Laxlayan ailə filmlərdə

Laxlayan ailə filmlərdə
20 noyabr 2012
# 15:48

“Ailə həyatından səhnələr”

Əski filmlər arasında günümüzlə səsləşən onlarla sənət nümunəsi var. Məsələn, K.Dreyerin hələ 1928-ci ildə ekranlaşdırdığı “Janna Darkın iztirabları” səssiz filmi və ya İ. Berqmanın “Ailə həyatından səhnələr” dramı kimi.

Uzun fasilədən sonra yenidən, kinonun peyğəmbərlərindən biri Berqmanın filmoqrafiyasına qayıtdım. 1973-cü ildə lentə alınan “Ailə həyatından səhnələr” günümüzdə istehsal edilən onlarla filmdən daha müasir, daha aktualdır.

Hər şeydən əvvəl, bu unikal kamera filmidir. Bir neçə kadr istisna olmaqla, çəkilişlər qapalı məkanda aparılıb, film iki aktyorun üzərində qurulub.

Berqmanın ailə bağlarının, adət-ənənələrin krizisi mövzusuna periodik müraciəti həm də onun şəxsi travmalarına, təcrübəsinə bağlıdır. Onun yaradıcılığını daha dərindən anlamaq istəyənlər “Laterna magika” kitabını oxusun.

“Ailə həyatından səhnələr” bütün 161 dəqiqə boyu evli cütlüyün münasibətlərini çözür. Onlar dalaşır, anlaşır, ayrılır, bir-birini çözməyə çalışır, təhtəlşüurdakıları üzə çıxarır, özünüanalizə meyllənir, emosional partlayışlarda itib-batırlar.

Və bütün bunların sonu görünmür. Berqman ustaca hadisələrin xarakterini dəyişir, baş verənlərin təsirini gücləndirmək üçün iri planlardan istifadə edir, tamaşaçı bir an da olsun filmin tempindən sıxılmır, kənara çıxmır.

O, ər-arvad münasibətlərində, ailədə nəyin doğru, nəyin yanlış olması haqda konkret resept təklif etmir, sadəcə, amansız həqiqəti yenidən xatırladır: nikah tədricən formallığa çevrilir, ailədə nə zamansa olacaq soyuqlaşmanı, hisslərin məişətdə itib əriməsini, bozlaşmanı yaşamağa məhkumuq.

Bu, bir terapiya filmidir. Yəni olanları faciə kimi yox, insan təbiətinin qaçılmaz reallığı kimi qəbul etməyə alışın.

“İntim”

Berqmanın illər öncə toxunduğu problemə 2001-ci ildə fransız rejissoru Patris Şero “İntim” dramında bir az başqa traktovkada qayıdır. Bəzi saytlarda “erotika” kimi təqdim edilsə də, əslində filmin bu janrla heç bir əlaqəsi yoxdur. “İntim” qadın-kişi, ailə müstəvisində münasibətləri araşdıran psixoloji dramdır.

Qadın və kişi hər həftənin çərşənbə günü sevişir: bir-birinin adını bilmədən, danışmadan. Seks münasibətləri yaxın planlarda, təfərrüatı ilə, natural təsvir olunur. Fəqət, zərrə qədər də bayağı görünmür. Çünki seks qadın və kişinin ruh halına- kədərinə, yorğunluğuna, tənhalığına, vücudlarından axıb gələn ekzistensial ovqata qarışır. İntim səhnələrdən şəhvanilik yox, nəsə başqa şey-üşənti, gizilti axır.

Filmin 40-cı dəqiqəsinədək qadın haqda məlumatsız qalırıq. O vaxta kimi rejissor bizi kişi ilə tanış edir: o, barmendir, arvadından ayrılıb. Sonra müəllif tədricən seyrçini qadınla tanışlığa hazırlaşdırır: o, aktirsadır, əri və bir oğlu var. Bu iki nəfəri gündəlik həyatın sıxıntısı, sevgisizlik, ümidsizlik, qəlbin tənhalığı birləşdirir. Seks sevgiyə çevrilir. Cəsarətsizlik, qərarsızlıq, bu münasibətlərin də nə vaxtsa hər şey kimi ətalətə sürüklənmək qorxusu ayrılığa yol açır.

“Toy”

Amerika rejissoru Robert Oltmenin 1978-ci ildə ekranlaşdırdığı “Toy” komediyasını izləyəndə istər-istəməz bizim toyları xatırladım: toy mərasiminin gərəksiz detalları, təmtəraqlı hazırlıq, sıxıcı adət-ənənələr, burnunu hər yerə soxan, qaçışan dəcəl uşaqlar, saxta təriflər. Tanış mənzərədir.

Film tamlıqla toy mərasimindən bəhs edir, rejissor komizmlə faciəni bir araya gətirir. Yenicə qohum olan ailələrin həqiqi siması tədricən açılır, məlum olur ki, qaynana narkomandır, bəyin ailəsinin cinayətkar qruplaşmayla sıx əlaqəsi var, gəlinin bacısı isə bəydən hamilədir və s.

Hollivudun sarsaq kommersiya layihələrindən imtina etmiş Oltmen yaradıcılığında hərbi sahədən tutmuş şou-biznesə kimi çox mövzunu sarkazm obyektinə çevirib.

“Toy” zorla müqəddəslik donu geyindirilən, həqiqətdə isə laxlayan ailə institutuna rejissorun növbəti kinayəsidir.

Sevda Sultanova

# 5199 dəfə oxunub

Oxşar xəbərlər

“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

09:30 3 noyabr 2026
Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır:  Elizabet Bennet və mister Darsi kim olacaq?

Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır: Elizabet Bennet və mister Darsi kim olacaq?

13:30 2 noyabr 2026
“Harri Potter” serialında yeni aktyorlar məlum oldu: Sehrli papağı kim səsləndirəcək?

“Harri Potter” serialında yeni aktyorlar məlum oldu: Sehrli papağı kim səsləndirəcək?

13:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər