O qız niyə özünü körpüdən atırdı?

O qız niyə özünü körpüdən atırdı?
22 may 2020
# 11:30

Bakıda intihar etmək istəyən qızı xilas ediblər. Nə yaxşı ki, o qızı həyata qaytarmaq mümkün oldu.

Düzdü, intihardan yan ötdük, ancaq onun səbəbləri hələ də içimizdə yaşayır. O qızın da intihar səbəbi hələ diridir. Bəlkə 50 dəfə yazdığımız ənənəçilik, mentalitet meyarları, məzmunsuz adətlər bir qızın da həyatına son qoymaq üzrəydi.

Ailəsi qızı sevdiyi oğlana verməyib. O da həyatına qıymaq istəyib. Səbəb sizə adi görünə bilər. Amma bu insanın azadlıq seçiminə müdaxilə etməkdir, onun hislərini yerlə vurmaqdır. İntihar da özünü dibdə hiss edəndə baş qaldırır. Artıq hər şeyin qabağında çarəsiz qaldığını anlayırsan. Və istəyirsən ki, mübarizə apara bilmədiyin şeylərə görə özünü fəda edəsən.

Düzü, bu qız xilas olundu, amma biz o tapdanmış düşüncələrdən yaxa qurtara bilmədik. Yenə də hardasa bir qızın azadlığına, azad seçiminə qarşı çıxılır, sıxışdırılır, qadın olduğu üçün aşağılayıcı münasibət görür. Mühafizəkar ailələr hər gün bilmədiyimiz, tanımadığımız neçə qızın həyatını məhv edirlər.

Necə mübarizə aparaq belə ailələrlə?

Necə onların təfəkkürlərini dəyişək?

Nə edək?

Qızların, oğlanların toplu şəkildə intihar etməsinə tamaşa edək?

Düzü, toplu intihar da çıxış yolu deyil. Açığı, mən buna qarşıyam. Razıyam, bəzən nələrisə düzəltmək üçün kimlərsə qurban getməlidir. Olsun. Amma yenə də bu insan ölümü olmadan həllini tapsın. Gözümüzün qabağında hazır örnəklər var. Başımızı qaldırıb dünyaya baxsaq, çıxış yolunu rahatlıqla tapa bilərik. Ondan sonra kimsə intihara cəhd etməz, sevdiklərini belə ağır imtahana çəkməz.

Çox çətindi bu cür adamların içində yaşamaq. Eyni havanı udmaq. Məndən olsa, bu cür təfəkkürləri Hitler kimi toplayıb ölüm düşərgələrinə yollamaq lazımdı.

Amma bu da doğru olmaz. Qəddarlıq bizə yaraşmaz. Hər şeyin sivil yolu var. Düzdü, “dinsizin öhdəsindən imansız gələr”, deyirlər. Ancaq bəzən bu da fəlakətə gətirib çıxarır.

İntihar hadisəsi, bundan əvvəlkilər, bundan sonra olacaqlar mənə qorxulu gəlir deyə beynimdəki fikirlər də bir-birinə qarışıb. Başımın içində toz-duman var. Göz-gözü görmür. Eynən cəmiyyətimizin bu sağalmaz yarası kimi...

Bir dəfə də qız metroda özünü qatarın altına atmışdı. İntihar edən qızın cibindən çıxan kağız onun taleyini əks etdirirdi. Gəlin, bu taleyi bir yerdə oxuyaq:

"Ölümümdə atamı günahlandırın. Yaşım keçib deyə, atamın dostu Fərruxa ərə gedə bilmərəm. Yaşayan ölü kimi olmaqdansa, ölmək daha yaxşıdı”.

Bu soyuq cümlələrdə həqiqət düz üzümüzə çırpılır. İntiharın yerini göstərir qadın: atası. O ata tək deyil, çoxdur. Onlarla, yüzlərlə. Öz qızına, qadınına kölə kimi baxan bir ata.

Analar, atalar uşaqlarına qoyun, öz eqolarından yaranmış parazit kimi baxırlar. Təsəvvür edin, ata gəncliyində futbolçu olmaq istəyirmiş, ancaq atası bunu ürəyində qoyub və başqa ixtisasa yönləndirib. Ata da öz intiqamını uşağından alır. Oğlunu kiçik yaşlarından futbol məktəbinə yazdırır. Ona görə ki, öz arzusu gözündə qalıb. Nə zamansa bu istək gərçəkləşməlidir. Oğul da böyüyür, amma futbolçu ola bilmir. Çünki istedadı başqa sahədə imiş. Ata yenə də oğlun üstünə gedir, ona qadağalar qoyur. Axır nəticədə oğlunun həyatını məhv edir.

O qədər təhlükəli cəmiyyətdə yaşayırıq ki, bir qadının tək yaşamasına dözə bilmirik. O qadın təkdisə, deməli başına iş gələcək, namusunu əldən verəcək, camaatın içində biabır olacaq. Yaşı keçib deyə ona hamı lağ edəcək. Bu qadının yanında mütləq ər sözü durmalı olacaq. O söz olmasa o qadın həmişə əzab çəkəcək, gecələr yuxusu olmayacaq. Hər gün kimlərsə ona bu mövzunu xatırladacaq, xatırladacaq. Bezdirəcək, bezdirəcək.

Və yaxud ata övladının universitet ixtisasına belə qarışır. Ona investisiya kimi baxır. Gələcəkdə deyir, oğlum mənə baxar.

Daha nə qədər belə hadisələr, faicələr eşidəcəyik?

Doğrusu, yazını burda bitirməkdən başqa yolum yoxdur. Çünki öz suallarım özümə də əzab verir.

# 12816 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
# # #