Kölgəmi ayrı basdırın, sevəcəyim qız çiynində... - Tural Turanın şeirləri

Kölgəmi ayrı basdırın, sevəcəyim qız çiynində... - Tural Turanın şeirləri
7 avqust 2020
# 15:02

Kulis.az Tural Turanın şeirlərini təqdim edir.

Qırışlar - ödəniş qəbzi

Evsiz bir qocanın
üstünə uzanıb skamya,
sığınıb sinəsinə
sahibsiz şərab şüşəsi...

Quşlar
dimdiyində yemək gətirib atır,
sol əlində qurumuş çörək olan
bu dişsiz qocanın ağzına...
Buludlarsa,
arada məktub yazır dodaqlarına...

Baxsan, anlayarsan,
anlayarsan ki,
dodaqları oxunmamış məktublardır
bu qocanın...

O, hələ də yatır...
Ayılda bilmir onu
yuxulu azan səsi,
yorğun kilsə zəngləri...

Bəlkə də yatışında gizlənib
bütün söyüşlü dualar!?.
Bəlkə də yatışıyla söyür
açıq qalmış ovcuna
dəmir pul atanları...

Karantin rejimini pozduğuna görə
alına yazıblar ən böyük cəriməni...
Alnındakı qırışlarsa, ödəniş qəbzi...

...Şərab şüşəsinə ana deyir bu adam,
içindəkinə ata nəfəsi...
...və skamyaya hökumət...

Göy üzü həyat yoldaşıdı,
Günəşsə atıb getdiyi körpə qızı,
baxa bilmir üzünə...
Bu adam öldüyü günü
baxışlarına yazdırıb...

***

O gedən mənim ömrümdü,
aparırlar yaz çiynində.
Kölgəmi ayrı basdırın,
Sevəcəyim qız çiynində...

Yuxuların şah damarı,
əlimdən tutub aparır.
Yarama da Vətən sarır,
röyalarım duz çiynində...

Məktub yazıb itən Vətən...
Günəş olub batan Vətən!
Çiyinlərdə gedən Vətən,
bu gün gedir öz çiynində...

Quş ağzında dən kimiyəm,
lap öldüyüm gün kimiyəm.
Bir qarış Vətən kimiyəm,
layla deyin saz çiynində...


Köhnə şəhər

Ölümə işlədi, qəbirə qaldı,
zamanı xışladı bu köhnə şəhər...
Tanrıyla oyunda bir-birə qaldı,
yenidən başladı bu köhnə şəhər...

...Adını dəyişdi, silə bilmədi!
Uzandı tabuta, ölə bilmədi!
Karların üzünə gülə bilmədi,
əl çalıb alqışladı, bu köhnə şəhər.

Küçələr qol açdı, evlər oynadı.
Bir azan səsinə səhvlər oynadı.
Girib yuxusuna əfvlər oynadı;
...Özünü daşladı bu köhnə şəhər.

(Kilsə zəngi şillə çəkdi üzünə!)
Baxdı kölgəsinə, döydü dizinə!
Orta barmağını salıb ağzına,
O ki var dişlədi bu köhnə şəhər...

# 4613 dəfə oxunub

Oxşar xəbərlər

Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

14:00 13 noyabr 2026
Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

13:38 13 noyabr 2026
Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

13:32 13 noyabr 2026
Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

Kiprin Osmanlı dövrünə aid tarixi və mədəni mirasını göstərən fotosərgi açılacaq

12:02 13 noyabr 2026
Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

Dolli Partonun səsi ölümündən sonra yenidən eşidildi - “U2” ilə son duet

11:36 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər