İlğım - Şəhla Nihanın yeni hekayəsi

İlğım - Şəhla Nihanın yeni hekayəsi
10 avqust 2020
# 17:59

Kulis.az Şəhla Nihaninin "İlğım" hekayəsini təqdim edir.

"Gerçəklik yuxunun növ müxtəlifliyidir.
(X.L.Borxes)


Səhər yuxudan ayılan kimi gündəliyin bütün qayğı-problemləri çulğadı onu. Uşaqları anasız böyütdüyündən evin xanımı missiyası da üzərində idi. Qızını və oğlunu durğuzdu, yedirtdi, çantalarını yığmağa və geyinməyə kömək etdi. Evə yüngülcə əl gəzdirib çıxdı. Uşaqları məktəbə ötürüb özü işə getdi.

Axşama qədər işlədi, sonra uşaqların ardınca məktəbə yollandı. Onlar dərsdən sonra məktəb nəzdindəki xüsusi qruplarda qalıb ev tapşırıqlarını yerinə yetirirdilər. Yolüstü bazarlıq da etdi, evə qayıdanda qaş qaralmışdı artıq. Şam yeməyi yığışdırılandan sonra tez-tələsik sabaha xörək tədarükü edib, uşaqları yatmağa göndərdi. Gecədən xeyli keçənə qədər evin xırda-para işləri ilə məşgul olub əldən düşdü. Nəhayət, zəngli saatı səhər ertəyə qurub halsız çarpayıya atdı özünü.

Oyandı... Məşum yuxu görmüşdü. Görmüşdü ki, guya daş qutunun içindədir, yanında özünün bənzəri iki balaca məxluq əl-ayağına dolaşır. Bu daş qutuda elə hey fırlanır, vurnuxur, özünü ora-bura çırpır. Sonra balacaları yanına salıb harasa aparır. Onları təhvil verib basırıq, darısqal bir transport vasitəsinə oturur. Gəlib digər, daha iri daş qutunun yanında düşür. Bu məkanda da eynilə bayaqkı kimi çarpışma, vurnuxma. Çox sınıxmış, əsəbi vəziyyətdə o balaca məxluqları da alıb, birinci daş qutuya qayıdır. Yenə də burada canını qoymağa yer tapmır, elə hey qaça-qovdadır. Yuxusundan belə başa düşdü ki, xoşbəxt deyil. Dəhşətə gəldi, onun öz həyatı yuxusundakı adamın (ikinci o) həyatından çox fərqliydi. O, kosmik fəzanı o baş-bu başa şütüyən balaca bir hissəcikdi. Öz fikirləri, plan və məqsədi vardı, amma onlar yuxusundakılara heç bənzəmirdi, onun məqsədi nələrisə əldə etmək deyildi, ətraf mühitin onun üzərində heç bir hökmü yox idi və o “özü üçün” yox, “özündə” yaşayırdı. Özündəlik isə hər zaman xoşbəxtlik deməkdir. “Yaxşı ki, mən o deyiləm” deyib həyatına davam etdi. Gecə düşdü, o, fəzadan asılaraq yatdı, amma yorğunluqdan yox, küllün enerji axınına qoşulmaq üçün.

Səhər yuxudan duranda başı kəskin ağrıyırdı. Uşaqların aramla nəfəs almasına qulaq verdi. Bu gün yenə xeyli işi vardı, evdə də, ofisdə də. Gecəni narahat yatıb yuxu gördüyündən yorğunluğu qəti çıxmamışdı. Yuxusu isə çox qarışıq və mənasız idi. Görmüşdü ki, havada asılıb və gün uzunu işi-gücü elə hey ora-bura şütüməkdi. Ətrafında da ulduzlardan və göy cisimlərindən savayı heç nə yox...
Bəxti onda gətirmişdi ki, bir Mənlə o biri Mən eyni arada görüşmürdülər və görüşmələri də mümkün görünmürdü. Çünki belə bir çarpazlaşma baş tutsaydı, mən-lər bir-birindən soruşardı: Mənəm həqiqi, ya Sən? İkimizdən hansımızıq əsl Mən?


***


“Hansı meyarlara görə yuxu – miraj, həyat – gerçəklik adlandırılır? Yuxudan yalnız pərən-pərən xatırlamalar qalır, onun nə olduğunu bilmirik. Onu bir reallıq kimi yaşayırıqsa, miraj olması haqda deyilənlər nə dərəcədə əsaslıdır?” (A.Şopenhauer)

# 7845 dəfə oxunub

Oxşar xəbərlər

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə Akimova

17:50 2 iyul 2026
Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

Linkolnla görüşdü, yazdığı əsərləri unutdu, bir kitabla tarixi dəyişdirdi... - "Tom dayının daxması"nın müəllifi haqqında maraqlı faktlar

15:00 1 iyul 2026
Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı  nəyi təsvir edirdi?

Tadeuş Borovskinin “düşərgələşmiş insan” obrazı nəyi təsvir edirdi?

14:30 1 iyul 2026
"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

"İlyas Göçmənin şəkil dəftəri” kitabında vizual poeziya fenomeni - Gülxani Pənah

10:00 28 iyun 2026
Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

Süni intellekt əsrində yaşayanların stolüstü kitabı - Gələcəyin insanı necə düşünəcək?

15:00 25 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər