news-inner
clock08:30 calendar-gray 15 Noyabr 2012 view-gray2007 dəfə oxunub
view-gray2007 dəfə oxunub

“Pambıq tarlasında “Kukuruznik” sürənlə...”

Sahibə Əhmədova 36 ildir Opera və Balet Teatrının solistidir. Ona çox vaxt səhnəmizin Ərəbzəngizi də deyirlər, çünki “Şah İsmayıl”da kişilərin qənimi, kişi kimi Ərəbzəngi bu xanım ifaçının üstünə biçilib elə bil. Sonralar opera səhnəsində çox rollar oynadı, amma Sahibə Əhmədovanın adı gələndə yada ilk düşən məhz Ərəbzəngi olur. Bir vaxtlar solist kimi dövlət televiziyasında da çox konsertləri olardı. Səsində kişilərə xas tembr var - bu da onun özəlliklərindən biridir.

Başımız qalxan kimi belimizdən basıb göndərirdilər pambığa

Ağcabədi rayonun Hacılar kəndində zülm içində dünyaya gəlmişəm. Pambıqçılıq rayonu idi, başımız qalxan kimi belimizdən basıb göndərirdilər pambığa. Həyət-baca da dolu idi toyuq-cücə ilə, mal-heyvan, işlə ki, işləyəsən. Kəndin yolları bərbad, avtobus-zad da təyin olunmayıb, məktəbə gedib-gəlib, o yolla pambıq tarlasına gedərdim. Bir sözlə, gəncliyim də rəvan, rahat keçməyib.

Zeynəb Xanlarovanın vurğunu olmuşam, bütün mahnılarını əzbər bilirdim. Tarlada işləyəndə özüm üçün zümzümə edərdim, həyətdə yer şumlayanda, iş görəndə, amma səsimin imkanlarını hələ bilmirdim. Zeynəbin mahnısı vardı -“Koroğlum, gəl məni tap, Nigarın ollam sənin ”. Çox xoşum gəlirdi bu mahnını oxuyub özüm üçün xəyal qurardım-Koroğlumu gözləyərdim… Düşünürdüm ki, gedərəm ərə, bu zülmdən qurtararam. Heç ağlıma da gəlməzdi sənət arxasınca getmək, oxumaq.

Sabir Mirzəyevin “Çahargah”ını xoşlayırdım, Süleyman Abdullayevin “Dəşti” təsnifini, Arif Babayevin “Qarabağ şikəstəsi”ni. Kamil Cəlilovun qaboyunun sədaları altında yuxuya gedərdim. Flora Kərimovanın, Şövkət xanımım lirik mahnılarını içimə çəkirdim.

Səsim çıxsa, qardaşım məni öldürərdi

Bir gün səsimi yoxlamaq ağzımı tutub dolabın içinə başladım oxumağa ki, səsim kənara çıxmasın. Həm utanırdım, həm də qardaşımdan qorxurdum ki, öldürər məni. Qardaşımın özünün gözəl səsi vardı, amma qızın oxumasını qəbul edə bilmirdi.

Oxudum, səsimi nə qədər imtahana çəkdimsə, gördüm getdikcə gedir. Özümü unutmuşam “Qatar” təsnifindən belə oxumuşam, çıxmışam zilə. İlk dəfə səsimi xalam eşitdi, heyrətə gəlmişdi ki, nə gözəl səsin var, elə bildim radio oxuyur. Heç bilmirəm necə oldu, tarlada oxuyandamı, yoxsa həyətdə eşitmişdilər, səsim olduğunu artıq bütün kənd bildi. Məni məktəbdə özfəaliyyətdə oxutdular, sonra səsimi məktəb radio qovşağına verdilər. Ora üçün səsimi yazanda bir şərtlə razılaşdım ki, hamı otaqdan çıxsın. Hamı çıxdı, tək qaldım, oxudum səsim yazıldı. Özüm müxtəlif şeirləri toplayıb onları segah üstündə oxumuşdum. Səməd Vurğundan, Bəxtiyar Vahabzadənin məktəb, ayrılıq, Vətən mövzusunda olan, ancaq heç vaxt mahnı qoşulub oxunmayan şeirləri yığmışdım. Hazırlaşırdım ki, son zəngdə ifa edib hamını ağladım. Qismət elə gətirdi ki, səsim yazılıb məktəb radio qovşağında səsləndi. Doğrudan da hamı ağladı.

Kəndimizin ağsaqqalı vardı – Talıb kişi. Səsimin arxasınca gəldi məktəbə, soruşdu ki, kimin uşağıdır bu oxuyan? Dedilər ki, filankəsdir. Dedi ki, çox gözəl səsi var, onu saxlamaq olmaz, səsinin arxasınca getməlidir. Yaxşı oxuyan deyildim, səsimə görə müəllimlər hamısı mənə yaxşı qiymət yazdılar ki, ali məktəbə gedə bilim. Müəllimim Bakıya böyük qardaşıma xəbər göndərir ki, gələndə məni gör. Qardaşım da gələr müəllimin yanına, səsimə maqnitofonda qulaq asar. Müəllimim deyir ki, bu səsə yol açmamaq günahdır.

Pambıq tarlasındakı məhəbbət elə orda qaldı

Ondan sonra kəndə Bakıdan toya gələn xanəndələrə, səs seçimi üçün gələnlərə məni göstərdilər, oxutdurdular. “Rast” ansamblı ilə bir yerdə mənə bir-neçə mahnı hazırlatdılar, Rəmiş də onda o ansamblda idi. Dedi ki, bu qızın gələcəyi var, belə səs heç kimdə yoxdur. “Lalə” qızlar ansamblı da rayonumuza gələndə Ceyran Haşımova mənə qulaq asdı, dedi ki, hökmən gəl Bakıya, təhsil al, səsini qoru.

Bir gün tarlada pambıq yığırdım, bir də gördüm anam məni haraylayır. Anamın səsi gözəl idi, mənə ondan keçib səs. Anamın səsində sevinc və həyəcan hiss elədim. Bildim ki, qardaşım məni Bakıya oxumağa aparmağa razılıq verib. Bunu qoyub o birinə keçim, atamın da gözəl səsi vardı, amma heç istifadə etməzdi, müharibədən əlil qayıtmışdı, heç nəyə həvəsi qalmamışdı. Atam Böyük Vətən Müharibəsində 416-da döyüşüb. Sinədəftər idi, gözəl şeirlər deyərdi. Anamın isə səsini hər dəqiqə eşidərdik, çünki hamımızı kəndin bu başından o başına haraylayıb çağırırdı. Son vaxtlar da məni tez-tez haraylayıb tapırdı, çünki bu pambığı dərmanlayan “kukruznik” sürənlərdən biri məni sevirdi, gəlirdi yanıma, tarlada söhbət eləyirdik. Hamı görürdü ki, bu oğlan harda itsə pambıq tarlasında Sahibəyə kömək eləyən yerdə tapılır. Mənim də bundan xoşum gəlirdi, amma o mənada yox, heç ağlıma da gəlmirdi ki, buna ərə gedim. Nə bilim, bir az təyyarəçi olmağı məni cəlb eləmişdi. Tarlada oxuyanda səsimi tutub gəlib məni tapmışdı, deyirdi səni verməsələr, oturdub təyyarəmə aparacam. Anam da məni gözdən qoymurdu. Heç kim bilmirdi ki, o vaxt mən artıq əsgərliyə gedən əmioğlumu içimdə seçmişdim özüm üçün. “Kukuruznik” isə elçi də düşdü, anam dedi ki, bala, mən bilmirəm sən kimsən, haralısan, sənə veriləsi qızım yoxdur. Çox keçmədi mən də Bakıya oxumağa gəldim, hər şey bitdi.

Vasif Adıgözəlov səsimi dinləyən kimi məni Asəf Zeynallıya qəbul elədi. İlk dəfə həmin gün qapıda idealım Zeynəb Xanlarova ilə üzbəüz gəldim. Elə bil sehrli dünyaya düşmüşdüm. İmtahanda Bəhram Mansurov da oturmuşdu. Məni dinləyəndə dedi ki, mən yeni Ərəbzəngimi tapdım. Sən demə, o, gənc ifaçı axtarırmış ki, Ərəbzəngi roluna dəvət etsin. Məni Opera və Balet Teatrına Bəhram Mansurov gətirdi. Düzdü bunun üstündə rəhmətlik Gülxar Həsənova ondan üz döndərmişdi, dünyasını da ondan küsülü dəyişdi. Teatra gələn vaxtdan Ərəbzəngini mən ifa elədim. Ümumiyyətlə, teatrda çox qısqanclıqlarla üzləşdim, badalaq gördüm, uzun illər təcrübəçi ifaçı işlədim orda, məni ştata 12 ildən sonra götürdülər. 12 ilim havaya sovruldu. Çox gərgin işləyirdim, ardıcıl tamaşalarda səsim çox yorulurdu. Üstəlik də qastrollar, konsertlər.

Sənətdə çiyin-çiyinə işlədiklərim indi xalq artistləridir

Yoldaşımı mənə yuxuda buta verdilər elə bil. Əmi uşağıyıq, bir qardaşın nəvəsi odur, o birininki mən. Bir dəfə öz rayonumuza qastrola getmişdik. Yoldaşım konsertə gəlib, səhnədə mənə baxıb, düşünüb ki, nə gözəl olardı əmiqızı ilə ailə qurub elə səhnədə də bir yerdə oxuyardıq. Mən də yuxuda gördüm ki, əmioğlum mənə elçi düşüb. Əlində səməni var, ortasına da qırmızı lent bağlanıb, onu verdi mənə. Əmioğlumu hansı geyimdə, ayaqqabıda yuxuda görmüşdümsə elə o formada da bizə gəldi. Anam dedi ki, qızın yuxusuna bax e, bala, bu yuxu deyil, butadır, oğlan da sənin qismətindir.

Bir tələbə yoldaşım da məni sevirdi həmin vaxt, indi tanınmış xanəndədir. Onu sevə bilmədim, yetim o qədər soğan yeyirdi ki, iyindən sinifdə oturmaq olmurdu. Ürək eləyib özümə də deyə bilmir, mənə Nəriman müəllimdən ətir və dəsmal üstündə sevgi etirafı yazdırıb göndərmişdi. Qaytardım geri. Rəhmətlik Səfa Qəhrəmanov da rayona elçi göndərmişdi, dedim at burda, su burda, mən onun suyu deyiləm.

Əmizadəmlə evləndik. Yoldaşımın da səsi vardı, amma imtahanlardan keçə bilmədi, çünki kolxoz işi səsini korlamışdı, həm də utancaq idi, lazım gələndə utandığından səsi batırdı. Başqa işlə məşğul oldu, üç övladımız oldu, iki oğlan, bir qız.

İndiyə qədər ev-eşiyimiz yoxdur, qaldığımız kommunal evi də bizə Aqil Abbasın köməkliyi ilə veriblər. İndi bu ev uçmaq təhlükəsi qarşısındadır. Ətrafdakı bütün köhnə evlər sökülüb, bizimki də qəza vəziyyətindədir.
Hacıbala Abutalıbova da müraciət eləmişəm ki, mənə ev verin, yoldaşım Qarabağ veteranıdır, özüm sənətkaram. Yoldaşım üç il Qarabağda döyüşüb, o vaxt uşaqlar da balaca idi. İnanırsınız, 70 manatla ailəni dolandıra bilmirdim, çox ağır günlər yaşamışam. O vaxtlar da sağ olsun Aqil Abbas pul göndərib dəstək olub bizə. Yoldaşımla qohumluğu var.

Bu sənətdə bəxtim gətirmədi, baxmayaraq ki, səsim hamısının səsindən zildə və nadir idi. İndi çiyin-çiyinə işlədiklərim xalq artistidir, mən son illər yalnız əməkdar artist fəxri adını ala bildim. Onun da səbəbkarı rəhmətlik Səfa Qəhrəmanov oldu, Əbülfəs Qarayevə dedi ki, sənətinin 30 illiyi, özünün də 50 yaşı olur Sahibənin, ona fəxri ad verin.

Təqaüdə çıxmaq vaxtım deyil hələ, 56 yaşım var. Üç aydır ki, operaya getmirəm. Kart sisteminə keçmişik, tamaşa olanda gedirik. Avropa tamaşaları qoyulur, bizə uyğun rol yoxdur.

Qızımı köçürmüşəm, Türkiyədə ərdədir, oğlumun birini evləndirmişəm, o, da yanımızda bu uçuq evdə olur. Kiçik oğlum hələ subaydır.

Oxşar xəbərlər

Xəbər lenti

Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020
Kuklada uşaqlar üçün tamaşa
15:37 08 İyul 2020
Məşhur rəssamın əsəri tapılıb
14:59 08 İyul 2020
Azərbaycanda orkestr rəhbəri həbs edildi
14:18 08 İyul 2020
Xəsil adam - İlham Əzizdən yeni hekayə
14:10 08 İyul 2020
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: sürgündən qayıdanda arvadı başqası ilə evlənmişdi - İnanılmaz faktlar
13:18 08 İyul 2020
Elzanın başındakı qıjıkimilər - Sərdar Amin yazır
12:36 08 İyul 2020
Türkiyəli aktrisa vəfat etdi
12:01 08 İyul 2020
Bu, Allaha qarşı küfrdür – Gənc şair həmkarını tənqid etdi
11:20 08 İyul 2020
“Üzüklərin hökmdarı” geri qayıdır
10:47 08 İyul 2020
Elzanın yeni şəkli müzakirəyə səbəb oldu - Foto
10:12 08 İyul 2020
Kitabxana maraqlı layihəyə başlayır
09:30 08 İyul 2020
Üzündəki ipəyi qaldıranda oğlum özünü çölə atdı - Bircə atasının ölümündən yazır...
09:00 08 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
18:44 07 İyul 2020
Əfsanəvi musiqiçi vəfat etdi
18:09 07 İyul 2020
Bizim üçün qızılgül – Cavanşir Yusifli yazır...
17:30 07 İyul 2020