amma ayıbdır, dəvətnamə aparılsa, daha yaxşı olar. Adına dəvətnamə yazmışam, Fərəhlə yol üstü evlərinə gedin, dəvətnaməni verin, əgər mümkünsə...

- Əlbəttə, Aqşin müəllim, siz necə uyğun görürsünüz. Mən yarım saata gəlirəm, Fərəhə deyin hazırlaşsın, mən çatan kimi çıxaq.

Firudin müəllim onları bağ evində qarşıladı. İlqargil həyətə daxil olanda sabiq əməliyyatçı meynə altında oturub kiminləsə telefonda deyə-gülə söhbət edirdi. Onları görüncə, əli ilə oturub gözləmələri üçün işarə etdi. Söhbətini bitirib onlarla görüşdü:

- Hə, gənclər, bağışlayın. Qızım, atan necədir? Salamlarımı çatdır... Sizi də təbrik edirəm, cavan oğlan, həm Aqşin müəllim kimi biri ilə qohum olacağınıza görə, həm Fərəh kimi xanımla ailə quracağınıza görə. Həm də deməsəm olmaz, şəxsi uğurlarınıza görə sizi ayrıca təbrik edirəm. Çox müvəffəqiyyətlisiniz işinizdə. Uğurlar!

- Çox sağ olun, - deyib İlqar dəvətnaməni gün işığından rəngi bozarmış taxta masanın üstünə qoydu.

- Mübarək! Şəhərdən o qədər yol gəlmisiniz, sərin bir şey için sonra qayıdarsınız.

- Yox, zəhmət çəkməyin, bizim başqa işlərimiz də var...

- Əlbəttə var, heç şübhəm yoxdu, amma süfrəmdə oturmasanız, buraxmaram. Bəlkə bir çay? Samovar da hazırdı. Amma axşam tərəfi bağ rütubətlidir, gəlin aynabənddə oturaq, - deyib ağsaqqal onları evə dəvət etdi.

- Necə böyük kitabxananız var, - deyə Fərəh aynabəndin qarşısındakı otağa boylandı.

- Hə, Fərəh balam, elədir. Kitab həvəskarı olmuşam, amma bəziləri kimi kitabları ancaq toplamamışam, onları oxumuşam. Bax, burada gördüyün kitabların demək olar ki, 90 faizini oxumuşam. Tək-tük kitab olar ki, oxunmamış qalsın. Bax, yuxarı rəfdə gördüyün o köhnə kitablar var, babamdan qalıb, əski əlifba ilə yazılmış bədii ədəbiyyatlar, bir neçə də əlyazma. Bayaq siz gələndə onları satmaq üçün tanış bukinistlə danışırdım. Elə qiymətli deyillər, amma yenə də satmaq qərarına gəldim. Mənə lazım olmayıb, kiməsə lazım ola bilər.

Elə bu vaxt İlqar gözlərini qıyıb xatirəyə daldı. Keçmiş əməliyyatçı masa arxasında kitablarından danışarkən İlqarın gözləri önündə o uğursuz əməliyyat bir film kimi açıldı - “Vezunçik Rövşən”i mənzildə tapmayınca, ondan geridə qalan bəzi əşya, sənəd-filan əşyayi-dəlil kimi götürülərkən, əməliyyatçıların altını üstünə çevirdiyi siyirmələrin birindən yerə düşmüş dəri cildli kiçik kitab diqqətini çəkdi. Döşəmədən qaldırıb vərəqlədi, kitabın dərisi aşılanmamış, kobud səhifələri sapsarı yarpaq kimi quru, əski əlifba ilə yazılmış yazıların mürəkkəbi bəzi yerlərdə axmış, solmuş, artıq oxunmur, oxunanlardan da nə fayda ki, İlqar bu əlifbanı bilmirdi. Heç özü də bilmirdi niyə, amma həmin köhnə kitabı hər kəsdən xəlvəti mənzildən çıxardı.
Xatırlayır, uğursuz əməliyyatın onun payına düşən utancını axşam evdə bir də yaşayıb həmin kitabı vərəqləmiş, sonra sirmələrin birinə atmışdı. Çox güman ki, hələ də sirmədə qalırdı, evdəkilərin onun əşyalarını, ələxsus siyirmələrini “eşələmək” kimi vərdişləri yox idi. İndi həmin kitabı satmağı düşünürdü...

Və keçmiş əməliyyatçı kitab söhbətinin ardınca masaya düzülmüş çeşid-çeşid mürəbbələrin tərifinə başlamışdı ki, İlqar əlyazmanı satmaq fikrindən ayrılıb, ani olaraq bu gecə gördüyü yuxunu xatırladı. Yuxuda gördü ki, nəyisə satır və müqabilində ovcuna kağız pullar basırlar, o isə həmin məbləğə razı olmur, “azdır bu pul” deyirdi. Bu vaxt üzünü xatırlamadığı alıcı isə əlini cibinə salıb yenə pul çıxardı, hətta cibindəki son qəpikləri də ona verib, “Nə qazandın, qənimətdir. Nə yoğurdun-nə yapdın, göydən düşmə puldu...” dedi. İlqar bir az da inad edib, sonunda pulları cibinə qoydu.
Səhər yuxudan oyanınca əksərimiz kimi, “yuxuda pul səs, xəbər” kimi yozulur düşünüb, o da bu röyanı unudardı, amma yox. Məsələ onda idi ki, son aylar, sanki İlqara vergi verilmişdi, yuxuları çin çıxırdı. Əgər yuxuda pul qazanmışdısa, demək həyatda da qazanacaqdı. Odur ki, ev sahibinin sözünü qəfil kəsib, “məndə də bir əlyazma var, həmin tanışınız onu sata bilərmi? Bəlkə də birinin işinə yarıyar, lazımsız qalmasın”, - dedi.

- Hə, niyə də yox? Həmin adamın telefon nömrəsini sənə verərəm, zəngləş, görüş, özün danış.

Elə həmin axşam İlqar bukinistlə görüş barədə vədləşdi, səhəri gün isə görüşdü. Kitabın dəyəri barədə heç bir məlumatı olmadığından, həm də bukinistin ilk təklif etdiyi qiymət ona cəlbedici göründüyündən dərhal əlyazmanı verib pulu aldı. Yuxusu çin çıxdı, qazandı. Bu köhnə, toz qoxuyan kitabdan pul müqabilində qurtulmasına sevincək bir daha özlüyündə düşündü: “Doğrudan da o uğursuz əməliyyat mənə uğurlu, düşərli oldu, hələ də qazanıram”.

Əlyazmanı satandan 2 gün sonra baş tutan toydan da çox karlı çıxdı. Amma toydan yığdığı pul son qazancı oldu. Nələr baş verdisə, ondan sonra oldu. Elə bil həyatında “qara xətt” başladı. Min fikir gəlirdi ağlına - Fərəhin ayağı uğursuz oldu... gözə gəldi... adlı-sanlı ailə ilə qohumluğunu qısqanıb ona cadu etdilər və buna bənzər şeylər...

Fərəhlə də yol getmirdilər, it-pişik kimi “boğuşmaqları” bir yana, işləri də al-üst olmuşdu. Uğursuzluğun biri bitir, o biri başlayırdı. Düşünür, düşünür, çabalayıb bu qara xətdən kənara çıxmaq istədikcə, daha çox batırdı.

Əslində, düşünə də bilmirdi, sanki bəsirəti bağlanmışdı. Yuxuları da çin çıxmırdı...

Bir neçə ayın içində hər şeyindən məhrum oldu. Artıq işdən atılması məsələsi gündəmdə dolanır, yalnız rəis qayınatasına görə yubanırdı. Amma bunun da sonuna az qalmışdı, Fərəh boşanmaq istədiyini valideynlərinə demişdi və nikah pozulunca qayınatasının himayədar kölgəsi üstündən çəkiləcəkdi...

Uğursuzluqları xəzəl kimi başına tökən ömrünün yoxsulluq şaxta kimi kəsən ac qışı gəlmişdi. Gecələr yata bilmir, yuxusu da qaçmışdı, yatsa belə kabus görür, dəli kimi oyanırdı. Yuxuları da hamı kimi, uğuru kimi onu tərk etmişdi...

Fərəhlə boşanma məhkəməsi Yeni il ərəfəsinə təyin edilmişdi. Həmin gün səhərə yaxın güclə yuxuya getmişdi ki, röya gördü – Fərəh məhkəmədə boşanmaqdan vaz keçdiyini dedi, səbəb isə dünyaya gələcək körpələri idi.
Həmin səhər İlqar uzun zamandı yaşamadığı xoş əhval-ruhiyyədə oyandı. Özü-özünə düşündü ki, yuxuda kabus bitdisə, demək həyatda da bitəcək.
Bərbərə gedib saçlarını səliqəyə saldı, toya gedirmiş kimi təmtəraqlı geyinib məhkəməyə gəldi. Yuxusu ağlından çıxmırdı, dünyaya gələcək körpə ilə bağlı xəbərin bu gün xoş müjdə olacağına inanırdı. Amma bu yuxu da gələcək kabusların carçısı oldu. Məhkəmə onları boşadı. Bunun ardınca hansı uğursuzluqlar onu izləyəcəkdi, artıq təxmin belə edə bilmirdi. Amma bir şeyi dəqiq bilirdi - İtaliya mafiyasını məhv etsə belə, rəis olan keçmiş qayınatası artıq onunla eyni idarədə işləməyi özünə sığışdırmazdı. Belə də oldu, “könüllü” olaraq ərizəsini yazıb işdən ayrıldı. Sonra dost-tanışlar ondan üz çevirdi, büdrəyincə, doğmaları da özlərini yad kimi apardılar. İş axtarır, iş, borc istəyir, borc, dərdləşməyə, söz deməyə adam gəzir, tapa bilmirdi.

Banka olan borc faizləri də yığılmış, başına başqa bəla olmuşdu. Nəhayət, avtomobilinin qarşılığında borcu bağlamaq qərarına gəlmişdi ki, qəzaya törətdi - təsadüfən yoluna çıxan piyadanı vurmamaq üçün maşını kənara çəkərkən zərblə divara çırpıldı. Alnı aşağı gözünün üstü ilə axan isti qan laxtasını silib piyadanın salamat olduğunu ötəri görüb gözlərini yumdu...
Sonrasını xatırlamır, xəstəxanada açdı gözlərini. Amma xəstəxanada olduğu günlərdə son aylar yaşadıqlarını səhifə-səhifə bir də vərəqlədi... Hər şey o uğursuz əməliyyatdan sonra başladı. Daha doğrusu, o əlyazmanı “Vezunçik Rövşən”in mənzilindən xəlvəti götürüb evə gətirəndən sonra. Elə həmin gecə yuxuda qırmızı bir avtomobilin ehtiyatsızlıq üzündən qəza etdiyini gördü. Səhər işə gedərkən yolda eyni hadisənin şahidi oldu, fərqinə varmadı.

Bir neçə gün sonra daha bir yuxu gördü – Gürcüstanda idi, “Vezunçik Rövşən”ə qarşı əməliyyatda iştirak edirdi. Səhər oyanınca yuxusunu qarışdırdığını düşünüb yenə fərqinə varmadı. İşdə əməliyyat toplantısı zamanı isə Rövşənin necə və hara qaçması ehtimalları öyrənilərkən ani olaraq yuxusunu xatırlayıb, “Mənə elə gəlir, Rövşən Gürcüstana qaçıb, orada axtarmaq lazımdır” ehtimalını səsləndirdi. Elə həmin axşam onun ehtimalı fakt olaraq təsdiqləndi. Əməliyyat qrupu təşkil edildi və İlqar da orada yer aldı. Artıq yuxularının fərqinə varmağa başladı. Vergimi verilib ona? Cinmi girib içinə? Yoxsa mələklər yuxusuna gəlib hər şeyi öncədən pıçıldayırlar? İlqar özündə baş verənləri anlamaqda aciz qalmışdı.
Gürcüstandakı əməliyyatı da bir film kimi olmasa da, ayrı-ayrı fraqmentlərlə yuxuda izləmişdi. Əməliyyat zamanı yüngül xəsarət aldı, bir neçə gün ambulator müalicə aldı, “xüsusi şücaət”ə görə mükafatlandırıldı.
Gürcüstandakı əməliyyatın ardınca uğur uğur üstünə gəldi, dost-tanışı, hörmət-izzəti, pulu, rütbəsi də uğurları kimi artırdı. Hətta onu bəyənməyən, özünə yaraşdırmayan Fərəhin, rəis atasının da İlqara münasibəti dəyişdi. Yuxularında gördüyü kimi, Fərəh onun üzüyünü barmağına taxdı, toyu da oldu, bal ayı da. Sonra son çin çıxan yuxusunu xatırladı və... “Vezunçik Rövşən”in mənzilindən götürdüyü əlyazmanı satması ilə yuxuları kəsildi, bəxti bağlandı...

Bir həftə sonra onu xəstəxanadan evə buraxdılar. Bu əlyazma fikri onsuz da aldığı zədələrdən ağrıyan başını çartladır, rahatlıq vermirdi. Yenə bukinistlə görüşmək qərarına gəldi. Amma sonra özünə “kəs bu sərsəmləmələri” deyib vaz keçdi. “Ən yaxşısı, iş tapmaq, həyatı yenə bir yerdən başlamaq, uğurun quyruğundan yapışmaq lazımdır” düşündü.

İş tapmaq üçün keçmiş iş yoldaşlarının, dost-tanışların qapılarını döyməyə başladı. Həmin günlərin birində Penitensiar Xidmətdə işləyən tanışı ilə təsadüfən rastlaşdı. Tanışı onun ailəsinin dağılmasına üzüldüyünü, qəza ilə bağlı təəssüfünü bildirdi. İlqarın işdən də çıxdığını öyrənincə münasib bir iş olarsa, xəbər verəcəyinə söz verdi.

- Xatırlayıram, sən necə peşəkar əməliyyatçı idin, sənin bacarığından imtina etmələri doğru qərar deyil məncə. Neçə ağır cinayətin açılmasında iştirak etmisən. Biri var idi, indi adını xatırlamıram...həmin işlə bağlı bütün ölkə, televiziya, qəzet, hamı səndən danışırdı.

- “Vezunçik Rövşən”i deyirsən...

- Hə, ay sağ ol. Heç yadımdan çıxmır, axı, o, bir müddət bizim təcridxanada qaldı. Böyük qəhrəman olubmuş kimi, fürsət düşən kimi keçmişindən nağıl danışardı... fırıldaqçı ki, fırıldaqçı. Danışardı ki, guya bütün var-dövlətini daha öncədən yuxuda görməklə qumar masalarında qazanıb.

- Nə yuxu?!

- Guya yatırmış, yuxuda növbəti oyunun detallarını öncədən görürmüş. Fırıldaqçının nağılına bax. Guya hüquq-mühafizə orqanlarından da uzun müddət belə qaçıb canını qurtarıb.

- Bəs, soruşmadınız ki, belə yuxu görən idinsə, niyə axırda ələ keçdin?

- Soruşmamış olarıq heç? Belə danışdı ki, ölkədən qaçandan sonra daha yuxuları çin çıxmayıb, bəxti də ondan üz çevirib. Son çin yuxusunda görüb ki, şəhər kənarında gizli evini aşkar ediblər və ona qarşı pusqu qurulur. Hətta əməliyyatın tarixini belə yuxuda gördüyünə and içirdi. Oyanan kimi şələ-küləsini yığıb qaçıb. Bundan sonra hər işinin tərs getdiyini Gürcüstanda başa düşür. Bir neçə qumar masasında az qala hər şeyini itirir, yola saldığı narkotik partiyası da ələ keçəndən sonra onu asanlıqla aşkar edib tuturlar.
İnanırsan bu nağıla?

Bu sual sanki İlqarı silkələdi. Rövşən mənzili tərk edərkən hər şeyi aparmış, amma dəyərini, “bəxt açarı” olduğunu bilmədiyi o kitabı aparmamışdı. Və həmin kitab İlqarın əlinə keçmişdi...

- Səninləyəm, inanırsan bu nağıla? – tanışı sualını bir də təkrarlayıb, dirsəyi ilə İlqarı dümsüklədi.

- Yox! – deyə az qala bağırdı.

- Yox, yox da... niyə qışqırırsan ki?! Mən də deyirəm də, yuxu görə-görə o boyda var-dövləti yığ, qumar oyna, narkotik sat, silah alveri ilə məşğul ol... mümkün deyil. O hadisələrdən sonra başına hava gəlmişdi, vəssalam. Amma öz aramızda, onun yerinə kim olsa, havalanar da... Elə sənin də yerinə kim olsa...

- Mən niyə?!

- Niyə qışqırırsan? Sənin də deyəsən əsəblərin xarab olub, qınamıram. Nə isə, salamat qal. Uyğun bir iş olsa, həmən sənə xəbər edərəm. Sağ ol.

- Hə, üzürlü say, - deyib İlqar bir az özünü ələ aldı, - səndən xəbər gözləyirəm.

Növbəti günlər İlqar sərsəm-sərsəm, küçə-küçə gəzib, nəhayət həmin bukinisti tapdı. Amma öyrəndi ki, əlyazma artıq satılıb. Əlyazmanı bir yəhudi kolleksiyaçı almışdı...

news-inner-user

16822 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Əməkdar artist vəfat edib
19:21 27 Oktyabr 2020
Məşhur serialın qəhrəmanı vəfat etdi
18:50 27 Oktyabr 2020
Fikrət Qocanın "Seçilmiş əsərləri" çap olundu
18:10 27 Oktyabr 2020
Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri
17:47 27 Oktyabr 2020
Nizami kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi
16:32 27 Oktyabr 2020
Musiqili Teatrın əməkdaşları əsgərlərə məktub yazdı
16:19 27 Oktyabr 2020
Azərbaycanlı bəstəkarın “Xocalıya” əsəri təqdim olundu
15:39 27 Oktyabr 2020
Seymur Baycan üçün küçədə ağlayan qız - Fəridə yazır...
15:01 27 Oktyabr 2020
“Zəng” tamaşası onlayn göstəriləcək
14:15 27 Oktyabr 2020
Rövşən Lənkəranski haqqında kitab nəşr olundu
13:39 27 Oktyabr 2020
Qarabağa savaşa gələn Anna Akopyana bir-iki məsləhət
13:03 27 Oktyabr 2020
Bağırov ona aşiq oldu, həyatını zindana çevirdi: Güllələnən ilk qadın pianoçumuz
12:10 27 Oktyabr 2020
Ey Milli Qəhrəmanım! – Ali Baş Komandana şeir yazıldı
11:30 27 Oktyabr 2020
Dostum koronavirusa necə yoluxdu? - Ayxan Ayvaz yazır
10:49 27 Oktyabr 2020
Prustun heç yerdə yayımlanmayan hekayələri nəşr olunacaq
10:20 27 Oktyabr 2020
Şeytanın saçından bərk yapış - Yeni hekayə
09:00 27 Oktyabr 2020
41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
18:53 26 Oktyabr 2020
Səyyad Aranın romanı Türkiyədə çap olundu
18:15 26 Oktyabr 2020
Özündən 30 yaş kiçik tələbəsinə aşiq oldu, 4 dəfə evləndi, övladını vəhşicəsinə qətlə yetirdilər – Məşhur diktordan maraqlı faktlar
17:35 26 Oktyabr 2020
Xalq yazıçısının dünya yazıçılarına müraciəti əcnəbi mediada - Fotolar
16:56 26 Oktyabr 2020