news-inner
clock18:32 calendar-gray 17 Sentyabr 2020 view-gray725 dəfə oxunub
view-gray725 dəfə oxunub

Sinəm üstə saxlaram ayağının izini... – Rəbiqə peyğəmbərlərə şeir yazdı

Kulis.az Rəbiqə Nazimqızının “Peyğəmbərlər” silsiləsindən beş şeir”ini təqdim edir.


İbrahim peyğəmbərə

Nə qolları övlad həsrətiylə göynəyən Sara,
nə oğlu qucağında səhralara düşmüş Həcər anlar məni.
Yalnız sən, İbrahim,
təkcə sən bilərsən... qismən...
Mən torpağa bənzəyirəm,
yetirə də bilərəm,
gəzdirə də,
içimdə basdıra da bilərəm hər şeyi.

Dənizdən çox,
qarmaqdakı yemə gələn balıqların sevincinə kövrəlirəm,
balıqçının torunda inci tapmaq ümidinə ağrıyıram.
Hərdən təlxək kimi güldürürəm,
hərdən timsah kimi ağlayıram.
Saman çöpünü
çöplüyündə boğulanlara saxlayıram.

Mən göylərdən yox,
göylərin özünü istəyirəm,
uçmaq yox,
qucaqlamaq istəyirəm göy üzünü -
qollarım boş qalmasın deyə.
Heç nə istəmirəm,
nə borc, nə hədiyyə...

Mən o kişini sevirəm -
həyatı arxasınca sürüyən adamı.
Hərdən ürəyimi kükrədən,
Hərdən qollarımda kiriyən adamı...
Günahımdan qalxan düzəldirəm,
dəbilqə kimi başımda gəzdirirəm onu,
silah kimi tuşlayıram yad ünvanlara.
Mən hara, məsumluq hara...

Mən iki dəfə qadın oluram -
sevəndə -
dünyanı soyunub
əllərini geyinəndə sevgilimin
gizli-gizli.
Qulağımdan silinəndə başqa səslər,
təmizlənəndə...
Bir də hər ay sonu,
intizarla gözləyəndə qadınlığın haray çəkib
məni dağa-daşa salan ağrısını.
Ayıbımdan qızaranda üstüm-başım,
kirlənəndə... sevinirəm...
Bax o anda, İbrahim,
içimdən bir hiss keçir -
mən qatiləm -
bətnimdəcə doğulmamış
arzuları
parça-parça öldürürəm...


Dəvənin Saleh Peyğəmbərə dedikləri

Səndən əvvəl torpaqdım, suydum, küləkdim bəlkə,
Bəlkə, də göy üzündə qanad çalan ah idim.
Elə sənin dilindən qopan istəkdim bəlkə,
İstədin, Tanrı verdi, istədin, mən də gəldim.

Bu gəliş möcüzəydi, bu görüş möcüzəydi,
Məndən nə yapışmışdın, elə səndin möcüzə.
Adamlara göstərib, tezcə də gizləsəydin,
Bəlkə də heç gəlməzdik sözə, nəzərə, gözə.

Başımı bədənimə çox gördülər düşmənlər,
Dişimdə əzilmədi, bıçaq tikan deyildi.
O gün səni yanımda yox gördülər düşmənlər,
Məni yoxluğun yıxdı, mən yıxılan deyildim.

Gəlməyindən itiymiş getməyinin surəti,
Can üstəyəm, ağzımdan köpük gəlincə getmə.
Otur başım üstündə, iki misra ağı de,
Qurban olum, bir az döz, dəvən ölüncə getmə.

Hələ yanır gözümdə göy üzünün mavisi,
Dərimdən çəkilməyib günəşin son şüası.
Sən ey mənim sahibim, ey Tanrının varisi,
Adına bağlanıbdı ağzımın son duası.

Qorxma, bir az yaxın dur, batmazsan qan izinə,
Gözlərinin yaşında yuyularam, itərəm.
Qəm yemə, heyvandı da, alarsan yenisini,
Sevərsən, bağlanarsan, alışarsan birtəhər.

Mənim də canım yanır, neynim adım dəvədi,
Bəbəklərimə bax gör, sən bir nəbzimi yoxla.
Görən necə ölürlər, məndə bu ilk dəfədi,
Sonuncu nəfəsimi götür xatirə saxla.

Dəvəyə cavab şeiri və ya Saleh peyğəmbərin ölmüş dəvəsinə deyə bilmədikləri

Bu neçənci gecədi əynində yas paltarı,
İşığı görünməyən neçənci dan üzüdü?
İki dərin quyunun qurumur göz yaşları,
Kim deyir ki, ağlayan peyğəmbərin gözüdü?

Ay telləri gümüşüm, ay çilləri qızılım,
Ay günahım, ay cəzam, ay hakimim, vəkilim.
Hansı bütü sındırım, çiliklənsin qəzəbim?
Adamlardan gizlənib hansı dağa çəkilim?

Cığır salır torpaqda alnımın qırışları,
Ahım göyü süpürür, ətəklərim yer silir.
Kəsər yuxularıma yağan daş yağışları,
Başıma sevinc düşər səni mənə versələr.

Nə ölülər dirilir, nə də mən can verirəm,
Yavaş-yavaş sürünür yenə ömür gəcavəm,
Əlim gəlsə, dərdimi belinə yükləyərdim,
Ölərdim, deyərdilər: Salehi ölmüş dəvə.

Musa Peyğəmbərə

Söykənərəm ümiddən düzəltdiyim əsaya,
ayaqyalın gəzərəm ilan dolu çöllərdə.
sənin mənə kəsdiyin bu mininci cəzaya,
bu taleyə, bu ömrə, bu günə, bu
qəzaya,
sevinərəm... ölmərəm...

Məni çırparsan yerə, dönərəm əjdahaya,
qorxuları çeynəyib udaram tikə-tikə,
mələşdikcə ilanlar ayağımın altında,
doğduqca törədikcə,
mənim könlüm böyüyər
yenə tapınıb eşqə.
dağılar ürəyimdə o təlaş, o səksəkə.

Mənim əjdaha sevgim qorxmaz dar ağacından
Neçə yara alsam da, sənin söz qılıncından,
sürüb gəlsən ordu tək üstümə qınaqları,
arabir sükutundan tutulsa qulaqlarım,
gah cənnətə qaçaram, gah da ki cəhənnəmə.
Sənə dönərəm yenə.

Bundan sonra qırx il də yaşayaram sərgərdan,
yenə qalib çıxaram bütün davalarımdan.
Ümidim yarıb keçər tərəddüd dənizini,
sinəm üstə saxlaram ayağının izini.
Küsdürərsən, gedərəm çıxaram Tur dağına,
dan yeri ağaranda səs gələr otağına,
yayın bu istisində sənin buz yatağına
göndərərəm yuxumu,
alarsan qucağına mənli xatirələri
yatarsan şirin-şirin.

On iki yol açaram bağlanmış qapılardan,
keçərsən, qurtularsan bütün ağrılarından.
Fırtınada boğular nə ki narahatlıq var,
Bir az isladıb keçər... can köynəyim quruyar...
Bəlkə, bu dalğalarda mənimçün də ölüm var,
“Hələ tezdir” dartınır sənə sarı dodaqlar.
Məni özünə saxla,
bir sandıq düzəlt mənə
ananın sandığından...
Məni sevindir, ölüm,
ölüm utandığımdan...


İsa Peyğəmbərə

Könlüm dəlik-dəlikdi,
Nə ağırmış çarmıxın.
Gəl gör nə xəstəlikdi -
Qanımda ürək axır.
Sən ki yaxşı bilirsən,
Yetimliyin dadını.
Kimsəm yoxdu, canüstə,
Çək üstümə adını.
Gözlərimi aç, koram,
Ölüyəm, dirilt məni...
Gəl ram elə, tufanam,
Körpəyəm, kirit məni.
Yerin var gözüm üstə,
Gəzib dolan doyunca.
Mənə qanad tax gildən,
Dövrə vurum boyunca.
Otuz üç kərə ölüb
Dirilərəm səsində.
Gözəl bir yer sal mənə,
çarmıxın kölgəsində.
Çörək ol mənə, acam,
Yastıq ol, yatım gecə.
Şərab çək göz yaşımdan,
Havalanım içincə.
Tap çıxar cinlərimi,
Keçiləri kəs, qızart.
Xilas olmasam, yandır,
Külümü dənizə at.
Gedirsən, gün tutulur,
Silkələnir yer üzü.
Çökür, məbədlər çökür,
Pərdələnir yer üzü.
Nə yaman tələsirsən
Qeybə çəkilmək üçün.
Üç gün keçməz dönərsən,
Dözməzsən, çatmaz gücün.
Səni mənə gətirən
başmaqlarına qurban.
Ömrüm üstə xaç çəkən
barmaqlarına qurban.
Bəlkə də uzun çəkər
yollardan yığılmaram.
Çəkər bu zühur çəkər,
Ölənədək ağlaram...
Sənin də heyin çatmaz
Ağrımı susdurmağa.
İçində bir məzar qaz
Şeirimi basdırmağa...

news-inner-user

16836 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Anar Kərimov: "Dəyərli xalçalarımızı hərraclarda tapmışıq"
18:58 28 Oktyabr 2020
Əməkdar rəssam vəfat edib
18:23 28 Oktyabr 2020
Oljas Süleyemenov Minsk qrupunu tənqid etdi
17:45 28 Oktyabr 2020
Əfsanələr taleyimizi dəyişə bilərmi? - Təbrizdən polemik yazı
17:10 28 Oktyabr 2020
Arif Məlikov haqqında kitab çap olundu
16:25 28 Oktyabr 2020
Böyümür ölü uşaqlar - Günün şeiri
15:12 28 Oktyabr 2020
Teatrşünas alim maaşını orduya köçürdü
14:55 28 Oktyabr 2020
Xalq artisti: "Artıq real film qəhrəmanlarımız var"
14:30 28 Oktyabr 2020
Fransız tərcüməçi Azərbaycan romanından yazdı: “Ona hirslənirdim”
13:44 28 Oktyabr 2020
Uşaqlığımın yay ayları – Pərvanə Bəkirqızı Qarabağdan yazır...
13:01 28 Oktyabr 2020
Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi – Mirzə İbrahimovdan 10 inanılmaz fakt
12:18 28 Oktyabr 2020
85 yaşlı erməninin söylədiyi böyük həqiqət
11:46 28 Oktyabr 2020
Gənc yazar işğaldan azad olunan kəndlərindən danışdı: “Yuxu kimidir!”
11:01 28 Oktyabr 2020
Tanınmış uşaq yazıçısı vəfat etdi
10:10 28 Oktyabr 2020
Fransada yaşayan vəkil: “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi” – Müsahibə
08:55 28 Oktyabr 2020
Əməkdar artist vəfat edib
19:21 27 Oktyabr 2020
Məşhur serialın qəhrəmanı vəfat etdi
18:50 27 Oktyabr 2020
Fikrət Qocanın "Seçilmiş əsərləri" çap olundu
18:10 27 Oktyabr 2020
Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri
17:47 27 Oktyabr 2020
Nizami kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi
16:32 27 Oktyabr 2020