Hər kəs özü boydadır

Hər kəs özü boydadır
29 noyabr 2012
# 08:45

Televizora baxırsan yalan.

Qəzet oxuyursan yalan.

Saytları izləyirsən yalan.

Nə qədər olar? İndi gəl bu yalanlarla baş-başa ver, yaşa. Özünü yalanla ifadə eləmək istəyənlərsə saya-hesaba gəlmir. Başına elə oyun açırlar, elə günə qoyurlar ki, yalan da yalana oxşamır.

Sözüm odur ki, özünü ifadədən zor, çətin iş yoxdur. Bu gün sənətlə, yazı-pozuyla məşğul olanların çoxunda yaradıcı yanaşma, təbiilik, şəffaflıq çatmır. Ağlımızı işlədib, nəsə düzəltməyə, yeni bir şey yaradıb ortaya qoymağa meylli deyilik. Fikirləşməyə, düşünməyə ərinirik. Biz təsirlənmirik, hazır qəliblərdən bəhrələnib yamsılayırıq. Özü də çox pis şəkildə, eybəcər formada. Onsuz da təzə heç nə yoxdur. Köhnəyə təzə baxış var. Bizdə bu çatmır. Köhnəyə yeni quruluş vermək istedadımız yetərli deyil. Ayrı cür düşünənlərin, görünənlərə başqa səmtdən baxanların, özünü yaşamaq, yazmaq, qısası ortaya qoymaq istəyənlərin isə yeri dardı. Demirəm, tamamilə orijinal olaq. Eliot demiş, büsbütün orijinal poema büsbütün pisdir. Ən pisi isə odur ki, bu gün savadsız aparıcılar televiziya kanallarının, arvad paltarı geyinən düşük aktyorlar səhnənin, səsi olmayan müğənnilər mahnıların, “itdi, bitdi, getdi” quraşdıran şairlər şeirin, ölkəni minib çapanlarsa bu yurdun üzüdü, sifətidi. Bəlkə də təlaşlanmağa dəyməz. Nəyiksə elə oyuq. Layiq olduğumuz yerdəyik. Göz qabağındadır olanlarımız, uydurma uğurlarımız, var olsun yalanlarımız.

****

Yüngül ədəbiyyat, sənətdə qeyri-peşəkarlıq. Nə bilim ara mahnıları və s. Bu günün də çox tez-tez danışılan, dartışılan (Onsuz da boş-boş çərənləməkdən ötəri ürəyimiz gedir) həssas mövzularından biridir. Bu barədə çox yanğıyla, rahatsızlıqla danışanlarısa anlaya bilmirəm. Elə əsərlər var ki, onlar hazırlıqlı oxucuların, tamaşaçıların zövqünə hesablanıb. Çox qatlıdı, çox planlıdı, intellektualdı, yəni kütləvi deyil. Sənətdən baş çıxaranlar, ya da elə sənət biliciləri üçündü. Seriallara köklənmiş, orta, gündəlik adamlardan ötrü yox. Ona görə də ara musiqisinə qulaq asanları, yüngül ədəbiyyat oxuyanları qınamağa dəyməz. Onlara verilən odur. Onlar elə o boydadır. Bir də hamı ucdan tutma Alimə qulaq asa bilməz axı. Heç kəsdən tələb etmək olmaz ki, Aqşini niyə oxumursan? Onu oxumağa güc lazımdı. Hər kəsin öz yemi, öz zövqü, öz baxışı və seçim imkanı var. Ciddi, ciddi olmayan sənət, pis-yaxşı şeir təzə söhbət deyil. Bu dartışmalar həmişə olub və olacaq. İnkişaf budur da. Sən yaxşını gör, dəyəri olana qulaq as.

P.S. Bu yaxınlarda qəzetlərin birində (bozluğun, yalanın içində) Vaqif Bayatlının təptəzə şeirlərini “yupyumru bir eşq ilə” oxudum. Sözlərimin dərdi-qəmi dağıldı, onunla bağlı çox şeylər yadıma düşdü. İnşallah, yazacam. Axır ki, uzun illərdən sonra ondan da xəbər tutdum, şeirləriylə. Sözünü gördüm, səsini eşitdim şeirlərində. Arxayınlaşdım, indi özünü görmək o qədər də önəmli deyil. Şair haqda ən dəqiq xəbər, ən gerçək bilgi onun şeirləridir. Buna siz də inanın.

# 1917 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #