O gün torpaq öldü gözümdə... - Laçını görməyən laçınlı

O gün torpaq öldü gözümdə... - Laçını görməyən laçınlı
18 may 2020
# 11:09

Kulis.az Rəşad Nağı Mustafanın "Laçını itirdiyim gün" yazısını təqdim edir.

Mən Laçını 1992-ci ildə yox, 2020-ci ildə, aprelin 2-si itirdim. O gün ki atam öldü, Laçın da öldü, torpaq öldü gözümdə, içimdə. Mən Laçını atamın sözündə, səsində, görmüşdüm, sevmişdim. İndi mənimçün Laçın atamın yatdığı torpaqdı. Atam ki, danışırdı Laçından, elə bilirdim mən də ordayam. Atam getdi, elə bilirəm mən də getdim.

Şairlər xəyalpərəst olur, mən də eləyəm. Ta bilmirəm bu şairliyimdəndi, ya acizliyimdən. Ancaq nə gizlədim, hərdən xəyal qururdum ki, Laçın qayıdıb, ya da biz Laçına qayıtmışıq, orda məkan salıb, daşı daş üstə qoymuşuq. Təbiət qarşısında baş əyib, Vətən sevgisinin həqiqətinə varmışıq. Həyətdə təndirimiz, mal-qaramız, atımız da var.

At dedim, yadıma düşdü, 2 il qabaq, atamın sağ, ümidimin sərhədsiz vaxtı bir yuxu görmüşdüm. Gecə idi. Necə ki, hamı öləcək, eləcə də günəş hər gün dönəcək, gecə düşəcək. Dünən də göydən gecə düşdü. Evdən bir siqaretin dalınca çıxdım. İlahi, yerdəki siqaret kötüklərini düşünürəm: nə fikirlərə tabut, nə xəyallara dodaq yeri, indi də belə, ayaq altda.


Uzandım, üzümü qibləyə çevirdim, gah da qiblədən çevirdim....


Bir dost var. Hekayə yazmışdı. Oxumamışdım, amma yaxşı yazmışdı. Könlümə düşdü, zəng etdim, dedim, Allah xatirinə, göndər onu oxuyum. O da göndərdi. Bir atı varmış, yüz xatirəsi. Lap az oxumuşdum. Yuxu apardı. Yuxu gördüm. Laçındayam, Şəlvə çayının sahilində, Daşlı kəndində. Əmim Ələmdar kişi! O böyük adam, o gözəl adam. Sağlığında qorxardıq zəhmindən. Amma indi qorxmurdum. Qorxulu yuxu deyildi.
Mənə bir at verirdi əmim. Qara, qapqara, yuxunu gördüyüm gecədən də qara. Çapdım o atı. Yerdən göyə qədər çapdım. Əllərimlə apara bilmədiyim duaları atımla apardım göylərə.


Sonra əmim də öz atına mindi. Mən də öz atımda - Laçını gəzdik.


Mən Laçını heç vaxt görməmişəm. Əvvəl yaşım çatmadı, sonra gücüm.
Sonra əmim də, atım da, Laçın da yox oldu. Oyandım. Hekayəni oxudum. Elə yazanın səsiylə oxudum. Qəribə yazmışdı.


Əmim də, o at da, Laçın da yox oldu, yuxu oldu. Oldu Ömər Xəyyamın hekayəsi də, Ömər də, mən də, - bir gün hamı yox olacaq, bir qəribə yuxu olacaq.


Bir gün hamı yox olacaq demişəm, düz demişəm, o gün atam yox oldu. İndi nə Laçın var, nə əmim, nə də atam. Azalan doğmam oldu, artan and yerim. Atamın yatdığı torpaq haqqı, Laçın haqqı.

# 4810 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər