Avtobusda öpüşdüyüm maskalı qız

Avtobusda öpüşdüyüm maskalı qız
3 iyun 2020
# 11:02

Zoğalı rəngli avtobus hər səhər saat doqquz tamamda dayanacağa yaxınlaşanda gözlərimə işıq gəlir. Səbəbi avtobusun içindədir. Səbirli olsanız aşağıdakı abzasda işığın hardan gəldiyini biləcəksiniz. İstəyirsiz, avtobusu sizə təsvir edim? Məncə, buna ehtiyac yoxdur. Gələk əsas məsələyə...

Avtobusa minən kimi gözüm onu axtarır. Günün düşdüyü küncdə dayanır. Günəşin uzanan şüaları saçının yarısını işıqlandırır. Onu görəndə üzümdə güllər açır, az qalıram avtobusun içində hoppanıb düşəm. İçimdə tağ atan arzuları, istəkləri güclə saxlayıram.

Uzun qonur saçları az qalır topuğuna dəyə, gözlərinə çəkdiyi sürmə, qaməti xətkeş dəqiqliyində düz. Burnunu, dodaqlarını, yanaqlarını isə təsvir edə bilmirəm - səbəb maskadır. Maska dedim, ağlınız başqa yerə getməsin. Bu günlərdə hamımızın yaxın dostu olan tibbi maskaları deyirəm. Bircə onu deyim ki, qızın taxdığı maska qara rəngdədir. Uzun leylək kimi boğazı, şux çiyinləri var.

Məni görən kimi gözlərini qaçırdır. Yanına çox da yaxınlaşa bilmirəm. Onunla hər səhər avtobusda rastlaşırıq. Bilirik ki, ikimiz də bu vaxt görüşəcəyik. Bir aydan çox zaman keçib. Hələ də üzünü tam görə bilməmişəm. Maska onu daha da sirli qılır.

Bir dəfə avtobusda tünlük artmışdı. Necə oldusa üz-üzə gəldik. Qəhvə qoxulu nəfəsi külək kimi üzümü yalayırdı. Qoxudan az qalırdım bihuş olam, sinəsinə düşəm. Göz bəbəkləri zil qara idi. Onu hərdən ərəb rəqqasələrinə bənzədirdim. Beli incə, boyu uzun. Baxışlarını gizlətməyə çalışırdı, amma hər dəfə yaxalanırdı. Ən çox dodaqlarını görmək istəyirdim. Görəsən, ətlidi ya nazik? Bəs burnu? Bəlkə çox uzundu?

Bu minvalla tünlüyün içindən sivişib yanına yaxınlaşıram. Qulağına pıçıldayıram:

- Sizi öpmək olar?

Susur. Gözləri qıyılır. Razılığı çöhrəsindən bilinir. Heç kəsə məhəl qoymadan maskasını boğazına qədər sürüşdürürəm. Udqunduğunu hiss edirəm. Həyəcan boğazına düyünlənib. Ehmalca istidən çartlamış dodaqlarına öpüş qondururam. Yanaqlarına xəfif qızartı çökür. Qollarımı kəmər kimi incə belinə dolayıram. Dinmir. Qonur saçları öpüşlərimizi gizlədir. Artan tünlüyü vecimizə almırıq.

- Ay qardaş, ay qardaş, eşitmirsən?

- Haa.. Iı...

- Yol ver düşək də...

- Buyurun...

- Necə əhli-kef adamlar var da...

Bir də baxıram, o qızın yerinə bir nənə əyləşib. Yol boyu ona baxıb xülyalara dalmışam. Nənə çəp-çəp gözlərini mənə zilləyib.

Onunla avtobusda getdiyim yollar o qədər tez başa çatırdı ki, buna görə çox heyfsilənirdim. Bu sirli qız kim idi? Yol boyu gözlərinə baxa-baxa öz suallarıma cavablar verir, beynimdə müxtəlif ssenarilər qururdum. Bəlkə, o da mənim haqqımda nələrsə düşünürdü. Bilmirəm. Amma onunla getdiyim yarım saatlıq yol mənim üçün maraqlı gəlirdi. Heç istəmirəm ki, biz onunla tanış olaq, kim olduğumuzu bir-birimizə deyək. Belə daha gözəl, daha sirlidir. Heç istəmirəm ki, maskanı da üzündən çıxartsın.

Mənə alışdığını duyurdum. Artıq baxışlarını qaçırtmır, gözümün içinə baxırdı. Baxışları o qədər ehtiraslı və dərin idi ki, anlatmağa istedadım çatmır. Biz əslində avtobusun içində sevgili olmuşduq. Danışmadan, yormadan, səssiz-sədasız baxışırdıq, gözlərimizlə danışırdıq.

Bir gün avtobusda onu tapa bilmədim. Sabah, o biri günlərdə də rastlaşmadıq. Yoxa çıxmışdı. Avtobusda olan bu sevgi hekayətinin davamını istəyirdim. Ona görə də yeni birini tapmaq lazım idi. Yoxsa ki, basabasın, tər qoxularının dərdi üzərimə hücum çəkəcəkdi.

# 12548 dəfə oxunub

Oxşar xəbərlər

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

19:02 28 oktyabr 2026
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

18:42 28 oktyabr 2026
"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

18:40 28 oktyabr 2026
44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

18:00 28 oktyabr 2026
Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

Məşhur repçi Trampın yeni mətbuat katibi ola bilər

17:30 28 oktyabr 2026
“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

“Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi

17:11 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər