Moskvada M.F.Axundovun abidəsinin açılışı olub

Moskvada M.F.Axundovun abidəsinin açılışı olub
26 noyabr 2012
# 14:46

Rusiya paytaxtında dahi Azərbaycan mütəfəkkiri, yazıçı Mirzə Fətəli Axundovun abidəsinin açılışı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, açılış mərasimi abidənin qoyulduğu M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında keçirilib. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycanın Rusiyadakı səfirliyi və M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının təşkilatçılığı ilə keçirilən mərasimdə açılış nitqi ilə çıxış edən kitabxananın baş direktoru Yekaterina Qenieva M.F. Axundovun abidəsinin Moskvada ucaldılmasını iki ölkənin mədəni həyatında mühüm hadisə adlandırıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə çıxışında bu günün iki xalqın mədəni tarixində mühüm rol oynadığını söyləyib: “Bu gün Azərbaycan və Rusiya xalqlarının dostluğunun köklərini qoyan bir insanın abidəsinin açılışıdır. Əminliklə deyə bilərəm ki, yeni nəsil Mirzə Fətəli Axundov kimi dahi insanın gördüyü işləri unutmur”. Səfir dahi azərbaycanlının heykəlinin dünyanın mədəniyyət paytaxtlarının birində ucaldılmasının çox vacib hadisə olduğunu söyləyib. Diplomat bu ideyanın həyata keçirilməsinə göstərdikləri səylərə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya təşəkkürünü bildirib.

Daha sonra M. F. Axundovun abidəsinin müəllifi, gənc azərbaycanlı heykəltəraş, V.İ. Surikov adına Moskva Dövlət İncəsənət İnstitunun məzunu, məşhur heykəltəraş Aleksandr Rukavişnikovun tələbəsi Zaur Rzayev çıxış edib. Heykəltəraş dahi Axundov obrazının yaradılmasında xalq rəssamı Tahir Salahovdan məsləhət aldığını söyləyib.

Açılış mərasimində çıxış edən məşhur rus şairi, Rusiya İctimai Palatasının üzvü Andrey Dementyev M.F. Axundoovun Azərbaycan və Rusiya, Azərbaycan və dünya arasında böyük körpü olduğunu söyləyib.

Daha sonra mərasim dahi mütəfəkkirin 200 illik yubileyinə həsr olunan “Çeloveçeskiy razum, etot bojestvenniy dar” (“İnsan Əqli, Allah vergisidir”) kitabının təqdimatı ilə davam etdirilib. Kitabı tərtib edən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, AMEA Əlyazmalar institutunun əməkdaşı Fərid Ələkbərli və M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının Şərq Mədəniyyəti Mərkəzinin direktoru İlya Zaytsev Azərbaycan və rus dilində hazırlanan kitabdan danışıblar.

Qeyd edək ki, açılış mərasimində İran İslam Respublikasının Rusiyadakı səfiri Mahmud Reza Səcədi və Moskvada akkreditə olunmuş digər diplomatik korpusların nümayəndələri iştirak ediblər.

# 1783 dəfə oxunub

Oxşar xəbərlər

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

Yaxınlarını nasist ölüm düşərgələrində itirən yazıçı - O, niyə "dərkolunmaz varlıq" motivini yaratdı?

15:00 12 sentyabr 2026
Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

Saflıq və uşaqlıq travmasına hiperrealist şərh - Qotfrid Helnvaynın "“Zərərsizlərin pıçıltısı” tablosu

12:05 12 sentyabr 2026
Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

Xəyanətin kətan üzərində təsviri - Nikolay Abilqorun "Hamlet və anası" tablosu

14:00 11 sentyabr 2026
"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

"Aşiq olmaqdan özümü saxlaya bilmirəm..." - "Can't help falling in love" necə yarandı?

13:30 11 sentyabr 2026
Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

Dörd körpə tabutu, bir ölümsüz ariya – Dahi bəstəkarın müəmmalı ölümü

17:00 10 sentyabr 2026
Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

Ölkəsini ayağa qaldıran yazıçı - Haqsızlığa susmayan "qəzəb övladı"

13:30 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər