news-inner
clock12:08 calendar-gray 18 Sentyabr 2020 view-gray1258 dəfə oxunub
view-gray1258 dəfə oxunub

Pula görə təhsilini yarımçıq qoydu, repressiyadan təsadüfən xilas oldu, xanımı başqa qadınla evlənməsini istədi – Üzeyir bəydən maraqlı faktlar

Bu gün dahi bəstəkar Üzeyir Hacıbəyovun doğum günüdür. Kulis.az bu münasibətlə bəstəkar haqqında maraqlı faktları təqdim edir.

Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulmuşdu. Atası Əbdülhüseyin Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki təsərrüfatına başçılıq etmişdi. Üzeyirin anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Üzeyirgil ailədə üç qardaş, iki bacı olublar.

Gallery

Üzeyirdən başqa ailənin bütün uşaqları Şuşada anadan olub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olub. Şirin xanım Üzeyirə hamilə olarkən Ağcabədiyə yoldaşına baş çəkməyə gedir. Yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş çəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də Üzeyir Ağcabədidə dünyaya gəlir. Bir aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər.

***

Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində alır. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olub. Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov həm də Şövkət Ələkbərovanın ilk musiqi müəllimi idi. Üzeyir Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyanı bitirdikdən sonra - 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilir. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs deyir.

Gallery

1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedir, lakin maddi ehtiyac üzündən Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur qalır.

***

Gələcək həyat yoldaşı Məleykə xanımla Qori müəllimlər seminariyasında oxuduğu illərdə tanış olub. Milliyyətcə tatar olan Məleykə xanım Üzeyir bəydən 8 yaş kiçik idi. Üzeyir bəy seminariyanı bitirəndən 5 il sonra 1909-cu il dekabrın 20-də ailə qururlar. 6 il ərzində Bakıda kirayədə yaşayırlar. Sonradan 1915-ci ildə hazırda ev muzey kimi fəaliyyət göstərən mənzil Üzeyir bəyə verilir. Onlar 1942-ci ilə qədər bu mənzildə yaşayırlar.

Gallery

İxtisasca rus dili müəlliməsi olan Məleykə xanım həyat yoldaşının sənətinə yaxın olmaq üçün sənətini dəyişib, konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olub. Adətən gecələr işləyən Üzeyir bəyi Məleykə xanım heç vaxt tək qoymayıb. 38 il qoşa ömür sürüblər. Ancaq onların övladı olmayıb. Deyilənə görə, Məleykə xanım Üzeyir bəyin övlad sahibi olmaq üçün başqa qadınla evlənməsini təklif edib, amma Üzeyir bəy bunu qəbul etməyib.

***

Ü.Hacıbəyli görkəmli bəstəkar Müslüm Maqomayevlə bacanaq olub. Onlar həm də eyni ildə, eyni gündə anadan olublar.

Gallery

Üzeyir Hacıbəylinin həyatı o qədər də rəvan keçməyib. Dəfələrlə ölümlə üz-üzə gəlib. 1918-ci ilin mart qırğını zamanı ermənilər Üzeyir bəyin evini gülləboran ediblər. O zamanlar Üzeyir bəy artıq kifayət qədər tanınırdı. Ermənilərin bəstəkarı görməyə gözü olmadığından onu öldürmək istəyirdilər. Ancaq xoşbəxtlikdən, bu istəklərini həyata keçirə bilmirlər. Ölüm bəstəkardan uzaq düşür. Hadisələr baş verməmişdən əvvəl Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə birgə İrana qastrol səfərinə getməyi tapşırır. Əvvəl Üzeyir bəy razılaşmır, "Mən Azərbaycanı qoyub heç yerə getməyəcəm", - deyir. Ancaq Nərimanovun təkidindən, "Siz bizə gələcəkdə lazımsız" sözündən sonra Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppası İrana yola düşür. Onlar bir neçə ay İranda qalır, müxtəlif şəhərlərdə tamaşalar göstərirlər. Oktyabrda isə vətənə qayıdırlar. O zaman bütün qəzetlər Üzeyir bəyin qayıdışına görə, xalqa gözaydınlığı verirdi. Beləcə, Nəriman Nərimanov Üzeyir bəyi ölümdən xilas edir.

Gallery

Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı tez-tez xalq düşmənləri sırasında səslənməyə başlayır. 1920-ci ildə bəstəkarı güllələmək istəyirlər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbəyovun qaynı Hənəfi Terequlov əqidəcə qatı kommunist idi. O, təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür. Başılovlu Nəriman Nərimanovun yanına gedərək, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır.

***

Uzun illər Üzeyir Hacıbəyovun şəxsi katibi işləyən yaxın qohumu Ramazan Xəlilovun dediyinə görə, bəstəkar şəkər xəstəliyini bədnam qonşularımızın ucbatından tapıb. Belə ki, 1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edirdi. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir, təbiətcə sakit insan olan Üzeyir bəy uzun müddət sakitləşə bilmir: Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazırlar və bildirirlər ki, Üzeyir Hacıbəyov millətçilik edərək, qeyri-millətlərin müsabiqədə iştirakına əngəllər törədir. 30-cu illər üçün bu ittiham ən ağır ittiham idi. Molotov ona ünvanlanan ərizəyə dərkənar qoyaraq, bəstəkara göndərir: "Özünüz həll edin". Başdan-ayağa böhtan olan bu ərizə bəstəkarın əsəblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur.

Gallery

Dahi bəstəkarın həkimi erməni Osipyan ona yanlış müalicə və pəhriz təyin edib. Bunun nəticəsində Ü.Hacıbəyli bir ay ərzində 18 kq arıqlayıb, orqanizmi zəifləyib və ürək tutmaları başlayıb.

***

"Arşın mal alan" 1945-ci ildə Bakı kinostudiyasında ekranlaşdırılmış və bu musiqili film də dünyada geniş şöhrət qazanmışdır. Baş rolda Rəşid Behbudov çəkilib. Lakin əsərlərinə kimlərinsə düzəliş etmələri ilə heç cür barışmayan Üzeyir bəy "Arşın mal alan" bədii filmindən narazı qalmışdı. Filmə baxış sona yetəndən sonra Üzeyir bəy söz alaraq deyib: "Mənim övladım yoxdur. Əsərlərim mənim övladlarımdır. Heç kimin onlara toxunmağa haqqı yoxdur".

Gallery

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında "Arşın mal alan", "Koroğlu" operaları böyük maraqla qarşılanır. Hər iki operaya baxan Stalin bəstəkarın yaradıcılığını yüksək qiymət verir. "Koroğlu"nu zamanında yaradılan opera hesab edən Stalin Üzeyir Hacıbəyova məsləhət görür ki, bir yox, iki belə opera yaratmaq lazımdır. SSRİ lideri Stalin “Koroğlu” operasına görə Üzeyir Hacıbəyovu “QAZ M-1” markalı avtomobillə mükafatlandırıb.

***

Görkəmli dirijor və bəstəkar Maestro Niyazini repressiyadan Üzeyir bəy qoruyub.

Gallery

Üzeyir Hacıbəyli Azərbaycan tarixində ilk peşəkar bəstəkardır və müsəlman Şərqində ilk operanın banisidir. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, daha sonra isə SSRİ Ali Sovetinin deputatı olub. Nazirlər Kabinetinin 7 may 2009-cu il tarixli qərarı ilə Üzeyir Hacıbəyli əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

***

Üzeyir Hacıbəyov 1948-ci il 22 noyabrda vəfat edib. Ömrünün son illərində yazdığı “Firuzə” operası yarımçıq qalıb.

news-inner-user

16836 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Anar Kərimov: "Dəyərli xalçalarımızı hərraclarda tapmışıq"
18:58 28 Oktyabr 2020
Əməkdar rəssam vəfat edib
18:23 28 Oktyabr 2020
Oljas Süleyemenov Minsk qrupunu tənqid etdi
17:45 28 Oktyabr 2020
Əfsanələr taleyimizi dəyişə bilərmi? - Təbrizdən polemik yazı
17:10 28 Oktyabr 2020
Arif Məlikov haqqında kitab çap olundu
16:25 28 Oktyabr 2020
Böyümür ölü uşaqlar - Günün şeiri
15:12 28 Oktyabr 2020
Teatrşünas alim maaşını orduya köçürdü
14:55 28 Oktyabr 2020
Xalq artisti: "Artıq real film qəhrəmanlarımız var"
14:30 28 Oktyabr 2020
Fransız tərcüməçi Azərbaycan romanından yazdı: “Ona hirslənirdim”
13:44 28 Oktyabr 2020
Uşaqlığımın yay ayları – Pərvanə Bəkirqızı Qarabağdan yazır...
13:01 28 Oktyabr 2020
Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi – Mirzə İbrahimovdan 10 inanılmaz fakt
12:18 28 Oktyabr 2020
85 yaşlı erməninin söylədiyi böyük həqiqət
11:46 28 Oktyabr 2020
Gənc yazar işğaldan azad olunan kəndlərindən danışdı: “Yuxu kimidir!”
11:01 28 Oktyabr 2020
Tanınmış uşaq yazıçısı vəfat etdi
10:10 28 Oktyabr 2020
Fransada yaşayan vəkil: “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi” – Müsahibə
08:55 28 Oktyabr 2020
Əməkdar artist vəfat edib
19:21 27 Oktyabr 2020
Məşhur serialın qəhrəmanı vəfat etdi
18:50 27 Oktyabr 2020
Fikrət Qocanın "Seçilmiş əsərləri" çap olundu
18:10 27 Oktyabr 2020
Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri
17:47 27 Oktyabr 2020
Nizami kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi
16:32 27 Oktyabr 2020