news-inner
clock08:15 calendar-gray 26 Noyabr 2012 view-gray1679 dəfə oxunub
view-gray1679 dəfə oxunub

"Yazmısız ki, məni öldürüblər!"- LAYİHƏ

“Olmuş əhvalatlar” silsiləsindən-LAYİHƏ

Qatil və qurban birlikdə təkzibə gələndə...

“Böyük qəzet”in redaksiyasında qiyamət qopmuşdu. Redaksiyanın qəbul otağında təxminən 25 adam vardı və onların azı yarısı qışqıra-qışqıra danışırdı. Qışqıranlar qəzetin bugünkü sayında çıxan bir xəbərdən narazı qalan və izahat, təkzib tələb edən şəxslər idi. Onlara cavab verən, daha dəqiqi, cavab vermək istəyən redaktor və müxbirlər də qışqırmaq zorunda qalmışdılar. Ağız deyəni qulaq eşitmirdi. Baş redaktorun müavini Toğrul Qaliboğlu qışqıranları sakitləşdirməyə çalışır, amma bacarmırdı. O, “sakit olun, bir-bir danışın” dedikcə, adamlar daha da qızışırdılar. Kişilər əsəbi-əsəbi danışıb sakitləşdiyi vaxt, qadınlar söhbətə qarışır, daha bərk çığır-bağır salırdılar. Nəhayət, Toğrul gücü ona çatdı ki, redaksiyaya hücum edənlərlə ağız-ağıza verib danışan işçilərinə acıqlandı, onlardan ya öz otaqlarına keçməyi, ya da sakit olmağı tələb etdi.

Yaxın dəqiqələrin təcrübəsi göstərdi ki, kələfin çözüm ilməsi burada imiş, otaqda nisbi sakitlik yarandı. Toğrul fəhmlə hücumçuların ağsaqqalı saydığı üzü tüklü kişiyə müraciətlə dedi ki, nə dərdiniz var, sakit-sakit, aram-aram deyin, gəlsin.

Redaktor müavininin xəbərdarlığına baxmayaraq, üzü tüklü kişi çıxışına əsəbi-əsəbi başladı, bir-iki dəqiqə rabitəsiz cümlələr danışandan sonra məlum oldu ki, onun adı Gülağadır, soyadı da Quliyevdir, bugünkü qəzetdə ona düşmənçilik eləyiblər, bunu adı işverənlikdir, mərdimazarlıqdır, kim yazıb o yazını, tapın verin, desin görək, niyə yazıb, qəsdi, qərəzi nədir.

Toğrul Qaliboğlu yenə bir şey başa düşmədi, dedi, ay qardaş, sən canın, aydın şəkildə de, görək, nə olub, nə yazmışıq.

Bu yerdə redaksiyadakı nisbi sabitlik yenidən pozuldu, arvadlar qışqırmağa, qarğış eləməyə, söyməyə başladılar. Onlar deyirdilər, yazanda ağzınıza gələni yazırsınız, amma cavab verəndə özünüzü tülkülüyə qoyursunuz, alçaqlar.

Qəzetçi bu sayaq epizodları çox gördüyündən təmkinin pozmadı, yenə üzü tüklü kişiyə müraciətlə onun barəsində məqalə yazılmış olan qəzeti istədi. Kişi şalvarının arxa cibindən əzik-üzük bir qəzet səhifəsi çıxardı və az qala Toğrulun gözünə dürtə-dürtə dedi, al, bax, bu yazıdır. Toğrul qəzet səhifəsini alıb baxmağa başlayanda sakitlik yarandı. Bu, “Böyük qəzet”in ikinci səhifəsi idi. Bu səhifədə əsasən redaksiyaya yetişən son məlumatlar, bir də xırda kriminal xəbərlər yerləşdirilirdi. Toğrulun gözü xəbər başlığını aldı: “Yasamal sakini qonşusunu qətlə yetirdi”. Xəbərdə aydın şəkildə yazılırdı ki, Yasamal rayonunun Ə. Namazov küçəsinin sakini Gülağa Quliyev şəxsi mübahisə zəminində qonşusu Ağagül Məmmədovu kəsici-deşici alət sayılan bıçaqla qətlə yetirib. Xəbərdə o da qeyd olunurdu ki, qatil hazırda məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir, evə bir gün əvvəl rəislərdən icazə alaraq gəlib, qonşusunu öldürüb və polislər tərəfindən yaxalanıb.

Tural xəbəri oxuyandan sonra başını qaldırıb üzü tüklü kişiyə baxdı: - Hə, nə olsun? Gülağa sizin nəyinizdir?

Üzü tüklü kişi cin atına mindi: - A kişi, necə yəni nəyinizdir. Heç nəyimdir. Gülağa mən özüməm.

Polislər tərəfindən yaxalanmış qatilin redaksiyaya davaya gəlməsi halıyla qəzetçilik təcrübəsində ilk dəfə qarşılaşan Qaliboğlu bir balaca pəksinən kimi oldu, fikirləşdi ki, bəlkə də Ağagülün qanına bulaşmış bıçaq bu dəqiqə də Gülağanın üstündədir və indicə çıxaracaq. Bununla belə, o özünü toplayıb “qatil”dən soruşdu:

- İndi problem nədədir? Elə əhvalat olmayıb?

Gülağa acıqlı-acıqlı dedi ki, o, qonşusunu öldürüb-eləməyib, polis də onu yaxalamayıb, yalan xəbərdir, səhərdən qohum-əqrəba zəng eləyib ağlaşır, bu xəbərə görə ürəyi gedənlər, xəstəxanaya düşənlər var.

Toğrul zəndlə baxdı, əslində Gülağa qatilə, ən azı 3-4 dəfə türmədə yatıb çıxmış adama oxşayırdı. Çıxışının davamında o özü də etiraf elədi ki, keçən il türmədən çıxandan bəri bir adama çırtma da vurmayıb.

- 42 yaşım var, üst-üstə 17 il oturmuşam, bəsdir, daha mənim türməyə düşən vaxtım dögül. Siz də yazıbsınız ki, guya mən adam öldürmüşəm. İndi sabah polis gəlib ilişəcək ki, davay, gəl içəri, budey, qəzetlər də yazıb ki, sən adam öldürmüsən – Bunu Gülağa dedi.

- Adə, nöş bədbəxt eləyirsiz adamı? – bu ritorik sualı da onunla gələn qadınlardan biri səsləndirdi.

- Ağızlarına gələni yazırlar.

- Adamın vicdanı olar, alə.

- Olmayan şeyi nöş yazırsız?

Yenidən redaksiyada səs-küy artdı. Qaliboğlu Gülağaya nə cavab verəcəyini götür-qoy edərkən, birdən Gülağanın böyründəki bəstəboy, üzü tüklü başqa bir kişi kəskin şəkildə qeyzləndi, Gülağadan da bərk söylənməyə başladı. Toğrulun onsuz da gərilmiş əsəbləri daha dözmədi:

- Ay qardaş, sən kimsən? Sənə nə olub?

Balacaboy kişi eyni əsəbiliklə izahat verdi:

- Alə, belə mən də Ağagüləm. Bunun öldürdüyü qonşu – deyə əli ilə Gülağanı göstərdi.

Otağın girəcəyindən gülüşmə sədaları gəldi. Ağagülün ifadəsi tamaşaya yığılmış müxbirlərə məzəli gəlmişdi. Amma redaktor müavini güləcək halda deyildi. O, qonaqlara “bir dəqiqə, səbr edin” deyə mobil telefonunu götürdü, kriminal xəbərlər yazarı Sübhanın nömrəsini yığıb 15 saniyə gözlədi və qışqırdı:

- Sən neynəmisən, alçaq?!

Xəttin o başındakı adam böyük ehtimalla “nədi, nə olub” deyə soruşdu ki, Tural ona redaksiyadakı durumu qısa şəkildə anlatdı və dedi: - Bu, nə oyundur, başımıza açırsan? A kişi, qatil də, onun qurbanı da bir yerdə gəliblər ey təkzib verməyə, başa düşürsən? Necə yəni dəqiq informasiyadır? Ağagül ölməyib, sağdır, Gülağanı da tutmayıblar, burdadır. Daha harası dəqiqdir? Kim verib sənə bu informasiyanı? Cumayevin də başı batsın. Bilmirəm, araşdır, mənə xəbər ver, camaat gözləyir.

Redaksiyada yeni çığırışma dalğası başladı. Toğrul onları sakitləşdirib dedi ki, 1-2 dəqiqəyə hər şey aydın olacaq. Gülağa razılaşmadı:

- Nə aydın olacaq? Aydın olacaq ki, Ağagülü öldürmüşəm? Budey burdadır, özü də sağ-salamatdır.

Ağagül də izahata qane olmadı: - Alə, başa düşmürəm, mən çurbanam-nəyəm ki, hər yetən məni vurub öldürsün, qəzetlər də yazsınlar.

Bu söz Gülağaya toxundu və o, dönüb Ağagülə tərs-tərs baxdı: - Mumla, alə. Söhbət burda səndən getmir. Sənə nə var ki. Bu statyaya görə mənə statya verə bilərlər.

Ağagül də ona çəp-çəp baxdı, hiss olunurdu ki, o, qapazaltı rolunda olmaqdan xoşlanmır.

Qaliboğlu qorxdu ki, Gülağa Quliyevin Ağagül Məmmədovu öldürməsi xəbəri elə bu saat burada, redaksiyada təsdiqlənəcək. Yaxşı ki, onun telefonuna Sübhandan zəng gəldi. Tural onu dinlədi, bir-iki sual verib, cavab aldı, telefonu söndürüb şən sifətlə Gülağaya tərəf döndü:

- Həə, Gülağa bəy, məsələ aydınlaşdı. Doğrudan da dünən Gülağa adlı məhkum Yasamalda Ağagül adlı qonşusunu öldürüb. Sadəcə, öldürənin soyadı Məmmədovdur, öləninki Quliyevdir, növbətçi polis səhv deyib, müxbir də səhv yazıb. Bir də o hadisə Əsgər Namazov küçəsində olub. Siz də o küçədə olursunuz?

- Yo, biz Əziz Namazov küçəsində oluruq – deyə Gülağa Toğrulun sualına cavab verdi, amma onların soyadını səhv salan polisi də, yanlış yazan müxbiri də yamanladı.

Qonaqların yeni çığırışma salmasının qarşısını vaxtında alan Qaliboğlu onları başdan eləməyə çalışdı:

- Məsələ aydınlaşdı, qardaşlar və bacılar. İndi əgər istəyirsinizsə, Yasamal polisinə gedin, növbətçi polisi tapıb üzünə tüpürün, bir də istəyirsinizsə, biz düzəliş verək, yazaq ki, əslində Ağagül Quliyevi Gülağa Məmmədov öldürüb. Adınızın yenidən hallanmasını istəmirsinizsə, bir daş altda, bir daş üstdə qalsın, heç nə yazmayaq.

Bu sütuasiyada ikitirəlik yarandı. Gülağa dedi ki, daha heç nə yazılmasın. Ağagül dedi ki, necə yazılmasın, camaat sabah tökülüşüb qapıma yasa gələcək. Gülağa dedi, qələt eləmə, sizin nəslinizdə qəzet oxuyan var bəyəm. Ağagül dedi, alə, burda nəsil söhbəti eləmə, yoxsa pis olar. Gülağa ciddiləşməyə başlayanda arvadlar bir tərəfdən, müxbirlər o biri tərəfdən araya girdilər və onları aralaşdırdılar. Bir-iki dəqiqədən sonra qafilə çıxış qapısına doğru yönəldi və Qaliboğlu adəti üzrə divana çöküb həmişəki kimi dedi: - Mənə su...

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Mikayıl Müşfiq qadına görə öldürülüb - İddia
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxmaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020