Anamın əlini ütü bilirdim... - El Romandan yeni şeirlər

Anamın əlini ütü bilirdim... - El Romandan yeni şeirlər
1 sentyabr 2020
# 16:26

Kulis.az El Romanın şeirlərini təqdim edir.

Bakı

Səbəbi bilmirəm nədir, niyədir,
Qəzəbin gözündən oxunur,
Bakı!
Yağışın əynimə gözəl yaraşır,
Küləyin çiynimə toxunur,
Bakı!
Getmək istəyəsən uzağa, ancaq
Qəflətən gözünü yuxu apara.
Qatarlar sərhəddə ilişib qala,
Taksilər uzağa baha apara.
Çökməyi ar bilir diz qapaqlarım,
Ovcumun tərində boğulur,
Allah!
İçəndə yaşayır, içimdə ölür,
Bu qız ölmək üçün doğulub,
Allah!
Yolun harasına yaraşır axı
Yolun ortasında buraxmaq məni?
Əvvəlcə içində gileylənəsən;
"Görəsən, sevirmi bu axmaq məni?!"
Sonra da dərdlərin yadına düşə,
Dodağın altında pıçıldayasan;
"Eh, cavan öldürdü, cavan öldürdü,
Qanaxma atamı, darıxmaq məni!"
Deyəsən, səni də yuxu apardı
Saçıma səpələ qoxunu,
Bakı.
Bu dəfə çiyninə mən toxunacam,
Sənə danışacam yuxumu,
Bakı.

İşıqfor

Bakı, 28 May Metrostansiyası yaxınlığı,
saat 13:55.

İşıqforun qırmızı işığı
piyadalar üçün
otuz saniyəlik yanmağa başlayır.

Hamı bir-birindən nəyisə soruşur;

Səliqəli geyinmiş
və üzünü hələ yarım saat əvvəl qırxmış bir kişi
taksi şoferlərindən
Mərkəzi Bankın yerini,

Digər iş yoldaşlarından
daha arıqdır deyə
böyük fəxrlə işini icra edən bir polis
Elə indicə cərimələdiyi xanımdan
adını və soy adını,

Sevmək üçün bir az tələsən
on altı yaşındakı bir gənc
sevgilisindən zəngə cavab vermək üçün
niyə gecikdiyini.

Hamı bir-birindən nəyisə soruşur.

Amma bu dəfə mənim bəxtim gətirib,
suallar bildiyim yerdən gəlir;
bir taksi şoferi məndən
buranın hansı küçə olduğunu,
bir həmyaşıdım
şəhadət barmağı ilə sol qolunu işarə edib
saatın neçə olduğunu,
atam da telefonda
buralarda havanın necə olduğunu soruşur.

Əlindəki zibillə
tox yolları doyuran uşaq
və ondan zibil dilənən
ac zibil qutuları.

Vedrədəki nərgizləri neçəyə satdığını unudan
gülçü qadın
və ondan otuz metr aralıda
həmin nərgizləri
"nə verərsən, verərsən" manata satan
gülçü kişi.

Piyadalar üçün yaşıl işıq.

Quyu

Dərin bir quyu vardı.
su içmək istəyəndə
atam ora düşmüşdü.

O gündən sonra hər gün
quyuya su tökməyə
özümə söz vermişdim.

Sonra başqa atalar
"Quyuya su tökməklə quyu dolmaz" dedilər.
Bir tökdüm, iki tökdüm,
üçüncüdə qonşular tökmək olmaz dedilər.

İki günün içində bir pişik balası da
düşdü, quyuya düşdü.
Onun da su içəndə ayaqları sürüşdü.

Həmin o gün atamdan onu qaytarsın deyə
xahiş də eləmişdim.
Atam qaytarmayanda o pişiyin adından
qarğış da eləmişdim.

Kimisə köməyimə
çağıra bilməmişdim.
Bir gün dəli qonşumuz quyuya daş atmışdı,
qırx ağıllı yığışıb
çıxara bilməmişdik.

Amma dostum, kim bilir,
Bəlkə hələ də sağdı,
bəlkə öz gözləriylə
cənnəti görüb orda?
Bəlkə pişik balası
doqquz canından birin
atama verib orda?

Bir gün dəli qonşumuz
quyuya daş atmışdı.
O daş başına düşdü
pişiyin, ya atamın?
O gün bərk tapşırmışdım
bu quyuya atamı.
O gün quyu apardı
quyu kimi adamı.

Duz

Yaxşı yadımdadı,

O gün anam yenə xəmir yoğurdu,
O gün atam evə duz aldı, gəldi.

Boyum da çəkimə yaxşı düşürdü.
O vaxt şəkildə də yaxşı düşürdüm.

Necə maraqlıdı, özümdən başqa
Bütün uşaqları yetim bilirdim.
Qırışlı xəmiri düz edir deyə
Anamın əlini ütü bilirdim.

Sonra nə oldusa, ara qarışdı,
Sonra birdən-birə ütü qırışdı...

Sonra birdən-birə anam qocaldı.
Bir dəfə o qədər işləmişdi ki,
Bir dəfə o qədər yorulmuşdu ki,
Həmin gün gecəni yatdı, durmadı.

Həmin gün ulduz da tez sönəcəkdi,
Həmin gün günəş də tez batacaqdı.
İlk dəfə anamdan tez oyanırdım,
İlk dəfə anamdan gec yatacaqdım.

Həmin gün süfrəyə duz da dağıldı.

Günəş gizlənəndə, yaxşı bilirdim,
Ay da ulduzları tək sığallayır.
Analar adamı bərk qucaqlayır,
Atalar adamı bərk sığallayır.

Yaxşı yadımdadı,

Bir gün anam yenə xəmir yoğurdu,
Bir gün atam evə duz aldı, gəldi.
Həmin gün süfrəyə duz da dağıldı,
Həmin gün dağıldıq, biz də dağıldıq...

Qarışqa

Süpürgə, saçını sər yerin üstə,
Süpürgə, saçınla süpür yerləri.
Elə təmizlə ki, toz qalmasın ha,
Sonra qarışqalar öpür yerləri.

Özündən yüz dəfə ağır hər yükə
Hardasa qarışan qarışqa qız var.
İlahi, bilirəm, indi hardasa,
Mətbəxə daraşan qarışqa qız var.

Daraşır paltara, bişir-düşürə,
Kirli qab-qacağı qənd kimi görür.
Ev adlı ölkədə dəhlizi şəhər,
Mətbəxi ən ucqar kənd kimi görür.

İlahi, o qızın bir əri də var,
Gözləyir, gecələr gələ-gəlməyə.
İlahi, həmin qız qarışqa kimi
Möhtacdır qənd boyda şirin kəlməyə.

Atası sağ deyil, olsaydı əgər,
Deyərdi "bağışla, bağışla, qızım!"
Qarışqa əzməyə qıymayan kişi
Əzirdi hər gecə qarışqa qızı...

Süpürgə, saçını sər yerin üstə,
Süpürgə, saçınla süpür yerləri.
Elə təmizlə ki, toz qalmasın ha,
Sonra qarışqa qız öpür yerləri...

Balıqların qulağı

Biz səninlə bu dünyanın qonağı.
Biz səninlə eyni bezin qırağı.
Biz səninlə tutduğumuz balıqlar,
Biz səninlə balıqların qulağı.

Əllərimiz dolu gələk həyətə,
Gözlərimiz nəfsimizə qıymasın.
Bir də, möhkəm tapşırarsan, uşaqlar
Tutduğumuz balıqları saymasın.

Uşaqları göndərərik məktəbə,
Böyüdərik, dözüm ilə, səbr ilə.
Kök altından say çıxarar uşaqlar,
Yük altından sağ çıxarıq, səbr elə...

Gözlərinin suyu ilə yuyasan,
Paltarları sulu-sulu sərəsən.
Durduq yerə dərd üstünə dərd gələ
Gecə boyu düşünəsən.

Görəsən,
Düşünəsən, gecə yağış kəsdimi?
İki ürək bir ömürə bəs edər,
Düşünəsən,
İki çörək dörd nəfərə bəsdimi?

Köhnə evin toxumunu götürüb
Basdırarıq ən qaranlıq kölgədə.
Gözləyərik, ömür bizim, gün bizim,
Təzə bir ev cücərəcək bəlkə də...

Deyinəsən, bu qaş, bu göz qocalır,
İlahi, bu şair nə tez qocalır!
Sən bilirdin, səndən də tez qocalır
Kasıb olan ölkələrin evləri.

Mən bilirdim, bu sevgiyə əsirsən,
Mən bilirdim, hər ağrını kəsirsən.
Mən bilirdim, qoca çinar kəsilsə,
Yıxılacaq kölgələrin evləri...

Biz səninlə bu dünyanın qonağı.
Biz səninlə eyni bezin qırağı.
Gün gələcək, qayıdarıq o evə
Bir əlimdə tutduğumuz balıqlar,
Bir əlimdə balıqların qulağı...

Xərçəng

Yanağın qızarır al günəş kimi...
Dodağın quruyur torpaqlar kimi...
Deyəsən, başında payız fəslidir,
Saçların tökülür yarpaqlar kimi.

Dünən dərd bir idi, bu gün beş olur...
Hər gün bir dərdinə bir telin düşür.
Bir gün ürəyinə dəli sevişmək,
Bir gün də yadına sevgilin düşür.

Dünən bir, bu gün beş, sabah on dənə...
Saçların tökülüb, leysan yaradır.
Səhər baxırsan ki, dəvə tellərin
Səhra yastığında karvan yaradıb.

Dünən bir, bu gün beş, sabah on dəfə...
Baxırsan güzgüyə, sayaqlayırsan.
Dünən bir, bu gün beş, sabah on kilo
Çəki itirirsən, arıqlayırsan.

Baxırsan güzgüyə, sayaqlayırsan,
"Qalmışam görəsən, hələ də gözəl?"
Eyni bir güzgünün içindəsənsə,
Elə də gözəlsən, belə də gözəl!

Dodağın göyərir buludlar kimi,
Gözlərin qaralır ümidlər kimi,
Dəyərin gah düşür, gah da ki, qalxır
Uzağa aparan biletlər kimi...

Gözüm gözlərinin nazını sevir,
Çoxuna şükr edir, azını sevir.
Elə get, gedəndə yollar mənimçün
Desin, ayağının tozunu sevir.

Elə get, həsrəti çək oğrun-oğrun,
Elə get, tək qalsın evin tək oğlu...
Desinlər, dünyanın ən gerçək oğlu
Dünyanın ən xərçəng qızını sevir....


Şeirlərin boyu

Yanağın ən ağır üşümək yeri
Uzağı, dodağın izi boydadı.
Bu göylər Allahın özü yaşında,
Bu yerlər Allahın qızı boydadı.

Ən adi, ən əziz səadət kimi,
Ən ali, ən təmiz ibadət kimi
Çətinə düşəndə baş söykədiyim
Möhürüm anamın dizi boydadı.

Kiminin payına böyük dərd düşür,
Kiminin payına kiçik dərd düşür.
Hərə ayrı dərdə ağlayır, amma
Hamının göz yaşı gözü boydadı.

Xəyalım özümdən uzaqlaşanda,
Qələmim kağızla qucaqlaşanda,
Yazdığım deyir ki, yazmadıqlarım
Ən az alnımdakı yazı boydadı.

Gallery

# 3462 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #