news-inner
clock15:03 calendar-gray 14 Sentyabr 2020 view-gray29159 dəfə oxunub
view-gray29159 dəfə oxunub

Azyaşlı qızla evlənən, oğlunu öldürəni bağışlayan, sağkən qəbrini qazdıran Xalq şairi

Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür. Bu münasibətlə Kulis.az şair haqqında maraqlı faktları təqdim edir.

Hüseyn Camal oğlu Hüseynzadə 1924-cü il iyunun 15-də Qazax rayonunun Yenigün kəndində anadan olub. 1951-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. "Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında redaktor, "Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində işləyib.

***

Şeirlərini restoranda ilhamı gələndə salfetkaların üstünə yazıb. Qəribədir ki, Hüseyn Arif şərqşünaslıq fakültəsini fərqlənmə ilə bitirsə də, farsca bilməyib.

Gallery

Hüseyn Arifi daha çox gülməli insan kimi tanınır. Çoxu bilmir ki, o, həm də olduqca həssas qəlbə malik olan və ömrünün xeyli hissəsini dərd-qəm içində keçirən birisi olub. Tək oğlu Arif avtomobil qəzasında dünyasını dəyişməsi onun həyatını alt-üst edib. Oğlunun ölümünə səbəb olan sürücünü isə bağışlayıb. Oğlunu əvvəlcə Bakıda dəfn etsə də, sonradan onun məzarını Ağstafaya köçürür və oğluna xitabən deyir, öləndə sənin ayaq tərəfində gəlib yatacam.

***

Bu hadisədən sonra o, oğlunun adını təxəllüs götürüb. Onacan Hüseyn Hüseynzadə kimi tanınırdı.

Xalq artisti Habil Əliyev danışır ki, oğlu rəhmətə gedəndə yasa getdim, mağarda üz-üzə gəldik, bilmədim, nə deyəm. Adamın bir oğlu var, o da dünyasını dəyişib, nə deyəsən, necə təsəlli verəsən? Deyir, Hüseyn Arif əllərimdən yapışdı və qəhərdən boğula-boğula dedi:

- Habil, indiyəcən sənə qulaq asanda ağlayırdım, bəs indi neyləyəcəm?

Gallery

Hüseyn Arifin lətifələri insanları güldürür, dərdi özünü ağladırdı. Şair özü bunu yaxşı başa düşürdü. Hətta şeirlərinin birində bu təzadı qələmə də almışdı:

Aləmi güldürən sözüm-söhbətim
Aləmi ağladan qəmim var mənim.

***

Şairin qızı Sevinc xanım müsahibələrinin birində deyir: Atam gündəlik yazırdı. Dediyinə görə, cəbhədə yazmağa başlamışdı. Döyüşlərin birində bərk yaralanmış və bütün yazdıqlarını itirmişdi... İkinci dəfə Arifdən sonra gündəlik tutmuşdu. Hər günü belə başlayırdı: “Arif, sənə qurban olum, oğul!" Təəssüf ki, bu gündəliklər də naməlum şəkildə evdən yox oldu. Əldə qalanlarını isə mən bu yaxınlarda evdən köçəndə Dövlət Ədəbiyyat və İncəsənət arxivinə təqdim etmişəm”.

***

Basindəki evində üst qonşularının su xəttində problem olduğundan, otaqlarının biri həmişə damırmış. Yuxarı qalxıb nə qədər desələr də xeyri olmurmuş. Bir gün Ağstafadan qohumu gəlir, Hüseyn Arif onu daman otağa aparıb deyir:

- Gəl-gəl, bura çox mənzərəlidir, elə bil Qazaxın “Damcılı bulağ”ıdır.

Gallery

Ömür boyu xalq şeirinə sədaqətli olan, milli-mənəvi dəyərləri yüksək tutan, sazı həddindən artıq çox sevən Hüseyn Arif dini düşüncələrinə görə qatı ateist olub, Allaha inanmayıb. Sələflərindən fərqli olaraq şeirlərində Allah sözü və dini-irfani kontekst demək olar ki, yoxdur. O, övladlarının da dinə meyllənməsinə imkan verməyib.

***

Xalq yazıçısı İsmayıl Şıxlı onun haqqında məşhur əhvalatları yazanda hər biri üçün ayrıca Hüseyn Arifin razılığını alıb. Şair rəhmətə gedəndə nə illah ediblər, İsmayıl Şıxlı ondan icazəsini almadığı əhvalatların heç birini danışmır.

Gallery

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Filarmoniyada Hüseyn Ariflə görüş təşkil olunur. Aparıcı Zəlimxan Yaqub imiş. Birinci hissə başlayır, Hüseyn Arif yoxdur... O vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlu əsəbiləşir. Deyir, daş deşiyində olsa da şairi tapmalısınız. Evinə zəng vururlar. Axşam gəlməyib.

Görüşün birinci hissəsini Zəlimxan Yaqub birtəhər yola verir. Fasilədə Hüseyn Arifin evindən zəng gəlir. Həyat yoldaşı imiş. Deyir:

- Hüseyn Qazaxdadır. Axşam dostlarına qoşulub gedib. İndicə evə zəng vurmuşdu. Dedi, filarmoniyada mənimlə görüş keçirilir, maraqlan gör necə keçir?

***

Çoxu bu faktı da bilmir ki, Hüseyn Arifi gerçək bir lətifə qəhrəmanına çevirən Rəfiq Zəka Xəndan olub. Onun güclü yumor hissi varmış və Hüseynlə bağlı əhvalatların çoxunu o düz-qoş edirmiş. Rəfiq Zəkanın atası Cəfər Xəndan Hüseyn Arifin müəllimi olub və ailəvi dostluq ediblər.

***

Meydan hərəkatı vaxtı övladlarına ciddi şəkildə tapşırıb: “Cəbhəçilərə qoşulmayın!”

Gallery

Hüseyn Arif gəncliyində Aşıq Mirzənin qızını sevib. Ancaq qovuşmayıblar. Hüseyn əsgərlikdə ikən Bənövşə ərə gedib. Sonralar şairə 16 yaşında bir qız göstəriblər, gözəl olduğundan şair ona vurulub. Evlənməyə razılığını alıblar. Qız onu oxudacağına söz verəndən sonra Hüseynlə ailə qurmağa razı olub. Ancaq bir çox sevgi şeirlərində “İlk və son məhəbbətim” deyə Bənövşəyə işarələr vurub.

***

SSRİ Xalq artisti Zeynəb Xanlarova ilk dəfə onun şeiri ilə efirə çıxıb. “Qonşu qız” mahnısıyla... Sözləri Hüseyn Arifin, musiqisi Ələkbər Tağıyevindir. Amma sonralar danıb bu faktı. Deyib, öz mahnımla çıxmışam. Halbuki o vaxt gənc bir qızın mahnısını heç vaxt efirə buraxmazdılar. Bu fakt televiziyanın “Qızıl fondu”nda da öz əksini tapıb.

Gallery

Daha bir maraqlı fakt: Hüseyn Arifin zəngin kitabxanası olub. Orta məktəbi də çox əla oxuyub. Onu yaxşı oxuduğu üçün üçdən beşə, beşdən yeddiyə keçiriblər.

***

Əslində, ədəbiyyat və sənət cameəsində “Qazaxşina” adlandırılan Qazax yerlibazlığı Səməd Vurğundan çox Hüseyn Arifin adı ilə bağlıdır. Bununla bağlı məşhur bir məsəl də var. Guya Hüseyn Arif gileylənirmiş: “Bilmirəm mənə niyə yerlibaz deyirlər. Mən ki, tovuzluları da çap edirəm!”

Gallery

Hüseyn Arif nəşriyyatın kafesində vermişel yeyirmiş. Cavanlar başına toplaşıb tanış olurlar. Biri şairdir, biri yazıçıdır, biri jurnalistdir... Sonuncu gənc dinmir.

Hüseyn Arif soruşur:

- Sən nəçisən, a bala?

- Astronom!

Sözün mənasını dəqiq bilməyən Hüseyn müəllim bir də soruşur:

- O nə olan şeydir?

Gənc oğlan:

- Biz göy cisimlərinin arasından axan maddələrin tərkibini və xarakterini öyrənirik.

Hüseyn Arif əlindəki çəngəli dınqıltıyla yerə qoyub qaşlarını çatır və narazı səslə dillənir:

- Oraları korlamayın!

***

Yaxşı saz çalmağı, pəsdən gözəl oxumağı olub. Aşıq Mirzəni ustad hesab edib. Deyirmiş, iki ilahi səs var: Bir Aşıq Mirzədə, bir də Zeynəb Xanlarovada...

Gallery

Situasiyadan yumorla çıxmağı varmış. Məsələn, ona eşq elan edən şairə xanıma, “Arvadla məsləhətləşim, sizə bir söz deyərəm” deyir.

***

Hüseyn Arif xəstə yatmağı sevməyib. Bircə dəfə yorğan-döşəyə düşüb, ayağında qanqren əmələ gəlib. Elə onunla 1992-ci il sentyabrın 14-də dünyasını dəyişir. Əvvəlcədən oğlunun ayaq tərəfində qazdırıb hazırlatdığı məzarda dəfn olunur.

***

Cəmi 68 il ömür sürüb. Amma kim bilir, oğul dağı olmasaydı, daha neçə il yaşaya bilərdi. Şeirlərinin birində belə deyir:

Hüseyn Arifəm, közə dözərdim,
Enişə, yoxuşa, düzə dözərdim.
Səksənə, doxsana, yüzə dözərdim –
Əllidə Arifi itirməsəydim.

Gallery

Başına gələn faciədə özünü günahkar bilib. Ovçuluq etdiyi zamanlarda ovladığı heyvanlar haqda ürək ağrısı ilə yazıb və sonda şeiri belə misra ilə bağlayıb : “Bu qan səni tutasıydı, tutdu da”.

news-inner-user

16557 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bu yazıçılar müharibədə iştirak ediblər - Siyahı
21:01 28 Sentyabr 2020
Yazıçılar Birliyi bəyanat yaydı
18:16 28 Sentyabr 2020
Gənc şair hərbi xidmətə yola düşür
17:40 28 Sentyabr 2020
Özfəaliyyətimiz elə bu qədərmiş - Akif Əli yazır...
17:00 28 Sentyabr 2020
Svetlana Aleksiyeviç ölkəsini tərk etdi
16:30 28 Sentyabr 2020
Qarabağa həsr olunan klip çəkildi - Video
15:50 28 Sentyabr 2020
Ceylanın yeni filmi nədən bəhs edir? – Detallar
14:57 28 Sentyabr 2020
"Vəziyyət həqiqətən ciddidir" - Yazıçılar hərbi əməliyyatlardan danışdı
14:04 28 Sentyabr 2020
Cəbrayıla gedən yol
13:03 28 Sentyabr 2020
Fred Asifin Ala Yaquba hirslənməsi, bomba səsindən ürəyi partlayan 3 yaşlı İlkin... - Ağdamda bir gün
12:06 28 Sentyabr 2020
Mir Cəlal Paşayevin məqaləsi Milli Kitabxanaya gətirilib
11:21 28 Sentyabr 2020
Görürəm ki, qəhrəmansan – Günün şeiri
10:40 28 Sentyabr 2020
Xalq yazıçısı: “Yazıçılar Birliyindən çıxmaq lazımdır” – Müsahibə
08:58 28 Sentyabr 2020
Məcnunun “aşiqi-sadiqliyi” şübhə altındadır? - Elçin yazır
16:30 26 Sentyabr 2020
Karantin – kütlənin tənhalığı – Aqşin Yeniseydən yeni şeirlər
15:18 26 Sentyabr 2020
Bəyin atası, nisyə kitab istəyən oxucu, həbsxanadan çıxmış gənc yazar – İmza günündən reportaj
14:57 26 Sentyabr 2020
Məşhur rejissor festivaldan qovuldu
13:21 26 Sentyabr 2020
Ağlını itirib, dəlidi payız - Qazaxda bir ömür...
11:14 26 Sentyabr 2020
Vaşinqtonda Üzeyir Hacıbəyovun anadan olması münasibətilə tədbir keçirildi
10:02 26 Sentyabr 2020
Həmidə Ömərova gürcü aktyorun nəyinə gülürdü? – Məşhur filmin gizlinləri
09:00 26 Sentyabr 2020